Məhkəmə qərarları › İş №1(060)-647/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-647/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-647/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 00:20 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncuya ənsə nahiyyəsinin dərialtı hematoması xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Göstərilən hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, arvadı Zərərçəkmiş şəxs bir ər kimi ona hörmət göstərmir, onun paltarlarını yumur və ona xəyanət edərək başqa şəxslərlə yazışır. Bu səbəbdən tez-tez onların arasında mübahisələr olur. Sonuncu dəfə yəni, 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında yenə də Səbinə ilə onun arasında söz ilə mübahisə düşmüş və Səbinə onu təhqir etməyə başlamışdır. O, söz-söhbətə aydınlıq gətirmək üçün valideynlərinə zəng edərək evlərinə dəvət etmiş və az sonra valideynləri onların yaşadığı evə gəlmişlər. Valideynləri evə daxil olarkən Səbinə yataqdan qalxmadığı üçün yenə də mübahisə düşmüş və Səbinə onu təhqir etdiyi üçün o, əsəbləşərək onun üzərinə gedib yaxasından tutmuş və bu zaman atası onu ayırmışdır. Lakin o, Səbinəni vurmamış və heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir və hal-hazırda nikahın pozulması tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, Təqsirləndirilən şəxslə birgə yaşadığı müddətlərdə bir neçə dəfə aralarında mübahisələri olmuş və hər dəfə mübahisə olanda Şahin onu döymüşdür. Bu hadisədən bir müddət əvvəldə Şahin azyaşlı qızı Nərmin Nuriyevanı döydüyü üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 300 manat inzibati cərimə edilmişdir. Bu hadisə baş verən gün yəni, 01 sentyabr 2021-ci il tarixdə axsam saat 23:30 radələrində qayınatası və qayınanası onlara gəlmiş və Şahin ona bildirmişdir ki, artıq valideynləri də onlarla birlikdə yaşayacaq. O, bir otaqda bu qədər adamın yaşamasının mümkün olmadığını bildirmiş və aralarında mübahisə düşmüşdür. Bu zaman Şahin onun saçından tutaraq divara və paltar dolabına çırpmış, lakin qayınatası İmanverdi araya girərək onu Şahinin əlindən almışdır. Bundan sonra o, DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Belə ki, 01 sentyabr 2021ci il tarixdə oğlu Şahin ona zəng edərək evlərinə dəvət etmiş və o da yoldaşı Nasxanımla birlikdə oğlunun yaşadığı evə getmişlər. Orada olarkən oğlu Şahin arvadı Səbinədən şikayətləndiyi üçün o, Səbinəyə bir sıra məsləhətlər vermişdir. Lakin Səbinə onunda sözünə məhəl qoymamış və yenə də ərinə qarşı hörmətsizlik etmişdir. Təxminən gecə saat 00:10 radələrində Səbinə ilə oğlu Şahin arasında yenidən sözlə mübahisə düşmüş və bu zaman oğlu Səbinənin yaxasından tutarkən o, araya girib onları ayırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Saroğlan qızı məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 02 sentyabr 2021-ci tarixli 1174 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – ənsə nahiyyəsinin dərialtı hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla 02.09.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Daxili İuşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb onun cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – ictimai işlər cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altımış) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli hökm faktiki icra olunmağa başlandığı tarixdən hesab edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar