Məhkəmə qərarları › İş №1(060)-625/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-625/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-625/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X5, X3, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Gədəbəy rayonu, Əyrəvəng kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 fevral 2024-cü il tarixdə saat 03 radələrində ünvan 2-nın qarşısındakı küçədə dayanmış Zərərçəkmiş şəxs məxsus “Tayota Camry” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ şüşəsini yerdən götürdüyü daşla sındıraraq qabaq sağ oturacağın üzərində olan sonuncuya məxsus içərisində 1500 manat pul olan 25 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1525 (bir min beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir ədavəti olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, H.Aslanov küçəsi ilə piyada hərəkətdə olan zaman fərdi yaşayış evlərinin qarşısından keçərkən “Toyota Camry” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobili yolun kənarında görmüşdür. O, avtomobilin yanından keçərkən, şüşədən maşının içərisinə baxmış, ön oturacaqda pul kisəsinin olduğunu görmüş, və həmin pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Üzünə tibbi maska taxmış və gödəkçəsinin papağını başına keçirmişdir. Yerdə olan daş parçasını götürüb, avtomobilə yaxınlaşmış, daş parçasını maşının qabaq sağ yan şüşəsinə çırpmış, nəticədə şüşə sınmış və o, cəld əlini pəncərədən içəri salıb oturacağın üzərində olan pul kisəsini götürüb oradan uzaqlaşmışdır. Bir qədər qarşıda pul kisəsinin açmış və içərisində 1500 manat pulun olduğunu görmüşdür. Pul kisəsində bank kartları, sənədlər də olmuş, lakin pulları pul kisəsindən götürdükdən sonra pul kisəsini sənədlərlə birlikdə Kotec qəsəbəsi ərazisində yerə atıb oradan uzaqlaşmışdır. Pulları öz şəxsi məsrəflərinə xərcləmişdir. O, hadisəni tək törətmiş, hadisə zamanı pul kisəsinin içərəsində olan sənədlərə və bank kartlarına əl vurmamış, onlara toxunmamış, həmin sənədləri və bank kartlarını pul kisəsinin içərisinə qoyub yerə tullamışdır. Götürdüyü 1500 manat pulu öz ehtiyaclarına sərf etmişdir. Videogörüntüdə olan şəxs özüdür, hadisə vaxtı üzünə tibbi maska və başına da gödəkçəsinin papağını taxmışdır. Əməlindən peşmandır. Bildirir ki, vurmuş olduğu ziyandan ümulikdə 700 (yeddi yüz) manat ödəniş etmişdir, qalıq hissəni ödəməyə imkanı çatmır. O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir, 2 azyaşlı övladı vardır. Salonundan oğurluq edilən “Toyota Camry” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində işdən evə gəldikdən sonra avtomobilini həmişəki kimi yaşadığı ünvanın qarşısında küçədə saxlamış, evə daxil olmuşdur. Gecə saatlarında o, küçədən səs eşitmiş, lakin evdə olan kameralara baxsa da, heç nə görə bilməmişdir. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında qonşuluqda yaşayan qayınatası Şahid2 onun yaşadığı evə gələrək küçədə saxladığı “Tayota Camry” markalı avtomobilin qabaq sağ yan şüşəsinin sındığını ona bildirmişdir. Bundan sonra evində quraşdırılmış kameralara baxdıqda 1 nəfər şəxsin gecə saatlarında üzündə maska ilə gələrək maşınının yan şüşəsini sındırıb maşında qoyduğu içərsində 1500 manat pul, bank kartları, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi olan pul kisəsini götürüb oradan qaçdığının şahidi olmuşdur. O, hadisə zamanı avtomobildən oğurluq edən şəxsin videogörüntülərini polisə təqdim etmişdir. Hadisədən bir neçə gün sonra onu 4-cü PB-nə çağırmış və orada onun pul kisəsini, içərisində olan bank kartları, şəxsiyyət vəqisəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsini ona təqdim etmişlər. Həmin sənədləri Mirasim adlı şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerdən taparaq 4-cü PB-nə təhvil vermişdir. Pul kisəsinin dəyəri 25 manat olmuşdur. Hadisə nəticəsində ona ümumulikdə 1525 manat ziyan dəymiş, bank kartlarına heç bir müdaxilə olunmamışdır. Şəxsiyyət vəsiqəsi və digər sənədləri tam yararlı halda ona qaytarılmışdır. Vurulmuş ziyandan cəmi 700 (yedi yüz) manat qaytarılmış, 825 manat hələ də ödənilməmişdir. Zərərçəkmiş şəxsdən şikayətçidir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, hal hazırda Sumqayıt şəhəri, Kotec qəsəbəsi, ev 8C-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızının əridir və onunla qonşuluqda yaşayır. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər radələrində o, evdən çölə çıxdıqda, qonşuluqda yaşayan Nazimin “Tayota Camry” markalı avtomobilinin yan şüşəsinin sınıq halda olduğunu görmüş, bundan dərhal sonra Nazimi çölə çağırmış və maşının şüşəsinin sındırıldığını ona bildirmişdir. Nazim küçəyə çıxdıqda həqiqətən avtomobilin şüşəsinin sınmış vəziyyətdə olduğunu və özünə məxsus içərisində 1500 manat pul və digər sənədləri olan pul kisəsinin oğurlandığını ona bildirmişdir. Onlar bu barədə dərhal polisə məlumat vermişlər. Nazim sonradan ona maşından oğurluq edən şəxsin evə quraşdırılmış kameraya düşdüyünü bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 18-ci məhəllə ev 241C-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxan zaman evinin qarşısındakı darvazanın qabağında qara rəngli pul kisəsini görmüş və bu zaman pul kisəsinin içərisində Zərərçəkmiş şəxs adlı şəxsin adına bank kartlarının, şəxsiyyət vəsiqəsini, avtomobilə dair sənədləri aşkar etmişdir. O, ətrafda heç kəsin olmadığını görüb, həmin pul kisəsini sənədlərlə birgə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhvil vermişdir. Ona PB-də həmin pul kisəsi və içərisindəki sənədlərin Zərərçəkmiş şəxs avtomobilindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olduğunu bildirmişlər. Naməlum şəxs həmin pul kisəsini sənədlərlə birlikdə onların darvazasının qarşısına aıb getmişdir. O, pul kisəsinin içinə baxan zaman içərsində pul görmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 16:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 1); “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış eyni tarixli qərarla axtarış elan edilmişdir. (i.v.46) “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü ildə, saat 22 radələrində saxlanılmışdır. (i.v.50-51) 24 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 70-71) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 79-80); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.81-82); xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı polis kapitanı Vüsal Quliyevin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri ünvan 3 ünvanıdır. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 05-07) Məhkəmə istintaqı zamanı tədqiq edilən, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üz nahiyyəsinə tibbi maska taxaraq “Toyota Camry” markal avtomobilə yaxınlaşır və daha sonra həmin avtomobilin qabaq yan şüşəsini yerdən götürdüyü daş parçasını şüşəyə var qüvvəsi ilə vuraraq sındırıb, salona əlini salaraq pul kisəsinə bənzər əşyanı götürüb oradan qaçaraq uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixli “AKt”dan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs adına bank kartların, şəxsiyyət vəsiqəsini, “Tayota Camry” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobilə dair qeydiyyat və vergi şəhadətnamələrini təqdim etmişdir. Bu barədə fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. (i.v.13-14) xx.xx.2024-cü il tarixli “AKt”dan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus bank kartlarını, şəxsiyyət vəsiqəsini, “Tayota Camry” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobilə dair qeydiyyat və vergi şəhadətnamələrini təhvil almışdır. (i.v.15) xx.xx.2024-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bir daha göstərmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduqda Sumqayıt şəhər məhkəməsinə gətirilməsi qərara alınmış, cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə saat 15:20-də Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində işlədiyi “606” avtoyuma mərkəzinin qarşısında saxlanılaraq 4-cü PB-nə gətirilmiş, həmin tarixdə Sumqayıt şəhər məhkəməsinə təqdim edilmişdir. AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Gədəbəy rayon məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü, 69.3-cü 01 il 11 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Sumqayıt şəhər məhkəməsinin 05 may 2023-cü il tarixli qərarı ilə Gədəbəy rayon məhkəməsinin həmin hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 02 ay 11 gün hissəsi CM-nin 52-1.5-ci maddəsinə əsasən 07 ay 05 müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. (i.v.86-92); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. (i.v. 96) “sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, oğurluq hadisəsini özündə əks etdirən bir ədəd maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1, 177.2.3, və 326.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Şahid1 barəsində CM-nin 1772.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (i.v. 97-101); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinin İ bəndinə görə Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 2-ci bəndinə görə Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlindən peşman olmasını, vurulmuş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğun ödənilmədiyi dövrdə yenidən eyni məzmunlu cinayət əməli törətmişdir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı cəzasını yüngülləşdirən halları - xüsusən zərərçəkmiş vurulmuş ziyandan qismən ödəniş etməsini, cəzasını ağırlaşdıran halların olmamasını, bundan öncə oğurluq əməli törətməsinə görə məhkum edilməsinə baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməməmk haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs tərəfindən törədilən oğurluq hadisəsinin əks olunduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxs Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar