Məhkəmə qərarları › İş №1(060)-646/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-646/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-646/2024 24.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi çəkisi- 0,193 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 25 mart 2024-cü il tarixdə, saat 11:55-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 3-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 25 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı və təsadüfən rastlaşdığı şəxslə söhbət edərkən psixotrop maddələrdən istifadə etdiyini bildirmiş və həmin şəxs ona psixotrop maddə olan metamfetamin verə biləcəyini bildirmişdir. O, həmin şəxsdən 10 manata bir ədəd bükümdə metamfetamin almış və həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. 25 mart 2024-cü il tarixdə saat 11:55 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə “Pioner” marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu və bu səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİnin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis bölməsinə gəlmiş və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Hətta baxış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və o, şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və onu həmin gün səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat istintaq qrupu yaradılmış və xx.xx.2024-cü il tarixdə saat 11:55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, “Pioner” marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və ona qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirmişlər. Onlar birlikdə polis bölməsinə gəlmiş və orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, həmçinin video çəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı və axtarış keçirilməzdən əvvəl isə üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd büküm təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirilən zaman ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan ağ rəngli kristal maddənin ”metamfetamin” olduğunu, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş kağıza bükülmüş büküm tərəziyə qoyularaq çəkilmiş və xüsusi qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2024-cü il tarixli 3-16- 16/2-6/1643 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №127...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxsimza, ...imza, Təhqiqatçı:A.Emin i-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01(bir) ədəd bükümdəki təmiz çəkisi -0,193 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli 1911 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü maddəsi tətbiq edilmiş, hökmə əsasən ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılmış və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 3 ay 9 gün müddətini vaxtından əvvəl şərti azad edilmişdir. 15 yanvar 2024-cü il tarixdə cəza müddəti bitmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası hədləri daxilində ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlıqdn məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,143 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 92 (doxsan iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,143 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 92 (doxsan iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar