Məhkəmə qərarları › İş №1(060)-643/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-643/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-643/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Dəvəçi ray., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən Bərpa xəstəxanasının arxa tərəfində qaynı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zaman sonuncuya üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, bacısı Nurlu ilə Elşad təxminən 15 ildir ki evlidirlər. Təxminən 7-8 ildir ki, bacısı ilə onun həyat yoldaşı Elşad arasında tez-tez münaqişələr baş vermiş və bacısı tez-tez övladları ilə birlikdə onların yaşadıqları ünvana gəlmişlər. Təxminən 1 aydır ki, bacısı yenidən onların yaşadıqları ünvana gələrək onlar ilə yaşamağa başlamışdır. Bildirir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində Elşad ona zəng edərək övladlarını görmək istədiyini bildirmişdir. O, bu zaman həmin şəxsə bacısının onunla barışmaq istəmədiyini bildirmiş, bu zaman Elşad ona Sumqayıt şəhəri, S.Vurğun küçəsində, Bərpa Xəstəxanasının arxa tərəfində olmasını bildirmişdir. O, bu zaman özünə məxsus olan Ford Tranzit markalı avtomobili ilə Elşadın dediyi yerə gəlmişdir. Zərərçəkmiş şəxs ona bacısı Nurlu ilə barışmaq istədiyini bildirdiyi zaman o, həmin şəxsə bacısını çox incitdiyini və bu səbəbdən onunla barışmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs bacısının ünvanına nalayiq söz dediyi zaman o, əsəbləşərək həmin şəxsin üz nahiyyəsinə yumruqla zərbə endirmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs notarial qaydada ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təxminən 15- 20 gündür ki, həyat yoldaşı X4 ilə aralarındada biraz söz-söhbət yaranmışdır.O, hal-hazırda həyat yoldaşı 2 oğlan övladı ilə birlikdə ata evində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində o, qaynı Vidadidin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ona ailəsi ilə barışmaq istədiyini və övladlarını görmək istədiyimi bildirmişdir. Bu zaman həmin şəxs ona bacısının onunla barışmaq istəmədiyini bildirmişdir. O, bu zaman Vidadiyə onunla görüşmək istədiyini bildirmiş, Vidadi ondan harada olduğumu soruşduqda o, Sumqayıt şəhəri, S.Vurğun küçəsində olduğunu demişdir. Saat təxminən 15:30 radələrində Vidadi onun yanıma gəlmiş, bu zaman o, Bərpa Xəstəxanasının arxa tərəfində olmuşdur. Vidadi yanına gəldikdən sonra ondan həyat yoldaşını niyə görə incitməyini soruşmuş, o isə həyat yoldaşını incitmədiyini, sadəcə olaraq aralarında anlaşılmazlıq olduğunu bildirdiyi zaman Vidadi yumruqla onun ağız nahiyyəsinə vurmuşdur. Bundan sonra o, zərbənin təsirindən yerə yıxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X5 xx.xx.2023-cü il tarixli, 916 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Üst dodağın selikli qişanın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 13.05.23-cü il tarixdə yerinə yetirilə bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v. 16-19). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( i.v. 30) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 29). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar