Məhkəmə qərarları › İş №1(060)-644/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-644/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-644/2025 21.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, Zəngişalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Zəngişalı ərazi dairəsi, Zəngişalı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Zəngişalı ərazi dairəsi, Zəngişalı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,147 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 may 2025-ci il tarixdə, saat 02:20-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında saxlanılıb orada üzərinə keçirilmiş baxış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1,147 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Sahil küçəsi, İbiza restoranının yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da əynində olan şalvarın cibindən şəffaf rəngli sellofan bükümdə olan maddəni çıxarıb təqdim etmişdir. O, həmin maddəni şəxsi istifadəsi üçün sosial şəbəkədə tanış olduğu, tanımadığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ünvan vasitəsilə Novxanı ərazisindən götürdüyünü və kart vasitəsilə 40 manat ödəniş etdiyini bildirmişdir. Həmin şəxs ona yarım qram heroin verməli idi. Həmin şəxs dəfələrlə onun telefon nömrəsinə narkotik vasitə alması ilə bağlı yazmış, o da axırda razılığa gəlmişdir. O, bükümü təqdim etdikdən sonra polis əməkdaşları ilə birlikdə Polis idarəsinə getmişdir. Polis idarəsinə gətirildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra orada onun üzərindən aşkar edilmiş narkotik vasitə olan bükümə baxış keçirilmişdir. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, o, tutulmazdan bir ay əvvəl narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. İstintaq zamanı 3-4 il müddətində narkotik vasitə istifadə etməsini bildirməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis İdarəsində olarkən ona heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İfadə verərkən müdafiəçi ilə təmin edilmiş və ifadəsini özü imzalamışdır. Son söz olaraq əməlindən peşman olduğunu, iki azyaşlı qızının olduğunu bildirmiş və məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-na əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis serjantı Şahid2, polis serjantı Şahid3 və inspektor kriminalist X7 iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, xx.xx.2025-ci il tarixdə əməliyyat qrupunun üzvləri birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 02:20 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onun Sumqayıt şəhəri, Sahil küçəsi, “İbiza” restoranının yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da üzərində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzi vasitəsi ilə çəkilmiş, təxminən 1,31 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü zərfə qablaşdırılmış və üzəri imzalandıqdan sonra möhürlənmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, plastik kartlar aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işləri aparılmasından ötrü Polis İdarəsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə olan zərf təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkiləri, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 02:20-də Sumqayıt şəhəri, Sahil küçəsi, “İbiza” restoranının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat tədbirinin mobil telefon vasitəsi ilə qeydə alındığı izah edilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə heroin olduğunu və öz şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 40 manata əldə etdiyini bildirmişdir. Həmin şəffaf sellofanda olan büküm açılmış və içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,30 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş kütlə bir ədəd ağ rəngli zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılmaqla möhürlənmişdir. (i.v. 8-9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:20-də Sumqayıt şəhəri, Sahil küçəsi, “İbiza” restoranının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 29) “Şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 04:07-dən saat 04:15-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, bundan sonra baxışda iştirak etmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənmiş 01 ədəd zərfi təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində heroinə bənzər maddə olan bükümün elektron tərəzidə çəkildiyini, həmin bükümün çəkisinin 1.30 qram olduğunu, daha sonra həmin bükümü 01 ədəd zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİNin möhürü ilə möhürləndiyini bildirmişdir. Daha sonra təqdim edilmiş 01 ədəd zərf götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin “kakos” olduğunu, həmin bükümü xx.xx.2025-cı il tarixdə axşam saat 11-12 radələrində sosial şəbəkədə tanış olduğu tanımadığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkan yeri vasitəsilə Novxanı ərazisindən götürdüyünü və qarşılığında onlayn ödəmə vasitəsilə 40 manat ödəniş etdiyini və bükümü şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmiş və o, üzərində heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını bildirərək əynində olan şalvarın cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonu, bundan başqa əynində olan göy rəngli gödəkçənin sağ üst cibində saxlamış olduğu 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd Azəriqaz İB-yə məxsus smart kartı, bundan başqa 01 ədəd Unibank kartı, 01 ədəd isə Kapital Birbank kartını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar olunmamışdır. (i.v.31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin xx.xx.2025-ci il tarixli 20/392 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: DİN “Zərflər üçün № 124” möhür əksi, “Şahid1 /imza/; Şahid2 /imza/; Təqsirləndirilən şəxs /imza/; Şahid3 /imza/” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 1,147 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata qəbul edildi 1,147 qram; nümunə götürüldü 0,1 qram; 1,047 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v.38-41) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 16:00-da ittiham ona elan edilmişdir. (i.v. 54-55) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.64-65) Şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, onun MSY-dən azad edilməsi qərara alınmış və xx.xx.2025-ci il tarixdə saat 17:00-da MSY-dən azad edilmişdir. (i.v.66) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonuna baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi aşkar olunmuş və telefonun içərisinə baxış zamanı hər hansı bir cinayət xarakterli məlumat aşkar olunmamışdır.(i.v. 68a-68b) Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də 01ədəd “Samsung” markalı mobil telefonunu işlək vəziyyətdə təhvil almışdır. (i.v. 68) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir. (i.v 77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X1 barədə xx.xx.2025-ci il tarixli, 5237 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə elan olunmuş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alımış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 1,30 qram çəkidə heroin aşkar edilsə də, ekspertiza rəyində həmin heroinin çəkisi 1,147 qram olduğu göstərildiyi üçün heroinin çəkisinin 1,147 qram olması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 1,147 qram olan heroin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,047 qram heroin iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış protokolları, həmin protokola əlavə edilmiş video görüntülər, maddi sübutlar, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertiza rəyləri, həmçinin ilkin təhqiqat materialları sübut kimi qiymətləndirilmişdir. (i.v.101-105) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı, yəni himayəsində iki azyaşlı uşağının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, narkotik vasitənin növünü və miqdarını, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:20-dən saat 17:00-dək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5237 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5237 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,047 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 392 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 1,047 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar