Məhkəmə qərarları › İş №1(060)-645/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-645/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-645/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Tovuz şəhərində anadan olan, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Biləsuvar rayonu, Biləsuvar şəhəri, X8 prospekti, ev 5-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ev 37A, mənzil 77-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş qardaşı X3 cəzasını 03 ilə endirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu Atatürk parkının yaxınlığında 4500 (dörd min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə, saat 18:54-də isə Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a aid 4169 7388 7721 3326 nömrəli kart hesabına Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, ev 22-də yerləşən “E-manat” terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş 500 (beş yüz) manat, ümumilikdə 5000 (beş min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu X3 cəzasını 03 ilə endirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 21/49, mənzil 38-də 2000 (iki min) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, Elvinin qardaşı Elnur həbsdə onun dostu, hazırda həbsdə olan Rahib adlı şəxslə bir cəzaçəkmə müəssisəsində, yəni, 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Elnur Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Elnur həbsdə olan zaman Rahib Elnura onun nömrəsini verərək, məhkəmə işlərində kömkəlik edə biləcəyini demişdir. Elnur da onun nömrəsini qardaşı Elvinə vermişdir, bundan sonra Elvin ona zəng edərək, onunla əlaqə saxlamışdır. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2la görüşmüşdür, Elvin qardaşı Elnurun işinin Ali məhkəmədə olduğunu demişdir, Elnurun cəzasının azaldılmasını istəmişdir, o da Elvinə yalandan Ali Məhkəmədə tanışı olduğunu, 6 il həbs müddətini 3 ilə endirə biləcəyini demişdir, bunun müqabilində Elvindən 9000 (doqquz min) AZN pul istəmişdir, pulun yarısını qabaqcadan, qalan hissəsini isə iş bitdikdən sonra alacağını demişdir. Elvin də onunla razılaşmışdır, 2022-ci ilin dekabr ayının əvvəlində Bakı şəhəri Nərimanov rayonunda Atatürk parkında yerləşən çayxanada Elvinlə görüşmüşdür, Elvin ona 4500 AZN pul vermişdir. Elvin ona pulu verən zaman adını xatırlamadığı bir dostu yanlarında olmuşdur. xx.xx.2022-ci il tarixdə isə onun kart hesabına 500 manat pul göndərmişdir. Əslində isə onun Ali Məhkəmədə tanışı yoxdur, onun pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 aldadıb pulunu almış, bir müddət sonra işin alınmadığını deyib həmin pulunu Elvinə qaytaracaqdı. O, ilkin izahatlarında Zərərçəkmiş şəxs2 ümumlikdə 5000 AZN yox 4500 AZN pul aldığını desə də əslində 5000 manat pul almışdır. Sadəcə özünü müdafiə etmək məqsədilə 4500 mant demişdir. Elvin onun barəsində şikayət edəcəyini deyəndə o, Elvinə şikayət etməməsini, pulunu qaytaracağını demişdir, Lakin Elvin ona inanmayaraq şikayət etmişdir. O, Elvinin anası Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi nüansların çoxu doğrudur. Belə ki, Zərərçəkmiş şəxs1 dediyi kimi o, Zərərçəkmiş şəxs1 evinə getmişdir. Lakin, 2000 manat pulu almamışdır. Zərərçəkmiş şəxs1 yalan demişdir. Onun ümumilikdə aldığı pul 5000 manat olmuşdur. O, 3-4 dəfə Elnurla telefon vasitəsi ilə danışmış, Elnurun razılığından sonra Elvin onunla görüşüb pul vermiş, asan yolla aldadıb inandırıb pul almaq məqsədi ilə Ali Məhkəmədə işləməyini demiş, səs yazılarında olan səslər özünə məxsus olmuş, Elvinlə arasında mübahisə olmuş və buna görə də Bəsurə Məmmədova ilə danışıb pulu geri qaytaracağını bildirmişdir. İndi etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, qardaşı X5 2021-ci ilin mart ayında Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal- hazırda cəzasını Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəndə çəkir. Qardaşı 2022-ci ilin noyabr ayının sonlarında onunla əlaqə saxlayaraq eyni cəzaçəkmə müəssisəsində cəza çəkən başqa bir dustağın cəzasını endirmək üçün tanışının olduğunu deyib ona Emin adlı bir şəxsin ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Elnur həmin nömrə ilə əlaqə saxlayıb danışmağını və cəzasının endirilməsində köməklik göstərəcəyini demişdir. O, Elnurun dediyi ilə razılaşmışdır. Emin adlı şəxslə 2022-ci ilin noyabr ayında 3-4 dəfə mobil telefonla danışmışdır. 2022-ci ilin dekabr ayının ilk günlərində tək Emin adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkında görüşmüşdür. Emin ona cəzanın hər bir ilinin endirilməsinə 3000 manat lazım olduğunu və ümumilikdə 9000 manat pul istəmişdir. O, isə Emindən işin hallarını soruşmuşdur. Emin ona Ali Məhkəmənin dəftərxanasında işlədiyini, lakin, işinin başqa iş olduğunu, işin dəftərxanaya qayıdacağını, dəftərxanaya qayıtdıqdan sonra Ali Məhkəmənin hakimi olan Elşanə Vəliyeva ilə danışılacağını və icraatına götürüləcəyini qeyd edib bundan sonra köməklik göstəriləcəyini demişdir. O, Eminə öz minnətdarlığını bildirmişdir. Sonra Eminlə sağollaşıb ayrılmışdır. Təxminən 3 gün sonra yenidən Eminlə ilk dəfə görüşdüyü yerdə görüşmüşdür. Onun yanında dostu Şahid2 olmuşdur. Eminlə görüşdükdən sonra adını xatırlamadığı çayxanaya getmişlər. Çay içə-içə söhbət etmişlər. Söhbət zamanı o, Eminə 4500 (dörd min beş yüz) manat pul vermişdir. Pulu verdikdən sonra Eminə onları aldatmamasını demişdir. xx.xx.2022-ci il tarixdə Emin onunla əlaqə saxlayaraq hakim Elşanə Vəliyevanın rayonların birinə sədr vəzifəsinə gedəcəyi üçün başqa bir adam vasitəsi ilə işin həll olunacağını, dəftərxanadan lazım olan adama həvalə edilməsi üçün əlavə 500 (beş yüz) manat pul istəmişdir. O, xx.xx.2022-ci ildə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazində yerləşən “Emanat” terminalından Eminin dediyi hesaba 500 (beş yüz) manat pul köçürmüşdür. 2023-cü ilin yanvar ayında Emin ona zəng edərək işin bayrama düşdüyü üçün gecikdiyini, 15 gün ərzində işi dəftərxanaya qaytaracağını və dediklərini edəcəyini bildirmişdir. O, Eminin sözlərinə arxayın olmuşdur. 2023-cü ilin yanvar ayının əvvəllərində Eminlə əlaqə saxlamışdır. Emin telefon danışığı zamanı işin dəftərxanaya qayıtdığını, adını demədiyi bir nəfərə həvalə edilməsi üçün Elşanə xanımın xahiş etdiyini demişdir. O, Eminin dediklərinə inanmışdır. Fevral ayının əvvəllərindən o, Eminlə əlaqə saxlamağa çalışsa da Emin zənglərinə cavab verməmiş, pulunu geri qaytarmamışdır. O, Eminin ona qarşı dələduzluq etdiyini bilib polisə şikayət etmişdir. Bu günə qədər ziyan ödənilməmişdir, pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, X5 onun doğma oğludur. X10 narkotik vasitələrin və psixatrop maddələrin istifadəsi, daşınması və satışında təqsirli olduğu üçün Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəhəsi tərəfindən barəsində olan cinayət işi üzrə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elnurun hökmü çıxdıqdan sonra onlar Apellyasiya şikayəti vermişlər, lakin, Apellyasiya məhkəməsi də hökmü qüvvəsində saxlamışlar. Bundan sonra o, iş üzrə çıxarılmış hökmdən kassasiya şikayəti vermişdir. Cinayət işi Ali Məhkəmədə olan zaman 2022-ci ilin noyabr ayının sonlarında Elnur cəzaçəkmə müəssisəsindən onunla əlaqə saxlayaraq cəza çəkən bir şəxsin qohumunun cəzanın aşağı salınmasında köməklik göstərə biləcəyini demişdir. O, həmin şəxsin kim olduğunu soruşduqda Emin adlı şəxs olduğunu demişdir. Bundan sonra Elnur Eminin mobil nömrəsini oğlu Elvinə vermişdir. Oğlu Elvin və Elçin, həmçinin qohumları olan Veysəl də həmin Emin adlı şəxs ilk dəfə Bakı şəhəri ərazisində tanışlıq məqsədi ilə görüşmüşlər. Emin ilkin olaraq 9000 manat pul lazım olduğunu demiş, əvvəl məbləğ olaraq 5000 lazım olduğunu demişdir. Emin özünü Ali Məhkəmənin dəftərxanasında işlədiyini, lakin, işinin başqa iş olduğunu, işin dəftərxanaya qayıdacağını, dəftərxanaya qayıtdıqdan sonra Ali Məhkəmənin hakimi olan Elşanə Vəliyeva ilə danışılacağını və işi hakimin icraatına götürüləcəyini qeyd edib bundan sonra köməklik göstəriləcəyini demişdir. Oğlu Elvin 2022-ci ilin dekabr ayında ayrıayrılıqda 4500 manat və 500 manat pulu olmaqla Elnurun cəzasının aşağı endirilməsi məqsədi ilə Eminə vermişdir. Emin yanvar ayının əwələrində onunla əlaqə saxlayaraq işin tez bir zamanda həll olunacağını, özünə düşən paya ehtiyac olmadığını, lakin, işin həlli üçün əlavə olaraq 2700 manat pul lazım olduğunu demişdir. O, isə Eminə pulu həll edib əlaqə saxlayacağını demişdir. Təxminən 1 həftə sonra Emin ona zəng edərək Sumqayıt şəhər məhkəməsinin qarşısına gəldiyini və onunla görüşmək istədiyini demişdir. Elvin işdə olduğu üçün o, Veysəllə birlikdə getmişdir. Məhkəmənin qarşısında Eminlə görüşmüşdür. Emin Veysəlin yanında məsələnin tez bir zamanda həll olunacağını, heç bir problemin olmayacağını deyib onu arxayın etmişdir. Bundan sonra Veysəl getdiyi üçün o, Emini evə dəvət etmişdir. Emin onunla birlikdə yaşadığı evə gəlmişdir. Orada oğlu Elçinin yanında bir daha işi həll edəcəyini, Elnurun cəzasının aşağı olacağını demişdir. Elçin ona pul verərək Emini taksi ilə yola salmağını demişdir. Emin həmin vaxt ona göz ilə işarə edərək yola salmağını xahiş etmişdir. O, Eminlə təklikdə qaldıqda Eminə oğlu Elnurun cəzasının aşağı salınması məqsədi ilə əlavə 2000 manat pul vermişdir. Bundan sonra Emin sağollaşıb getmişdir. O, bununla bağlı heç kimə heç bir məlumat verməmişdir. Lakin, bir neçə müddət keçsə də Emin dediyi heç bir vədə əməl etməmiş və pulu geri istədikdə müxtəlif bəhanələr gətirərək yalanlar demişdir. Bu günə qədər ziyan ödənilməmişdir, pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, X5 onun doğma qardaşıdır. Qardaşı narkotik vasitələrin və psixatrop maddələrin istifadəsi, daşınması və satışında təqsirli olduğu üçün Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəhəsi tərəfindən barəsində olan cinayət işi üzrə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elnurun hökmü çıxdıqdan sonra Apellyasiya şikayəti vermişlər, lakin, Apellyasiya məhkəməsi də hökmü qüvvəsində saxlamışdır. Bundan sonra onlar iş üzrə çıxarılmış hökmdən kassasiya şikayəti vermişlər. Cinayət işi Ali Məhkəmədə olan zaman 2022-ci ilin noyabr ayının sonlarında Elnur cəzaçəkmə müəssisəsindən anası ilə əlaqə saxlayaraq onunla cəza çəkən bir şəxsin qohumunun cəzanın aşağı salınmasında köməklik göstərə biləcəyini demişdir. Anası da həmin şəxsin kim olduğunu soruşduqda qardaşı Elnur həmin şəxsin Emin adlı şəxs olduğunu demişdir. Bundan sonra Elnur Eminin mobil nömrəsini qardaşı Elvinə vermişdir. 2022-ci ilin noyabr ayında qardaşı Elvin və o, həmçinin qohumları Veysəl də həmin Emin adlı şəxs ilk dəfə Bakı şəhəri ərazisində tanışlıq məqsədi ilə görüşmüşlər. Bundan sonra qardaşı Elvin Eminlə Bakı şəhəri ərazisində təklikdə 2-3 dəfə görüşmüşdür. Eminlə görüşən zaman Emin özünü Ali Məhkəmədə dəftərxana işçisi kimi təqdim etmişdir. Qardaşı Elvin 2022-ci ilin dekabr ayında ayrı-ayrılıqda 4500 manat və 500 manat olmaqla ümumilikdə 5000 manat olmaqla Elnurun cəzasının aşağı endirilməsi məqsədi ilə Eminə vermişdir. Sonra 2023-cü ilin yanvar ayında Emin anası Zərərçəkmiş şəxs1 zəng edərək işin tez bir zamanda həll olunacağını, özünə düşən paya ehtiyac olmadığını, lakin, işin həlli üçün əlavə olaraq 2700 manat pul lazım olduğunu demişdir. Təxminən 1 həftə sonra anası Eminlə görüşmüşdür. Sonra anası Eminlə birlikdə yaşadıqları evə gəlmişlər. Onun yanında Emin anasına işi tez bir zamanda həll edəcəyini bir daha demişdir. O, anasına pul verərək Emini taksi ilə yola salmağını demişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşından əlavə anası Zərərçəkmiş şəxs1 qardaşı Elnurun cəzasının aşağı endirilməsi məqsədi ilə əlavə olaraq Eminə 2000 (iki) min manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 onun dostunun qardaşıdır. Onun Elnurun qardaşı Elvin ilə yaxın münasibəti vardır, həm də uzaqdan qohumdur. Elnur narkotik vasitələrin və psixatrop maddələrin istifadəsi, daşınması və satışında təqsirli olduğu üçün Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəhəsi tərəfindən barəsində olan cinayət işi üzrə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elnurun hökmü çıxdıqdan sonra Elvingil Apellyasiya şikayəti vermiş, lakin, Apellyasiya məhkəməsi də hökmü qüvvəsində saxlamışdır. 2022-ci ilin noyabr ayında Elvin ona zəng edərək qardaşı Elnurun işi ilə bağlı Bakı şəhərinə onunla birlikdə gedə biləcəyini ondan soruşmuşdur. O, Elvinə gedə biləcəyini demişdir. O, Elvin və Elçin birlikdə Bakı şəhərinə götmişdir. Orada Emin adlı bir şəxslə görüşmüşlər. Həmin şəxs özünü Ali Məhkəmənin dəftərxanasının əməkdaşı kimi təqdim etmişdir. Sonra Elvin və Elçin mövcud vəziyyəti danışmışlar. Emin işi həll edə biləcəyini demişdir. Sonra işin həlli üçün ümumi olaraq 9000 manat pulun lazım olduğunu demişdir. Lakin, ilkin olaraq 5000 manat pul lazım olduğunu bildirdi. Elvin və Elçin razılaşdılar. Sonra sağollaşıb ayrılmışlar. Təxminən bir neçə gün sonra onlar yenidən Elvin, o və Emin üçü Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Atatürk parkında görüşmüşlər. Elvin ilkin olaraq 4500 (dörd min beş yüz) manat pulu Eminə vermiş və Emin həmin pulu götürmüşdür. X6rı aldatmamasını demişdir. Emin isə işi tez bir zamanda həll edəcəyini qeyd etmişdir. Bir neçə müddət keçdikdən sonra Elvinlə görüş zamanı Elvin ona Eminə əlavə 500 manat da pul göndərdiyini demişdir. O, Elvinə nə üçün əlavə 500 manat göndərdiyini soruşduqda Elvin cavab vermişdir ki, işi görən hakim başqa vəzifəyə təyin edilib, dəftərxanada lazım olan adama işi salmaq üçün Emin əlavə 500 manat pul istəyibdir. Bundan bir neçə gün keçdikdən sonra Elvin ona zəng edərək işdə olduğunu, Eminin Sumqayıt şəhərinə gəldiyini və anası Zərərçəkmiş şəxs1 Eminin yanına aparmağını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 yaşadığı evdən götürmüş və Sumqayıt şəhər məhkəmə Kompleksinin qarşısına aparmışdır. Orada Zərərçəkmiş şəxs1 ilə Emin görüşmüşlər. Emin işin tez bir zamanda həll olunacağını Zərərçəkmiş şəxs1 davamlı olaraq deyirdi. Sonra onun işi olduğu üçün getmişdir. 2023-cü ilin mart ayında Elvinlə görüşən zaman Elvin anası Bəsurənin də həmin günü əlavə olaraq 2000 manat pul verdiyini ona demişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:35-də Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkna tədbiri seçilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı deyerək Təqsirləndirilən şəxs ifşa etmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Əzizov X2 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 66.3 və 67.1-ci maddələri ilə 11 il müddətinə azadlqıdan məhrumetmə və 1080 manat cərimə cəzası təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra edilmiş, xx.xx.2019-cu ildə azadlqıdan məhrumetmə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o Nərimanov RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2021ci ildə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa o Xəzər RPİ tərəfindən Azərbaycan espublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş xx.xx.2022-ci ildə CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X4 adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan Biləsuvar ŞİƏD-nin xasiyyətnaməsindən görünür ki, Əzizov X2 rayonunda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs tutulduğu halda MSY-nə təhvil verilməsi və o tutulanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 58-4/2-6884/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı deyerək Təqsirləndirilən şəxs ifşa etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış Sumqayıt ŞPİ-nin İŞ-nin xidməti otağında keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:54-də Təqsirləndirilən şəxs adına olan Kapital Banka aid 4169 7388 7721 3326 nömrəli kart hesabına Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, ev 22-də yerləşən E-manat terminalı vasitəsi ilə 500 manat pul göndərilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, orada ayrı-ayrı 06 adda faylların olması müəyyən edilir. Həmin fayllar “AUD- 202306**-WA-***1”, “AUD-202306**-WA-***2”, “ AUD-202306**-WA-***3”, KAUD- 202306**-WA-***4”, “AUD-202306**-WA-***5”, “AUD-202306**-WA-***6”-dir. Məhkəmə iclasında həmin diskdəki səs yazıları nümayiş etdirilmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 səsli mesajları, ona işi düzəldəcəyi, pulu aldığını təsdiq etməsi, Zərərçəkmiş şəxs1 ilə parkda əvvəlki yerdə görüşəcəyi, ona pulu aparıb yerinə qoyması üçün qaytaracağı və s. barədə deməsi əks edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 308.1, 310, 32, 312.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd ödəniş qəbzi və 01 ədəd disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin rsidivinin olması və məhkumluğu olan şəxs olması nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 pul almaması ilə bağlı göstərdiklərinə tənqidi yanaşır və hasab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Şünki həmin epizodla bağlı da kifayət qədər atraflı araşdırma aparıldı və ittihamın bu hissəsi də təsdiq edildi. Xüsusən təqdim edilmiş səs yazıları Zərərçəkmiş şəxs1 göstərdiyi halları tam təsdiq edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilən cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1080 manat cərimə cəzası ilə birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut-1 ədəd ödəniş qəbzi və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə tutulmuş, 27 fevral 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilməmiş, onlar isə ziyanın tam ödənilməsini tələb edirlər. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Cinayət işi üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 1080 (bir min səksən) manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə və 1080 (bir min səksən) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 1080 (bir min səksən) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxsnın azadlıqdan məhrumetmə cəzasının əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-1 ədəd ödəniş qəbzi və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar