Məhkəmə qərarları › İş №1(060)-619/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-619/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-619/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol vağzalı ərazisində, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə qaynansı Təqsirləndirilən şəxs ilə arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən gəlini Zərərçəkmiş şəxs kürək nahiyyəsinə əli ilə vurmaqla Zərərçəkmiş şəxs - “Sol kürək nahiyyəsinin dərialtı hematoması və sıyrıqları”-dan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, Zərərçəkmiş şəxs onun doğma bacısı qızı, eyni zamanda gəlinidir. Fatma oğlu Coşqun Əhmədovla ailə həyatı qurmuşdur. Hazırda yaşadığı evin həyətində oğlu ilə birlikdə yaşayır. Beləki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 21:00 radələrində həyat yoldaşı Fatmanın həyətə qoyduğu, işləməyən soyuducunun motorunu tanıdığı bir şəxsə verdiyi üçün Fatma ilə aralarında mübahisə yaranmış, sonuncu onu əsəbləşdirdiyi üçün onun saçlarından tutaraq yolmuş, əlbəyaxa vəziyyətdə yerə yıxılmışlar. O, Fatmanın kürəyinə, qollarına bir neçə dəfə vurub onu döymüş, Fatma əlləri ilə onun başına, qollarına vurmuşdur. Hadisə yaşadıqları evin həyətində baş vermiş, həmin vaxt həyətdə heç kim olmamışdır. Sonradan həyat yoldaşı Namiq həyətə çıxıb onları görərək ayırmışdır. Başqa heç kim aralarında baş verənlərin şahidi olmamışdır. Növbəti gün həyat yoldaşı Namiq Fatmaya evi satacağını dediyi üçün Fatma xəstəxanaya müraciət edərək onun sonuncunu döydüyünü bildirib PB-nə şikayət etmişdir. Bildirir ki, baş vermiş mübahisə zamanı Fatma da onun bədənimə vurub, lakin onun bu barədə Fatmadan hər hansı şikayəti və ya tələbi yoxdur, ibtidai istintaq zamanı məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə barəsində şikayət etdiyi şəxs xalası, həmçinin qaynanası Təqsirləndirilən şəxsdır. Xalası oğlu Coşqun Əhmədovla evlidir, sonuncu ilə yaxşı münasibəti olmuşdur. Lakin xalası ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, xalası Coşqunla xoş münasibətilərini heç vaxt qəbul etməmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları evin həyətinə qoyduğu soyuducunun motorunun çıxarılmasını görüb qaynanasından motoru kimin çıxardığını soruşmuşdur. Qaynanası motoru qaynatasının qonşuya verdiyini bidirən zaman qaynanasına nə üçün ona aid əşyanı başqa şəxsə verdiyini soruşmuşdur. Qaynanası ünvanına nalayiq sözlər deyərək əsəbi halda üzərinə gəlib saçından tutmuş, onunla əlbəyaxa vəziyyətdə yerə yıxılmışdır. Qaynanası saçını yolmuş, əlləri ilə dəfələrlə qollarına və kürəyinə vuraraq onu döymüşdür. Həmin vaxt qaynatası səs-küyə çıxaraq onları görmüş və onu qaynanasının əlindən almışdır. Həmin gün ağrısa da, həkimə gedə bilməmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər TTYX-na gedib müayinə olunmuş və həkimə qaynanasının onu döydüyünü bildirmiş, sonra isə PBnə gələrək qaynanası barəsində şikayət etmişdir. Hadisə yaşadıqları evin həyətində baş vermişdir. Yanlarında kənar adam olmadığı üçün başqa heç kim hadisəni görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin fikri dinlənildikdən sonra Şahid təhqiqat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR SN-nin MTE və PAB X4 xx.xx.2025-ci il tarixli, 1129 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol kürək nahiyyənin dərialtı hematoması və sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 26.07.25-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.(i.v. 16-19). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.20-21) xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 31). “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin dindirilməsi haqqında” 02 avqust 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:30 radələrində ifadəsi alınmışdır. (i.v. 67-68). Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 49) AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “3 nömrəli xəstəxanın poliklinika şöbəsi”nin №201 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Elnarə Əhmədva Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. (i.v. 47) AR Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 3990 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur.(i.v. 44) Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsi Nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 350 №-li “Ailə tərkibi haqqında” arayışından görünür ki, Sumqayıt şəhəri, Haçı Zeynalabdin qəsəbəsi, Dəmir yol vağzalı ərazisi, fərdi tikili ünvanında qeydiyyatsız yaşayan vətəndaş Təqsirləndirilən şəxs ailə üzvləri 1969-cu il təvəllüdlü həyat yoldaşı Şahid, 1996-cı il təvəllüdlü X3 və X2 ibarətdir (i.v. 45) DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu karotekasında heç bir məlumat yoxdur. (i.v. 70) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 31 iyul 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması davam etdirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət cəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə bağlı şikayəti olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, “1129 ” nömrəli ekspert rəyi material üzrə sübüt növü kimi qiymətləndirilmişdir. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. (i.v. 27-29). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 55 (əlli beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilən hüquqi yardıma görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar