Məhkəmə qərarları › İş №1(060)-631/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-631/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-631/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, işləməyən, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqla daşımış, o, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. X9 əməkdaşları tərəfindən 14 may 2025-ci il tarixdə saat 15:40-15:55 müddətində Sumqayıt şəhərində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt dəmiryol stansiyasının ərazisində yaxalanıb üstünün yoxlanması zamanı əlində daşıdığı bir ədəd sellofan bağlamada təmiz çəkisi 396 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işə düzəlmək üçün Ağcəbədi rayonundan Sumqayıt şəhərinə gəlmişdir. O, may ayında iş axtarmaq üçün St.Sumqayıt ərazisində olarkən zibil qutularının yanında sellofan torba tapmış və yaxınlaşıb sellofan torbanın içərisinə baxarkən orada yapışqanlı lentlə sarınmış bağlama olduğunu görmüşdür. O, həmin bağlamanın yanından bir qədər açmış və içərisində marixuana olduğunu görmüşdür. Daha sonra həmin sellofanı götürmüş və polisə təhvil vermək üçün özü ilə aparmışdır. Bundan sonra st.Sumqayıt ərazisində polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar. O, tutulmazdan əvvəl bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Saxlanılarkən və polis bölməsində ona qarşı heç bir təsir və təzyiq edilməmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları ilə birlikdə bölməyə getmiş, orada müdafiəçi ilə təmin edilmiş, üzərində aşkar olunan yapışqan lentlə sarınmış içərisində marixuana olan bağlama təhqiqatçıya təqdim edilmişdir. Saxlanılarkən və şöbədə olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq və ya təsir edilməmişdir. O, əmisi və əmisi oğlunun şəhid olduğunu, məhkəmə iclaslarından yayınmadığını, atasının xəstəliyi ilə bağlı məhkəməyə gələ bilmədiyini söyləmiş və məhkəmədən qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin CAQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Daxil olmuş məlumat əsasında o, XPB-nin PPXMnın polis nəfəri polis serjantı Şahid2 və XPŞ-nin PPXM-nın polis nəfəri polis serjantı Yusubov Əli Bakıxan oğlu 14 may 2025-ci il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs Baş Sumqayıt dəmir yol stansiyasının ərazisində yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması barədə Baş Sumqayıt st. XPB-yə məlumat daxil olduğunu bildirərək üzərində narkotik vasitələrin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanın içində olan sellofan bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisində 01 ədəd göy ağ rəngdə sellofan bağlama var idi. Sellofan bağlama üst hissədən kəsici alətlə kəsilmiş içərisində yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş sellofan torbanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və onu saxlanıldıqdan bir az əvvəl Baş Sumqayıt dəmir yol stansiyasının ərazisində dəmir yolu relslərinin kənarından tapdığını, şəxsi istifadəsi üçün apararaq gizlətmək istədiyini bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərindən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə marixuanaya bənzər bitki tərkibli kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 475,11 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuanaya bənzər bitki tərkibli kütlə qablaşdırılmış və möhürlənərək götürülmüş, həmin qablaşmanın üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Xaçmaz st. XPŞ-nə gətirilmiş növbətçi hissəyə təhvil verilmişdir. Sonra Xaçmaz st. XPŞ-də təhqiqatçı tərəfindən onlarında iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bağlamanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bir daha həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu və onu saxlanıldıqdan bir az əvvəl Baş Sumqayıt dəmir yol stansiyasının ərazisində dəmir yolu relslərinin kənarından yerdən tapdığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən təkrar qablaşdırılmış möhürlənmiş maddi sübut kimi götürülmüşdür. Bundan sonra onun təqdim etdiyi bir ədəd videodiskə təhqiqatçı tərəfindən baxış keçirilmiş və video çəkilişin fasiləsiz olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş XPB-nin PPXM-nın polis nəfəri polis serjantı Şahid2 və məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş XPŞ-nin PPXM-nın polis nəfəri polis serjantı Yusubov Əli Bakıxan oğlu analoji ifadə verərək Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin CAQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1 göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin DYNPİ-nin Xaçmaz st. Xətt polis şöbəsinin İstintaq və təhqiqat qrupu baş təhqiqatçı polis mayoru X4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin CAQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1, XPB-nin PPXM-nın polis nəfəri polis serjantı Şahid2 və XPŞ-nin PPXM-nın polis nəfəri polis serjantı Yusubov Əli Bakıxan oğlu tərəfindən St. Sumqayıt ərazisində saxlanıldıqdan sonra Xaçmaz st. XPŞ-nə gətirilmiş, şöbədə ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 01 ədəd zərf təhqiqata təqdim edilmiş, həmin zərfin Təqsirləndirilən şəxs götürüldüyünü və içərisində olan sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olmasını bildirmişdir. Daha sonra həmin zərfin içərisində olan sellofan bağlama tərəfindən kəsilmiş, içərisinə baxılmış və içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olması aşkar edilmişdir. Bundan sonra əməliyyat tədbiri zamanı qeydə alınmış çəkilişə baxış keçirilmişdir. Xaçmaz st. XPŞ-də video çəkiliş yalnız əməliyyat-axtarış tədbiri zamanı aparılır, şöbədə olarkən həmin çəkilişə baxış keçirilir, şöbədə çəkiliş aparılmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokola və tədbir zamanı qeydə alınmış video çəkilişə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması barədə daxil olmuş məlumatla əlaqədar Baş Sumqayıt dəmir yol stansiyası ərazisində xx.xx.2025-ci il tarixdə saat 15:40da saxlanılmış və üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs əynində qara rəngli şalvar, açıq qəhvəyi rəngli ağ zolaqlı uzunqol köynək və qara rəngli ayaqqabı olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması barədə Baş Sumqayıt st. XPB-nə məlumat daxil olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı təqdim edərək içində sellofan bağlamada narkotik vasitə olduğunu, onu tapdığını, içərisində narkotik vasitə “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torbanın içərisinə baxıldıqda içərisində 01 ədəd sellofan bağlama olduğunu aşkar etmiş və həmin bağlamanın üst hissədən kəsici alətlə kəsildikdə içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş sellofan torbanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və onu saxlanıldıqdan bir qədər əvvəl Baş Sumqayıt dəmir yol stansiyasının ərazisindən dəmir yolu relslərinin kənarından tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli siqaret qutusu və sol yan cibindən isə bir ədəd plastik bank kartı aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan bağlamadakı narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisi 475,11 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlama zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Həmin qablaşmaların üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. (i.v.12-13). “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 14 may 2025-ci il tarixdə Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt XPBnin CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 01 ədəd zərfdə təhqiqata təqdim edilmiş, həmin zərfin Təqsirləndirilən şəxs götürüldüyünü və içərisində olan sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olmasını bildirmişdir. Təqdim edilmiş 01 ədəd zərfin içərisində göy ağ rənglərdə sellofan bağlama möhürlənmiş və zərfin üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər bitki kütləsi, 1. Təqsirləndirilən şəxs, 2. Şahid1, 3. Şahid2, 4. Şahid3 sözləri, soyadları yazılaraq imza edilmişdir. Zərfin içərisində olan sellofan bağlama qayçı ilə üst hissədən kəsilmiş, içərisinə baxılmış və içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olması aşkar edilmişdir. Bağlama elektron tərəzi ilə çəkilmiş çəkisinin 475,31 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirdimiş ki, təqdim olunan 01 ədəd qablaşmada olan sellafon bağlama ona məxsusdur, onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana kütləsidir və bir qədər əvvəl Baş Sumqayıt dəmir yolu stansiyasından dəmir yolu relslərinin yanından yerdən tapmış və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqdim olunan 01 ədəd zərfdəki sellafon bağlamada olan narkotik vasitə qurudlmuş marixuanaya bənzər bitki kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü təkrarən möhürlənib götürülmüşdür. Bundan sonra əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi bir ədəd dvd diskə tərəfindən iştirakçılarla birlikdə baxış keçirilmiş və əməliyyat tədbirlərinin, şübhəli şəxsin üstünün yoxlanması prosesi fasiləsiz olaraq videoçəkiliş aparmaqla qeydə alınması müəyyən edilmişdir. (i.v.16-17) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:45-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 15 may 2025-ci il tarixli, 20/323 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri” yazılar və imzalar olan kağız paketdəki, 01 ədəd üzəri yapışqan lentlə sarılmış polietilen torbada təmiz çəkisi 396 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 396 qram; nümunə götürüldü 0,2 qram; 395,8 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir.(i.v.41-42) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 10:25-də ittiham ona elan edilmişdir. (i.v. 47-48) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.56-58) Tutmadan azad etmə və təqsirləndirilən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Xaçmaz XPŞ MSY-dən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 13:10-da təqsirləndirilən şəxsə təqdim edilmişdir. (i.v. 59-60) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 396 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 395,8 qram qurudulmuş marixuana məsul saxlanış üçün Xaçmaz XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.63) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur.(i.v.76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X1 barədə xx.xx.2025-ci il tarixli, 3306 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 92-93) Ağcabədi rayonu, Hindarx qəsəbə inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs azərbaycanlıdır, subaydır. Hazırda Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatdadır. Yaşadığı müddətdə özünün və ailə üzvlərinin davranışı, qonşularla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs özü və ailə üzvlərinin həyat tərzi yaxşı olmuş, psixi pozuntu, intihar və buna cəhd, əsəbilik halları, narkotik və psixotrop maddələrə və radikal dini təriqətlərə meyilliliyi olmamışdır. Təqsirləndirilən şəxs özü və ailə üzvləri Hindarx qəsəbəsində yaxşı xarakterizə olunur, onun özü və valideynləri, ailə üzvləri barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır.(i.v.98) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, üzərindən aşkar olunmuş qurudulmuş marixuananın təmiz çəkisi ekspert rəyinə əsasən 396 qram qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq, tədqiqatdan sonra qalıq qalmış 395,8 qram qurudulmuş marixuananın təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Xaçmaz st. XPŞ-nin məsul saxlanışına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmış, iş üzrə ekspert rəyləri, şəxsi axtarış protokolları, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və digər istintaq hərəkəti protokolları sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.99-106) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-xx/xx/26187/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq həmin tarixdə də saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri öz etirafedici ifadəsi və şahidlərin ifadələri, üzərinin yoxlanması və əşyaya baxış protokolları ilə, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlərlə tam sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməklə özünü təqsirli bilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı, yəni əməlini səmimi etiraf etməklə özünü təqsirli bilməsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, narkotik vasitənin növünü və miqdarını, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3306 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3306 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 395,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 395,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar