Məhkəmə qərarları › İş №1(060)-622/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-622/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-622/2024 23.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,259 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 15 aprel 2024-cü ıl tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 18:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Köhnə hamam”ın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,259 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,245 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 24 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 18:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi market” adlı mağazanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli idman gödəkçəsinin sağ yan cibindən təmiz çəkisi 0,245 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Köhnə hamamın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu 1-ci PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş və birlikdə 1-ci PB-nə getmişdir. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. PB-də polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmiş, onun üzərinə narkotik vasitə qoyulduğunu və bu narkotik vasitənin onun olmasını etiraf etməsini bildirmişlər. O da məcbur qalıb videoçəkiliş zamanı narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə, saat 18:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu 1-ci PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş və birlikdə 1-ci PB-nə getmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə onu təqdim etməyini təklif edilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümü Sumqayıt şəhəri, Corat qəsəbəsində yerdən tapdığını, içərisində nə olduğunu bilmədiyini və onun içərisində qızıl olmasını ehtimal edərək bükümü yerdən götürdüyünü bildirmişdir. Cəmi bir dəfə narkotik vasitəni suyun içərisinə qataraq ona vermişlər, o da bilmədən içmişdir. Əməlindən peşman və həyat yoldaşının İ qrup əlil olmasını nəzərə alaraq Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Köhnə hamamın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu 1-ci PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş və birlikdə 1-ci PB-nə getmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədikləri zaman buna etiraz etməmiş, ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmmədov təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə onu təqdim etməyini təklif edilən zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübüt olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarının qabaq sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Həmin büküm polis əməkdaşı tərəfindən açılan zaman içərisində olan spesifik iyə malik qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan maddənin “heroin" olduğunu demişdir. Həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən dünən günorta saatlarında 20 manata aldığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin büküm sellofan ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilən zaman ümümi çəkisi “0,28” qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə, saat 18:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu 1-ci PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş və birlikdə 1-ci PB-nə getmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədikləri zaman buna etiraz etməmiş, ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Elman Məcidov təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, olduğu təqdirdə onu təqdim etməyini təklif edilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin 01 (bir) ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin sellofan büküm içərisində olan tünd qəhvəyi rəngli maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin “0,26” qram olması müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq həmin maddənin narkotik vasitə olan heroin olduğu, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilən tünd qəhvəyi rəngli maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində olan zaman ona qarşı heç bır zorakılıq tətbiq edilməmişdir. 15 aprel 2024-cü il tarixdə və 24 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız 1-ci Polis Bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi üzdən tanıyır, kim olduğunu, harada yaşadığını, mobil telefon nömrəsini bilmir. Sadəcə olaraq həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığını bildiyi üçün həmin şəxsə yaxınlaşıb narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 15 aprel 2024-cü il tarixdə ona qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 15 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmişlər. Həmin qəsəbədə olarkən saat 18:40 radələrində «Köhnə hamam»ın yaxınlığında Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs 1ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə «kakos» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni 14 aprel 2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yanında tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bildirilmişdir, lakin sübutları toplaya bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 24 aprel 2024-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 24 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmişlər. Həmin qəsəbədə olarkən saat 18:50 radələrində «Ruzi market» adlı mağazanın qarşısında Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs 1ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və onlar birlikdə 1-ci Polis Bölməsinə gəlmişlər. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan tünd boz rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə «kakos» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik inspektor Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü ıl tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 18:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Köhnə hamam”ın yaxınlığında saxlanılaraq cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 18:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Ruzi market” adlı mağazanın qarşısında saxlanılaraq cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 15 aprel 2024-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edir. Həmin bükümdə “kakos” olduğunu bildirir. Həmin vasitəni Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yanında tanımadığı şəxsdən 20 manata aldığını, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Sonra təhqiqatçı tərəfindən bükümə baxış keçirilir və elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,28 qram olması müəyyən edilir. Bundan sonra təqdim olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra müdafiəçi şübhəli şəxsə suallar verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edir. Həmin bükümdə “kakos” olduğunu bildirir. Həmin vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Sonra təhqiqatçı tərəfindən bükümə baxış keçirilir və elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,26 qram olması müəyyən edilir. Bundan sonra təqdim olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra müdafiəçi şübhəli şəxsə suallar verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 aprel 2024-cü il tarixli, 6\2023 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №125» möhür əksi. «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» və sair soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,259 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,209 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 aprel 2024-cü il tarixli. 6\2252 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №125» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli maddə; 1) «imza» Təqsirləndirilən şəxs» və digər ad. soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,195 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli, 2639 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 15 aprel 2024-cü il tarixdə aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da, həmin məlumatları təsdiq edəcək hər hansı bir sübut növünü müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması ilə bağlı əməliyyat istintaq marağı kəsb edən məlumatlar hələlik əldə edilməmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cavab məktubunda göstərilmişdir kı, Təqsirləndirilən şəxs üzərindən 24 aprel 2024-cü il tarixdə aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da, həmin məlumatları təsdiq edəcək hər hansı bir sübut növünü müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması ilə bağlı əməliyyat istintaq marağı kəsb edən məlumatlar hələlik əldə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Resblitasiya Agenliyi 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 İ qrup əlildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə təmiz çəkisi - 0,259 qram (qalıq - 0,209 qram) və - 0,245 qram (qalıq - 0,195 qram) narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videgörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə təmiz çəkisi - 0,259 qram (qalıq - 0,209 qram) və - 0,245 qram (qalıq - 0,195 qram) narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış - 0,209 və 0,195 qram narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə heroinin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs azadlıqda olmasına baxmayaraq təzyiqə məruz qalması barədə prokurorluq orqanına müraciət etməmiş və göstərdiyi xüsusat öz ifadəsindən başqa hər hansı sübutla təsdiq olunmamışdır. Bundan başqa məhkəmə həmçinin təqsirləndirilən şəxsin verdiyi ifadədə göstərdiyi halları iş üzrə məcmu halında toplanmış sübutlarla müqahisəli şəkildə təhlil edərkən qənaətə gəlir ki, təqsirləndirilən şəxs təyin ediləcək cəzadan boyun qaçırmaq məqsədi ilə məhkəmədə yalnış təsəvvür yaratmağa çalışmışdır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs həyat yoldaşının İ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayət əməlini təkrar törətməsi müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanmasına baxmayaraq cəza təhdidi altında yenidən eyni əməli törətməsi Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Novru oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,209 və 0,195 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 199,00 (bir yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-622/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1077/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,209 və 0,195 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 199,00 (bir yüz doxsan doqquzş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar