Məhkəmə qərarları › İş №1(060)-646/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-646/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-646/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X5 qəsəbəsi, Məktəbli küçəsi ev 9 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd şəffaf sellofan bükümündə, kustar üsulla hazırlanmış 0,723 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə, saat 22:15-də, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən "Qayalı marketin" yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən, əynindəki şalvarın sağ yan cibində saxladığı həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 22 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bünyadov küçəsində yerləşən "Qayalı market"-in yaxınlığında olarkən mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona nədə şübhəli olduğunu bildirmiş, ona üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarın cibindən 01 bükümdə psixotrop maddə metamfetamini çıxardıb təqdim etmiş, bundan sonra o, hava şəraiti ilə əlaqədər polis əməkdaşları tərəfindən videoçəkiliş dayandırılmadan PB-nin sahə məntəqəsinə aparılmışdır. Üzərindən aşkar olunmuş büküm açılmış, baxış keçirilmiş, elektron tərəzidə çəkisini ölçdükdən sonra qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilsə də hər hansı bir əşya və ya predmet aşkar ediməmiş, o, polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi təqdim edilmişdir. Təhqiqatçı onun polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş bükümü axtarışda iştirak edən polis əməkdaşlarından təqdim etmələrini bildirmiş, həmin büküm polis əməkdaşı tərəfindən təqdim edilmişdir. Qeyd edir ki, polis əməkdaşları tərəfindən heç bir təzyiqə və ya işgəncəyə məruz qalmamışdır. Heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verərək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdı. Qrupa həmçinin daha 2 nəfər polis əməkdaşı, polis kapitanı Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Qeyd edir ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən "Qayalı market'in yaxınlığında videoçəkiliş aparılmaqla saat 22 radələrində saxlanılmışdır. Ona nədə şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah etmiş və üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya, predmet vardırsa, təqdim etməsi təklif edilmiş, Ağayev şalvarının cibindən 01 ədəd bükümü çıxardıb təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdi. Bundan sonra o, hava şəraiti ilə əlaqədər polis əməkdaşları tərəfindən videoçəkiliş dayandırılmadan 2-ci PB-nin sahə rəisi məntəqəsinə aparılmışdır. Aşkar olunmuş büküm açılmış, içərisində metamfetaminə bənzə kütlə olduğu müəyyən ediliş, sonra həmin büküm elektron tərəzidə çəkisini ölçümüşdür. Ardınca götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üst-başı yoxlanılsa da, başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra sonrakı sənədləşmə işlərinin aparılması üçün 2-ci PB-nə getmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi təqdim edilmiş, videoçəkilişlə şəxsi axtarış aparılmış, hər hansı predmet aşkar edilməmişdir. Onlar baxış zamanı şübhəli şəxsin üzərindən aşkar olunaraq qablaşdırılmış psixotrop maddəyə bənzər kütlə bükümünü təhqiqatçıya təqdim etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili Əlizadə X4 Əsədovun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tərəflərin fikri dinləndikdən sonra elan edilməklə tədqiq edilmiş, onun da Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 iyun 2025-ci il tarixdə (saat 14:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 20 iyun 2025-ci il tarixli protokola və protokola əlavə edilmiş əməliyyat-axtarış tədbirinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il, saat 22:15 dəqiqədə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bünyadov küçəsində yerləşən "Qayalı market"-in yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncu üzərinə yoxlama aparıldıqdan sonra əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf sellofanın içərisində ağ kağıza bükülmüş vəziyyətdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq təqim etdiyi bükümün içərisində metamfetamin olduğunu, öz istifadəsi üçün Xırdalan şəhəində tanımadığı şəxsən aldığını bildirmişdir. (i.v 7-8); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 22:15 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); Təqsirləndirilən şəxs 22 iyun 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 22 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:10 radələrində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 60-62); “Qətimkan tədbirinin seçilməsi barədə” 22 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 67-68); “Şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi barədə” 20 iyun 2025-ci-il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, 20 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə 3-cü PB-də xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Taleh Şahbazov tərəfindən sonuncuya dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 və 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, üzərindən başqa hər hansı predmet aşkar olunmadığı, bundan sonra Ağayevin saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş, içərisində metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 01 (bir) bükümdə metamfetamin olduğunu təsdiq etdiyi müəyyən olunmuşdur. (i.v 27-28). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Ağayevin psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. (i.v 82-83); Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/534 nömrəli 21 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 126 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” 1.Müdafiəçi:/imza/ Məmmədov.Ə; 2.Təhqiqatçı:/imza/T.Şahbazov; 3.Təq.şəxs:/imza/” əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,723 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 38-40). SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 3823 №-li, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.87-88). “Maddi sübut kimi tanıma haqqında” 20 iyun 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,723 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,673 qram çəkidə metamfetamin sübut kimi tanınmış və sxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v 85); DİN-nin BƏSİİ-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 03 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-176/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən taplanılmış və Təqsirləndirilən şəxs 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Ağayevin tutulub saxlanıldığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və üzərinə qəti olaraq 02 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumu rejimli cəzaçəkmə müəssəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 22 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının müddəti 20 dekabr 2024-cü il tarixdə başa çatmışdır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddəti bitdikdən sonra azadlığa çıxsa da, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” 15 avqust 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, fiziki-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, şahid ifadələri iş üzrə əhəmiyyət kəsb etdiklərindən sübut kimi qiymətləndirilmiş, tədqiqat nəticəsində qalıq xalis çəkisi 0,673 qram çəkidə psixotrop maddə metamfetamin və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü tanınması nəzərə alınmışdır. Ağayev barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v 98-105); . Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Məhəmməd üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisini yəni xeyli miqdarın miniumum həddindən bir neçə dəfə çox olmasını, bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməlidir, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,673 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədirinin keçirilməsi və üzərinin yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi barədə” videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdən 22 iyun 2025-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,673 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədirinin keçirilməsi və üzərinin yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi barədə” videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar