Məhkəmə qərarları › İş №1(060)-63/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-63/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-63/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, orta təhsilli, çilingər işləyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qaynı Şahid2 "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinə çilingər vəzifəsinə işə düzəldilməsində köməklik edəcəyini vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Qərb Saray” restoranının qarşısında 1500 (min beş yüz) manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Onlar bir müddət qapı-pəncərə sexində bir yerdə işləmişlər. 2022-ci ilin təxminən noyabr ayında o, təsadüfən Elçinlə görüşmüş, Elçinlə söhbət edərkən Elçin ona qaynı Paşanın işsiz olduğunu və ona iş axtardığını bildirmişdir. O, Elçinə qaynını işlədiyi Su İdarəsində işə düzəldə biləcəyini demişdir. Elçin bu barədə maraqlananda o, Elçinə tanış adam vasitəsilə qaynının iş məsələsini həll edəcəyini demişdir. Söhbət əsnasında o, Elçinə bu iş üçün 2500 manat lazım olacağını demişdir. Elçin isə ona bu qədər pulu bir dəfəyə tapa bilməyəcəyini demişdir. O, Elçinə ilk olaraq 1500 manat verməyi, daha sonra qaynı işə düzələndə də əmək haqqıından 1000 manatı verməyi təklif etmişdir. O, Elçinlə razılaşmış, bir müddət keçdikdən sonra təxminən 2022-ci ilin dekabr ayının ortalarında o, Elçin və adının sonradan Paşa olduğunu bildiyi qaynı ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Qərb saray» restoranının qarşısında görüşmüş, restoranın qarşısında Elçin ona zərfin içərisində 1500 manat pul və Paşaya aid sənədlərin surətini vermişdir. O, Elçingilə həmin idarəyə işə qəbulun növbəti ilin yanvar ayının axırınadək keçiriləcəyini və o zaman düzəldə biləcəyini bildirmiş, Elçingil ona inanmışlar və onunla razılaşmışlar. Sonra o. Elçinə Paşanın sənədlərini Bakıya aparıb baş idarəyə vermək lazım olduğunu demiş, buna görə də onlar birlikdə Elçinin maşını ilə Bakı şəhərinə "xxxx"nun inzibati binası yerləşən yerə getmişlər. O və Paşa binaya yaxınlaşmışlar. O, Paşanın sənədlərini götürməsi üçün əvvəlcədən əmisi oğlu Novruzla danışmış, lakin Novruzun onun Elçindən pul aldığından xəbəri olmamış, o, Novruza Elçingilə yaxınlaşıb sənədləri götürməyi və sonra ona verməyi demiş, Novruz ondan nə üçün belə etdiyini soruşduqda indi sənədləri verməyə vaxtının olmadığını, sonra gəlib həmin sənədləri idarəyə verəcəyini və həmin şəxsin iş məsələsini həll edəcəyini demiş, buna görə Novruz onunla razılaşmış, Novruz onlara yaxınlaşıb biraz söhbət etmiş, lakin o, nədənsə sənədləri ona verməmişdir. Bundan sonra Novruz çıxıb getmiş, Novruz getdikdən sonra o, inandırıcı olsun deyə Azərsunun inzibati binasına daxil olub bir neçə dəqiqədən sonra çölə çıxmış, sənədləri və pulu lazımi adama verdiyini bildirmiş, sonra onlar Sumqayıt şəhərinə qayıtmışlar. Bir müddət keçdikdən sonra o, Paşaya zəng edib işinin yaxın müddət ərzində düzələcəyini bildirmiş, lakin o, bu istiqamətdə heç bir iş görməmişdir. Elçin ondan pulunu tələb etdikdə isə onun pulunu qaytara bilməmişdir. Sonradan ona Elçin ondan şikayət etdiyi məlum olmuşdur. Bu müddət ərzində o, Zərərçəkmiş şəxs aldığı puldan heç bir məbləğdə pul qaytarmamış, əmisi oğlu Şahid1 bu işdə hansısa marağının olub-olmaması ilə bağlı sala cavab verərkən Novruzun onun Elçindən Paşanı işə düzəltmək üçün pul aldığını bilmədiyini, bu işdə onun heç bir marağının olmadığını bildirmişdir. Sadəcə inandırıcı olsun deyə o. Novruzdan oraya gəlməyi və sənədləri idarənin işçisi kimi qəbul etməyi xahiş etmişdir və ona həmin şəxsin işə qəbul məsələsini həqiqətən də həll edəcəyini sadəcə indi sənədləri verməyə vaxtının olmadığını demişdir. O, Novruzu da inandırdığı üçün Novruz onun dediklərini etmişdir. Onlar bu barədə əvvəlcədən razılaşmamışlar. O, aldığı puldan Şahid1 pul verməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidləri ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Onların münasibətləri həmişə yaxşı olmuş, onlar bir ilə yaxın müddət ərzində bir yerdə işləmişlər. Onun son vaxtlar "xxxx" ASC-nin nun qəza xidmətində işlədiyini bilmişdir. 2022-ci ilin təxminən noyabr ayında o, təsadüfən Sahillə görüşmüş, onun "xxxx" ASC-də işlədiyini bildiyi üçün ondan işlədiyi yerdə vakant iş yeri olub-olmadığını soruşmuş, Sahil ona normal və etibarlı adam olsa orada işə düzələcəyini demişdir. O, Sahilə qaynı Paşanı işə düzəltmək istədiyini demişdir. Sahil idarənin mühasibatlıq şöbəsində qohumu işləyir və onun köməkliyi ilə qaynını işə düzəltmək olacağını ona demişdir. Əlavə olaraq Sahil ona bunun üçün 2500 manat pul lazım olduğunu demişdir. O, isə onu yoxlamaq üçün qaynının bir dəfəyə bu qədər pulu verməyə imkan olmayacağını demişdir. Sahil ona ilkin olaraq 1500 manat verməyi, daha sonra 1000 manatı da işə düzəldikdən sonra üç ay ərzində əmək haqqından verməyi bildirmişdir. O, Sahillə razılaşmışdır. 2022-ci ilin dekabr ayının ortalarında o, Sahillə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Qərb saray» restoranının qarşısında görüşmüş, orada zərfin içərisində 1500 manat pulu və zəruri sənədlərin surətini Sahilə vermişdir. Həmin vaxt qaynı Paşa da onun yanında olmuşdur. Sahil onlara işə qəbulun yanvar ayından başlayacağını və işin həll olması təxminən yanvar ayının axırlarına qədər çəkəcəyini bildirmişdir. Onlar onunla razılaşmışlar. Bu müddət ərzində onlar tez-tez əlaqə saxlamışlar. O, hər dəfə işin alınacağından narahat olmamağı demiş, lakin yanvar ayının axırlarında işlə bağlı bir xəbər olmadığı üçün o, tez-tez Sahilə zəng etməyə başlamışdır. Həmin ərəfədə bir nəfər şəxs qaynı Paşaya zəng edərək "xxxx" ASCdə kadrlar şöbəsinin işçisi olduğunu demiş və bir-iki günə onu çağıracaqlarını bildirmişdir. O, gəlib həmin nömrəni maraqlanıb və həmin nömrəyə zəng etmiş, həmin şəxsin kadrlar şöbəsində işləmədiyi məlum olmuşdur. O, şikayət edəcəyini bildirdikdən sonra Sahil ona zəng edərək həmin şəxsin onun əmisi oğlu olduğunu, pulu gətirib qaytaracağını bildirmiş, lakin Sahil onun tez-tez zəng etdiyini görüb zənglərinə cavab verməməyə başlamışdır. Bundan sonra onunla görüşə bilməmiş, sonradan o, qaynının sənədlərini "xxxx" ASC-yə verilmədiyini maraqlanmışdır. Buna görə də o, Sahil tərəfindən aldadıldığını bilib ondan şikayət etmişdir. Əlavə olaraq o, Sahilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Qərb saray» restoranının qarşısında 1500 manat pulu verdikdən sonra onlar birlikdə sənədləri və pulu idarəyə vermək üçün Bakı şəhərinə getmişlər. Onlar oraya çatanda Sahil ona gözləməyi Paşa ilə birlikdə sənədləri və pulu kadrlar şöbəsinə verib gələcəyini demişdir. O, onları yaxınlıqdakı çayxanada gözləmişdir. Onlar birlikdə gedib gəlmişlər. Sonra qaynı ona onların idarəyə girmədiklərini, çöldə bir nəfər gəlib onlarla görüşdüyünü, Sahil pulu və sənədləri ona verdiyini demişdir Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun sonuncuya qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq Zərərçəkmiş şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, Elçin onun yeznəsidir. O, Təqsirləndirilən şəxs isə Elçinin vasitəsi ilə tanımışdır. Elçin onun heç bir yerdə işləmədiyini bilmişdir. Bir dəfə Elçin ona Sahil adlı tanışı olduğunu, onun işə düzəlmə məsələsini həll edə biləcəyini demişdir. O, Elçinlə razılaşmış və Elçin Sahillə onun işə düzəlməsi barədə söhbət etmişdir. Söhbət əsnasında Sahil Elçinə onun işə düzəlmə məsələsini həll etmək üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. Elçin isə ona ilkin olaraq 1500 manat pul veriləcəyini, o, işə düzəldikdən sonra isə qalan pulun onun üç aylıq maaşından tutulacağını bildirmişdir. Sahil bu təkliflə razılaşmış, o, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətini çıxardıb hazır saxlamışdır. 2022-ci ilin dekabr ayının ortalarında o, Elçinlə birlikdə Sumqayıt şəhəri, 18-ci mkrorayon ərazisində yerləşən «Qərb saray» restoranının qarşısında Sahillə görüşmüş, o, ilk dəfə Sahili orada görmüş, o, sənədlərin surətini Sahilə vermiş, Elçin isə zərfdə olan 1500 manat pulu Sahilə vermişdir. Sahil onlara işə qəbulun yanvar ayından başlayacağını və işin həll olmasının təxminən yanvar ayının axırlarına qədər çəkəcəyini bildirmişdir. Onlar Sahillə razılaşmışlar. Bu müddət ərzində o, bir neçə dəfə özü Sahillə telefon əlaqəsi saxlamış və rayondan gəlib onunla görüşmüşdür. O, hər dəfə iş alınacağını və narahat olmamağı demişdir. Lakin bu müddət ərzində Sahil onun işə düzəlmə məsələni həll etməmiş və onları aldatmışdır. Buna görə də Elçin ondan 1-ci PB-nə şikayət etmişdir. Elçin ona Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Qərb saray» restoranının qarşısında 1500 manat pulu verdikdən sonra onlar birlikdə sənədləri və pulu idarəyə vermək üçün Bakıya getmişlər. Onlar oraya çatanda Sahil Elçinin çöldə gözləməyini bildirmişdir. Elçin onları yaxınlıqdakı çayxanada gözləmiş, onlar birlikdə "xxxx" nun inzibati binasının qarşısına getmişlər. Orada biraz gözlədikdən sonra tanımadığı bir nəfər şəxs idarədən çıxaraq onlara yaxınlaşmışdır. O, onlarla görüşüb nə iş bacardığını soruşmuş, daha sonra həmin şəxs ona bir neçə sual verdikdən sonra yenidən binaya daxil olmuşdur. Bir neçə dəqiqədən sonra isə Sahil ona çöldə gözləməyini bildirmişdir. Özü isə pulu və sənədləri vermək üçün binaya daxil olmuşdur. Sahil bir neçə dəqiqədən sonra qayıdıb sənədlərini və pulu lazımi yerə verdiyini bildirmişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. Təxminən bir ay keçdikdən sonra 099 ***-**-** mobil nömrəsindən ona zəng gəlmiş, zəng edən şəxs özünü kadrlar şöbəsinin işçisi kimi təqdim etmiş və adının Bayram olduğunu bildirmişdir. Zəng edən şəxs ona sənədlərin qəbul olunduğunu, onunla bir həftədən sonra yenidən əlaqə saxlayacağını bildirmişdir. Bir həftədən sonra o, həmin nömrəyə zəng etdikdə həmin nömrəyə zəng çatmamışdır. O, bir daha Sahil adlı şəxsin onu və Elçini aldatdığını bilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Sahil onun doğma əmisi oğludur. O, X2 tanımır. 2022-ci ilin təxminən dekabr ayında Sahil ona zəng edib harada olduğunu soruşmuş, o, Sahilə Bakı şəhərində olduğunu demişdir. Sahil ona 20 yanvar metrosunun yaxınlığında "xxxx" nun inzibati binasının qarşısına gəlib onun yanında olan şəxsdən sənədləri götürmək lazım olduğunu demişdir. Sahil özünün də oraya gəldiyini ona demişdir. O, Sahildən bu barədə ətraflı soruşub nə məsələ olduğunu öyrənmək istəmişdir. Sahil ona bir nəfəri işə düzəltmək üçün oraya gətirdiyini, sadəcə hal-hazırda binaya girə bilmədiyini demişdir. O, həmin şəxsdən sənədləri götürüb sonra Sumqayıt şəhərində ona söyləmişdir. O, Sahildən niyə sənədləri özünün aparıb idarəyə vermədiyini soruşmuş, Sahil ona indi vaxtının olmadığını, sonra özünün həmin şəxsin sənədlərini aparıb kadrlar şöbəsinə verib işini həll edəcəyini və bu işdə heç bir problem olmadığını demişdir ki, O, Sahilin sözünə inanıb Azərsunun inzibati binasının qarşısına gəlmiş, Sahil oraya gəldikdən sonra o, onlara yaxınlaşıb onlarla salamlaşmış, daha sonra Sahilin yanındakı şəxslə və Sahillə biraz söhbət etmiş, lakin Sahil ona sənəd verməmişdir. O, onlarla sağollaşıb getmişdir. Sonra baş verənlərdən onun xəbəri olmamışdır. Onun Sahilin həmin şəxsdən 1500 manat pul aldığından xəbərsız olmuşdur. Eyni zamanda Sahil ona bu işlə bağlı heç bir pul verməmişdir.Əlavə olaarq o, 099 ***-**-** nömrəli mobil nömrəni istifadə etmək üçün Sahilə vermiş, o, həmin şəxslə telefon əlaqəsi saxlamamışdır. Onun Sahilin həmin şəxsi aldadacağından xəbəri olmamışdır və onlar bu barədə əvvəlcədən razılaşmamışlar. Sahil ona zəng edib çağırarkən də həmin şəxsi aldatdığını ona bildirməmiş, ancaq Zərərçəkmiş şəxs Sahildən şikayət etdikdən sonra ona Sahilin həmin şəxsi aldadıb işə düzəltmək adı ilə pulunu aldığı məlum olmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesqab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi üçün onun barəsində seçilmiş həbs qətimkan ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 23 saata görə 171 (yüz yetmiş bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar