Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-634/2023 21.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakları ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 09:00-dən 10:10 radələrinədək olan müddətdə Sumqayıt şəhəri, 13-cü mikrorayon istiqamətində hərəkətdə olan **-AE-*** dövlət qeydiyyat nişanlı 30 saylı marşrut avtobusunda olan sərnişin Zərərçəkmiş şəxs məxsus 250,0 manat dəyərində olan 01 ədəd SMA135FLBUCAU (Galaxy A13) model, göy rəngli, 32GB yaddaşlı, **********54158 İMEİ kodlu “Samsung” markalı mobil telefonu əynindəki boz rəngli montun sağ yan cibindən çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs 250,0 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd şəffaf sellofanda olan 6 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,170 qram, 0,205 qram, 0,194 qram, 0,228 qram, 0,136 qram ümumi təmiz çəkisi 1,067 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 19 saylı yataqxananın qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 1 ədəd şəffaf sellofanda olan 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə, hər birinin ayrı- ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,170 qram, 0,205 qram, 0,194 qram, 0,228 qram , 0,136 qram ümumi təmiz çəkisi 1,067 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış xarici və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Asan xidmətin qarşısından 30 saylı marşurut xətli avtobusa minmiş, avtobusa mindiyi zaman ondan bir az aralıda bir xanımın ayaq üstə dayandığını və boz rəngli montun sağ yan cibində böyük ölçülü mobil telefonun olduğunu görmüşdür. Bir az ətrafa baxıb yanındakı insanların diqqətinin onda olmadığına əmin olub ona tərəf yaxınlaşmışdır. O, düşənə yaxın olduğu üçün və telefonun birazda xanımın cibindən çölə çıxılı vəziyyətdə olduğunu görüb xanıma hiss etdirmədən cibindən “Samsung” markalı mobil telefonunu götürmüş və Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Gold Qayalı mağazasına çatmamış avtobusdan düşüb getmişdir. Həmin gün mobil telefon təmiri və alqı satqısı ilə məşğul olan Kamandar adlı şəxsin mobil nömrəsinə zəng etmiş və Kamandarla yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində görüşmüşdür. Ona oğurladığı Samsung A13 markalı mobil telefonu göstərib Beyləqan rayonundan olan tanışının olduğunu və satdığını demişdir. O, 50 manat müqabilində mobil telefonu Kamandara vermiş, Kamandar şəxsiyyət vəsiqəsinin surətini istədikdə, özündə olmadığını deyib getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yataqxananın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyini deyib Sumqayıt ŞPİ-nə gətirmişlər. Xidməti otaqların birində vəkil təqdim olunmuş, ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, üzərində heç bir qanunsuz əşya olmadığını demiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd şəffaf sellofan aşkar edilmişdir Həmin paket açılarkən 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri olduğu görülmüş, bükümlərin içərisindəki kütlə narkotik vasitə olan heroin olduğunu və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində Kubinka deyilən yerdə tanımadığı şəxsdən 20 manata özü istifadə etmək aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilmiş, həmin bükümlərin ümumi çəkisi bir qram yarım olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, saxlanılarkən və Pİ-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 09:10 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Yüksəl” tibb mərkəzinə getmək üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən uşaq xəstəxanasının qarşısında 30 saylı marşurut xətt avtobusuna minmiş və arxa tərəfdə dayanmışdır. Həmin vaxt əynində olan boz rəngli montun sağ yan cibində özünə məxsus “Samsung Galaxy A13” markalı, mavi rəngli mobil telefonu olmuşdur. Mobil telefonunun baş hissəsi cibindən çöldə qalmışdır. Təxminən saat 10:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Gold Qayalı” mağazasının yanından keçərkən avtobusdan düşməyə hazırlaşanda əlini cibinə atarkən mobil telefonunun cibində olmadığını görmüşdür. Həmin vaxt avtobusa baxıb mobil telefonunu axtarsa da tapmamışdır. Avtobusun sürücüsünə yaxınlaşıb bu barədə məlumat vermişdir. Mobil nömrəsinə zəng etsə də zəng çatmamışdır. O, sürücüyə avtobusun kamerasına baxmağını desə də o, kameranı aça bilmədiyini və Nəqliyyat Departamentinə müraciət etməyini bildirmişdir. O, avtobusdan düşüb tanımadığı şəxsin mobil nömrəsi ilə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və həmin gün Sumqayıt ŞPİ- nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Telefonunun qiyməti 350 manat olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, əgər ödənilərsə şikayəti olmaz. Əks halda təqsirləndirilən şəxsə cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 3 saylı binanın arxasında icarəyə işlətdiyi mobil telefon təmiri mağazasından arenda pulunu verə bilmədiyi üçün çıxmışdır və hal-hazırda köhnə müştərilər ona zəng edərək telefon təmiri sifarişi və telefon alışı ilə bağlı müraciət edirlər. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində əvvəlcədən tanıdığı Ramin istifadəsində olan mobil nömrəyə zəng edərək bir məsələ barəsində onunla görüşmək istədiyini demiş, o da Raminə təxminən 30 dəqiqə sonra yaşadığı ünvanın həyətinə gəlməsini bildirmişdir. Həmin vaxt Ramin tək gəlmiş və onunla həyətdə görüşmüşdür. Ramin ona Beyləqan rayonundan olan tanışının Samsung A13 markalı mobil telefonunu göstərib 50 manat pul lazım olduğu üçün satmaq istədiyini demişdir. O, Raminə həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini və mobil telefonun qutusunu verməsini dedikdə Ramin tanışının vəsiqəsinin və qutunun burada olmadığını bildirmişdir. Ramini tanıdığı üçün ondan şəxsiyyət vəsiqəsi almamışdır. Telefonu alan zaman kodu açmamış, birbaşa format etmişdir. O, Raminə buna görə 50 manat pul vermişdir. Həmin mobil telefonu xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsə 70 manata satmışdır. Sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs ona satdığı mobil telefonun oğurluq olması məlum olmuşdur. O, telefonu qaytarmaq yaxud ziyanı ödəmək kimi ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zellabdin oğlu ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, xx.xx.2023-cü il tarixdə, saat 13:00-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində, 9 saylı yataqxananın qarşısında saxlamış, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və saxlamada şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Xidməti otaqların birində ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərinə videoçəkilişlə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edimişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan paketi aşkar olunmuş, paketin içərisində 6 ədəd gümüşü rəngli siqaret kağız bükülüləri müəyyən olunmuşdur. Həmin 6 ədəd bükülü təhqiqatçı tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin 6 ədəd bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin “kakos” olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Kubinka adlanan ərazisdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, maddənin ümumi çəkisinin 1,49 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 06 ədəd büküm ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 Zellabdin oğlunun ifadəsində göstərilən xüsusatlan təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 Zellabdin oğlunun ifadəsində göstərilən xüsusatlan təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 19 saylı yataqxananın qarşısında xx.xx.2023-cü il tarixdə saat 13:00da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 146/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olundu, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 1 ədəd şəffaf sellofan paket aşkar edildi. Həmin paket açılan zaman içərisində 6 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin olduğu görüldü. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin 'kola” olduğunu, həmin maddələri dünən Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin çəkisinin 0,30 qram, 0,25 qram, 0,19 qram, 0,31 qram, 0,24 qram, 0,22 qram, həmin bükümlər birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,49 qram olduğu müəyyən edildi. Aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd Kent markalı siqaret dənəsi, 1 ədəd təsbeh, 1 ədəd alışqan, 2 ədəd diş çöpü, 5 ədəd fındıq dənələri, 1 ədəd 50 qəpiklik, 1 ədəd 5 qəpiklik pullar əhəmiyyət kəsb etmədiyindən R.Ələkbərlinin özünə qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2115 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,134 qr, 0,170qr, 0,205 qr, 0,194 qr, 0,228 qr, 0,136 qr, ümumi çəkisi-1,067 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,30 qram (hər ob-0,05 qram) sərf edildikdən sonra 0,767 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Həmin vaxt CAŞ-ın əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X4 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün Pİ-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmmədova təqdim edir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynindəki qara gödəkçənin sağ cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofanı təqdim edir, həmin sellofan açılır, içərisində gümüşü rəngli siqaret kağızı bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olunur. Üzərinə şəxsi axtarış davam etdirilir, 1 ədəd siqaret dənəsi, 1 ədəd təsbeh, 55 qəpik pul, 5 ədəd fındıq dənələri, 2 ədəd diş çöpü, 1 ədəd alışqan aşkar edilir Heorinə bənzər kütlələr elektron tərəzidə çəkilir, ümumi çəkisi 1,49 qram olduğu müəyyən edilir. Daha sonra təhqiqatçı tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 124 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı 1 ədəd CD diskin yaddaşında 16859KB həcmində və 3885 kb faylın olduğu müəyyən olundu. Diskin 1-ci faylın yaddaşında 01 dəqiqə 55 saniyə, 2-ci faylın 15 saniyə davam edən, rəngli formatda video görüntünün olduğu, faylda olan 1-ci video görüntüdə xx.xx.2023-cü il tarixdə saat 10:02 radələrində hündür boylu, əynində qara gödəkçəli, başında kepka, üzü saqqalı olan Təqsirləndirilən şəxs avtobusda ayaq üstə dayanması görüntülənir.İkinci videoda xx.xx.2023-cü il tarixdə saat 10:05 radələrində hündür boylu, başında kepka, üzü saqqalı olan Təqsirləndirilən şəxs avtobusun arxa tərəfindən sol əli cibində qaçaraq avtobusdan düşməsi görüntülənir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il 01 ay 09 gün islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2.04.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin 1(012)-240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq 0,767 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs saxlanılıb Sumqayıt şəhər TŞ-nə gətirilərkən üzərinə şəxsi axtarış keçirilərkən “Panasonik” markalı videokamera ilə çəkilmiş və DVD diskinə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, qalıq 0,767 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1,067 qram narkotik vasitə olan heroini kimdən əldə etməsi, eləcə də, narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2315 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidilərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3495 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung” markalı, SM-A135FLBUCAU” (Galaxy A13) model, göy rəngli, 32 GB yaddaşlı, **********54158 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intevsivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250, 00 manat müəyyən edilir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 sayı MKS tərəfindən verilmiş 1783 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşamır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, CM-nin 177.2.5 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1, 180, 181 və 234.2-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 barəsində Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 (bir) ədəd CD disk və Sumqayıt şəhər Nəqliyyat MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqat ekspertizasından sonra qalıq qalmış 0,767 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər eyni cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 55 (əlli beş) və 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,767 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 634/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1009 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 55 (əlli beş) və 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,767 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-634/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-634/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver