Məhkəmə qərarları › İş №1(060)-641/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-641/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-641/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, otaq 52 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 00:05 radələrində yaşadıqları Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, otaq 52 ünvanında ailə-məişət zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin, hər iki göz ətrafını əhatə edən qançırları, üst dodaın sol hissəsinin, alt çənənin orta hissəsinin 2 ədəd sıyrıqları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onlar 2006-cı il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar, həmin nikahdan 2008-ci il tarixdə Liliya adlı qızları, 2013-cü il tarixdə Umaxan adlı oğlanları dünyaya gəlmişdir. Onların münasibətləri normal olsa da hər ailədə olduğu kimi onların ailəsində də bəzən söz-söhbətlər olmuşdur. Belə ki, o mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün Leyla bunu xoşlamır, buna görə onu öz iradını bildirir, bu da ona xoş olmur, əsəbiləşib onunla mübahisə edir və aralarında münaqişələr yaranır. O xx.xx.2023-cü il tarixdə təxminən saat 00:05 radələrində yaşadığı ünvanda olan zaman yenə spirtli içki qəbul etdiyi üçün Leyla ona öz iradını bildirmiş, o buna görə əsəbiləşib onunla mübahisə etmiş, aralarında münaqişə baş vermişdir. Həmin vaxt o yumruqla onun burun, dodaq, çənə, sifət və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmişdir. Leyla həmin vaxt stolun üzərində olan tiyəsi qara rəngli olan mətbəx bıçağı ilə onun sol qol nahiyyəsinə vurmuşdur. Leyla bıçaqla onu vurduqdan sonra, eyni zamanda onun burun nahiyyəsindən qan gəldiyi üçün o kənara çəkilmiş, ara sakitləşdiyi üçün xəsarət almaqları ilə bağlı Leyla Sumqayıt şəhər TTYS-na məlumat vermiş, həkimlər gəldikdən sonra onlara ilkin tibbi yardım göstərmişlər. Əməlindən peşman deyil, onlar boşanmağa gedəcəklər. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 2008-ci il tarixdə Liliya adlı qızları, 2013-cü il tarixdə Umaxan adlı oğlanları dünyaya gəlmişdir. Onların əvvəllər münasibətləri normal olsa da, hər ailədə olduğu kimi onların ailəsində də bəzən söz-söhbətlər olmuşdur. Belə ki Əhmədxan mütəmadi olaraq spirtli içki qəbul edir və o buna görə öz iradını bildirən zaman Əhmədxan onunla mübahisələr edir və münaqişələr yaradır. O xx.xx.2023-cü il tarixdə təxminən saat 00:05 radələrində yaşadığı ünvanda olan zaman Əhmədxan yenə spirtli içki qəbul etdiyi üçün o ona öz iradını bildirmiş, bu onun xoşuna gəlməmiş, onunla mübahisə etmiş, aralarında münaqişə baş vermişdir. Həmin vaxt Əhmədxan qəflətən yumruqla onun burun, dodaq, çənə, sifət və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmişdir. O həmin vaxt stolun üzərində olan tiyəsi qara rəngli olan mətbəx bıçağı ilə sol qol nahiyyəsinə vurmuşdur. O bıçaqla vurduqdan sonra, eyni zamanda burun nahiyyəsindən qan gəldiyi üçün Əhmədxan ona yaxın gəlməmişdir. O ara sakitləşdiyi üçün xəsarət almaqları ilə bağlı Sumqayıt şəhər TTYS-na məlumat vermiş, gəldikdən sonra onlara ilkin tibbi yardım göstərmişlər. O belə hadisələrə görə küçələrdə yatır. Artıq 3-cü dəfədir ki, belə hadisələr baş verir, işləri məhkəməyə gəlir. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 874 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünü yerdəyişməyən sınığı, burun belinin, hər iki göz ətrafını əhatə edən qançırları, üst dodağın sol hissəsinin, alt çənənin orta hissəsinin 2 ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Umaxan qızı və xx.xx.2013-cü il təvəllüdlü Əhmədxanov Umaxan Əhmədxan oğlu adlı 2 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan 22 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Əhmədxanova Əhmədxan Umaxan oğlu barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 4 saylı xəstəxananın poliklinika şöbəsinin 233 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2289 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirəndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına yüngül zərər vurması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşalarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, işin hallarını nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Göstərilən tərcümə xidmətinə görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindn tutularaq X1 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Göstərilən tərcümə xidmətinə görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindn tutularaq X1 hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar