Məhkəmə qərarları › İş №1(060)-643/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-643/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-643/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi-Qanuni nümayəndə, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Elburuszadə Sədat Sənan oğlunun və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Z.Tağıyev-çeşidləmə stansiyası 14№-li H.Z.Tağıyev yol sahəsinin inzibati binasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ-nın 3 saylı yataqxanasında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma Bağları, “Polad” Bağçılıq Cəmiyyətinin 455 nömrəli bağ evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə oğurluq, yəni özgənə əmlakını gizli olaraq talama məqsədi ilə 19 mart 2021-ci il tarixdə saat 05 radələrində ADY QSC-nə məxsus H.Z.Tağıyev dəmir yolu stansiyasına gəlib həmin dəmir yolu xətlərinə aid ümumilikdə 272 manat 50 qəpik dəyərində 08 ədəd istismara yararlı xarici yay, 09 ədəd istismara yararlı daxili yay, 15 ədəd istismara yararsız xarici yay, 14 ədəd istismara yararsız daxili yay, 05 ədəd istismara yararsız amartizator pazını birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi Changan markalı, **-AB-*** dövlət qeydiyyyat nişanlı avtomobilə yükləyib aparmaq istəyərkən Baş Sumqayıt ST. XPB-nin xidmətdə olan polis serjantı Şahid1 tərəfindən aşkar edilmiş və Təqsirləndirilən şəxs2 avtomobili saxlayaraq iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək bir qrup şəxs halında dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 bir ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs2la eyni ərazidə yaşayır. Hazırda Orxan avtomobil təmirxanası sexində salon ustası işləyir. 18 mart 2021-ci il tarixdə o, yaşadığı evdən bir qədər məsafədə Orxanla görüşüb söhbət edərkən Orxan maddi vəziyyətindən gileylənmiş, onun da maddi vəziyyəti yaxşı olmadığı üçün Orxanla yaxınlıqda yerləşən H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisindən dəmir yolu xətlərinə aid olan detalları gizli olaraq götürüb yaxınlıqda yerləşən metal qəbulu məntəqələrinə təhvil verib pul əldə etmək qərarına gəlmişlər. 19 mart 2021-ci il tarixdə saat 05 radələrində Orxan tanışı Raufdan götürdüyü Changan markalı avtomobili ilə onu gəlib götürmüş, sonra dəmir yolu xətləri ərazisinə onunla birlikdə getmiş, oradan dəmir yolu xətlərinin üzərindən və ya kənarlarından dəmir yolu xətlərinə aid detalları gizli olaraq avtomobilin salonuna yığmağa başlamışlar. Həmin detalları avtomobilə yığaraq çıxıb getmək istəyərkən avtomobilin sürət qutusu xarab olmuş, buna görə Orxan tanışı Raufa zəng etmiş, avtomobilin sürət qutusunun xarab olduğunu demiş, bir qədər sonra Rauf olduqları yerə gəlmiş, avtomobilin sürət qutusunu təmir etmişdir. Bundan sonra Orxan avtomobili işə salmış, hərəkətə başlamaq istəyərkən onlara bir nəfər polis əməkdaşı yaxınlaşmış, salonda olan dəmir yolu xətlərinə aid olan detalları görmüş, həmin detalları aparmaq üçün hər hansı bir şəxsdən icazə alıb-almadıqlarını soruşmuş, Orxan da hər şeyi olduğu kimi polis əməkdaşına danışmış, sonra polis əməkdaşı rəhbərliyi ilə əlaqə saxlayaraq onları polis bölməsinə dəvət etmişdir. Onlar da etiraz etmədən polis əməkdaşı ilə birlikdə bölməyə getmişlər. Polis bölməsinin həyətində avtomobilin salonuna yığdıqları detallar yerə boşaldılmış, detallara baxış keçirilmiş, həmin detallar götürülmüşdür. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 göstərdiklərini tam təsdiq etdi və bildirdi ki, törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, Azərbaycan Dəmir Yolları Yük Daşımaları Departamentinin X5 Sumqayıt Texniki Xidmət Məntəqəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımalar Departamentinin X6 verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsin yəni Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımalar Departamentinin X6 nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 19 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımalar Departamentinin X7 vurulmağa cəhd edilən maddi ziyan 272 manat 52 qəpik dəyərindədir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 18 mart 2021-ci il tarixdə saat 09:00-dan 19 mart 2021-ci il tarixi 09:00-dək o, H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisində xidmətdə olmuşdur. 19 mart 2021-ci il tarixdə saat 07 radələrində xidməti ərazisində qırmızı rəngli Changan markalı avtomobil və yanında üç nəfər şəxsin olduğunu görmüş, buna görə də dərhal həmin şəxslərdən şübhələnib o, avtomobilə yaxınlaşmış, avtomobilə yaxınlaşanda özünü həmin şəxslərə təqdim etmiş, həmin şəxslərdən stansiya ərazisində nə etdiklərini soruşmuş, söhbət zamanı avtomobilin içində dəmir yolu xətlərinə aid olan detalları görmüş, həmin detalları hardan götürdüklərini və detalların aparılmasına icazələrinin olub-olmamasım soruşmuşdur. Avtomobilin sükanı tərəf yaxın durmuş şəxs özünü təqdim edərək adının Orxan olmasını bildirmiş, ona hərnin detalları stansiya çeşidləmə ərazisindən yığdığını və buna görə də heç kimdən icazə almadığını demişdir. Buna görə də o, dərhal bölmənin rəhbərliyinə məlumat vermiş, hər üç şəxsi bölməyə dəvət etmiş, bölmədə həmin şəxslərin Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid3 olması məlum olmuş, sonra təhqiqatçı, polis kapitanı Elməddin Həsənov həmin şəxslərin iştirakı ilə avtomobildə olan detallara baxış keçirmiş, bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəlidir, halhazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 əvvəllər onunla birlikdə Sumqayıt şəhərində yerləşən avtomobil təmirxanaları olan sexlərdən birində işləmiş, o, həmin sexdə avtomobil salonlarının təmiri ustası işləmişdir. Təqsirləndirilən şəxs2 isə həmin sexdə dəmirçi işində işləmişdir. 17 mart 2021-ci il tarixdə o, yanında köməkçi işləyən Yusiflə birlikdə Yusifə məxsus Changan markalı avtomobildə dəmirçi işi olduğu üçün Yusifin avtomobilini aparıb Təqsirləndirilən şəxs2 təmir etmək üçün vermiş, avtomobildə olan dəmirçi işlərini görüb qaytarmasını Orxandan xahiş etmişdir. Buna görə də avtomobil Orxanda qalmış, 19 mart 2021-ci il tarixdə saat 06 radələrində Orxan onun mobil telefon nömrəsinə zəng edərək Yusifə məxsus avtomobil ilə H.Z.Tağıyev stansiyası ərazisində qaldığını, həmin avtomobilin mühərrik qutusunda nasazlıq yarandığını demişdir. Buna görə də o, həmin yerə gedib avtomobilin mühərrik qutusunda olan problemi aradan qaldırmış, Orxan avtomobili işə salıb getmək istəyərkən avtomobilə polis əməkdaşı yaxınlaşmış, avtomobildə nə olduğunu soruşaraq avtomobildə olan detalları görmüş, sonra onu və Orxanla Sədatı bölməyə dəvət etmişdir. Polis bölməsində ona Orxan və Sədatın H.Z.Tağıyev stansiyası ərazisində yerləşən dəmir yolu xətlərindən oğurluq etməsi məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəlidir, halhazırda heç bir yerdə işləmir. O, bir müddət əvvəl Sumqayıt şəhərində yerləşən avtomobil təmirxanası olan sexlərdən birində avtomobillərin salon təmiri ustası tanışı Raufun yanında köməkçi işləmişdir. Həmin ərəfələrdə iki ilə yaxındır ki, aldığı Changan markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda dəmirçi işi olduğu üçün Rauf ona avtomobili dəmirçi işləyən Orxan adlı tanışına təmirə verməyini məsləhət görmüş, 17 mart 2021-ci il tarixdə o, Raufla avtomobili təmir etməsi üçün Orxana vermişdir. Bir müddət sonra ona avtomobili ilə Orxan və onun yanında olan Sədat adlı şəxsin H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisindən oğurluq etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılması məlum olmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış keçiilməsi haqqında” 19.03.2021-ci il tarixli protokoldan görünür ki, hal şahidləri və iştirakçılarla birlikdə Baş Sumqayıt XPBnin inzibati binasının həyətyani sahəsində saxlanılan qırmızı rəngli 99AB989 dövlət nömrə nişanlı “Çanqan” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan avtomobilin salon hissəsindən vaqona məxsus 5 ədəd amartizator pazı, vaqonun arabacığının 23 ədəd böyük yayı və vaqonun 23 ədəd daxili kiçik yayı aşkar olunaraq protokol əsasında götürülmüşdür. Hadisə vaxtı H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılan Təqsirləndirilən şəxs2 və X2 zamanı aşkar olunmuş avadanlıqları Tağıyev çeşidləmə dəmir yolu stansiyası ərazisindən gizli olaraq 19 mart 2021-ci il tarixdə saat 05 radələrində əldə edib qeyd olunan avtomobilin salon hissəsinə yükləyib satmaq məqsədilə aparmaq istəyərkən ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən saxlanılaraq araşdırma aparılmasından ötrü avtomobillə birlikdə XPB-nə dəvət olunduqlarını və etdikləri əməldən sonradan yanlarına gələn Şahid3 xəbərinin olmadığını bildirmişlər. Mütəxəssis kimi iştirak edən Qanuni nümayəndə aşkar olunmuş vaqona məxsus 5 ədəd amartizator pazının, vaqonun arabacığının 23 ədəd böyük yayının və vaqonun 23 ədəd daxili kiçik yayının vaqonlara məxsus olduğunu və H.Z.Tağıyev çeşidləmə vaqon deposunun balansında lduğunu söylədi. Avtomobildən qeyd olunan vaqona məxsus 5 ədəd amartizator pazından, vaqonun arabacığının 23 ədəd böyük yayından və vaqonun 23 ədəd daxili kiçik yayından başqa heç bir avadanlıq və material aşkar olunmamış və götürülməmişdir.(i.v 4-5) İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 07.04.2021-ci il tarixli məktubundan görünür ki, qeyd dilən vaqon arabacığının 23 ədəd xarici və 23 ədəd daxili yayları, eləcə də 5 ədəd amortizator pazı vaqon təsərrüfatı mütəxəssisi tərəfindən istismara yararlı olub-olmaması yoxlanılmış və aşağıda göstərilənlər müəyyən edilmişdir:qeyd olunan avadanlıqlar inventardan silinmiş vaqonlara aiddirvə X6 balansındadır. 23 ədəd xarici yaydan 8 ədədi istismara yararlıdır, 1 ədədinin qiyməti 14 manat 31 qəpikdir, 15 ədədi isə yararsızdır. 23 ədəd daxili yaydan 9 ədədi stismara yararlıdır, 1 ədədinin qiyməti 6 manat 66 qəpikdir. 5 ədəd amortizatorun pazı istismara yararsızdır, 1 ədədinin çəkisi14 kq olmaqla 5x14=70 kq. 15 ədəd yararsız xarici yay 1 ədədi 12 kq olmaqla 180 kq, 14 ədəd yararsız daxili yay 1 ədədi 5,5 kq olmaqla 77 kq. Beləliklə yararszı metal qırıntısı 180+77+70=327 kq. Metal qırıntısının 1 tonunun bazar qiyməti təqribən 300 manat təşkil edir, bu halda 327 kq X 0,30=98,10 manat. Ümumi məbləğ: 114,48 +59,94+98,10=272,52 manat təşkil edir.(i.v 18) İş materiallarında olan 9/2231 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC Yük Daşımaları Departamenti tərəfindən tərtib edilmiş 07.04.2021-ci il tarixli məlumatdan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən materialların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 272,52 manat müəyyən edilir. 8 ədəd istismara yararlı xarici yay-114,48 manat, 9 ədəd istismara yararlı daxili yay-59,94 manat, 15 ədəd istismara yararsız xarici yay-54,0 manat, 14 ədəd istismara yararsız daxili yay-23,10 manat, 5 ədəd istismara yararsız amartizator pazı-21,0 manat.(i.v 23-24) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 05.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaqla Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımalar Departamentinin Şimal vaqon deposu ərazisindən oğurlamağa cəhd edərək aparmaq istədikləri 08 ədəd hər biri istismara yararlı xarici yay, 09 ədəd istismara yararlı daxili yay, 15 ədəd istismara yararsız xarici yay, 14 ədəd istismara yararsız daxili yay, 05 ədəd yararsız amartizator pazı olan detalları öz xüsusiyyətinə və əlamətlərinə görə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır.(i.v 34) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 24.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 53) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 24.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 74) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2837 saylı, 16.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 96) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2838 saylı, 16.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 97) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 03.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v 98-99) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 16.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(i.v 100) İş materiallarında olan Sumqayıt Şəhər 3 nömrəli xəstəxananın 17.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur.(i.v 101) İş materiallarında olan Sumqayıt Şəhər 3 nömrəli xəstəxananın 17.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur.(i.v 102) İş materiallarında olan 18.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 104) İş materiallarında olan 25.08.2021-ci tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Səna oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 108) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v 113-118) İş materiallarında olan “Sübutların qiymtələndirilməsi haqqında” 01.09.2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaqla Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımalar Departamentinin Şimal vaqon deposu ərazisindən oğurlamağa cəhd edərək aparmaq istədikləri 08 ədəd hər biri istismara yararlı xarici yay, 09 ədəd istismara yararlı daxili yay, 15 ədəd istismara yararsız xarici yay, 14 ədəd istismara yararsız daxili yay, 05 ədəd yararsız amartizator pazı olan detalları öz xüsusiyyətinə və əlamətlərinə görə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına verilmişdir.(i.v 128- 132) İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri Adil Bünyadovun 11.10.2021-ci il tarixli 215161/21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 11 oktyabr 2021-ci il tarixədək əlavə cəzasının 1 ay 9 gününü çəkmişdir və hazırda 1 il 10 ay 21 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, işdə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi yaşayış yerindən müsbət xarakterizə edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-454/2016 saylı, 25 noyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (ay) ay 21 (iyirmi bir) gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaqla Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımalar Departamentinin Şimal vaqon deposu ərazisindən oğurlamağa cəhd edərək aparmaq istədikləri 08 ədəd hər biri istismara yararlı xarici yay, 09 ədəd istismara yararlı daxili yay, 15 ədəd istismara yararsız xarici yay, 14 ədəd istismara yararsız daxili yay, 05 ədəd yararsız amartizator pazı Azərbaycan Dəmir Yolları QSC-yə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Z.Tağıyev-çeşidləmə stansiyası 14 №-li H.Z.Tağıyev yol sahəsinin inzibati binasındakı mənzili tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-454/2016 saylı, 25 noyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması əlavə cəzanın çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilsin və Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə 01 (bir) il 10 (on) ay 21 (iyirmi bir) gün nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2nın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2nın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2nın üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşma Bağları, “Polad” Bağçılıq Cəmiyyətinin 455 nömrəli bağ evi ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaqla Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımalar Departamentinin Şimal vaqon deposu ərazisindən oğurlamağa cəhd edərək aparmaq istədikləri 08 ədəd hər biri istismara yararlı xarici yay, 09 ədəd istismara yararlı daxili yay, 15 ədəd istismara yararsız xarici yay, 14 ədəd istismara yararsız daxili yay, 05 ədəd yararsız amartizator pazı Azərbaycan Dəmir Yolları QSC-yə qaytarıl sın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar