Məhkəmə qərarları › İş №1(060)-623/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-623/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-623/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Zəngilan rayonu, Şamlı kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekt 3 ünvanında qeydiyyatda olan, ünvan 2ndə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15.06.2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 36cı məhəllə ərazisində yerləşən Mərkəzi Plazada “Nals Sevan” gözəllik salonunun açıq qapısından oraya daxil olaraq divanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 315 manat pul olan, 80 manat dəyərində “Louis Vuitton” markalı dəri pul kisəsini, şəxsiyyət vəsiqəsini, 1 ədəd 40.80 manat dəyərində olan, 0.48 qram çəkidə, üzərində şəffaf qaş olan, kilidi iynəşəkilli, 585 damğası olan, sarı rəngli tək sırğa 583/585 əyarlı qızıl sırqanı, 1 ədəd 47.30 manat dəyərində 0.43 qram çəkidə, üzərində 3 ədəd rəngsiz şəffaf qaş, ağ və tünd göy rəngli minalı hissələr olan, üzərində “750” damğası olan sarı rəngli 750 əyarlı qızıl sırqanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə 483.10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 18.06.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən Sevgül gözəllik salonunun açıq qapısından keçib, gözəllik salonunun istirahət otağına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus içərisində 900 manat pul, şəxsiyyət vəsiqəsi olan əl çantasını, dolabın üzərində 60 manat pul və 35.80 manat dəyərində gümüşü rəngdə çoxfunksiyalı qol saatını, 1 ədəd 15.00 manat dəyərində ağ rəngdə “Borofone” blutuz qulaqcığı, 1 ədəd 2 manat dəyərində qulaqcığın rezin üzlüyünü, 1 ədəd 10.00 manat dəyərində dəri qadın əl çantasını, 1 ədəd 50 manat dəyərində “Blutuz” qulaqcıqlarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1072.80 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 aydır ki, işsizdir və buna görə də maddi vəziyyəti yaxşı deyildir. Elə buna görə də bir neçə gündür ki, oğurluq etmək qərarına gəlmiş və buna görə də Sumqayıt şəhəri ərazisində gəzərək oğurluq etmək üçün uyğun yer axtarmışdır. 15.06.2021-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Mərkəzi Plaza” adlanan binaya daxil olmuş və müştəri kimi üçüncü mərtəbəyə qalxmışdır. Həmin vaxt dəhlizdə gəzdiyi zaman gözəllik salonunun qapısının içəridə heç kimin olmadığını görmüş, buna görə də ətrafa baxaraq heç kimin olmadığından əmin olduqdan sonra gözəllik salonuna qapıdan daxil olmuş, orada divanın üzərində olan çantanın içərisini açmış və orada 200 manat pul və bir ədəd qəhvəyi rəngli pul kisəsi olmuşdur. O, 200 manat pulu və pul kisəsini götürərək, çölə çıxmış və oradan uzaqlaşmışdır. Həmin pul kisəsi qəhvəyi rəngdə olmuşdur. Plazadan bir qədər uzaqlaşmış və yaxınlıqdakı məhəllədə çantanı açaraq içərisinə baxdığı zaman içərisində 115 manat pul və iki ədəd sırğa olduğunu görmüşdür. Həmin pul kisəsini Plazanın yaxınlığında məhəllənin aralığında tullamışdır. O, ümumilikdə 315 manat pulu borcu olan Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən lombarda borcunu vermişdir. Qalan pulu isə xərcləmişdir. Qızıl sırğaları isə Sumqayıt şəhəri “Karvan “ticarət mərkəzində qızıl piştaxtasına yaxınlaşmış və hər iki qızıl sırğanı ümumilikdə 45 manata satmışdır. Bir neçə gün sonra yenidən pulu qurtarmış və eyni üsul ilə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yenidən Sumqayıt şəhəri ərazisində gəzişmişdir. Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Sevgül” qadın salonunun yaxınlığında dayanıb gözləmiş və içəridə heç kimin olmadığından əmin olduqdan sonra, gözəllik salonunun açıq qapısından içəri daxil olmuş və gözəllik salonunun içəri istirahət otağına daxil olaraq orada dolabın üzərində olan çəhrayı rəngli qadın pul kisəsini və saatını götürmüş, gözəllik salonundan çölə çıxmış və uzaqlaşaraq getmişdir. Məhəllələrin arasında pul kisəsini açmış və içərisində 400 manat pul, Zərərçəkmiş şəxs2 adına şəxsiyyət vəsiqəsi və İdeal mağaza kartı olduğunu görmüşdür. 400 manat pulu şəxsi təlabatları üçün xərcləmiş, saatı isə özündə saxlamışdır. Sonradan polis əməkdaşları onun oğurluq etdiyini müəyyən etmiş,o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmiş və oğurluq etdiyini etiraf etmişdir. Eləcə də, o, ifadəsində oğurluq etdiyi zaman tək olduğunu, iki yerdən başqa heç vaxt oğurluq etmədiyini, qızıl sırğaların özünə məxsus olduğunu bildirərək satdığını, hər iki gözəllik salonunun qapılarının açıq olduğunu, içəridə heç kimin olmadığından əmin olduqdan sonra qapıdan içəri daxil olaraq oğurluq etdiyini, ikinci salonda içəri istirahət otağının olduğunu, qapısının açıq olduğunu, oraya daxil olaraq içəridən dolabın üzərindən saat və pul kisəsini oğurladığını, Zərərçəkmiş şəxs1 məxsus gözəllik salonundan oğurladığı həmin pul qabında şəxsiyyət vəsiqəsinin olduğunu görmədiyini, pul qabını gözəllik salonundan bir qədər aralı məhəllə aralığında tulladığını, Zərərçəkmiş şəxs2 pul qabında ümumiyyətlə nə olduğunu bilmədiyini, sonradan pul qabında şəxsiyyət vəsiqəsinin olduğunu gördüyünü və həmin vəsiqəni geri qaytardığını, məqsədinin ancaq pul əldə etmək olduğunu, pul qabının yanında iki ədəd “Bleutooth” qulaqlıq olduğunu, hər ikisini götürdüyünü, birini işlədə bilmədiyi üçün tulladığını, digər qulaqlığın isə onda olduğunu, onu da polis əməkdaşlarına təqdim etdiyini qeyd etmişdir. Oğurluq etdiyi zaman tək olmuş, yanında başqa heç kim olmamış, iki yerdən başqa heç vaxt oğurluq etməmişdir. Həmin qızıl sırğaları satdığı zaman özünə məxsus olduğunu bildirmişdir. Hər iki gözəllik salonunun qapıları açıq olub, içəridə heç kimin olmadığından əmin olduqdan sonra qapıdan içəri daxil olaraq oğurluq etmişdir, ikinci salonda içəri istirahət otağının açıq qapısından oraya daxil olaraq içəridən dolabın üzərindən saat və pul kisəsini oğurlamışdır. İkinci gözəllik salonundan 900 (doqquz yüz) manat və ayrılıqda olan 60 manatı oğurlamış, ilkin ifadəsində düzgün qeyd etməmişdir, lakin, sonradan həmin dəymiş ziyanı zərərçəkmiş şəxsə tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs1 məxsus gözəllik salonundan oğurladığı pul qabında şəxsiyyət vəsiqəsinin olduğunu görməmiş, pul qabını gözəllik salonundan bir qədər aralı məhəllə aralığında tullamışdır. Zərərçəkmiş şəxs2 pul qabında şəxsiyyət vəsiqəsi olduğunu bilməmiş, onun şəxsiyyət vəsiqəsini oğurlamaq niyyəti olmamış, ümumiyyətlə pul qabında nə olduğunu əvvəlcədən bilməmiş, məqsədi pul əldə etmək olmuş, sonradan pul qabında şəxsiyyət vəsiqəsinin olduğunu görmüş və həmin vəsiqəni geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 məxsus iki ədəd Blutuz qulaqcığın hər ikisini də götürmüş, birini işlədə bilmədiyi üçün tullamış, digər qulaqlığı isə polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən bir aydır ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllə ərazisində yerləşən “Mərkəz Plaza” ticarət mərkəzində yerləşən “Sevan Nails” gözəllik salonunu işlədir. Belə ki, gün ərzində saat 10-da işə gəlir, saat 20 radələrində işdən çıxır. Həmişə olduğu kimi, 15.06.2021-ci tarixdə də saat 10 radələrində işə gəlmiş, həmin gün işdə tək olmuş və müştəri az olduğundan təxminən saat 18.45 radələrində işdə sakitçilik olduğuna görə dəhlizə liftin qarşısına getmiş və dəhlizdə gəzişmişdir. Həmin ərəfədə dəhlizdə tanımadığı bir nəfər şəxs görsə də ona fikir verməmiş, düşünmüşdür ki, hər hansısa obyektə gələn müştəridir. Bir qədər dəhlizdə gəzdikdən sonra soluna geri qayıtmış və pul kisəsini götürmək istədikdə pul kisəsinin orada olmadığını görmüş və oğurlandığını düşünərək, DİN-nin 102 xidmətinə zəng edib, bu barədə məlumat vermişdir. Ona məxsus qəhvəyi rəngli təxminən 20 sm uzunluğunda 10 sm enində, “Luis Vyuton” dəri pul kisəsi, həmin pul kisəsinin üzərinə qoyduğu 200 manat pul və pul kisəsinin içərisində olan 115 manat pulları, bundan başqa iki ədəd qızıl briliant qaşlı, çəkisini dəqiq xatırlamadığı, tək olan 750 əyyarlı sırğa, digəri isə 85 əyyarlı qızıl sırğa, bundan başqa özünə məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Oğurluq hadisəsi nəticəsində ümumilikdə 315 manat nağd pulu, 220 manat dəyərində qızılları, bundan başqa 120 manat dəyərində isə dəri pul kisəsi oğurlanmış, 635 manat maddi ziyan dəymişdir. Həmin əmlaklar solunun müştəri qəbul edilən otağından divanın üzərindən oğurlanmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin yanvar ayından Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Sevgül” gözəllik salonunu işlədir. Adətən işlətdiyi salonun qapısı açıq olur. 18.06.2021-ci il tarixdə 09 radələrində işə gəlmişdir. Həmin gün gözəllik salonu açıq olmuş və Rəvanə adlı işçi də salonda olmuşdur. Təxminən saat 10 radələrində o, mağazaya getmiş, bir qədər sonra geri qayıtdıqda Rəvanə ona bir nəfər oğlanın salona daxil olub çıxdığını və Təranə adlı şəxsin salonda işləyib-işləmədiyini soruşaraq çıxıb getdiyini demişdir. O, buna fikir verməmişdir. Təxminən saat 11 radələrində kredit ödəmək üçün salonda istirahət otağına getmiş və dolabın üzərindən pul götürmək istəmişdir. Əvvəlcə saatının olmadığını görmüş və bundan sonra içərisində 900 manat pul və şəxsiyyət vəsiqəsi olan çəhrayı rəngli çantanın, dolabın üzərində olan 60 manat pulunun, 200 manat dəyərində olan çox funksiyalı saatının, iki cüt ağ və boz rəngli markalarını xatırlamadığı naqilsiz qulaqlıqlarının orada olmadığını görmüş, pulların və saatının oğurlandığını başa düşmüş və ilk olaraq bir qədər əvvəl Təranə adlı şəxsin onun salonunda işləyib-işləməməyini soruşmaq üçün salona daxil olmuş şəxs ağlına gəlmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları mağazaya gəlmişlər. Eləcə də, o, ifadəsində Bəhruz Rüstəmovun çantada 400 manat pulun olduğunu, saatı, çəhrayı rəngli pul kisəsi ilə birlikdə oğurladığını, çantada 900 manat pul və qulaqcıqlar olmadığını söyləməsinə cavab olaraq əl çantasında 900 manat pul, bununla yanaşı, həmin vaxt pul kisəsinin yanında iki cüt qulaqcıqlarının olduğunu, salonun qapısı açıq olduğu üçün həmin şəxsin salona qapıdan daxil olduğunu, oğurladığı əşyaların istirahət otağında olduğunu, oranın qapısı kilidli olmasa da örtülü olduğunu, qapını itələyib açaraq içəri daxil olduğunu göstərmişdir. Ona məxsus olan qulaqlıqlardan birinin təxminən 50 manata olduğunu qeyd etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 dəymiş ziyanın müəyyən edilməsi üçün 05.07.2021-ci il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 17.07.2021ci il tarixli 6/2853-9/4629 nömrəli ekspert rəyinə əsasən vurulmuş ziyanın məbləği 483,10 manat müəyyən edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 dəymiş ziyanın müəyyən edilməsi üçün 05.07.2021-ci il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 17.07.2021ci il tarixli 6/2853-9/4629 nömrəli ekspert rəyinə əsasən vurulmuş ziyanın məbləği 1072,80 manat müəyyn edilmişdir. İş materiallarından görünür ki, 1 ədəd çəhrayı rəngdə qadın əl pul qabı, 1 ədəd X1 məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd gümüşü rəngli qol saatı, 1 ədəd qulaqcıq maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarından görünür ki, 2 ədəd qızıl sırqalar maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə tutulmuş və 24.06.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş şateriallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 02 azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, 2-ci Qarabağ müharibəsində hərbiçi olaraq arxa cəbhədə iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat sərf etmişdir. Ona görə də, 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində seçilmiş “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdən 24.06.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalıdır. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut olan 1 ədəd çəhrayı rəngdə qadın əl pul qabının, 1 ədəd X1 məxsus şəxsiyyət vəsiqəsinin, 1 ədəd gümüşü rəngli qol saatının, 1 ədəd qulaqcığın Segül İsmayılovaya, iş üzrə maddi sübut olan 2 ədəd qızıl sırğaların isə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22.06.2021-ci il tarixdən 24.06.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6, mənzil 45 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd çəhrayı rəngdə qadın əl pul qabının, 1 ədəd X1 məxsus şəxsiyyət vəsiqəsinin, 1 ədəd gümüşü rəngli qol saatının, 1 ədəd qulaqcığın Segül İsmayılovaya, iş üzrə maddi sübut olan 2 ədəd qızıl sırğaların isə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar