Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-649/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 6, mənzil 28-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd politelin sellofan bağlamada təmiz çəkisi - 440,0 qram və 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 3,145 qram, ümumi təmiz çəkisi - 443,145 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 may 2021-ci il tarixdə saat 18:20-də Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində saxlanılaraq 2-ci PB-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli jaketin sağ qol altı hissəsindən 01 ədəd politelin sellofan bağlamada və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 3-4 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 24.06.2021-ci il tarixdə öz şəxsi işləri ilə əlaqədar Xızı rayonunda olarkən əvvəllər tanımadığı, orta boylu, qarabəniz, yaşlı bir nəfər ona yaxınlaşaraq narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O yaşlı kişidən narkotik vasitəni neçiyə satdığını soruşduqda, həmin kişi bir ədəd bağlama və bir ədəd kibrit qutusu göstərək həmin narkotik vasitələrin müqabilində ondan 80 manat pul istəmişdir. O cibindən 80 manat çıxararaq həmin kişiyə vermiş, ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. Almış olduğu bağlamanı əynində olan qara rəngli jaketin sağ qolaltı nahiyəsinə, kibrit qutusunu isə əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra o yaşadığı Sumqayıt şəhərinə geri qayıtmışdır. Həmin gün, yəni 24.06.2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində olduğu zaman tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərinə təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib ondan özləri ilə birlikdə 2-ci Polis Bölməsinə gəlməsini xahiş etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 2-ci Polis Bölməsinə gəlmişdir. Müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan qara rəngli jaketin sağ qolaltı nahiyəsində gizlətdiyi bir ədəd bağlamanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman orada da narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 24.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 6, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan Vəli adlı şəxsin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi ilə hərəkətdə olması və üzərində narkotik vasitə olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında həmin şəxsin H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 6, mənzil 28-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat-istintaq qrupunun yaradılmasına göstəriş verilməsi üçün rəhbərliyə raportla müraciət etmişdir. Raportu əsasında əmıliyyat istintaq qrupu yaradılmış və qrupun üzvləri ondan, Sumqayıt ŞPİ-nin CA üzrə kiçik inspektorları, polis serjantları X1, X2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti, polis kapitanı Şahid4 ibarət olmuşdur. 24.05.2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis Bölməsində təhqiqatçı Şamil Məmmədov videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O əynində olan qara rəngli jaketin sağ qolaltı hissəsindən bir ədəd bağlama çıxardıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25.05.2021-ci il tarixli, 7/484 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,145 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış skoçla bağlanmış polietilen bağlamada təmiz çəkisi 440,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda və polietilen bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda və polietilen bağlamada olan marixuanaların ümumi çəkisi 443,145 qramdır. Qeyd: Marixuananın təmiz çəkisi - 443,145 qram, tədqiqata sərf edildi - 0,1 qram (hər 1-2 saylı obyektdən 0,05 qram götürüldü), qalıq - 443,045 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 24.08.2021-ci il tarixli, 3051 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 443,045 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdən 26.05.2021-ci il tarixədək şübhəli şəxs qimsində tutulmuş, 26.05.2021-ci il tarixdə MSYdən azad olunaraq barəsində 26.05.2021-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19.07.2021-ci il tarixli qərarla istintaqdan yayındığı üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, o 18.08.2.21-ci il tarixdə tutulmuş və 18.08.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Sumqayıt şəhər 21 saylı MKS tərəfindən verilmiş 27.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 2985 saylı, 27.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 20.04.2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Maşalah oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək və 18.05.2021-ci il tarixdə həbsdə olduğu 03 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 03.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında həbs edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 443,045 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək və 18.05.2021-ci il tarixdə həbsdə olduğu 03 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03.11.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,789 qram çəkidə narkotik vasitə olan heroin və qalıq çəkisi 443,045 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-649/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-649/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver