Məhkəmə qərarları › İş №1(060)-635/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-635/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-635/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İttiham aktına əsasən, 20 aprel 2022-ci il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi ərazisində yerləşən qohumu Zərərçəkmiş şəxs işlədiyi mağazanın qarşısında heç bir əsaslı səbəb olmadan, intiqam hissi, yəni atasının ölümündə sonuncunu günahlandırdığından və xuliqanlıq niyyəti ilə soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ sağrı nahiyyəsinə bir dəfə zərbə vuraraq ona sağ sağrı nahiyyəsinin yuxarı bayır kvadratının deşilmiş-kəsilmiş yarası, sağ qalça darağının arxa-yuxarı hüdudunun deşilmə xarakterli impression sınığı, düz bağırsağın ampulyar hissəsi ilə prostat vəzinin arasında yerləşən hematoma, həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bibisi əridir. Belə ki, təxminən 8-9 il əvvəl Zərərçəkmiş şəxsla atası arasında münasibətlər korlanmışdır. Dəqiq tarixi xatırlamır, Əli əvvəllər atası barəsində hüquqmühafizə oqranlarına şikayət etmiş, atası da buna görə narahatçılıq keçirmişdir. Ona görə də Əlidən xoşu gəlməmişdir. Düşünür ki, atası Məhəmməd Əlinin şikayətlərindən narahatçılıq keçirmiş və sonra 2015-ci ildə ölmüşdür. Atası öldükdən sonra o, Əlini atasının ölümündə günahkar bilmişdir. Lakin, Əli ilə arasında bu fikirlərinə görə dava-dalaş, söz-söhbət, mübahisə baş verməmişdir. Axırıncı dəfə Əlini 2019-cu ildə yaxından görmüşdür. Düşündüklərini Əli ilə heç vaxt bölüşməmiş və bu barədə arlarında mübahisə baş verməmişdir.Ümumiyyətlə Əli ilə 2019-cu ildən ünsiyyəti olmamışdır. 20 aprel 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində yaşadığı evdən çıxaraq küçədə hərəkət edərkən, Əliyə xəsarət yetirmək qərarına gəlmişdir. Lakin, nə həmin tarixdə, nə də ki, ondan əvvəlki tarixlərdə Əli ilə arasında mübahisə, söz-söhbət, hətta göz təması belə olmamışdır. O, həmin tarixdə marketlərdən birinə girərək mətbəx bıçaqı alaraq Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Əlinin işlədiyi obyektin qarşına getmişdir. Biraz gözlədikdən sonra, təxminən saat 10:30 radələrində Əli işlədiyi obyektdən çölə çıxaraq iki nəfər şəxsin yanına yaxınlaşıb onlarla söhbət etməyə başlamışdır. O, Əlinin həmin şəxslərdən uzaqlaşmasını gözləsə də, Əli uzaqlaşmamış və bu səbəbdən ona yaxınlaşaraq aldığı bıcaqın kağızını çıxararaq sonuncunun sağ arxa nahiyyəsinə bir dəfə bıçaqla zərbə vuraraq oradan dərhal qaçmağa başlamışdır.Əlavə bıçaq zərbələri vurmamış,onları heç kim aralamamış, əlavə bıçaq zərbələri vurmağa imkanı olsa da vurmamışdır. Bıçaqla vurmamışdan əvvəl Əliyə heç bir irad və söz deməyib qəfildən bıçaqla vurub qaçmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Onun Zərərçəkmiş şəxsla heç bir ədavəti və düşmənçiliyi olmayıb. Bu hadisəni isə əsəblərində narahatçılıq olduğu üçün törətmişdir. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmək istəsə də sonuncu onu bağışlamamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynı oğludur. Adil ilə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. O, Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində köşk işlədir. Məhəmməd və onun ailəsi ilə münasibəti və ya ünsiyyəti yoxdur.Qohum olaraq bir birləri ilə ünsiyyətləri olamımışdır. Adilin atası Məhəmməd təxminən 2015-ci il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Sonuncunun ölümündə onun heç bir təqsiri olmamışdır. Adil və ailəsini dəqiq olaraq axırıncı dəfə nə vaxt görüb danışdığını belə xatırlamır. Ümumiyyətlə onlarla bir araya heç vaxt gəlməmişdir. 20 aprel 2022-ci il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində işlətdiyi köşkün içərisində olarkən, çöldə tanışı Şahid1 və köşkdə onunla birlikdə satıcı işləyən Şahid2 ağacın altında dayanıb söhbət etdiyini görmüş və o, da çölə çıxaraq onlarla yaxınlaşıb söhbət etməyə başlamışdır. O, söhbət edən zaman arxa hissəsində güclü ağrı hiss etmiş və dönüb arxaya baxanda Adilin əlində bıçaq olduğunu və qaçdığını görmüşdür.Nə baş verdiyini başa düşməmiş, nə üçün Adilin onu vurub qaçması anlaya bilməmişdir. Çünki Adilin onu vurması üçün heç bir əsaslı səbəbi olmamışdır. Sonra isə Vasif onu tanımadığı taksiyə əyləşdirib Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışdır. Adilin onu vurması üçün heç bir səbəbi olmamış, onunla arasında heç vaxt mübahisə, dava-dalaş olmamış, axırıncı dəfə Adili nə vaxt görüb ünsiyyət qurmasını xatırlamır. Ümumiyyətlə Adillə nə xx.xx.2022-ci ildə, nə də ki, ondan əvvəlki tarixlərdə dava dalaş və mübahiə olmamışdır.Hadisə baş verən gün də onu bıçaqla vurması üçün səbəb olmamışdır. Bıçaqla vurmamışdan əvvəl ona heç bir söz və ya irad bildirməmiş, anidən yaxınlaşıb vurub qaçmışdır. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun tanışıdır. Təqsirləndirilən şəxs isə tanımır. Belə ki, 20 aprel 2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısında Vasif ilə dayanıb söhbət edərkən, Əli də mağazadan çıxaraq onların yanına gəlmişdir. O, Vasiflə söhbət edən zaman bir nəfər şəxsin Əlinin arxa tərəfinə gəldiyini görmüşlər. O, həmin şəxsin Əlinin tanışı olduğunu və onla zarafatlaşdığını düşünmüşdür. Lakin həmin şəxs Adilin arxa (sağrı) nahiyyəsinə bıçaqla vurub qaçmışdır. Vurana qədər həmin şəxslə Əli arasında heç bir mübahisə baş verməmiş, qəfildən vurub qaçmışdır. Əlinin arxa sağ nahiyyəsindən qan axdığını görüb ona köməklik göstərərək, Vasif də taksi saxlayaraq Əlini Sumqayıt şəhər TTYX-ya aparmışlar. Hadisədən sonra yerdə bıçaqın kəsici-deşici hissəsini örtən kağız qutu olduğunu müəyyən etmişdir. Hadisə olan yerin ətrafında mağazalar və digər obyektlər olsada hadisə ani olaraq baş verdiyindən onların yanında başqa şəxslər toplaşmamışdır. Adilin bıçaqla Əlini vurması və oradan qaçaraq uzaqlaşması təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün işin halları ilə bağlı ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-ı Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 551 saylı tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ sağrı nahiyyəsinin yuxarı bayır kvadratının deşilmiş-kəsilmiş yarası, sağ qalça darağının arxa-yuxarı hüdudunun deşilmə xarakterli impression sınığı, düz bağırsağın ampulyar hissəsi ilə prostat vəzinin arasında yerləşən hematoma xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası SN-nin MPEM publik hüquqi şəxsi tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1484 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o, dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, inadkarlıq, kinlilik, öz fikirlərini müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 306/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qan qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləkilə bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən hadisə yerindən götürülmüş bir ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022ci il tarixli, 249-2022/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sağ yuxarı hissəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs şalvarın arxa səthinin sağ yuxarı nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ sağrı nahiyyəsində olan eyni xarakterli xəsarətlə yerləşmələrinə görə uyğun gəlir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 2000ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsi üçün heç bir əsaslı səbəb olmamış, tərəflər arasında heç vaxt mübahisə və dava-dalaş baş verməmişdir. Tərəflər bir- birlərini uzun müddətdir ki, görməmiş və ünsiyyət qurmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdiyi gün, ondan bir az əvvəl, ümiyyətlə heç bir mübahisəsi dava-dalaşı baş verməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmək qərarına anidən gəlmiş, bu qərara gəlməsi üçün zərərçəkmiş şəxs tərəfindən hər hansı bir təhrikedici hərəkət və söz olmamışdır. Təqsirləndirilən şəxs də onda anidən yaranan niyyətini həyata keçirmək üçün bıçaq əldə etmiş və nəticədə zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ifadəsində atasının ölümündə günhakar bildiyi üçün zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirməsi barədə ifadəsini özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin atası 2015-ci ildə ürək tutmasından öz əcəli ilə ölmüş və bıçaqlanma hadisəsinə kimi 7 ildən çox vaxt keçmiş, qisas üçün heç bir tutuarlı səbəb olmamış, həmçinin zərərçəkmiş və təqsirləndirilən şəxsin axırıncı ünsiyyəti bıçaqlanma hadisəsi baş verəndən təxminən 3 il əvvəl, 2019-ci ildə olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin səbəb kimi gətirdiyi arqumentlər üzərindən uzun müddət keçmiş və hadisəyə kimi həmin hadisələri alovlandıracaq davarnış və hərəkətlər olmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali məhkəməsinin plenumunun xx.xx.2004-cü il tarixli qərarin 5-ci bəndinə görə məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 20 aprel 2022-ci il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi ərazisində yerləşən qohumu Zərərçəkmiş şəxs işlədiyi mağazanın qarşısında heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ sağrı nahiyyəsinə bir dəfə zərbə vuraraq ona sağ sağrı nahiyyəsinin yuxarı bayır kvadratının deşilmiş-kəsilmiş yarası, sağ qalça darağının arxa-yuxarı hüdudunun deşilmə xarakterli impression sınığı, düz bağırsağın ampulyar hissəsi ilə prostat vəzinin arasında yerləşən hematoma, həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, özünün İİ qrup əlil olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. CPM-in 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 37 (otuz yeddi) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd bıçaq məhv edilməli, bir ədəd şalvar isə Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun tutulduğu 09 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut olan bir ədəd bıçaq məhv edilsin, bir ədəd şalvar isə Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 222 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar