Məhkəmə qərarları › İş №1(060)-632/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-632/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-632/2023 21.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanda yaşamış, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 2023-cü ilin mart ayının əvvəllərində Sumqayıt şəhərində tanış olduğu Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 41-də yerləşən 31 saylı mənzili Paşa Holdinqdə olan tanışlarının vasitəsilə "Paşa Bank"a girov qoyub ipoteka yolu ilə 40.000 manat kreditə pul götürməyə köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 09 mart 2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 41-də yerləşən 31 saylı mənzildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 2000 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin mart ayının əvvəllində yaşadığı məhəllədə yerləşən çayxanada olan zaman təsadüfən tanış olmuş, həmin vaxtı söhbət zamanı Rahim hazırda yaşadığı 3 otaqlı ata evini satıb pulu qardaşı ilə aralarında bölmək və qalan pula özünə ayrı ev almaq istədiyini demiş, o da söhbət əsnasında Rahimə satmaq istədiyi mənzili banka girov qoyub ipoteka ilə kredit götürə biləcəyini, əvvəllər işlədiyi Paşa Holdinqdə olan tanışlarının vasitəsilə Paşa Bankdan ona mənzilini girov qoymaqla ipoteka ilə 40.000 manat kredit götürməkdə köməklik edə biləcəyini və bunun müqabilində xərci çıxacağını demişdir. Rahim onun təklifinə inanaraq ailə üzvləri ilə məsləhətləşib ona deyəcəyini bildirmiş və mobil nömrələrini bir-birinə verərək ayrılmışlar. Təxminən 2-3 gündən sonra Rahim ona zəng edərək ailə üzvləri ilə məsləhətləşdiyini demiş və ipoteka ilə kredit götürməyinin xərci barədə soruşanda o, Rahimə 2000 manat xərci olduğunu demiş, Rahim onunla razılaşıb nə qədər vaxtı olduğunu soruşmuş, o, Rahimə 1 həftəyə pulu düzəltməsini istəmiş, Rahim pulu hazırlayıb ona xəbər edəcəyini bildirmiş, o, Rahimə sənədləşmə işləri aparmaq üçün mənzilin və mənzildə qeydiyyatda olan şəxslərin sənədlərinin surətlərini verməyi, həmçinin ipotekaya pul götürmək üçün ailə üzvlərindən dövlət işində işləyən şəxsin adına sənədləşmə aparılacağını demiş, Rahim arvadı Sevincin dövlət işində işlədiyini və ipotekanın Sevincin adına olmasını istəmişdir. Bir neçə gündən sonra xx.xx.2023-cü il tarixdə axşam saatlarında Rahim ona zəng edərək evinə dəvət etmiş, həmin saat 22 radələrində o, Rahimin yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayonda olan evinə getmişdir. Rahimin evində sonradan adlarını bildiyi anası Göyçək, qardaşı Şahin və Rahimin arvadı Sevinc olmuşdur. Evdə söhbət zamanı Rahimə və ailə üzvlərinə mənzili banka girov qoyub ipoteka ilə kredit götürə biləcəyini, Paşa Holdinqdə olan tanışlarının vasitəsilə Paşa Bankdan mənzili girov qoymaqla ipoteka ilə 40.000 manat kredit götürməkdə köməklik edə biləcəyini söyləmiş, evdə olan zaman Rahim anasına pulu və evin sənədlərini gətirməsini bildirdikdə, Rahimin anası mənzilin sənədlərin surətlərini və 2000 manat pulu gətirib ona vermişdir. O, onlara narahat olmamalarını, növbəti həftənin 1-ci günü onlara xəbər edəcəyini və bankın işçiləri gəlib mənzilə baxıb qiymətləndirəcəklərini deyərək çıxıb getmişdir. Həmin vaxtı maddi ehtiyacı olduğundan Rahimdən aldığı 2000 manat pulu öz ehtiyaclarına xərcləmiş, düşünmüşdür ki, pulu olanda Rahimə hissə-hissə qaytarar və Rahim üçün evini girov qoyub ipoteka ilə kredit götürməklə bağlı heç bir iş görməmişdir. Bir neçə gündən sonra Rahim onunla əlaqə saxlayanda həmin gün iclas olduğunu və bankın işçiləri ertəsi gün gələcəklərini demişdir. Bir müddətdən sonra Rahim ona zəng edərək vəd verdiyi işin nə yerdə olduğunu soruşurmuş, o, Rahimə bəhanələr gətirərək xəbər edəcəyini demişdir. Sonra Rahim ona zəng edərək 2000 manat pulu geri qaytarmağını istəmiş, lakin onun pulu olmadığı üçün məcbur olub Rahimə hər dəfə müxtəlif bəhanələr gətirib pulun qaytarılması üçün qohum və dostlarına müraciət etmiş, lakin pul tapa bilməmişdir. Bir müddətdən sonra 2023-cü ilin mart ayının sonlarında özünə iş tapmaq üçün Xaçmaz rayonunda olan zaman anası Xuraman ona zəng edərək onlara Rahimin anası Göyçəklə gəldiyini, ona verdikləri 2000 manat pulu və mənzilin sənədlərini qaytarmağını tələb etdiklərini demiş, həmin vaxtı o, Göyçəklə danışaraq yalandan Kürdəmir rayonunda olduğunu və onlardan aldığı 2000 manat pulu 7 gün ərzində qaytaracağını bildirmiş, həmçinin anasına evdə saxladığı Rahimin yaşadığı mənzilə aid sənədləri onlara qaytarmasını demişdir. Sonra anası onunla danışıb nə baş verdiyini soruşanda anasına narahat olmamağı və özü bu işi qaydasına qoyacağını demişdir. Bir neçə gündən sonra həbs olunmuş və sonradan ona məlum olmuşdur ki, Rahim və ailə üzvləri onun barədə polisə şikayət etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində təyin edilmiş cəzanın nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 19-da ailəsi və anası Göyçəklə birlikdə yaşayır. Kiçik qardaşı Şahin ailəsi ilə birlikdə bir neçə ildir ki, ayrı ünvanda kirayədə yaşayır. Bir müddət əvvəl aralarında olan ailədaxili razılığa əsasən 3 otaqlı ata evini sataraq evin pulunu yarı bölüb Şahinə və özünə ayrıca ev almaq niyyətində olmuşdur. Buna görə də həmin mənzili 83.000 manata satışa qoymuşdur. 2023-cü ilin mart ayınının əvvəlində yaşadığı məhəllədə yerləşən çayxanada olan zaman təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı Eminə hazırda yaşadığı 3 otaqlı evini satıb pulu qardaşı ilə aralarında bölmək və qalan pula qardaşı özünə ayrı ev almaq istədiyini demiş, Emin də söhbət əsnasında satmaq istədiyi mənzili banka girov qoyub ipoteka ilə kredit götürə biləcəyini, əvvəllər işlədiyi Paşa Holdinqdə olan tanışlarının vasitəsilə Paşa Bankdan ona mənzilini girov qoymaqla ipoteka ilə 40.000 manat kredit götürməkdə köməklik edə biləcəyini və bunun müqabilində xərci çıxacağını demişdir. O, Eminin təklifinə inanaraq ailə üzvləri ilə məsləhətləşib deyəcəyini bildirmiş və mobil nömrələrini bir-birinə verərək ayrılmışlar. Bu barədə ailə üzvlərinə, anasına və qardaşı Şahinə də dedikdə onlar bu təklifə razı olmuşlar. Təxminən 2-3 gündən sonra Eminə zəng edərək ailə üzvlərinin razı olduğunu və bu işin xərci barədə soruşanda Emin ona 2000 manat olduğunu demiş, o, Eminlə razılaşıb nə qədər vaxtı olduğunu soruşmuş, Emin ona 1 həftəyə pulu düzəltməyini bildirmiş, o, pulu hazırlayıb xəbər edəcəyini demiş, Emin ona sənədləşmə işləri aparmaq üçün mənzilin və mənzildə qeydiyyatda olan şəxslərin sənədlərinin surətlərini verməyini, həmçinin ipotekaya pul götürmək üçün ailə üzvlərindən dövlət işində işləyən şəxsin adına sənədləşmə aparılacağını demiş, o, arvadı Sevincin dövlət işində işlədiyini və ipotekanın Sevincin adına olmasını istəmişdir. Ona görə də qərara gəlmişlər ki, Emini evinə dəvət edib ailəlikcə danışsınlar. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evdə olan zaman Emin onlara gəlmişdir. Söhbət zamanı Emin ailə üzvlərinə demişdir ki, Paşa Holdinqdə işləyir və Paşa Bankın işçiləri ilə əlaqələri vardır, satmaq istədikləri mənzili ona dediyi şərtlərlə ipotekaya salıb onlara bankdan 40.000 manat çıxarılmasına köməklik edəcəyini, onlardan mənzilin sənədlərinə baxıb mənzili dövlət işində işləyən arvad Sevincin adına ipotekaya salacağını, bunun müqabilində 2.000 manat xərci çıxacağını bildirmişdir. Onlar Eminə bu işin dəqiq olub-olmadığını soruşduqda, Emin əminliklə demişdir ki, bu işi onlar üçün həll edəcəkdir, heç bir narahatçılıq olmayacaqdır. Həmin gecə o, öncədən anası Göyçəyə saxlamağa verdiyi 2000 manat pulu və evin sənədlərini gətirməyini demiş, anası da 2000 pulu və evin sənədlərini gətirib onların yanında Eminə vermişdir. Emin mənzilin sənədlərini, mənzildə qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürüb, növbəti həftənin 1-ci günü onlara xəbər edəcəyini və onlara bankın işçiləri gəlib mənzilə baxaraq qiymətləndirəcəklini deyərək çıxıb getmişdir. Növbəti həftənin 1-ci günü Emin onunla danışıb həmin gün iclas olduğunu və bankın işçiləri ertəsi gün gələcəklərini demişdir. Lakin həmin gündən sonra onlara heç kim gəlməmişdir, Eminlə əlaqə saxladıqda sığorta şirkəti mənzilin girov qoyub ipoteka ilə pul götürülməsinə razılıq vermədiyini, səbəbi isə Sevincin maaşının az olmasını, lakin buna baxmayaraq yeni variantlar axtardığını və gözləmələrini demişdir. Həmin ərəfələrdə mənzilinə real müştərilər tapıldığından onlar Eminin təklifi ilə razılaşmamışlar və gözləmək istəmədiklərini, verilən 2000 manat pulu qaytarmasını istəmişlər, lakin Emin hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış və bir müddətdən sonra zənglərə cavab verməmişdir. Sonradan maraqlanmışılar ki, Emin ümumiyyətlə heç bir yerdə işləmir, onların etibarından istifadə edərək aldatmaqla dələduzluq yolu ilə 2.000 manat pullarını ələ keçirmişdir. Ona görə də, anası ilə birlikdə Eminin yaşadığı evə gedib Eminin anası ilə danışmışlar, Eminin anası bu hal barədə məlumatı olmadığını deyərək Eminlə əlaqə saxlamış, Emin anasına evdə olan sənədləri onlara qaytarmasını demiş və sonra Emin onun anası ilə mobil telefonla danışaraq Kürdəmirdə olduğunu və onlardan aldığı 2.000 manat pulu 7 gün ərzində qaytaracağını demişdir. Lakin həmin vaxtdan sonra Emin pulu qaytarmamışdır. Sonda Emindən şikayət etməyə qərara gəlmişlər. Eminə verilən 2000 manat pul onun özünə məxsusdur, Eminə verməzdən əvvəl anasına saxlamağa vermişdir. Eminə pul anası Göyçəyin və qardaşı Şahinin iştirakı ilə verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən pulunun qaytarılmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 19-da oğlu Rahim və ailəsi ilə birlikdə yaşayır. Əri Ağaşah 2022-ci ildə vəfat etmişdir. Kiçik oğlu Şahin ailəsi ilə birlikdə bir neçə ildir ki, ayrı ünvanda kirayədə yaşayır. Bir müddət əvvəl aralarında olan ailədaxili razılığa əsasən yaşadıqları evi Rahim satmalı və evin pulunu yarısı Şahinə verməli, həmin pula Şahin özünə ayrıca ev almaq niyyətində olmuşdur. Buna görə də Rahim mənzili 83.000 manata satışa qoymuşdur. 2023-cü ilin mart ayının əvvəlləridə Rahim evdə demişdir ki, qonşu binada yaşayan özünü Paşa Holdinqin işçisi kimi təqdim Emin adlı şəxs onunla söhbət zamanı mənzili satmaq istədiyini bilib, mənzili satmaq əvəzinə əlaqələri olduğu Paşa Banka girov qoyaraq ipoteka yolu ilə illik güzəştli şərtlərlə 4 faiz olmaqla ən azı 40.000 manat kreditə pul götürməyə ona köməklik edə biləcək və bu işin 2000 xərci olduğunu bildirmişdir. O da Rahimə əgər ona deyilənlər həqiqətdirsə bunun onlara sərf edəcəyini demişdir. Rahim bununla bağlı Şahinə də demiş və qərara gəlmişlər ki, Emini evlərinə dəvət edib ailəlikcə danışsınlar. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evdə olan zaman Emin onlara gəlmişdir. Söhbət zamanı Emin demişdir ki, Paşa Holdinqdə işləyir və Paşa Bankın işçiləri ilə əlaqələri vardır, satmaq istədikləri mənzili Rahimə dediyi şərtlərlə ipotekaya salıb onlara bankdan 40.000 manat çıxarılmasına köməklik edə biləcəyini bildirmiş, sonra da onlardan istədiyi mənzilin sənədlərinə baxıb mənzili dövlət işində işləyən Rahimin arvadı X2 adına ipotekaya salacağını demişdir. Həmin vaxtı onlar Eminə bu işin dəqiq olub-olmadığını soruşaraq onları aldatmağa cəhd etməməsini demiş, Emin əminliklə demişdir ki, bu işi onlar üçün həll edəcəkdir, heç bir narahatçılıq olmayacaqdır. Həmin gecə Rahim öncədən ona saxlamağa verdiyi 2000 manat pulu və evin sənədlərini gətirməyini demiş, o da 2000 manat pulu və evin sənədlərini gətirib Eminə vermişdir. Emin mənzilin sənədlərini, mənzildə qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürüb, növbəti həftənin 1-ci günü onlara xəbər edəcəyini və onlara bankın işçiləri gəlib mənzilə baxaraq qiymətləndirəcəklini deyərək çıxıb getmişdir. Onlar da Eminin danışığına və vədlərinə inanmışlar. Lakin həmin gündən sonra onlara heç kim gəlməmiş, Eminlə əlaqə saxladıqda sığorta şirkəti mənzili girov qoyub ipoteka ilə pul götürülməsinə razılıq vermədiyini, səbəbi isə Sevincin maaşının az olmasını, lakin buna baxmayaraq başqa variantlar axtardığını demişdir. Həmin ərəfələrdə mənzilə real müştərilər tapıldığından onlar Eminin təklifi ilə razılaşmamış və gözləmək istəmədiklərini, verilən 2000 manat pulu qaytarmasını istəmiş, lakin Emin bu-gün sabaha salaraq və hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamış və sonra zənglərə cavab verməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Emin heç bir bankda və ümumiyyətlə heç bir yerdə işləmir. Ona görə də, o, Rahimlə birlikdə Eminin yaşadığı evə getmiş və evdə olan Eminin anası ilə danışmış, Eminin anası bu hal barədə məlumatı olmadığını deyərək Eminlə əlaqə saxlamış, Emin anasına evdə olan sənədləri ona qaytarmasını demiş və sonra Emin onunla mobil telefonla danışaraq Kürdəmirdə olduğunu və onlardan aldığı 2.000 manat pulu 7 gün ərzində qaytaracağını demişdir. Lakin həmin vaxtdan sonra Eminin pulu qaytarmamışdır. Sonda Emindən şikayət etməyə qərara gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, 2023-cü ilin mart ayından etibarən deməsinə görə Xaçmaz rayonuna iş tapmağa getmişdir, arabir həftəsonu evə gəlib-getmişdir. Ailədaxili münasibətlərinə görə Eminin işlərinə qarışmır. Emin barədə şikayət edən Zərərçəkmiş şəxs tanımır, təxminən 2023-cü ilin mart ayının son günlərində işdən evə gəldikdə arvadı Xuraman ona demişdir ki, Rahim və anası onlara gəlib demişdir ki, Emin ipoteka yolu ilə ev alacağına kömək edəcəyi adı ilə Rahimi aldadaraq 2000 manat pulunu almış və verdiyi vədə əməl etməyərək heç bir iş görməmiş və pulunu da qaytarmamışdır. Emin Rahimə özünü bank işçisi kimi təqdim etmişdir. Xuraman onlara Eminin bankda işləmədiyini, işsiz olduğunu və baş vermiş hadisə barədə məlumatı olmadığını bildirmiş və Eminə zəng edərək bu barədə danışmış, Emin anasına evdə saxladığı Rahimə aid olan sənədləri onlara verməsini və Rahimin pulunu 7 günə qaytaracağını demiş, Xuraman da Eminin dediyi sənədləri Rahimin anasına qaytarmış və Eminin dediyi sözləri də bildirmişdir. Həmin vaxtı Emin Xaçmazda olduğundan onunla görüşə bilməmişlər, sonradan eşitmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Emin əvvəllər törətdiyi cinayətlərə görə həbs olunmuşdur. Eminin Zərərçəkmiş şəxs sonuncu üçün ipotekaya ev almağa köməklik etmək adı ilə 2000 manat pul alması barədə nə onun, nə də ki arvadı Xuramanın məlumatı olmamış, Emin evə heç bir məbləğdə pul gətirməmiş, evdə Rahimin sənədlərini saxlaması barədə məlumatları olmamış, yalnız həmin sənədləri Eminin sözü ilə qaytaran zaman bilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 16 sayı MKS tərəfindən verilmiş 593 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 594 saylı, xx.xx.2023-cü il tarixli xasiyyənamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən xx.xx.2020-ci il tarixli hökm ləğv edilərək, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-268/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 241/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-241/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 310-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlər və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxsnın törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza ona görə təyin edilməlidir ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu dörd gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı dörd gün müddət hazırda məhkəmənin təyin etdiyi vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-632/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 974 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 03 (üç) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar