Məhkəmə qərarları › İş №1(060)-648/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-648/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-648/2025 07.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonu, Qaraçala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Nizami küçəsi, 111- də (ŞPİ) qeydiyyatda olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74A, mənzil 50də yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,297 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 17 iyun 2025-ci il tarixdə saat 19:11 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-in yaxınlığında saxlanılaraq, üzərinə keçirilən baxış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində deyil, başqa yerdə saxlamışlar. Saxlanılarkən onun üzərində psixotrop maddə olmamışdır. Onun barəsində iki dəfə polis əməkdaşları əməliyyat keçirmişlər. Hazırda hansı iş üzrə saxlanıldığını dəqiq bilmir. Lakin, saxlanılarkən onun üzərində psixotrop maddə olmamış, psixotrop maddəni polis əməkdaşları ona verib üzərinə götürməsini tələb etmişlər. Əgər dediklərini etməsə onu CM-in 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Ona görə də polis əməkdaşlarının dedikləri ilə razılaşıb, psixotrop maddənin ona məxsus olması barədə ifadə vermişdir. Lakin, polis əməkdaşları ona qarşı fiziki, psixi zor tətbiq etməmişlər. Saxlanılarkən özündə olmadığından, narkotik vasitənin təsiri altında olduğundan hansı polis əməkdaşının ona psixotrop maddə verməsini, hansı polis əməkdaşının ona CM-in 234.4.3-cü maddəsi ilə təhdid etdiyini dəqiq deyə bilmir. Əvvəllər dəfələrlə məhkum olunduğundan psixotrop maddəni boynuna götürəcəyi halda onu nə gözlədiyini dəqiq bilmişdir. Lakin, həmişə narkotik qəbulu nəticəsində özündə olmadığından məhkəməyə qədər bu barədə heç bir orqana şikayət etməmişdir. Daha sonra başqa hakimdə də barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndiilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177, 180 və 234-cü maddələri ilə məhkum olunmuşdur. 17 iyun 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını psixotrop maddə metamfetamini alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 17 iyun 2025-ci il tarixdə saat 19:11 dəqiqədə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-in yaxınlığında piyada hərəkətdə olan vaxtı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları olmasını bildirərək, onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyi, üzərində saxlaması şübhəsi ilə əlaqədar saxlanılması bildirilmiş, ona özünü təqdim etməsi təklif olunduqdan, sonra özünü təqdim etmiş, sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin ona saxlanıldığı vaxt müdafiəçi ilə təmin olunmaq və hüquqlarının müdafiə olunması izah olunmuş, sonra ona üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli bükümdə olan psixotrop maddəni təqdim etmiş, həmin büküm barədə ondan soruşduqda həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 0,39 qram olması müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulub üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qeyriqanuni əşya, predmet aşkar olunmamış, sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş, Polis Bölməsində xidməti otaqların birində üzərindən götürülmüş kütləyə dair protokol tərtib olunaraq, onun və iştirakçılar tərəfindən imzalanmış, sonra Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunaraq, dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuş, sonra polis əməkdaşları, müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, üzərindən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçıya təqdim olunmuş, həmin büküm barədə soruşduqda səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra həmin büküm başqa bir zərfə qoyulmuş, həmçinin bu barədə protokol tərtib olunmuş, o, və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, onun psixotrop maddə qəbul etməsindən başqa heç kimin məlumatı olmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamasını, bədənində ağrılar olduğu üçün yalnız özü istifadə etmək məqsədi ilə almasını, psixotrop maddəni aldığı şəxsi birinci dəfə görməsini, onun anket məlumatlarını, ünvanını və ya mobil telefonunu bilməməsini, psixotrop maddəni hər dəfə müxtəlif şəxslərdən və müxtəlif ünvanlardan alıb əldə etməsini, həmin psixotrop maddəni yalnız özü istifadə etmək məqsədi ilə almasını və heç kimə satmaq və ya kiməsə hədiyyə etmək niyyəti olmamış, saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai stintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 iyun 2025-ci il tarixdə saat 19:11 dəqiqədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Həmin gün Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-in yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən, sonra ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunmuş, sonra əməliyyat qrupunun iştirakı ilə videoçəkiliş aparılaraq, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş və 0,39 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş və 3-cü Polis Bölməsində xidməti otaqların birində əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılmasına dair protokol tərtib olunaraq, Təqsirləndirilən şəxs və əməliyyat qrupunun iştirakçıları tərəfindən imzalanmış, sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, onun, əməliyyat qrupunda iştirak edən polis əməkdaşlarının və müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, saxlanılan Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan, sonra təqdim olunmuş bir ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin onun üzərindən aşkar olunmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 17 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-66-cı vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyindən 01 oktyabr 2025-cil tarixdə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 08 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2025-ci il tarixdə sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş «əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması haqqında» protokoldan görünür ki, xx.xx.2025- ci il tarixdə saat 19:11 dəqiqədə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 16/25-in yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq, ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olubolmaması və könüllü təqdim etməsi təklif olunmuş, sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 1(bir) ədəd qızılı rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və 0,39 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş üzrə xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilərək, şübhəli şəxsin üzəri yoxlanılan vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq, 01 ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunması, sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 1(bir) ədəd qızılı rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilməsi və 0,39 qram olması müəyyən edilməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılması, lakin heç bir qeyri-qanuni əşya, predmetin aşkar olunmaması müşahidə olunmuşdur. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında qeydə alınaraq, 1(bir) ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Cahid İsgəndərli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X7 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 1(bir) ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin kimi bildiyi həmin kütlənin onun üzərindən aşkar olunmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb əldə etməsini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunması, sonra müdafiəçi X7 tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və bununla da baxışın başa çatdırılması müşahidə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/509/2025 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respublikası DİN «Zərflər üçün № 127» möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm; 1) vət./imza/ Təqsirləndirilən şəxs; 2) vəkil /imza/ Q.Abbasov; 3) /imza/ Şahid1; 4) /imza/ Şahid2; Təhqiqatçı /imza/ C.İsgəndərli» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,297 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,247 qram. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X2nın xx.xx.2025-ci il tarixli 5359 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-DƏN alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmış; xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.1, 69.3-cü maddəsi ilə 05 ay 28 gün azadlıqdan məhrum edilmiş; xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1, 66.5, 69.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin (Metamfetaminin təmiz çəkisi - 0,297 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,247 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamini olmaması, psixotrop maddə olan metamfetamininin polis əməkdaşları tərəfindən ona verilərək üzərinə götürməsini tələb etmələri, əks halda onu CM-in 234.4.3cü maddəsi ilə məsuliyyətə cəlb edəcəkləri ilə hədələdiklərindən məcbur qalıb psixotrop maddə olan metamfetamini üzərinə götürməsi, bu barədə etirafedici ifadələr verməsi barədə ifadəsini işin faktiki hallarına uyğun olmadığından, iş üzrə toplanmış sübutlarla təzkib olunduğundan cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir, həmin ifadəni sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunun ifadəsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə təzkib olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilərkən, aşkar edilmiş psixotrop maddə olan metamfetamin götürülərkən törətdiyi cinayət əməlini tam etiraf edərək etirafedici ifadələr verir, metamfetaminin ona aid olmaması barədə heç bir etirazını bildirmir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxs kimi psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadələr verəcəyi halda onu hansı nəticələrin gözlədiyini bildiyi halda bu barədə heç bir orqana şikayət etməmiş, etirazını bildirməmiş, cinayət işinin istintaq materialları ilə tanış olarkən heç bir etiraz bildirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadə verərkən həmişə narkotik vasitə istifadə etdiyindən ayıq vaxtı olmadığını, ona görədə bu barədə heç yerə şikayət etmədiyini bildirmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun gəldiyindən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi ilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən, yəni 07 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5359 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,247 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,247 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar