Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-647/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhər ərazisi üzrə fəaliyyət göstərən 7 nömrəli marşrut avtobusuna Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində minmiş, avtobusda olan sərnişin Zərərçəkmiş şəxs çiynində olan çantasının zəncirbəndini açaraq, çantanın içindən cəmi dəyəri 200 manat olan 01 ədəd “Samsung A 51 6\128 GB” markalı mobil telefonu, həmin mobil telefonun arxa qoruyucu örtüyündə olan 70 manat pul ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 270 (iki yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, ünvan 2 ünvanında qeydiyyatla yaşayır. Əvvəllər oğurluq cinayət əməlinə, narkotikdən qanunsuz istifadə etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.5, 234.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2022-ci ilin noyabr ayının 8-də azadlığa çıxmışdır. Hal hazırda heç bir yerdə işləmir. 2007-ci ildən narkotik vasitə istifadəçisidir. xx.xx.2023-cü il tarixdə saat təqribən 17 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon Büllur şadlıq sarayının yanından 7 nömrəli xətt marşurut avtobusuna minmiş, məqsədi Karvan ticarət mərkəzi tərəf gəlmək olmuşdur. Avtobusda sürücünün arxa tərəfində bir nəfər xanım, yanında isə uşaq əyləşmişdir. O, gəlib həmin xanımın yanında dayanmış, xanımın çiynindən asılmış xakki rəngli çanta diqqətini cəlb etmişdir. Çantanın zəncirbənd hissəsi azca aralı olmuş və diqqətlə baxanda onun içərisindən mobil telefonun başlığı görünmüşdür. Həmin an fürsət gözləyib telefonu xanımın çantasından oğurlamaq qərarına gəlmişdir. Avtobus hərəkətdə olan zaman xanımın çantasına bir qədər də yaxınlaşıb ilk növbədə çantanın hər iki zəncirbəndini aralamış, xanımın hiss etmədiyinə əmin olduqdan sonra isə ilk fürsətdə əlini salıb çantanın içərisindən mobil telefonu götürüb əlində saxladığı qara rəngli şərfin altında gizlətmişdir. Avtobus Fəxri marketə çatanda orada dayanacaqda həmin xanım uşağı ilə birlikdə avtobusdan düşüb getmişdir. O isə Sumqayıt şəhəri 1 saylı doğum evinin yanında avtobusdan düşmüşdür. Avtobusdan düşəndən sonra xanımın çantasından oğurladığı mobil telefonun qoruyucusunu çıxarmış və qoruyucu ilə telefon arasında 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq olmaqla ümumilikdə 70 manat pul olduğunu görmüşdür. Həmin pula köşkdən ilk olaraq bir qutu prima markalı siqaret, bir ədəd də su almışdır. Sonra oğurladığı telefona zəng gəlmiş və telefona cavab vermiş, bir nəfər oğlan telefonun sahibi olduğunu demiş və o, telefonu tapdığını bildirib 30 dəqiqədən sonra Ceyran restoranın qarşısında görüşüb telefonu qaytaracağını bildirmişdir. Lakin düşünmüşdür ki, telefonu tapdığını onlara inandıra bilməyəcək və bu səbəbdən də telefonu qaytarmamağı qətiləşdirmişdir. Telefon simvolla koda qoyulmuş və o, bir müddət simvolu tapmaq üçün çalışmış və nahəyət telefonu koddan açaraq söndürmüşdür. Pulu da gün ərzində yeməyə, suya, əlavə siqaretə xərcləmişdir. Yetmiş manat puldan 7 manat pul qalmışdır. Mobil telefonun üzərində açıq rəngdə olan örtüyü çıxarıb zibilliyə atmış, üzərində olan nömrəni də atmış, fikirləşmişdir ki, telefonu dəyər dəyməzinə satıb pul əldə edər, ona görə telefonu üstündə saxlamışdır. Gecə evində olduğu zaman 3-cü Polis bölməsinin əməkdaşları yaşadığı ünvana gələrək onu törətdiyi cinayət əməlidə şübhəli olduğu üçün polis bölməsinə dəvət etmiş, o da etiraz etməmiş, oğurladığı telefonu götürərək onlarla birgə polis bölməsinə gəlmişdir. Oğurladığı Samsung markalı mobil telefonu və 70 manat puldan qalan 7 manat pulu polis bölməsində polis əməkdaşlarına təqdim etmişdir. Sonradan bilmişdir ki, çantasından oğurluq etdiyi xanım Zərərçəkmiş şəxsdır, həmin xanım ərizə ilə polisə müraciət etmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ailə vəziyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Qubadlı rayonu, Qarağac kəndində qeydiyyatdadır, hal hazırda ünvan 3 ünvanında ailəsi ilə bir yerdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində dayanacaqdan Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yaşayan anasıgilə getmək üçün 7 nömrəli xətt marşrut avtobusuna minib sürücünün arxasında yerləşən oturacaqdan sonra yerləşən oturacaqda 3 yaşlı oğlu ilə yan-yana əyləşmiş. Həmin vaxt içərisində mobil telefonu və uşağının geyimləri olan xakki rəngli kiçik çanatasını hər iki çiynindən arxaya doğru asmışdır. Avtobusda əyləşəndən düşəcəyi ünvana çatana qədər oturacaqdan qalxmamışdır. Avtobusda sıxlıq olmuş və ayaq üstə sərnişinlər dayanmışdır. Təxminən 30 dəqiqə sonra Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Fəxri marketlə üzbəüz yerləşən avtobus dayanacağında avtobusdan düşmüşdür. Gediş haqqını cibində olan qəpiklə ödəmişdir. Avtobusdan düşəndən sonra yolun Fəxri market istiqamətində əks tərəfinə keçib “Dejumu” dairəsi adlanan istiqamətdə getmişdir. İşıqfora çatmamış dayanacağın arxasında arabada çiyələk satılırmış və uşağına çiyələk almaq üçün həmin arabaya yaxınlaşıb çiyələk almışdır. Pulu telefonunun qoruyucusu ilə telefon arasında çantada olduğundan 2 manat ödəniş etmək üçün çiynindən çantanı çıxarıb əlinə götürəndə çantanın tamamilə açıq olduğunu görmüşdür. Dərhal çantanın içərisinə baxdıqda avtobusa minərkən çantasında olmuş üzərində 051 *** ** ** mobil nömrəsi olan İMEİ ******* 15446693, **********46691 kodlu iki il bundan öncə aldığı Samsung A 51 6\128 GB markalı mobil telefonunun çantasında olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, avtobusda yol gəldiyi zaman naməlum şəxs onun xəbəri olmadan belindən asılı olmuş çantanın zəncirbəndini açaraq oradan mobil telefonunu götürmüşdür. Telefonun qoruyucusu ilə telefon arasında 70 manat pul olmuş, çiyələyin pulunu məhz oradan götürüb ödəyəcəkmiş. Hadisə barədə yoldaşı Adıgözələ demiş, Adgözəl də öz mobil nömrəsindən onun mobil nömrəsinə zəng etmiş, telefona bir nəfər orta yaşlı kişi cinsindən olan şəxs cavab vermişdir. Telefonun onda olduğunu, 30 dəqiqəyə gətirib Ceyran şadlıq evinin qarşısında onlara verəcəyini bildirmiş, həmin şəxsdən mobil nömrə istəmiş, həmin şəxs narahat olmamalarını deyib telefonun kodunu istəmişdir. Lakin telefonun ekran kilidinin kodunu ona bildirməmişlər. Həmin şəxs də onlara nömrə verməkdən imtina etmiş, sonradan telefonu söndürmüşdür. Buna görə də həyat yoldaşı Adgözəl qərara gəlmişdir ki, hadisə barədə polisə məlumat versin, bu məqsədlə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, həmin mobil telefonu 2021-ci ilin fevral ayında almış, telefonun hazırki dəyəri 200 manat təşkil edir və telefonun qoruyucusunun arxasında 70 manat da pul olduğundan oğurluq nəticəsində ona cəmi 270 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid bildirdi ki, Qubadlı rayonu, Qarağac kəndində qeydiyyatda olmaqla, hal hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə olan zaman Sevinc evə gələrək 7 nömrəli xətt avtobusunda olarkən çiynində olan əl çantasının içindən mobil telefon oğurlandığını bildirmişdir. Həmin mobil telefon Samsung Galaxy A51 markalıdır, üzərində özünə məxsus 051 *** ** ** mobil nömrə də olmuş, mobil telefon ilə qoruyucusu arasında pul olmuşdur. O, bunu bildikdən sonra özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Sevincin mobil nömrəsinə zəng etmiş, telefona bir nəfər orta yaşlı kişi cavab vermişdir. Telefonun onda olduğunu, 30 dəqiqəyə gətirib Ceyran şadlıq evinin qarşısında onlara verəcəyini bildirmişdir. Onlar həmin şəxsdən mobil nömrə istəmiş, həmin şəxs narahat olmamalarını deyib telefonun kodunu istəmişdir. Lakin telefonun ekran kilidinin kodunu ona deməmişlər. Həmin şəxs də onlara nömrə verməkdən imtina etmiş, sonradan telefonu söndürmüşdür. Bura görə o, hadisə barədə polisə məlumat vermiş, bu məqsədlə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzinə zəng vurub məlumat vermişdir. Qeyd edir ki, oğurlanmış Samsung Galaxy A51 markalı mobil telefon iki əvvəl Sumqayıt şəhərində telefon satış dükanından onun adına kreditlə 700 manata alınmış, telefon onun adına olsa da yoldaşı Sevincə məxsusdur, ödənişlərini özü etmişdir. Mobil telefon ilə qoruyucu arasında olmuş 70 manat pul da Sevincin özünə məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 15 aprel 2023-cü il tarixdə, saat 05:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 34); 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 57-58) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 67-68); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmışdır.(i.v.76-77). xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis mayoru Zamiq Quliyevin tərtib etdiyi təqdim etmə, baxış keçirilməsi və götürmə barədə protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində 7 saylı xətt avtobusunda Zərərçəkmiş şəxs məxsus çantadan oğurladığı bir ədəd mobil telefonu və oğurladığı 70 manat puldan qalan 7 manat pulu polisə təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 20-21) xx.xx.2023-cü il tarixli “Qəbz”dən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bir ədəd “Samsung A51” markalı mbil telefonu normal, işlək vəziyyətdə, həmçinin 7 manat pulu təhvil almışdır. (i.v. 55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli, 9/2807 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Samsung A 51 6\128 GB markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarin olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat müəyyən olunur. (i.v. 90-93) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-346/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddətinin sonu ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs oğurluq əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 81) sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş və şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, xx.xx.2023-cü il tarixli 9/2807 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi sübut kimi tanınması, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung A51 6/128 GB” markalı mobil telefon və 7 manat pul maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i.v. 104-108) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən Oğurluq- zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. İş materiallarından da göründüyü ki, Təqsirləndirilən şəxs oğurladığı pullardan öz şəxsi mənafeyi üçün istifadə etmiş, onunla əlaqə saxlanılmasına baxmayaraq oğurladığı telefonu qaytarmaq niyəti olmamış, yalnız polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra mobil telefonu təqdim etmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, xüsusən də zərərçəkmiş şəxsin şikayətinin olmamasını, bundan öncə də eyni məzmunlu cinayət törədərək məhkumluq həyatı yaşamasını, buna baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- “Samsung A51 6/128 GB” markalı mobil telefon və 7 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 19 (on doqquz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 114 (bir yüz on dörd) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- “Samsung A51 6/128 GB” markalı mobil telefon və 7 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-647/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-647/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver