Məhkəmə qərarları › İş №1(060)-648/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-648/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-648/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi Xüsusi ittiham qaydasında X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək onun barəsində cinayət işi açılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(028)-5/2023 saylı qərarrına əsasən X6 xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Qubadlı Rayon Məhkəməsi bununla bağlı Azərbaycan Respublikası CPM-nin 78-ci maddələrinə istinad etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarına əsasən kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 axırıncı yaşayış yerinin Sumqayıt şəhər 26-cı məhəllə, Şəfa sanatoriyası olmasını nəzərə alaraq qanunun tələbinə görə xüsusi ittiham qaydasında şikayət Qubadlı Rayon Məhkəməsinə aid olmadığı üçün məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Xüsusi ittiham qaydasında şikayət verən şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 elekton qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə görə heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. AR CPM-nin 300-cü maddəsində məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan birinin məhz cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi təsbit edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək Qubadlı Rayon Məhkəməsinin xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, hazırkı işə Sumqayıt şəhər məhkəməsində baxılması “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndi baxımından yolverilməzdir. Belə ki, həmin plenum qərarına əsasən: Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Bu məqsədlə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-648/2023 saylı qərarı iş materialları birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsində şikayətçi barəsində edildiyi iddia edilən, o cümlədən X2 tərəfindən yayıldığı göstərilən məlumatların digər xəbər portalarında dərc edilməklə bərabər "xxxx" xəbər portalında da dərc edildiyi və həmin portalın hüquqi ünvanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda və “Elektron Məhkəmə Sistemi”ndə yerləşdirilmiş vergi ödəyiciləri barədə məlumatlarda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1, ev 4 olduğu, “Dünyapress.info” və “Teref.az” internet informasiya ehtiyatları barəsində isə hər hansı məlumatın olmadığı müəyyən olunmuşdur. Mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi baxımından mövqeyi öyrənilmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə aidiyyatı qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Əgər işin göndərildiyi məhkəmə müvafiq cinayət işinin və ya xüsusi ittiham qaydasında şikayətin aidiyyatının başqa məhkəməyə aid olduğunu müəyyən edərsə həmin cinayət işi və ya xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı aparılmış dəqiqləşdirmə zamanı "xxxx" MMCnin hüquqi ünvanın həqiqətən də ünvan 1 “Dünyapress.info” və “Teref.az” internet informasiya ehtiyatları barəsində isə hər hansı məlumatın olmadığı müəyyən olunmuşdur. Belə olan halda yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri verilmiş xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 29,67, 74 və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair 1(060)-648/2023 saylı iş materialları aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar