Məhkəmə qərarları › İş №1(060)-630/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-630/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-630/2025 07.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il Ermənistan SSR-də anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd kağız bükümdə, kustar üsulla hazırlanmış 0,342 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 20 iyun 2025-ci il tarixdə, saat 18:52-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən, əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 18 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə, 10 nömrəli orta məktəbin yaxınlığında olarkən polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşmış, özlərini təqdim edib ona nədə şübhəli olduğunu bildirmişlər. Ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla dövriyəsi qadağan edilmiş hər-hansı bir əşya və ya predmet vardırsa, təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin bükümün elektron tərəzi vasitəsilə çəkisi ölçdükdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Yoxlama davam etdirilsə də üzərindən digər hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan sonra digər sənədləşmə işlərinin aparılması üçün onu 3-cü PB-nə aparmışlar. PB-də xidməti otaqlardan birində təhqiqatçı özünü təqdim etmiş, ona hüquq və vəzifələri barədə bildirişi təqdim etmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan psixotrop maddə metamfetaminə bənzər kütlə bükümünü təqdim etmələrini təklif etmiş, əməliyat müvəkkili onun üzərindən aşkar olunaraq qablaşdırılmış bükümü təqdim etmişdir. Qeyd edir ki, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üzərində saxlamışdır. Qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir təzyiqə və ya işgəncəyə məruz qalmamışdır. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, sonra əməliyyat qrupu təşkil olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə, 10 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılmış, ona nədə şübhəli olduğu izah edilmişdir. Daha sonra Natiqə üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya, predmet vardırsa, təqdim etməsi təklif edilmiş, o da şalvarının cibindən 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Aşkar olunmuş büküm açılmış, içərisində metamfetaminə bənzə kütlə olduğu müəyyən edilmiş, sonra həmin büküm elektron tərəzidə çəkisi ölçülmüşdür. Saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə 3-cü PB-nə getməli olduğunu bildirib, həmin bölməyə getmişlər. Bölmədə xidməti otaqların birində təhqiqatçı şübhəli şəxsə hüquq və vəzifələri barədə yazılı bildirişi, eləcə də ona vəkil təqdim etmişdir. Təhqiqatçı ona nədə şübhəli olduğunu, o cümlədən üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, öncə üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Daha sonra üzəri imzalanmış və möhürlənmiş zərf əməliyyatçı tərəfindən təhqiqatçıya təqdim edilmişdir. Həmin zərfin içərisindəki 01 (ədəd) büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş, çəkisi müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümü ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırmışdır. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirsə də, onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında 3-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməkə tədqiq edilmiş, sonuncunun Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 iyun 2025-ci il tarixdə (saat 13:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 20 iyun 2025-ci il tarixli protokola və protokola əlavə edilmiş əməliyyat-axtarış tədbirinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə 18:52-ci dəqiqədə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 nömrəli orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, o, üzərinə yoxlama aparıldıqdan sonra əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd kağız kəsiyinə bükülmüş vəziyyətdə 0,342 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri ərazisində tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində saxladığını, kiməsə psixotrop maddə və ya narkotik vasitə vermədiyini bildirmişdir. (i.v 9-10); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 20 iyun 2025-ci il tarixdə, saat 18:52 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22); Təqsirləndirilən şəxs 22 iyun 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.54-55); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 22 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 62-64); Təqsirləndirilən şəxs 22 iyun 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 65-66); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 iyun 2025-ci il tarixli protokolundan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, 20 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə 3-cü PB-də xidməti otaqların birində təhqiqatçı, polis baş leytenantı Orxan Rzayev tərəfindən sonuncuya dövlət hesabına hüquqlarını müdafiə edən 1 saylı Vəkil bürosunun vəkili Ələsgər Məmmədov və 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, üzərindən başqa bir şey aşkar olunmadığı, bundan sonra Vəliyevin saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş, içərisində metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu, Vəliyevin aşkar olunmuş 01 bükümdə metamfetamin olduğunu təsdiq etdiyi müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq tətbiq olunmadığını bildirmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün zərfə yerləşdirilərək möhürlənib imzalanmışdır (i.v 31-32). AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/533 nömrəli, 21 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” sözlər və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. ( i.v.38-41); AR Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 02 iyul 2025-ci il tarixli, 3901 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v. 93-94); “Maddi sübut kimi tanıma haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,342 qram (qalıq 0,292 qram) psixotrop maddə metamfetamin və şəxsi axtarış və 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v.90); Məhkəmə istintaqı zamanı tədqiq edilən 02 ədəd DVD disklərə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. (i.v. 86-87); AR DİN BƏSİİ-dən alınmış 19 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 07 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərinə qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmş qalan 01 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış. məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/533 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3901 saylı rəyi, şahid ifadələri iş üzrə əhəmiyyət kəsb etdiklərindən sübut kimi qiymətləndirilmiş, götürülmüş ilkin çəkisi 0,342 qram olan, tədqiqatdan sonra qalıq xalis çəkisi 0,292 qram çəkidə psixotrop maddə metamfetamin və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v.100-106). Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahılarının” İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən az ağır cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi üçün bir neçə dəfə məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə “F19x2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin vəsait CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,292 qram psixotrop maddə metamfetamin məhv edilməli, “əməliyyataxtarış tədbirinin keçirilməsinə, sübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” videogörüntüləri əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 11 (on bir) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Qoşqar Məcidova 121 (bir yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdən 22 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 07 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə “F19x2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,292 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” videogörüntüləri əks etdirən 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar