Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-651/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs X2, müdafiəçilər “Şimal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində ‘'polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 yanvar 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 1/28-in qarşısında Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz” markalı **-OU-*** dövlət nömrə nişanlı avtomaşını onun yaşadığı binanın qarşısında saxlamasına görə bu barədə sonuncuya dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yenidən bu halın təkrarlanmasına görə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla qeyd olunan binanın qarşısında sonuncunun bədən nahiyyəsinə yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid üst dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, alt dodağın və sağ təpə nahiyyəsinin qançırlarından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə yanaşı, sonuncunun “Mersedes Benz” markalı **-OU-*** dövlət nömrə nişanlı avtomaşınını təpiklə əzərək Zərərçəkmiş şəxs 800 manat maddi ziyan vuraraq xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, halhazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Güləmirzəni Su kanal idarəsinin əməkdaşı kimi tanıyır. Əvvəllər bir neçə dəfə Güləmirzəyə ona məxsus “Mersedes” minik markalı avtomobili onun binasının yanında saxlamaması ilə bağlı iradını bildirsə də, o, bu iradlara məhəl qoymamışdır. Belə ki, Güləmirzə çox zaman öz avtomobilini onun binasının qabağında saxlamış və daha sonra gəlib maşına əyləşənə kimi ucadan danışdığı üçün onun yaşlı anası evdə narahat olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 08 radələrində oğlunu futbola aparmaq üçün özünə məxsus “Nissan Xtrail” minik markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı binanın qabağına gəlmiş, bu zaman yenidən Güləmirzənin idarə etdiyi “Mersedes Benz” markalı avtomobili yenə onun binanın qabağında saxladığını görmüşdür. Daha sonra avtomobildən düşmüş və Güləmirzənin də avtomobilin içərisində olduğunu görüb ona yaxınlaşmış, bir daha Gülmirzəyə avtomobili binanın qabağında saxlamaması ilə bağlı iradıni bildirmişdir. Bu zaman Gülmirzə səsini yüksəltmiş, o da bundan əsəbləşib onun üz nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmiş və daha sonra təpiklə də onun bədən nahiyyəsinə zərbə endirmişdir. Bu zaman onun yanında olan sonradan adını bildiyi İlham və Ramil onları ayırmışlar. Hadisə yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllə bina 1/28-in qarşısında baş vermiş, 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplanmamışdır. Hadisə zamanı Güləmirzə onu vurduqdan sonra, o da onun üz və bədən nahiyyəsinə yumruq və təpiklə zərbə endirmişdir. Hadisə zamanı Güləmirzənin avtomobilinə heç bir xəsarət yetirməmiş, onunla dava edən zaman maşına dəymişdir. Onun avtomobilinə qəsdən təpik atmamışdır. Hadisə zamanı orada Ramil və İlham adlı şəxslər də olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını, himayəsində bir azyaşlı uşağının omasının nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Su Kanal İdarəsində çilingər vəzifəsində çalışır. Təqsirləndirilən şəxs ilə tanışlığı yoxdur. xx.xx.2024-cü il tarixdə səhər radələrində özünə məxsus “Mersedes” minik markalı avtomobilli iş yerinə yaxın ərazidə yerləşən Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 1/28-in qarşısında saxlamış, işlədiyi idarəyə getmiş, daha sonra iş yoldaşları Ramil və İlhamla birlikdə işdən çıxıb avtomobilinə əyləşmişdir. Avtomobilin mühərrikini hərəkətə salmaq istəyən zaman sonradan adını bildiyi həmin bina sakini Təqsirləndirilən şəxs onun avtomobilinin şüşəsini əli ilə vurub ona maşından düşməyini söyləmiş və həmçinin avtomobili nə üçün onların binasının qabağında saxladığını söyləmişdir. O, Vahidə binanın qarşınının ona heç bir aidyyətinin olmadığını bildirən zaman sonuncu pəncərədən onun üz nahiyyəsinə yumruqla bir dəfə zərbə vurmuş, həmin zərbə onun ağız nahiyyəsinə dəymiş, daha sonra avtomobildən düşmək istəyən zaman Vahid onun qarnına da təpiklə zərbə endirmişdir. Bu zaman onun yanında olan Ramil və İlham cəld maşından düşüb Vahidi oradan kənarlaşdırmışlar. Bundan sonra Vahid daha də qəzəblənərək onun maşınına da bir neçə dəfə təpiklə zərbə endirmişdir. O, bu zaman kənara keçərək polisə məlumat vermişdir. Daha sonra avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Hadisə 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplanmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs onun üz nahiyyəsinə yumruqla vurmaqla yanaşı bədən nahiyyəsinmə təpiklə zərbə endirmişdir. O, hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və ona toxunmamışdır. Hadisə zamanı onlar bir-birilərinin ünvanına nalayiq sözlər işlətməmişlər. Hadisə zamanı orada onunla birgə işləyən Ramil və İlham da olmuşdur. Hadisə də onun avtomobilinə 800 manat maddi ziyan dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə ilə barışdığını, təqsirləndirilən şəxs tərəfində ona vurulmuş ziyanın ödənilməsini, ona görə də sonuncuya qarşı heç bir tələbinin və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü Su Kanal İdarəsində çilingər vəzifəsində çalışır. Güləmirzə onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs tanımır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində işlədiyi idarədən iclasdan çıxmışlar, daha sonra Güləmirzə və İlhamla birlikdə əraziyə getmək üçün Güləmirzənin avtomaşına tərəf gəlmişlər. Həmin vaxt Güləmirzə özünə məxsus “Mersedes Benz” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, 19-cu məhəllə, bina 1/28-in qarşısında saxlamışdır. Onlar avtomobilə əyləşib oradan getmək istəyən vaxt sonradan adını bildiyi Vahid adlı şəxs avtomobilin sürücü tərəfdən olan şüşəsini əli ilə vurmuş və Güləmirzə şüşəni açmışdır. Bu zaman Vahid avtomobili onun yaşadığı binanın qarşısında saxladığı üçün irad bildirmiş, Güləmirzə isə binanın qarşısının ona heç bir aidiyyətinin olmamasını bildirmişdir. Vahid bundan əsəbləşib Güləmirzənin üz nahiyyəsinə yumruqla zərbə vurmuş, Gülmərizə avtomobildən düşmək istəyən zaman isə onun qarın nahiyyəsinə də təpiklə vurmuşdur. O və İlham avtomobildən düşüb Vahidi oradan kənarlaşdırmaq istəyən zaman Vahid təpiklə avtomobilə də zərbələr endirmişdir. Вundan sonra Vahidi kənara çəkmişlər və Güləmirzə də polisə məlumat vermişdir. Onlar da avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Hadisə 3-4 dəqiqə davam etmiş və ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı Vahid Güləmirzəni yumruq və təpiklə vursa da, Güləmirzə onu vurmamış və ona toxunmamışdır. Məhkəməyədək icraat dövründə ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 86-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: üst dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası,alt dodağın və sağ təpə nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədədr əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərəvurmaya aiddir. Xəsarətlərin xarakterinə lokalizasiyası əsasən demək olar ki, həmin xəsarətlərin vət.Zərərçəkmiş şəxs özü özünə yetirilməsi az inandırıcıdır. Cinayət işinin 19-cu vərəqəsində olan G-Energy Service tərəfindən verilmiş zərər aktından görünür ki, “Mersedes Benz” markalı **-OU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 800 manat təşkil edir (dəmirçi 300 manat, rəngsaz 500 manat). Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan çıxarışdan görünür ki, himayəsində bir azyaşlı uşaı var (xx.xx.2014-cü il təvəllüdlü X6). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmə cinayətini törətməsi sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxsə dəymi zərəri tam ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxsə dəymi zərəri tam ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-651/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-651/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver