Məhkəmə qərarları › İş №1(060)-644/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-644/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-644/2022 02.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta ixtisas təhsilli, idman müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8ci mkr, ev 22/3, mənzil 4-də qeydiyatda olan və Sumqayıt şəhəri, 1ci mkr, ev 52, mənzil 54-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən «Pioner» mağazasının yaxınlığında idarə etdiyi «BMW» markalı, **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda tanışı Zərərçəkmiş şəxs ona məxsus avtomobili cızmasına irad bildirməsi səbəbindən aralarında yaranmış münaqişə zəminində əl zərbələri ilə sonuncunun sifət və bədənin müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona sol bazu oynağının hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sol gözətrafı nahiyəsinin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyənin qançırı, sağ gicgah-təpə nahiyəsinin şişkinliyi-hematoması, alt dodağın qançırı və yarası, çənəaltı nahiyənin, döş qəfəsinin, sol bazunun, sağ bazunun, sağ əlin İİİ-İV barmağının qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadı Nəzrinin rəfiqəsidir. Şöləni təxminən 2 ildir ki, tanıyır. Keçmiş həyat yoldaşı Nəzrindən boşandıqdan sonra Şölə ilə münasibət qurmuş, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. 24 mart 2022-ci il tarixdə Şölə ilə birlikdə Qusar rayonu, Şahdağ istirahət mərkəzinə getmiş, oradan qayıdan zaman Şölə onun mobil telefonunda İnstagram sosial şəbəkəsindəki hesabında başqa bir qadınla mesajlaşdığını görmüş, bununla da aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra aralarında soyuqluq yaranmış, əvvəlki kimi danışıb görüşməmişlər. 07 aprel 2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 1ci mikrorayon ərazisində saxladığı özünə məxsus “BMW 750” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilinin sol tərəfində ön qapıdan arxa qapıya kimi olan hissənin açarla cızıldığını görmüş, bunu Şölənin acığa etdiyini başa düşmüşdür. Ona görə də həmin gün, saat 17 radələrində tanışı Eminlə birlikdə Şölənin işlədiyi 45-ci məhəllədə yerləşən “Pioner” marketinə getmişdir. Şölə ilə görüşüb ona sözünün olduğunu deyərək, Şölənin çölə çıxmasını istəmişdir. Marketin sağ tərəfində yerləşən binanın keçid hissəsində söhbət zamanı Şölə ona maşınını cızdığını etiraf etmiş və o əsəbindən Şölənin sinəsinə yüngülcə yumruqla vurmuşdur. Sonra aralarında sözlü mübahisə başlamışdır. O, avtomobilinə əyləşmiş, həmin vaxtı Şölə də özü gəlib avtomobilin arxa oturacağına əyləşmişdir. Tanışı Emin avtomobildə qabaq oturacaqda oturmuş, o avtomobili idarə edərkən yolda Şöləni söyərək onu vurmaq istəmiş, bu zaman Emin onun əlini tutaraq mane olmuşdur. Şölə isə ona başqa adamın yanında mübahisə etməsini deyərək irad tutmuşdur. Şölənin ona cavab qaytarmasından daha da əsəbləşərək yumruqla onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq onu döymüşdür. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Fərhad oğlu ilə iki ildir ki, tanış olmuş, bu müddətdə onunla qeyri-rəsmi münasibətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə Raminlə birlikdə Qusar rayonu Şahdağ istirahət mərkəzinə getmiş, oradan qayıdan zaman yolda Raminin avtomobilinin təkəri partladığından o təkərin təmiri ilə məşğul olduğu zaman onun telefonunu götürüb baxarkən instagram hesabında başqa bir qadınla mesajlaşmasını görmüş, bundan sonra aralarında münaqişə baş vermiş və o, Raminə ondan ayrıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində o işi ilə əlaqədar Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketdə olarkən Ramin marketə gəlib onunla söhbət etmək üçün çölə çağırmış, lakin o getməmişdir. Sonra Raminin marketdə bir narahatlıq yaradacağından ehtiyyatlandığı üçün özü bayıra çıxıb onun yanına, binanın keçid hissəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə, səhər radələrində evdən çıxıb işə gedərkən 1-ci mikrorayon ərazisində Raminin “BMV” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilini yeni tikili binanın qarşısında görüb avtomobilə yaxınlaşmış, ona qarşı əsəbi olduğu üçün açarla avtomobilin qapısını yüngülcə cızmışdır. Ramin ondən avtomobilini niyə cızdığını soruşmuş onun üstünə acıqlanaraq əvvəlcə orada sinə nahiyəsinə yumruqla vurmuşdur. Sonra ondan avtomobildə oturmağını tələb etmiş. O keçib avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin vaxt qabaqda sərnişin oturacağında Raminin tanımadığı dostu oturmuş, Ramin avtomobili bir qədər qabağa sürüb saxlamışdır. Sonra elə dostunun yanında onun ünvanına nalayiq söyüşlər söyərək yumruqla sol çiyin nahiyəsinə bir dəfə vurmuşdur. O yad adamın yanında kobudluq etməməsini tələb etdikdə Ramin dostunu avtomobildən düşürmüş, Ramin arxaya çevrilərək onun sifətinə, bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmağa başlamışdır. Raminin vurduğu yumruq zərbələrindən biri onun dodağını partlatmış, sol gözünün altını zədələmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 432 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu oynağının hərəkətinin çətinliyinə səbəb ola biləcək yumşaq toxumalarının şişkinlik fonunda əziyi-qançırı, sol gözaltı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyyənin qançırı, sağ gicgah-təpə nahiyyəsinin şişkinliyi-hematoması, alt dodağın qançırı və yarası, çənəaltı nahiyyənin, döş qəfəsinin, sol bazunun, sağ əlin İİİ-İV barmaqlarının qançırı xəsarətləri olmaqla küt əşyanın təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən şəraitdə, kənar şəxsin təkrar zərbələr vurması nəticəsində xx.xx.2022-ci il tarixə uyğun əmələ gələ bilməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb ola bilən “Yüngül” zərərvurmaya aid edilməsi qeyd edilmişdir. (i.v. 18-20) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 31) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 4 (dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 24 (iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar