Məhkəmə qərarları › İş №1(060)-63/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-63/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-63/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Fizüli qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1998-ci il tarixdə Gürcüstan Respublikasının, Marneuli şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı (pasport: 18AC80896 – Jalilov Orkhan), orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Jalilov Orkhan) Azərbaycan Respublikası CM-nin 127.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısında olarkən “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşib, avtomobildən çöldə dayanan Nurlan adlı tanışının telefonla danışıb avtomobilə əyləşməsini gözləmiş, bu zaman avtomobilinin sağ və arxa hissəsində 2 ədəd avtomobilin dayandığını görmüş, öz avtomobilində arxa oturacaqda əyləşmiş tanışı Şahid6 həmin avtomobillərdən düşən şəxslərin polis əməkdaşı olduğunu deməsindən sonra tutulmaq istəmədiyini bildirərək, əməliyyat tədbirini həyata keçirmək üçün gəlmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkillərinin qanuni göstərişlərinə tabe olmayaraq avtomobilini işə salıb qaçmaq istəyən zaman, ilk öncə avtomobili arxaya doğru, piyada ona yaxınlaşmaqda olan Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs Zellabdin oğlunun üzərinə qəsdən sürüb sonuncunun avtomobilinə sıxaraq ona sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol dirsəyin 2 ədəd sıyrığı ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran xəsarətlər yetirmiş, ardınca avtomobilini yenidən irəli doğru hərəkət etdirməklə hadisə yerindən qaçaraq hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 315 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 31.05.2021-ci il tarixdə təxminən saat 16-17 radələrində Corat qəsəbəsində yerləşən dairəvi yolda dostu Nurlan ilə dayanaraq söhbət etmiş, bu zaman Rahim adlı bir şəxs ona zəng vuraraq guya Rahim barəsində polisə şikayət etdiyini və buna görədə onunla görüşmək istədiyini bildirmiş, o, Rahimlə danışaraq Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin qarşısında görüşməyə razılaşmış, təxminən 1 saat sonra Nurlan ilə "xxxx" MMC-dən kirayə götürdüyü “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək həmin məktəbin qarşısına gəlmiş və orada tanışları Emil ilə Vüsal adlı şəxslərin dayandığını görmüş, onlara yaxınlaşaraq hal-əhval tutduqdan sonra, Rahim adlı şəxslə görüşü olduğunu bildirmiş, onlar da onunla birlikdə Rasim adlı şəxsli gözləməyə başlamış, avtomobilin sükanı arxasında o, arxa sərnişin oturacağında Vüsal və Emil, ön sərnişin oturacağında isə Nurlan əyləşmiş, təxminən 40-50 dəqiqə sonra Nurlana ailəsindən zəng gəldiyi üçün avtomobildən düşmüş və bir qədər qıraqda dayanaraq telefonla danışmış, bu zaman bir nəfər şəxsin Nurlana yaxınlaşdığını, başqa bir avtomobilin isə onların sağ tərəfində saxladığını görmüş, o, gələn şəxslərin Rahimgil olduğunu və saylarının çox ola biləcəyini fikirləşdiyi üçün, onları döyə biləcəklərini ehtimal edib qaçmaq qərarına gəlmiş, buna görə də avtomobili işə salıb ilk əvvəl avtomobili arxaya vermiş, bu zaman avtomobili arxada dayanan avtomobilə dəymiş, bu vaxta qədər o, arxasında avtomobil dayandığını bilməmiş, ardınca o, avtomobili irəli sürərək qarşısındakı avtomobilə vurmuş və yenidən avtomobilini arxaya verərək arxadakı avtomobili itələməyə başlamış, beləliklə özünə yol açdıqdan sonra o, oradan uzaqlaşmışdır. 31.05.2021-ci il tarixdə hadisə zamanı “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmiş, hadisə yerinə gələn şəxslərin polis əməkdaşı olduğunu bilməmişdir. Həmin şəxslərin əynində xidməti geyim forması olmamışdır, avtomobildə əyləşmiş Şahid6 ona gələn şəxslərin polis əməkdaşı olduğunu bildirməsi və gələn şəxslərin “ dayan, polis” demələri barədə söylədikləri yalandır, avtomobildə mahnı oxuduğundan o, heç bir səs eşitməmişdir. O, çox sayda adamın və 3 ədəd avtomobilin gəldiyini gördüyü üçün, gələn şəxslərin onları döyəcəyini ehtimal etmiş, həmin avtomobillərdən birinin sağ yanlarında saxladığını, digər ikisini isə o, hadisə yerindən qaçdıqdan sonra arxada saxladığını görmüş, gələn şəxslərin sayı çox olduğundan o, həmin şəxslərlə söhbət etmək əvəzinə qaçmış, tələsdiyi üçün avtomobilin yan güzgülərinə baxmadan avtomobili geriyə doğru sürmüşdür. Zərərçəkmiş şəxsə xəsarət yetirməsinə görə peşmandır, ailə vəziyyəti ağırdır, anası ilə birlikdə yaşayır, anası ankoloji xəstədir, onun köməyinə möhtacdır. Məhkəmədən ağır ailə vəziyyətini nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək hadisə yerinə gələn şəxslərin polis əməkdaşı olduğunu bilmədiyini, beləki həmin şəxslərin əynində xidməti geyim forması olmadığını, avtomobildə əyləşmiş Şahid6 ona gələn şəxslərin polis əməkdaşı olduğunu bildirməsi və gələn şəxslərin “ dayan, polis” demələri barədə söylədiklərinin yalan olduğunu, avtomobildə mahnı oxuduğundan o, heç bir səs eşitmədiyini bildirməsi məhkəmə iclasında araşdırılsa da təsdiq edilmədi. Məhkəmə bunu Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək və müdafiəsi üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri ilə təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs Zellabdin oğlu məhkəmə iclasında bildirdi ki, 2009-cu il tarixdən X2, 2021-ci il tarixdən isə Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O və digər əməliyyat müvəkkilləri Bəhruz, Rauf, Ramin, Şahbaz Sumqayıt şəhərində bankomatlardan oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində, aparılan əməliyyat-axtarış tədbirləri zamanı inanılmış mənbədən daxil olmuş əməliyyat məlumatına əsasən 31.05.2021-ci il tarixdə təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısına gəlmiş, onlarda olan əməliyyat məlumatına əsasən oğurluq edən şəxslər “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş, həmin avtomobilin qarşısında hal-hazırda xatırlamadığı başqa avtomobil dayanmış, onlar həmin şəxslərin qaça biləcəyini ehtimal etdiklərindən Bəhruz və Şahbaz, Şahbazın “Toyota Prado” markalı avtomobili ilə həmin şəxslərin avtomobilinin sağ yanında, o, Rauf və Ramin isə ona məxsus “Hyundai Sonata” markalı avtomobili ilə Orxangilin avtomobilinin arxa tərəfində dayanmış, Onların avtomobilinə yaxınlaşdıqda Bəhruz avtomobildə 3 nəfər şəxsin olduğunu, Nurlanın avtomobildə olmadığını, təxminən 2-3 metr aralıda telefonla danışdığını görmüş, Bəhruz Nurlana yaxınlaşaraq “polis” deyərək özünü təqdim etmiş, bu zaman Raufla o, avtomobilə yaxınlaşaraq “polis, avtomobildən düşün” deyə qışqırmış, avtomobilin sükanında əyləşmiş Orxan avtomobili işə gətirərək, qarşısında dayanmış avtomobilə vurmuş, o, Orxanın qaçacağını ehtimal etdiyi üçün dərhal öz avtomobilinə əyləşmək istəmiş, lakin Orxan avtomobilini geriyə verərək onu ayağından vuraraq onu avtomobilinə sıxmış, digər əməkdaşlar onun xəsarət aldığını görüb onun yanına gəlmiş, Orxan isə avtomobilini Şahbazın avtomobilinə vuraraq özünə yol açıb, oradan uzaqlaşmışdır. Digər əməkdaşlar mülki formada olsalar da, üzərlərində böyük hərflərlə “polis” yazısı olan xidməti jilet olmuş, bundan başqa o və Rauf avtomobilə yaxınlaşarkən ucadan “polis, avtomobildən düşün” deyə qışqırmış, hadisə yerində hər hansı bir təhlükəsizlik kamerası olmamış, hadisə vaxtı ətrafa topalanan insanlar olmasa da, qəza baş verdikdən və Orxangil oradan uzaqlaşdıqdan sonra ətrafa tanımadıqları insanlar yığışmış, onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilməmiş, ünvanına təhqiredici ifadələr işlədilməmiş, bu kimi hərəkətlərə ümumiyyətlə yol verilməmiş, heç kim Orxana qarşı qanunsuz hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamış, onun barəsində qanuni qərar verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, 2011-ci il tarixdən X2, 2021-ci ilin may ayından tarixdən isə Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəində işləyir, Zərərçəkmiş şəxs tanımaqla onunla iş yoldaşı olmuş və münasibətləri hər zaman yaxşı olmuşdur. O və digər əməliyyat müvəkkilləri Bəhruz, Rauf, Ramin, ELşən Sumqayıt şəhərində bankomatlardan oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində, aparılan əməliyyat-axtarış tədbirləri zamanı inanılmış mənbədən daxil olmuş əməliyyat məlumatına əsasən 31.05.2021-ci il tarixdə təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısına gəlmiş, onlarda olan əməliyyat məlumatına əsasən oğurluq edən şəxslər “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş, həmin avtomobilin qarşısında hal-hazırda xatırlamadığı başqa avtomobil dayanmış, onlar həmin şəxslərin qaça biləcəyini ehtimal etdiklərindən Bəhruz və o, onun “Toyota Prado” markalı avtomobili ilə həmin şəxslərin avtomobilinin sağ yanında, Elşən, Rauf və Ramin isə Elşənə məxsus “Hyundai Sonata” markalı avtomobili ilə Orxangilin avtomobilinin arxa tərəfində dayanmış, Orxangilin avtomobilinə yaxınlaşdıqda Bəhruz avtomobildə 3 nəfər şəxsin olduğunu, Nurlanın avtomobildə olmadığını, təxminən 2-3 metr aralıda telefonla danışdığını görmüş, Bəhruz Nurlana yaxınlaşaraq “polis” deyərək özünü təqdim etmiş, bu zaman Raufla Elşən, avtomobilə yaxınlaşaraq “polis, avtomobildən düşün” deyə qışqırmış, avtomobilin sükanında əyləşmiş Orxan avtomobili işə gətirərək, qarşısında dayanmış avtomobilə vurmuş, Elşən, Orxanın qaçacağını ehtimal etdiyi üçün dərhal öz avtomobilinə əyləşmək istəmiş, lakin Orxan avtomobilini geriyə verərək Elşənin ayağından vuraraq Elşəni avtomobilinə sıxmış, digər əməkdaşlar Elşənin xəsarət aldığını görüb Elşənin yanına gəlmiş, Orxan isə avtomobilini mənim avtomobilimə vuraraq özünə yol açıb, oradan uzaqlaşmışdır. Hadisə vaxtı əməkdaşlar mülki formada olsalar da, üzərlərində böyük hərflərlə “polis” yazısı olan xidməti jilet olmuş, bundan başqa Elşən və Rauf avtomobilə yaxınlaşarkən ucadan “polis, avtomobildən düşün” deyə qışqırmış, hadisə yerində hər hansı bir təhlükəsizlik kamerası olmamış, hadisə vaxtı ətrafa topalanan insanlar olmasa da, qəza baş verdikdən və Orxangil oradan uzaqlaşdıqdan sonra ətrafa tanımadıqları insanlar yığışmış, onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilməmiş, ünvanına təhqiredici ifadələr işlədilməmiş, bu kimi hərəkətlərə ümumiyyətlə yol verilməmiş, heç kim Orxana qarşı qanunsuz hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid4, Şahid3 və Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 bildirdi ki, Orxan adlı şəxsi o, təxminən 5-6 ay bundan əvvəl tanımış, münasibətləri hər zaman normal olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olamamış, təxminən 1 ay bundan əvvəl o, Sumqayıt bazarının yanında yerləşən "lombard" mağazasına qızılını qoyduğundan hər ay mağazaya 10 manat pul vermiş, daha sonra qızılı baha qiymətə satacağı mağaza tapdığından, lombarda olan faizini ödəyib, qızılını oradan götürmək qərarına gəlmiş və 31.05.2021-ci il tarixdə evdə olarkən Orxan ilə telefon əlaqəsi saxlayıb, ondan hal-əhval tutmuş, söhbət əsnasında lombarda gedərək pul verəcəyini Orxana bildirmiş, Orxan onun evinin yanından keçəcəyini və onu da götürərək lombarda apara biləcəyini demiş, təxminən saat 19 radələrində Orxan ona zəng vuraraq evilərinin qarşısında olduğunu və onu gözlədiyini demiş, o, çölə çıxaraq Orxanın idarə etdiyi qara rəngli “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, o və Orxandan başqa avtomobildə Vüsal adlı tanışı da olmuş, Nurlan adlı şəxs isə avtomobildən 2-3 metr qıraqda dayanaraq telefonla danışmış, o, avtomobilin içində əyləşənlərlə görüşüb hal-əhval tutduqdan təxminən 2-3 dəqiqə sonra sağ yan tərəflərində "Toyota Prado" markalı avtomobil, arxa tərəflərində isə "Hyundai Sonata" markalı avtomobil saxlamış, sol tərəflərində divar olduğundan və qarşı tərəfdə də Vüsalın " Lada Priora" markalı avtomobili dayandığından Orxan avtomobilini hərəkət elətdirə bilməmiş, bu zaman "Toyota Prado" markalı avtomobildən bir nəfər şəxs düşərək telefonla danışan Nurlana yaxınlaşmış və Nurlanın qolundan tutmuş, o, Orxana gələn şəxslərin polis olduğunu demiş və avtomobildən düşərək polislərə yaxınlaşmaq istəmiş, lakin Orxan avtomobilin qapılarını kilidlədiyindən o, qapını aça bilməmiş və bu zaman Orxan avtomobili işə salaraq, qarşıda dayanan "Lada Priora" markalı avtomobilə vurmuş, yanlarına gələn şəxslər ucadan "polis, saxla" deyə qışqırmış, o, da Orxana avtomobili saxlamasını bildirsə də, Orxan tutulmaq istəmədiyini deyərək ardınca avtomobilini arxada dayanan " Hyundai Sonata" markalı avtomobilə vuran zaman polislərdən bir nəfəri iki avtomobilin arasına sıxmış, daha sonra sağ tərəfdə dayanan "Toyota Prado" markalı avtomobili vuraraq, özünə yol açıb oradan uzaqlaşmış, Orxan Masazır qəsəbəsində tanımadığı bir yerə gələrək, avtomobili burada saxlamış, onlar avtomobildən düşərək, yoldan keçən bir taksiyə əyləşmiş, yolda olarkən Orxan adını bilmədiyi əmisinə zəng vuraraq onu Xırdalan şəhərində yerləşən "BazarStore" mağazasının qarşısından götürməyi bildirmiş, onlar həmin yerə gəldikdə, Orxanın əmisi kimi bildiyi şəxs 103 qeydiyyat nişanlı, boz rəngli, "Kia Optima" markalı avtomobillə gələrək Orxanı oradan götürmüş, o və Vüsal isə yenidən taksiyə əyləşərək Sumqayıt şəhərinə gəlmişlər. Hadisə yerinə gələn şəxslərin bəzilərinin əynində xidməti jilet olmuş, Orxan həmin şəxslərin polis əməkdaşı olduğunu bilmiş, belə ki, həmin şəxslərdən biri, qıraqda telefonla danışan Nurlan adlı şəxsin qolundan tutmuş, həmçinin digər şəxslər də, " dayan, polis" deyə qışqırmış, polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 göstərmişdir ki, təxminən 2019-cu il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Əsas işi minik avtomobillərini kirayə verməkdən ibarətdir. 28.05.2021-ci il tarixdə əvvəllər bir neçə dəfə kirayə avtomobil verdiyi Nurlan Məmmədli və Təqsirləndirilən şəxs onun “Elmlər” metrostansiyasının yaxınlığında yerləşən obyektinə gələrək ondan kirayə avtomobil istəmiş, o, onlara qara rəngli “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin boş olduğunu və götürə biləcəklərini bildirmiş, Onlar avtomobili 2 günlük kirayə götürdüklərindən 120 manat ödəniş etmiş, aralarında müqavilə bağlandıqdan sonra Orxangil avtomobili götürüb getmiş, 30.05.2021-ci il tarixdə Nurlan Məmmədli ona zəng vuraraq kirayə müddətini daha 1 gün uzatmaq istədiyini bildirmiş və 60 manat ödəniş etmiş, 31.05.2021-ci il tarixdə Nurlan Məmmədli kirayə müddətini uzatmaqla bağlı onunla əlaqə saxlamadığından həmin günün tamamında avtomobili uzaqdan idarə etmə ilə dayandırmağı fikirləşmiş, lakin saat 23 radələrində adını bilmədiyi bir polis əməkdaşı onunla telefon əlaqəsi saxlayaraq “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə polis əməkdaşının vurulduğunu bildirmiş, o, dərhal həmin polis əməkdaşı ilə görüşərək nə baş verdiyini öyrənmiş və ona Təqsirləndirilən şəxs kirayə verdiyi avtomobil ilə polis əməkdaşını vuraraq xəsarət yetirməsi məlum olmuş, o, polis əməkdaşlarına kömək etmək məqsədilə “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış GPS vasitəsilə avtomobilin Masazır qəsəbəsində “Şok Market” adlı mağazanın arxasındakı qəbirstanlığın yaxınlığında olduğunu öyrənmiş və polis əməkdaşları ilə birlikdə ora getmiş, avtomobilin yanına gəldikdə orada heç kəsin olmadığını və avtomobilin ön, arxa və sol yan tərəfinin əzik olduğunu görmüşdür. İş materiallarında olan Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ilə Şahid5, Şahid1, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 arasında üzləşdirmə keçirilərkən sonuncular ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı da bildirmişlər. (i.v. 158-173) İş materiallarında olan Sumqayıt ŞPİ-nin 30.08.2021-ci il tarixli, 123-32985-1221 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri ərazisində bankomatlardan vətəndaşların pullarını talayan şəxslərin müəyyən olunması istiqamətində keçirilən tədbirlər nəticəsində, Sumqayıt ŞPİ-nə daxil olmuş əməliyyat məlumatında qeyd olunan hadisələri törədən şəxslərin “ Hyundai” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmələri bildirilmişdir. İdarənin Caş-nın əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs, Şahid4, Şahid1 və kiçik əməliyyat müvəkkili Şahid2 31.05.2021-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən həmin avtomobilin Corat qəsəbəsi, 7 saylı məktəbin yaxınlığında dayanmasını müşahidə edərək avtomobilə yaxınlaşmışlar. Lakin, avtomobili idarə edən sürücü avtomobili sürətlə irəli-geri hərəkət etdirərək Zərərçəkmiş şəxs vurmuş və hadisə yerindən uzaqlaşmışdır.(i.v 156) İş materiallarında olan 01.06.2021-ci il tarixli baxış protokolundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli tam orta məktəbin darvazasının yanıdır. Darvazanın qarşısından avtomobil yolu keçir. Darvaza dəmir barmaqlıqlardan ibarətdir. Darvazanın hər iki tərəfindən yolboyu sarı rəngli daş hasar çəkilmişdir. Hasarın 1 metr hündürlüyündən sonra aralarında dəmir barmaqlıqlar yerləşir. Hasar boyu yolun qırağı ilə səki vardır. Məktəbin darvazasının qarşısında isə avtomobillərin rahat hərəkəti üçün kiçik meydança qismində yer vardır. Şahid1 məxsus ağ rəngli “Toyota Prado” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman görünür ki, avtomobilin ön hissəsində sürtünməyə xarakterik qara rəngli zədə izləri vardır. Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Hyundai Sonata” markalı 99-TR- 989 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman görünür ki, ön bamperin sol tərəfi, sol fara və qanadda zədələr vardır. Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirdikdə görünür ki, avtomobilin ön bamperinin sol tərəfində, sol ön və sol arxa qapısında, arxa bamperində, sol arxa farasında və sağ yan güzgüsündə zədələr vardır. (i.v. 13-19) İş materiallarında olan “MTE və PA ETT Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin 14.08.2021-ci il tarixli, 21/607 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Zellabdin oğlunun bədəni üzərində sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol dirsəyin 2 ədəd sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmiş, avtomobillə vurulma nəticəsində əmələ gələ bilər. Müddəti 31.05.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir.(iş.v 74-76) İş materiallarında olan 02/60 saylı müqavilədən görünür ki, Nurlan Məmmədli 28.05.2021-ci il tarixdə saat 17-də qara rəngli “Hyundai Sonata” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən təhvil götürmüşdür.(iş.v 69-73) Cinayət işi materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.93) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-407/2021 saylı, 16.08.2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında bu iş üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 14 avqust 2021-ci ildən hesablanmışdır. (i.v.127-128) İş materiallarında olan məlumatlara əsasən Cəlilov X3 Rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 28.12.2018ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli hökmü dəyişdirilmiş və ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, 29.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli hökmü ilə yaranan məhkumluğu 29.03.2021-ci il tarixdə ödənilmişdir. Onun Abşeron rayon məhkəməsinin 18.02.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməlinə münasibətdə cinayətlərin sadə residivi olsa da hazırda baxılan işlə bağlı residiv yoxdur. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)- 70/2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03.12.2019-cu il tarixdən 27.02.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 24 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq, 08 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı 18.06.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)-294/2021 saylı qərarının surətindən görünür ki, Abşeron rayon məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)-70/2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə (cəza hissəsində) dəyişdirilmiş, CM-nin 62-ci maddəsi tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 11 (on bir) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuşdur. Cəzaçəkmə müddətinin əvvəli 14.08.2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqı zamanı özünün qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ağır ailə vəziyyətini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazrkı iş üzrə ittiham olunduğu cinayət əməlini 31.05.2021-ci il tarixdə törətmişdir. Cəlilov X3 rayon məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)-70/2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası başa çatdığından 24 fevral 2021-ci ildə azadlığa buraxılmışdır. Abşeron rayon Məhkəməsinin həmin hökmündən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)- 294/2021 saylı qərarı ilə Abşeron rayon məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)- 70/2021-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, CM-nin 62-ci maddəsi tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 11 (on bir) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 14.08.2021-ci il tarixdən hesablanmışdır. Verilmiş protestə baxılana qədər azadlıqda olduğu müddətdə hal-hazıki ittiham olunduğu cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs hazrkı iş üzrə ittiham olunduğu cinayət əməlini tərədəndə onun barəsində olan Abşeron rayon məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)-70/2021-ci il tarixli hökmü qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinici iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Sumqayıt Apellyasiya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)-294/2021 saylı qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə cəza təyin edilməsi barədə qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə Sumqayıt Apellyasya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)-294/2021 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) ay azaldılmaqla üzərində 01 (bir) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Apellyasya Məhkəməsinin 23.09.2021ci il tarixli 1(105)-294/2021 saylı qərarı ilə təyin edilmiş və 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə 06 ay azaldılmış 01 (bir) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cəzanın əvvəli 14 avqust 2021-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi156 (yüz əlli altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs (Jalilov Orkhan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 315-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 08 (səkkiz ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)-294/2021 saylı qərarı ilə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilsin və Sumqayıt Apellyasya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)-294/2021 saylı qərarı (Abşeron rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)-70/2021-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmişdir) ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılsın və üzərində 01 (bir) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Apellyasya Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(105)-294/2021 saylı qərarı (Abşeron rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 1(012)- 70/2021-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmişdir) ilə təyin edilmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə 06 ay azaldıldıqdan sonra qalan 01 (bir) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi156 (yüz əlli altı) manat pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar