Məhkəmə qərarları › İş №1(060)-634/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-634/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-634/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (himayəsində 03 azyaşlı övladı var), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 31, mənzil 44-də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, yataqxana 2, otaq 32-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,404 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22.07.2021-ci il tarixdə saat 11:05-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi ərazisində yerləşən 32 saylı orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 2-ci PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,404 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 22.07.2021-ci il tarixdə saat 11:05-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yşayış massivi, 32 saylı orta məktəbin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər, daha sonra isə onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində vəkilinin iştirakı ilə ona üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini söyləmişlər və o etiraz etmədiyindən razılığını bildirdiyindən üzərində şəxsi axtarış keçirilmişdir. Baxış zamanı o 21.07.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat ödəyərək aldığı və üzərində gəzdirdiyi bir büküm şəffaf polietilen sellofana bükülmüş narkotik vasitə olan heroini əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardıb stolun üzərinə qoymuşdur. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsus olmuş və bədənində ağrılar olduğundan bəzən istifadə etmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və daha sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Narkotik vasitəni aldığı şəxsin adını və digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuşdur. Həmin narkotik vasitəni əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 10 manat pul onun özünə məxsus olan pul olmuş, narkotik vasitəni özü istifadə edəcəkdi. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. O hüquqlarını bilir, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Əməlindən peşmandır, üç uşağı olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 22.07.2021-ci il tarixdə Sumqayıt şəhərində Nicat adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, qəbul etməsi, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 22.07.2021-ci il tarixdə, saat 11:05-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Şirvan yaşayış massivi ərazisində yerləşən 32 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə 2-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov ona daxil olmuş əməliyyat məlumatına əsasən onun qanunsuz olaraq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, daşınmasında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyini bildirib, özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Bundan sonra biz də özümüzü təqdim etdik. Həmin vaxt təhqiqatçı Şamil Məmmədov ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Müdafiəçi təqdim etmiş, Nicat bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı Şamil Məmmədov videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamasını, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişdir. O da əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini 21.07.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə etməsi üçün aldığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmaraq götürülmüş narkotik vasitə olan heroin tərəzidə çəkilərək qablaşdırılmış və müvafiq sənədləşmə aparılaraq, o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CA üzrə əməliyyat müvəkkili polis baş serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X2 da Şahid1la eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, 22.07.2021-ci il tarixdə Sumqayıt şəhərində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, qəbul etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında o, saat 11:05-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Şirvan yaşayış massivi ərazisində yerləşən 32 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə 2-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov ona daxil olmuş əməliyyat məlumatına əsasən onun qanunsuz olaraq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, daşınmasında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyini bildirib, özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Bundan sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Həmin vaxt təhqiqatçı Şamil Məmmədov ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Müdafiəçi təqdim edir, Nicat bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra təhqiqatçı Şamil Məmmədov videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edir. O da əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini 21.07.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə etməsi üçün aldığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin tərəzidə çəkilərək zərfdə qablaşdırılır və zərf iştirakçılar tərəfindən imzalanır. Bundan sonra videoçəkiliş dayandırılır. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. İ.v.24-25, 72-74, 93-97) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan qərarlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,354 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 81-82, 95-99) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in 09.08.2021-ci il tarixli, 350- 8780İ-3221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 85) İş materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 22.07.2021-ci il tarixli protokoldan görünür ki, 22.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. (i.v 19) İş materiallarında olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” 24.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən 24.07.2021-ci il tarixdə azad edilmişdir. (i.v.63-67) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 22.07.2021-ci il tarixli, 6/3023 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,404 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.33-38) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 24.07.2021-ci il tarixli, 2456 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 90-91) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserin 2604 saylı, 27.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 75) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 84) İş materiallarında olan “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”lərdən görünür ki, Təqsirləndirilən şəxs faktiki evliliyindən himayəsində 03 uşağı var (16.05.2021-ci il təvəllüdlü Aişə Babayeva, 12.10.2013-cü il təvəllüdlü Zəhra Babayeva, 25.06.2015-ci il təvəllüdlü Fatimə Babayeva). (i.v.43-45) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 03.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan RespublikasıCM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v.95-99) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd bükümdə təmiz çəkisi 0,404 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, yaşını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,354 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək tutulub iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, yataqxana 2, otaq 32 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********). İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,354 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar