Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-628/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-ciı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qəsr inşaatda qəlibçi işləyən, əvvəllər məhkum olmayan, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 18, mənzil 10-da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında, mənzilin içərisində ailə-məişət və şəxsi münasibələrin pozulması zəminində baş verən mübahisə zamanı qaynanası Zərərçəkmiş şəxs sifətinin ön səthinə güclü əl zərbəsi qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Şəhlanın qızı Şahid ilə 2022-ci ilin may ayında rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan övladları yoxdur. Ailə həyatı quduqdan sonra onun evində yaşayırlar. Lakin anası Afəti yola vermədiyinə görə və bununla bağlı olaraq Afətlə aralarında yaranan narazılıqlara görə 2023-cü ilin aprel ayının 5-də Afət onun evini tərk edib anası evinə getmişdir. Hətta boşanma ilə əlaqədar Asan xidmətə də müraciət etmişdir. Sonradan Afətin onunla razılığı olmuş və onlar boşanma üçün Asan xidmətə getməmişlər. Bu müddətdə barışıq əldə etmək üçün dəfələrlə o Afətin anası Şəhlanın evinə getmişdir. Heç də onu pis qarşılamamışlar. xx.xx.2023-cü il tarixdə qaynanası Şəhla özü zəng vurub boşanma məsələsinin olmaması ilə əlaqədar söhbət etmək üçün onu evinə çağırmışdır. Saat 21 radələrində o Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 8 ünvanında yaşayan qaynanası Şəhlanın evinə getmişdir. Onlara gələnə qədər o Yaquar spirtli içkisi qəbul etmişdir. Onu normal qarşılamışlar. Afət özü də evdə olmuşdur. Çay-çörək yemişdir. Ailələrinin bərpasının mümkün variantlarını müzakirə etmişlər. Saat təqribən 23 radələrinə qədər söhbət etmişlər. O durub evə gəlmək istəsə də, qaynanası Şəhla demişdir ki, yatıb orda qalsın. Bundan sonra qaynanası Şəhla ona bildirmişdir ki, “bu yaxınlarda səni narkoman Ofelyanın oğlu ilə birlikdə görüblər” və onların haqqında nə danışdığını soruşmuşdur. O da demişdir ki, sizin haqqınızda nəsə danışmayıb. Kamranın xeyrinə olan sözlə danışmışdır. Bu zaman qaynanası Şəhla qayıdıb demişdir ki, təriflədiyin oğlan sənin barəndə deyib ki, Zahid cındırdır. O da əsəbiləşib Kamranın onun barəsində elə söz demədiyini bildirmişdir. Buna görə Kamrana votsapla yazıb soruşmuş və Kamran ona elə söz deyən barədə söyüşlü səsli mesaj atmışdır. O da həmin mesajı açanda Şəhla söyüşü eşitmiş və onun barəsində təhqiramiz ifadə işlədərək onun üstünə gəlmişdir. O çevrilib getmək istəyəndə Şəhla arxadan əl atıb onun boynundan tutaraq geri dartmışdır ki, telefonu ver, o Kamrana ürək sözlərimi deyim. O çevrilib Şəhlanı özündən uzaqlaşdırmaq məqsədilə əlinin arxası ilə onun burun nahiyəsinə vurmuşdur ki, ondan uzaqlaşsın. Bundan sonra o evdən çıxıb getmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində cərimə cəzası verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki,Təqsirləndirilən şəxs onun kürəkənidir. Qızı Şahidyla yola getmədiyindən, mütəmadi olaraq onu döydüyündən qızı Afət faktiki olaraq Zahiddən ayrılıb onun evinə gəlmişdir. Qızı qarşılıqlı razılıq əsasında boşanmaq üçün Asan xidmətə müraciət etsə də, Zahid çağırışa gəlmədiyindən boşanma baş tutmamışdır. Qızı Afətin onlarda olduğu müddət ərzində dəfələrlə Zahid evlərinə gəlib onlarla münaqişə etmiş, onları söyüb təhqir etmişdir. Zahid onları rahat yaşamağa qoymur. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində kürəkəni Zahid yenə də yaşadıqları evə gəlmişdir. O gələn zaman evdə qızı Afət, o və hər iki ayağı olmayan əri Elburus olmuşdur. Gəlişinin məqsədi o imiş ki, Afətlə barışmaq istəyir. Bu mövzuda söhbət etməyə balamışdır. O Zahidə demişdir ki, “Zahid, qızımı dəfələrlə döyüb üstümə göndərmisən, onun həyatını puç eləmisən. Ona görə də sizin barışmağınız mümkün deyil”. Bu zaman Zahid Afətlə ayrılmaqlarında onu günahlandırdığı üçün onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O da Zahidin söyüşlərini özünə qaytardığından Zahid üstünə gəlib əlinin içərisi ilə onun burun nahiyəsinə bir dəfə güclü zərbə vurmuşdur. Burnuna zərbə dəyən kimi onun burnundan qan açılmış və bu zaman Afət araya keçib Zahidi ondan uzaqlaşdırmağa başlamışdır. Həmin vaxt oğlu Vüqar digər otaqda yatmışdır və Zahidin sakitləşmədiyini görə Vüqar da gəlmişdir. Zahidi evdən bayıra çıxarmışlar və o 102 xidmətinə zəng vurub məlumat vermişdir. Təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini, təqsirləndirilən şəxsin onlardan uzaq durmasını məhkəmədən xahiş edir. Məhkəmədə Şahid Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan “Sərxoşluq hallarınn bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” xx.xx.2023-cü il tarixli, A/946 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:05 dəqiqədə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti mövcud olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 889 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:burun nahiyyənin sıyrığı, üst dodağın şişkinliyi və selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əlin iç səthi ilə yetirlən zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2211 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin 224 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 3 saylı MKS-nin 431 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə czasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.3, 67.1 və 68.2-ci maddəsilə təqsirli bilinərək 11 ay 09 gün müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 03 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o Şabran Rayon Məhkəmsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128 və 66.5-ci maddəsilə təqsili bilinərək 04 ay 10 gün müddətinə nəqliyyat vasitələrini idarı etmə hüququ məhdudlaşdırılmaqla 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 66.5 və 69.3-cü maddələrilə təqsirli bilinərək 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21-2/3-5496, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığından onun barəsində olan şəxsi iş xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaynanası ilə aralarında ailə-məişət və şəxsi münasibələrin pozulması zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinin ön səthinə güclü əl zərbəsi ilə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinə gəldikdə məhkəmə, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmuu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 1200 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 120 (yüz iyirmi) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-628/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-628/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver