Məhkəmə qərarları › İş №1(060)-622/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-622/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-622/2025 28.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə ünvan 4ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ali təhsilli, işləməyən, Goranboy rayonu, Muzdurlar ərazi dairəsi, Muzdurlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs taxta pilləkən düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, onun cinayətkar niyyətindən məlumatsız olan tanışı Şahid1 vasitəsi ilə xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanında 2720 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2720 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs aldatmaq və dələduzluq etmək niyyəti olmamış, materiallar yararsız olduğu üçün bu hadisə baş vermişdir. Həmçinin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən bir qazi kimi Milli Qəhrəman bacısını aldatmağın ona yaraşmadığını bildirmişdir. Bildirir ki, Zərərçəkmiş şəxsın evinə taxta pilləkən quraşdırmaq məqsədi ilə taxtanı aldıqdan sonra onu emalı üçün hazırlamış, daha sonra taxtanın üzərinə boya vurduqdan sonra qabarmalar baş vermişdir. Boyadan sonra taxtada baş vermiş qabarma nəticəsində onun qalınlığı artaraq 4,2 mm olmuşdur. Həmin materialların şəkilini həm Zərərçəkmiş şəxs, həm də onun qızına göndərmişdir. Bildirir ki, taxtanın nəmliyi üzərinə boya vurduqdan sonra məlum olur. Taxta materialları bazarda fəaliyyət göstərən fərqli-fərqli satıcılardan almışdır. Boyadan sonra yararsız hala düşmüş materiallarla əlaqədar onları aldığı mağazalara getsə də, satıcılar bunun üçün heç nə edə bilməyəcəklərini bildirmişlər. Pulu Zərərçəkmiş şəxs evində ondan aldıqdan 02 gün sonra materialları almış və düzəldəcəyi pilləkənin layihəsini Gəncədə köhnə mebel fabrikasının içində yerləşən icarə əsasında işlədiyi sexdə qurmuşdur. O, Goranboy rayonunda yaşamış, yaşadığı yerdən sexə qədər olan məsafə təxminən 18 km olmuşdur. Pilləkəni hazır edib verəcəyi təqdirdə 510-520 manat qazanc əldə edəcəkmiş. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, Nadejda xanıma Gəncə avtomobil yolunda yol polisi tərəfindən avtomobilin saxlandığını, həmçinin avtomobildə pilləkənin olması ilə bağlı yalan məlumat vermişdir. Zərərçəkmiş şəxs pulu alarkən aralarında hər hansı müqavilə bağlamamışlar. İşlədiyi sexdə müşahidə kameraları olmamış, sexin icarə müqaviləsini 01 il müddətinə bağlamış və orada iş üçün lazım olan avadanlıqlar mövcud olmuşdur. Hazırda icarə müqaviləsinin müddəti bitmiş, icarə haqqı aylıq 100 manat təşkil etmişdir. İcarə müqaviləsini ibtidai istintaq zamanı müstəntiqə təqdim etməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan hadisələr 2024-cü ilin sentyabroktyabr aylarında baş vermiş, Zərərçəkmiş şəxs evinə ilk dəfə Eminlə birlikdə getmişdir. Düzəltməli olduğu pilləkənin ümumi hündürlüyü 5 metr 20 sm olmuşdur. Materiallara 2300, yük maşınına 50 manat vermiş və ona bu qiymətləri əks etdirən qaimə təqdim edilmişdir. Materialları Gəncə şəhərindən “Daşqın” İnşaat Mağazasından fərqli günlərdə almışdır. O, materialları alarkən onların yararsız olduğunu hiss etməmiş, Zərərçəkmiş şəxs “WhatsApp” tətbiqi vasitəsilə hazırldığı məhsulların fotoloarını göndərmişdir. Materialların yararsız hala düşdüyünü Zərərçəkmiş şəxs deməyə utanmış, ona yalan deyərək materialları düzəltmək üçün vaxt qazanmağa çalışmışdır. Sonraki məhkəmə iclaslarında o, etmiş olduğu cinayət əməlini etiraf etmiş, vurulmuş ziyan məbləğini hissə-hissə olmaq şərtilə qaytaracağını bildirmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında müəyyən ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, 2023-cü ilin noyabr ayından 2024-cü ilin ortalarınadək Gəncə şəhərində taxta sexi obyekti icarəyə götürərək orada taxta məmulatların düzəldilməsi və hazırlanması ilə məşğul olmuşdur. 2024-cü ilin sentyabr ayının əvvəllərində Sumqayıt şəhərində yaşayan döşəmə ustası olan dostu Şahid1 ona zəng vuraraq Sumqayıt şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxsın evinə taxta pilləkən quraşdırmasını istəmiş, o, da Eminlə birlikdə Sumqayıt şəhərinə, Nadejda xanımın evinə getmişdir. Orada pilləkənin ölçülərini götürüb 3000 manata həmin pilləkəni quraşdıracağını bildirmiş və Zərərçəkmiş şəxs onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Nadejda yaşadığı evdə pilləkən üçün ilkin olaraq Eminə 2720 manat pul vermiş, qalan 280 manat pulu isə pilləkəni quraşdırdıqdan sonra verəcəyini bildirmişdir. Emin həmin məbləğdə pulu ona vermiş, o, bir ay müddətinə pilləkənin hazır olacağını, həmin pulla taxta materialları alacağını bildirmişdir. Lakin sonra pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldığı 2720 manat pulu öz ehtiyacları üçün xərcləmiş, problemlərini həll etdikdən sonra Behbudovanın pulunu qaytaracağını düşünmüşdür. Ancaq onun səhhətində olan problemlərə görə işləyə və Behbudovanın pulunu qaytara bilməmişdir. 2025-ci ilin fevral ayında o, Behbudovadan aldığı 2720 manat puldan 220 manatını qaytarmış, istintaq zamanı isə 600 manat məbləğində pulu sonuncuya ödəmiş, 1900 manat məbləğində ödəməli olduğu vəsait qalmışdır. O, ifadəsində Zərərçəkmiş şəxs pilləkən düzəltmək adı ilə aldığı 2720 manat puldan Şahid1 hər-hansı bir məbləğdə pul vermədiyini, 2720 manat pul alarkən həmin ərəfədə dülgər kimi fəaliyyət göstərməsə də, əvvəllər bu işlə məşğul olduğu üçün sonuncunun istədiyi taxta pilləkəni düzəldib verəcəyini, problemlərini həll etdikdən sonra Behbudovadan aldığı pulu qaytaracağını düşünmüşdür. Behbudovadan 2720 manat pul alarkən əsas məqsədi həmin pulla maddi problemlərini həll etmək olduğunu qeyd etmişdir. Əməlindən peşmandır. Hazırda Behbudovaya dəymiş ziyanı qismən ödəmiş, ödənilməmiş 1450 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində qeyd edilmişdir ki, 2024-cü ilin yay aylarında o, yaşadığı evə taxtadan pilləkən düzəltdirmək istədiyi üçün əvvəllər evinin döşəməsini hazırlamış usta Şahid1 ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Emin tanışı olan Təqsirləndirilən şəxs yaxşı pilləkən ustası olduğunu bildirmişdir. İsgəndər ona Goranboy rayonunda yaşadığını və 3000 manata onun evinə taxta pilləkən quraşdıracağını demişdir. Emin pilləkənin ölçülərini götürmüş və telefon vasitəsi ilə İsgəndərə göndərmişdir. Bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Emin, İsgəndərlə birlikdə onun yaşadığı evə gəlmişdir. İsgəndər müəyyən ölçülər götürdükdən sonra materialları alaraq pilləkəni hazırlamaq üçün pulun xeyli hissəsini əvvəlcədən vermək lazım olduğunu demişdir. O, etiraz etməmiş və razılaşmışdır. Elə həmən gün, yəni xx.xx.2024-cü il tarixdə, yaşadığı evdə, qızı Ülviyyənin və kürəkəni Pərvizin yanında Eminə 2720 manat pul vermişdir. Qalan 280 manat pulu isə pilləkəni quraşdırdıqdan sonra verəcəyinə razılaşmışdır. İsgəndər söz vermişdir ki, xx.xx.2024-cü il tarixinədək pilləkəni hazır edərək onun evinə quraşqdıracaqdır. Lakin xeyli müddət keçsə də, İsgəndər pilləkəni hazır etməmişdir. O, İsgəndəri Eminin vasitəsi ilə tanıdığı üçün, tez-tez Eminə zəng edib, pilləkənin quraşdırılmasını və ya pulunu qaytarmasını İsgəndərdən tələb etməsini bildirmişdir. Həmçinin İsgəndər mütəmadi olaraq onunla əlaqə saxlayıb, guya pilləkəni hazırladığını, yolda olduğunu və pilləkəni gətirəcəyini demiş, lakin hər dəfə bir bəhanə ilə onu aldatmışdır. Sonra İsgəndər ondan aldığı pulu qumar oyununda uduzduğunu demişdir. Bundan sonra ona məlum olmuşdur ki, İsgəndər əslində onun üçün heç bir pilləkən düzəltməmiş və sonuncunun məqsədi onun pulunu ələ keçirmək olmuşdur. O, İsgəndərlə, eləcə də Eminlə mütəmadi danışıqlar apardıqdan sonra 2025-ci ilin fevral ayında İsgəndər onun verdiyi 2720 manat puldan 220 manat, istintaq zamanı isə 600 manat məbləğində vəsaiti əlbəəl ona qaytarmışdır. Həmçinin o, ifadəsində İsgəndəri Eminin vasitəsi ilə tanıdığı və sözügedən məbləği Eminə verdiyi üçün onu da “günahkar” hesab etdiyini, bu səbəbdən də, ərizə və ilkin izahatında Eminin adını onu aldadan şəxs kimi qeyd etdiyini, ancaq Eminə verdiyi 2720 manat pulun hamısını Eminin İsgəndərə verməsi və İsgəndərin onunla bərabər Emini də aldatmasının ona məlum olmasını, İsgəndərin onu aldadıb pulunu ələ keçirməsində Eminin heç bir təqsirinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ona ödənilməmiş 1450 manat borcunun qaldığını, özünün Milli Qəhrəman bacısı olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək qazi olan şəxslərə hörmət bəslədiyini, bu səbəbdən Təqsirləndirilən şəxs həbs edilməməsini, vurulmuş ziyan məbləğinin qalıq hissəsinin ödənilməsini tələb etdiyini, o cümlədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs hadisədən əvvəl 1 ildir ki, tanıdığını, 2024-cü il tarixdə sonuncunun evində usta kimi işləyərək, evinin döşəməsini təmir etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs evində işlədiyi ərəfədə sonuncu evinin taxta pilləkənini düzəltməsi üçün usta tapmasını ondan xahiş etmiş, o, Təqsirləndirilən şəxs adlı dülgər tanışı olduğunu bildirərək evin pilləkənini düzəltməsini İsgəndərdən xahiş etmişdir. İsgəndər 3000 manat müqabilində qısa müddət ərzində pilləkəni düzəldib təhvil verəcəyini söz vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, İsgəndərlə birlikdə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs evinə getmiş, İsgəndər evdə müəyyən ölçülər götürdükdən sonra materiallar almaq üçün ona öncədən 2720 manat pul verilməli olduğunu, xx.xx.2024-cü il tarixdə pilləkəni təhvil verdikdən sonra qalan 280 manatı alacağını bildirmişdir. Zərərçəkmiş şəxs etiraz etməmiş və həmin məbləği qızı Ülviyənin və kürəkəni Pərvizin yanında İsgəndərə verməsi üçün ona vermişdir. O, 2720 manat pulu İsgəndərə vermişdir. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs vədinə əməl etməyərək aldığı pulun müqabilində Zərərçəkmiş şəxs evinə taxta pilləkən düzəltməsi istiqamətdə heç bir iş görməmiş və Nadejda Vəliyevanın verdiyi pulu öz ehtiyacları üçün xərclədiyini ona demişdir. Həmin puldan ona hər hansı bir məbləğdə vəsait verilməmiş, heç bir marağı və ya təmənnası olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2024-cü ilin yay aylarında onun anası Zərərçəkmiş şəxs yaşadıqları evə taxta pilləkən düzəltdirmək istədiyi üçün əvvəllər onların evinin döşəməsi təmir etmiş usta Şahid1la telefon vasitəsi ilə əlaqə saxlayaraq bu işi görmək üçün tanışı ustasının olub-olmamasını soruşmuş, Emin tanışı olan Təqsirləndirilən şəxs yaxşı pilləkən ustası olduğunu demişdir. İsgəndər Goranboy rayonunda yaşadığını və 3000 manata onların evinə taxtadan pilləkən quraşdıracağını anasına bildirmişdir. Emin pilləkənin ölçülərini götürmüş və telefon vasitəsi ilə İsgəndərə göndərmiş, bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Emin İsgəndərlə birlikdə onların yaşadıqları evə gəlmişdir. İsgəndər müəyyən ölçülər götürdükdən sonra materialları alaraq pilləkəni hazırlamaq üçün pulun xeyli hissəsini əvvəlcədən verilməli olduğunu demişdir. Anası etiraz etməmiş və razılaşmışdır. Elə həmin gün, yəni xx.xx.2024cü il tarixdə yaşadıqları evdə, onun və həyat yoldaşı Pərvizin yanında anası Eminə 2720 manat pul vermiş, qalan 280 manat pulu isə pilləkəni quraşdırdıqdan sonra verəcəyini bildirmişdir. İsgəndər xx.xx.2024-cü il tarixinədək pilləkəni hazır edərək quraşdıracağına dair onlara söz vermişdir. Lakin xeyli müddət keçsə də, İsgəndər pilləkəni hazır etməmiş, bu səbəbdən də onun anası İsgəndərə və Eminə tez-tez zəng edib, pilləkəni düzəldib təhvil vermələrini və ya İsgəndərin pulu geri qaytarmasını tələb etmişdir. Xeyli təkidlərdən sonra İsgəndər Eminin vasitəsi ilə anasından aldığı 2720 manat pulun 220 manatını 2025ci ilin fevral ayında daha sonra isə 600 manat məbləğinə vəsaiti qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2nin bildirdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 may 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10 dəqiqədə CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v 33); Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.44-45); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 52-54); Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.55); Zərərçəkmiş şəxs 13 may 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v 56-57); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 67); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri sübut əhəmiyyətli olduğundan, sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməllərində CM-nin 178.2.1 maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, onun tərəfindən dələduzluq cinayət əməlinin törədilməsində Şahid1 iştirakı müəyyən edilmədiyindən onun barəsində CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. ( i.v 74-79); Məhkəmə iclaslarından yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-622/2025 saylı, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli qərarları əsasında icraat dayandırılmış, barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi, 5-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış məktublardan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərdə tutularaq elə həmin tarixlərdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilməklə Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs Birinci Qarabağ Müharibəsi veteranı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi bütün hallar və dəlillər araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə verməsi Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə belə olan halda həm ibtidai istintaq və həm də məhkəmə iclasında əldə edilmiş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra 10 may 2025-ci il tarixdə verdiyi izahatında törətmiş olduğu cinayət əməlini etiraf etmiş, hadisənin baş vermə mexanizmini, pulu əldə etməmişdən öncə onda formalaşmış niyyət və məqsədini ətraflı izah edərək öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edildikdən və CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edildikdən sonra dindirilmiş Təqsirləndirilən şəxs bir daha özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək müdafiəçinin iştirakı ilə yuxarıda qeyd edildiyi kimi zərərçəkmiş şəxsdən məhz hansı məqsədlə pulu götürdüyünü bildirərək etirafedici ifadə vermişdir. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli olaraq məhkəmə iclaslarında ifadələrini dəyişməklə başqa məzmunda ifadə vermişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi izahatında Zərərçəkmiş şəxs 2720 manat məbləğində pulu alarkən əsas məqsədinin həmin pulla maddi problemlərini həll etmək olduğunu bildirsə də, məhkəmə iclasında bundan başqa məzmunda ifadə verərək Zərərçəkmiş şəxs aldatmaq və dələduzluq etmək niyyətinin olmadığını, materialların yararsız olması səbəbindən hadisənin baş verdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs taxta pilləkən düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, onun cinayətkar niyyətindən məlumatsız olan tanışı Şahid1 vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə günorta saatlarında, ünvan 1 ünvanında zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2720 manat pul vəsaitini alıb ələ keçirməklə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarda qeyd edilir ki, dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, əməlindən peşman olmasını, birinci Qarabağ müharibəsi veteranı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları–vurulmuş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, birinci Qarabağ Müharibəsi veteranı olmasını, o cümlədən məsuliyyəti ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı 10 may 2025-ci il tarixdən 12 may 2025-ci il tarixədək tutulub saxlanıldığı 02 gün, o cümlədən məhkəmə baxışı zamanı tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4i ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Goranboy rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs vurulmuş ziyanın qalıq hissəsinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdən 12 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərdə tutulduğu 02 (iki) gün, ümumi 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanıb təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti qəti olaraq 06 (altı) ay 22 (iyirmi iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 4i ünvanını tərk etməmək, Goranboy rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs vurulmuş ziyanın qalıq hissənin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar