Məhkəmə qərarları › İş №1(060)-63/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-63/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-63/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı3 və Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkum olunmuş, evli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayında etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyyəti ilə tanışı Şahid1 sonuncunun şagirdi olmuş X2 yaxın əlaqələrdə olduğu vəzifəli şəxslər vasitəsi ilə təhsil aldığı Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən hüquq fakültəsinə 50.000 manat pul müqabilində keçirəcəyini yalan vəd edərək aldadıb, həmin məqsədlə Şahid1 C.Səməndərlinin xalası oğlu Zərərçəkmiş şəxs almış olduğu 20.000 manat pulu 2018-ci ilin fevral ayının ortalarında Bakı şəhəri “İçəri şəhər” metrostansiyasmın qarşısında, qalan 30.000 manat pulu isə həmin ilin fevral ayının sonlarında Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sonuncudan alaraq ələ keçirmərklə Zərərçəkmiş şəxs vahid niyyətlə cəmi 50.000 (əlli min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhər sakini Şahid1 10 ildən artıq müddətdir ki, tanıyır, onunla təsadüfən toyda tanış olmuş və həmin vaxtdan sonra rəfiqə münasibətləri yaranmış və bir-birinin evinə gediş-gəlişləri olmuşdur. Zeynəb onu sözü keçən iş adamı kimi tanımış, Zeynəblə söhbətlər zamanı dəfələrlə ona əhatəsinin geniş olduğunu, vəzifədə işləyən tanışlarının olduğunu, istənilən şəxsi müxtəlif vəzifələrə düzəldə biləcəyini bildirmişdir. 2018-ci ilin fevral ayında Zeynəb ona müraciət edərək əvvəllər dərs demiş olduğu Cavid adlı şəxsin Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil aldığını, lakin həmin universitetin hüquq fakültəsində təhsil almaq istədiyini, ona kömək edə biləcəyini soruşanda Bakı Dövlət Universiteti ilə hər hansı bir əlaqəsinin olmamasına baxmayaraq özünə təcili pul lazım olduğundan Zeynəbə yalandan Təhsil Nazirliyində geniş əlaqələrinin olduğunu və 50.000 manat müqabilində həmin Cavid adlı şəxsi BDU-nun hüquq fakültəsinə keçirə biləcəyini bildirdikdə Zeynəb ona inanmış və 2018-ci ilin fevral ayının ortalarında onunla Bakı şəhəri “İçəri şəhər” metrostansiyasının qarşısında görüşüb 20.000 manat pul verərək qalan 30.000 manat pulu da bir həftə ərazisində ona verəcəyini bildirmişdir. Bundan bir həftə sonra, yəni təxminən 2018-ci ilin fevral ayının sonlarında Zeynəb ona zəng vuraraq qalan pulun da hazır olduğunu bildirdikdə Sumqayıt şəhərinə gedərək Zeynəblə onun yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mənzilində görüşmüş və Zeynəb qalan 30.000 manatı da ona verdikdən sonra Cavidin məsələsinin nə vaxt həll olunacağını soruşduqda ona 1 ay ərzində Cavidin BDU-nun hüquq fakültəsinə keçiriləcəyini bildirmişdir. Zeynəbdən aldığı pulu özünün xeyli sayda borcları olması ilə əlaqədar həmin borclara paylamış, bir qədər vaxt keçdikdən sonra Zeynəb ondan işlərin nə yerdə olduğunu soruşanda ona hər şeyin qaydasında olduğunu, tezliklə məsələni həll edəcəyini bildirsə də vaxt keçdikcə Zeynəb ona qarşı daha aqressiv olaraq ona pulu vermiş Cavidin xalası oğlu Anarın onu sıxışdırdığını bildirib ya işi həll etməyi, ya da aldığı 50.000 manat pulu qaytarmağı tələb etmiş, onun isə Zeynəbə qaytarmalı pulu olmadığından müxtəlif' bəhanələr gətirərək vaxtı uzatmağa məcbur olmuşdur. Nəhayət Zeynəb ondan şikayət edəcəyini bildirəndə vaxt qazanmaq məqsədi ilə Zeynəbə pulu ona vermiş olan Anar adlı şəxslə özü görüşüb, onu işin gedişatı ilə tanış etməyi təklif etmiş, bundan sonra onunla pulu Zeynəbə vermiş olan Anar adlı şəxs əlaqə saxlamış və Anara Maştağa qəsəbəsində görüşməyi təklif etmişdir. Təxminən 2018-ci ilin sonlarında Anarla Maştağa qəsəbəsində görüşmüş, həmin görüş zamanı Anara xalası oğlunun hüquq fakültəsinə keçirilməsi ilə əlaqədar özünün məsuliyyət daşıdığını, Zeynəbin pulların hamısını ona verdiyini, özündən asılı olmayan səbəblər üzündən işin alınmadığını bildirib ona Maştağa qəsəbəsində yerləşən, ala-babadan ailəsinə qalmış, lakin halhazırda adına tam sənədləşdirilməmiş 3 hektar 80 sot torpaq sahəsini Anara göstərib həmin torpaq sahəsinin sənədlərini tezliklə düzəldəcəyini və qeyd olunan torpaq sahəsini satdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Anar ona inanmış və gözləməyə başlamış, lakin həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan, həmin təyinatlı torpağa görə isə pul çox verilmədiyindən uzun müddət torpağı sata və bununla da Anardan Zeynəb vasitəsi ilə aldığı 50.000 manat pulu qaytara bilməmişdir. Anar isə artıq bir neçə ildə onunla dəfələrlə əlaqə saxlamış, hətta bir dəfə Anarın anası da onunla Sumqayıt şəhərində görüşərək oğlunun pulunu qaytarmağı tələb etmiş, o isə hal-hazıra kimi maddi vəziyyəti çətin olduğundan və torpağı sənədləşdirərək mülkiyyətinə keçirə bilmədiyindən Zərərçəkmiş şəxs olan borcunu qaytara bilməmişdir. İndi etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə ol verməyəcəkdir. Dəymiş ziyanı tam olaraq ödəyə bilməmişdir, hal-hazırda torpaq sahəsini satıb behini almışdır, borcdan 6000 manat ödəmişdir, qalan borcu ödəyəcəyinə söz verir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xalası oğlu Cavid Səməndərli 2017-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə qəbul olunmuş, lakin Cavid həmin fakültədə oxumaq istəməmiş və hüquq fakültəsində təhsil almaq istəmişdir. Cavidin valideyinləri isə bunun əleyhinə olmuş, bu səbəbdən də Cavid ona və anası Dürrəyə müraciət edərək onun valideyinlərini razı salmaqlarını xahiş etmiş, Cavidin valideyinləri isə qətiyyən onun hüquq fakültəsinə qəbul olunmasını istəməmişdir. Təxminən 2018-ci ilin fevral ayının əvvəllərində Cavid ona müraciət edərək məktəbdə Zeynəb adlı müəlliməsinin olduğunu, həmin Zeynəbin isə Hökümə adlı rəfiqəsinin olduğunu və Zeynəbin deməsinə görə Hökümənin onu hüquq fakültəsinə 50.000 manat müqabilində keçirə biləcəyini bildirib valideyinlərinin bu məqsəd üçün ona pul vermədiklərini deyərək həmin 50.000 manat pulu onun əvəzinə Zeynəbə verməsini, işi alındıqdan sonra isə özünə məxsus “Mersedes” markalı avtomaşını satıb, ona olan borcunu verəcəyini bildirmişdir. Cavidin xətrini çox istədiyindən, həm də onun avtomaşınının həqiqətən də təxminən 60.000 manat dəyərində olduğundan razılaşaraq Cavidlə birlikdə gedib Zeynəblə onun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən mənzilində görüşmüşdür. Zeynəb rəfiqəsi Hökümə vasitəsi ilə 50.000 manat müqabilində Cavidin hüquq fakültəsinə keçiriləcəyini bildirəndə ona inanmış və Cavidin əvəzinə pulu ona özü verəcəyini bildirmişdir. Bundan sonra fevral ayının ortalarında evdən öz vəsaitindən 20.000 manat götürüb həmin Zeynəb adlı qadına onun evində verərək qalan 30.000 manat pulu bir neçə gün ərzində düzəldib ona verəcəyini bildirmiş, lakin verdiyi borcu vaxtında ala bilmədiyindən, Cavidə isə söz verdiyindən Quba rayonunda yaşayan qohumu Eldənizə müraciət edərək ondan 30.000 manat istəmişdir. Eldəniz Cavidlə əlaqədar söhbətləri bildiyindən ona Cavidin valideyinlərinin razılığı olmadan bu işi görməməyi məsləhət görmüş, özü isə bu işə inandığından israrla Eldənizdən həmin pulu istəyərək tezliklə ona həmin pulu özü qaytaracağını bildirmişdir. Bundan sonra Eldəniz Sumqayıt şəhərinə gələrək ona həmin pulu vermiş, o isə öz növbəsində fevral ayının sonlarında yenə Zeynəblə onun yaşadığı mənzildə görüşüb qalan 30.000 manatı da ona vermişdir. Zeynəbin deməsinə görə həmin Hökümə adlı qadın bir ay ərzində Cavidin hüquq fakültəsinə keçirilməsi məsələsini həll edəcəkdi. Lakin bundan sonra aylar keçməsinə baxmayaraq Cavidin məsələsi alınmadığından aldadıldığını başa düşüb Zeynəbə müraciət edərək pulu ona verdiyini bildirib 50.000 manatı ondan tələb etməyə başlamışdır. Zeynəb isə öz növbəsində Hökümə ilə əlaqə saxlamış və Hökümə ona müxətlif bəhanlər gətirmişdir. Nəhayət Zeynəb məsuliyyəti öz boynundan çəkərək rəfiqəsi Hökümənin onu da aldatdığını bildirib ona Hökümənin özü ilə görüşməyi məsləhət görmüş və o, Hökümə ilə görüşmək məqsədi ilə Bakı şəhəri Maştağa qəsəbəsinə getmişdir. Təxminən 2018-ci ilin sonlarında Hökümə ilə ilk dəfə Maştağa qəsəbəsində görüşmüş, həmin görüş zamanı Hökümə Cavidin hüquq fakültəsinə qəbul olunması ilə əlaqədar özünün məsuliyyət daşıdığını, Zeynəbin pulların hamısını ona verdiyini, özündən asılı olmayan səbəblər üzündən işin alınmadığını bildirib ona Maştağa qəsəbəsində yerləşən, guya ata-babadan ailəsinə qalmış, lakin hal-hazırda adına tam sənədləşdirilməmiş 3 hektar 80 sot torpaq sahəsini göstərib həmin torpaq sahəsinin sənədlərini tezliklə düzəldəcəyini və qeyd olunan torpaq sahəsini satdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. Höküməyə inanaraq onu gözləməyə başlamış, lakin Hökümənin deməsinə görə həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan, həmin təyinatlı torpağa görə isə pul çox verilmədiyindən torpağı sata və bununla da ondan Zeynəb vasitəsi ilə aldığı 50.000 manat pulu qaytara bilmədiyini bildirirdi. Həmin müddətdə o, artıq Cavidə görə Eldənizdən almış olduğu 30.000 manat pulu da qaytarmışdır. Hal-hazıra kimi də Hökümə adlı qadın ona Zeynəb vasitəsi ilə vermiş olduğu 50.000 manat pulu qaytarmır və Hökümənin onu aldadaraq pulunu ələ keçirməsi nəticəsində ona 50.000 manat məbləğində maddi ziyan dəymişdir. Bu günə qədər ziyan ödənilməmişdir, pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da analoji ifadələr verərək Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2002-ci ildən Sumqayıt şəhəri 15 saylı orta məktəbində müəllimə kimi çalışır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, belə ki, onunla təsadüfən toyda tanış olmuş və həmin vaxtdan sonra rəfiqə münasibətləri yaranmış və bir-birinin evinə gediş-gəlişləri olmuşdur. Höküməni sözü keçən iş adamı kimi tanımışdır, o, söhbətlər zamanı dəfələrlə əhatəsinin geniş olduğunu, vəzifədə işləyən tanışlarının olduğunu, istənilən şəxsi müxtəlif vəzifələrə düzəldə biləcəyini bildirmişdir. Cavid Səməndərlini hələ şagird vaxtından tanımış, Cavid ali məktəbə hazırlaşarkən iki il müddətində ona fərdi qaydada dərs demişdir. 2017-ci ildə Cavid BDU-nun beynəlxalq münasibətlər fakültəsinə qəbul olunmuş və onun bu cür yüksək nailiyyət göstərməsində onun da əməyi olmuş, təxminən 2018-ci ilin əvvəllərində Cavidlə təsadüfən küçədə rastlaşanda onunla söhbət edərkən təhsilinin necə getdiyini soruşanda Cavid təhsil aldığı fakültədən narazı olduğunu, BDU-nun hüquq fakültəsinə keçmək istədiyini bildirib bir müəllim kimi əgər əlaqəsi varsa ona köməklik etməsini xahiş etmişdir. Caviddən ayrıldıqdan sonra bu barədə Höküməyə danışdıqda o, BDU-da tanışlarının olduğunu, əvvəllər də bir neçə nəfər tələbənin hüquq fakültəsinə keçirilməsinə köməklik etdiyini, 50.000 manat müqabilində Cavidi hüquq fakültəsinə keçirə biləcəyini bildirdikdə ona inanmış və bu barədə Cavidə telefonla zəng vurub bildirmişdir. Təxminən 2018-ci ilin fevral ayının ortalarında Cavid onun yanına Anar adlı xalası oğlu ilə birlikdə gəlmiş və ona Cavidin əvəzinə pulu özünün verəcəyini bildirib bu məsələnin real olub-olmadığını soruşduqda Anara rəfiqəsinin əvvəllər də bu işlə məşğul olduğunu, bu səbəbdən də heç bir problem olmayacağını bildirmişdir. Bundan bir neçə gün sonra Anar Cavidlə birlikdə onun yaşadığı mənzilə gələrək ona 20.000 manat pul verib qalan pulu da bir neçə günə verəcəyini bildirmiş, həmin pulu Anardan götürüb 2018-ci ilin fevral ayının ortalarında Hökümə ilə Bakı şəhəri “İçəri şəhər” metrostansiyasının qarşısında görüşüb ona 20.000 manat pul verərək qalan 30.000 manat pulu da bir neçə gün ərzində ona verəcəyini bildirmişdir. Bundan bir həftə sonra yəni təxminən 2018-ci ilin fevral ayının sonlarında Anar bu dəfə təklikdə onunla görüşərək qalan 30.000 manatı da vermiş və o, bu barədə zəng vurub Höküməyə bildirdikdə Hökümə onun yaşadığı 9-cu mikrorayon ərazisində yerləşən mənzilində görüşmüş və Höküməyə qalan 30.000 manatı da verdikdən sonra Cavidin məsələsinin nə vaxt həll olunacağını soruşduqda Hökümə ona 1 ay ərzində Cavidin BDU-nun hüquq fakültəsinə keçiriləcəyini bildirmişdir. O isə öz növbəsində bu barədə Anar və Cavidə bildirmişdir. Hökümənin ona söz verdiyi vaxt keçdikdən sonra ona zəng vuraraq işlərin nə yerdə olduğunu soruşanda o, hər şeyin qaydasında olduğunu, tezliklə məsələni həll edəcəyini bildirsə də vaxt keçdikcə Cavidin xalası oğlu Anar artıq işin görülməsini, ya da verdiyi pulun qaytarılmasını tələb etmiş, Hökümə ilə əlaqə saxlayıb Anargilin artıq onu sıxışdırdıqlarını bildirdikdə Hökümə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Nəhayət Höküməyə ondan şikayət edəcəyini bildirəndə Hökümə pulu ona vermiş olan Anar adlı şəxslə özü görüşüb, onu işin gedişatı ilə tanış etməyi təklif etmiş, bundan sonra Hökümənin telefon nömrəsini Anara verib bu problem barədə Hökümənin özü ilə görüşüb əlaqə saxlamasını xahiş etdikdə Anar Hökümənin özü ilə görüşmüş və Hökümə ona da bəhanələr gətirərək tezliklə pulunu verəcəyini bildirsə də hal-hazıra kimi qaytarmamışdır. Anar isə həmin vaxtdan sonra pulu ona verdiyini bildirərək 50.000 manatı ondan tələb etmişdir. Anar Rəfyevdən götürdüyü 50.000 manatın hamısını Höküməyə vermiş və Hökümənin onları aldadıb pullarını ələ keçirmək niyyətində olmasından ümumiyyətlə xəbəri olmamışdır. İş materiallarında olan Sabunçu RİHB-nin Maştağa QİƏDN-nin 3807 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 50000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi faktında Şahid1 iştirakı sübuta yetmədiyindən onun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə ittiham elan olunması rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ittiham elan olunması rədd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və alınmış məlumatlardan görünr ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 5500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təyin olunmuş 5500 manat məbləğində cərimə cəzası çəkilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.2.1 və s. maddələri ilə məhkum olunmalarına dair məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs qəti olaraq 5500 manat cərimə cəzasının təyin edilməsinə dair hissədə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir. Cərimə cəzasının ödənilməsi barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-11567 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu 50000 manat ziyandan 6000 manat ödəniş etmişdir və zərərçəkmiş şəxs onunla razılaşaraq ona dəymiş ziyanın bir ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-63/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin xx.xx.2023-cü il tarixli, 58-1/2- 9762/23 saylı məktubundan və Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-4714/2023 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CMnin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi müəyyən olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxsnun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 5500 manat cərimə cəzası ilə toplanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxsnun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işi üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 5500 (beş min beş yüz) manat cərimə cəzası ilə tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə və 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar