Məhkəmə qərarları › İş №1(060)-651/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-651/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-651/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağları, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs 01 ədəd 2023-cü il buraxılışlı “Tufan” markalı, Sİ50 modelli, 99-G-534 dövlət qeydiyyat nişanlı motosikletini müvəqqəti idarə edib sonra qaytaracağına dair yalan vəd verib aldadaraq, həmin avtomobili xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Kral Lahmacun”un yanında ələ keçirməklə, Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qardaşının vasitəsilə tanımışdır. Qardaşı Kərimdən eşitmişdir ki, Elvinin işlətmədiyi motosikleti var, ona görə də Elvinin nömrəsini qardaşı Kərimdən alıb ona zəng vurmuş və müvəqqəti istifadə üçün bir müddətlik motosikletini idarə etmək istədiyini bildirmişdir. Elvin də ona inanaraq demişdir ki, əgər kimsə ona zamin durarsa, o zaman motosikleti ona verəcəkdir. O, bu barədə qardaşı Kərimdən xahiş etmiş, qardaşı Kərim də onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 17-ci mikrorayonda “Kral Lahmacun”da qardaşı Kərimlə birlikdə Elvinlə görüşmüşdür. Elvin ora “Tufan” markalı motosikletlə gəlmişdir. Həmin vaxt qardaşı Kərim ona zamin durmuş və motosikletə bir şey olsa cavabdeh olacağını boynuna götürmüşdür. Bundan sonra Elvin motosikleti və açarlarını ona vermişdir. Bir neçə gün ərzində o, Elvinin ona verdiyi “Tufan” markalı Sİ50 model 99-G-534 dövlət qeydiyyat nişanlı motosikleti idarə etdikdən sonra motosikleti satmaq üçün “lalafo.az” saytına satışa qoymuşdur. xx.xx.2024-cü il tarixdə ona zəng gəlmiş, danışan şəxs ona motosikleti almaq istədiyini bildirmişdir. Həmin şəxsin xahişi ilə o, Elvinin verdiyi motosikletin şəklini çəkib ona göndərmişdir. Həmin şəxs motosikleti bəyəndiyini bildirmiş, onlar motosikletin 800 manata satılması barədə razılaşmışlar. Həmin gün motosikletin dövlət qeydiyyat nişanını sökmüş və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində “Murad” marketlə üzbəüz yerləşən dönərxanada kuryer işləyən dostuna saxlaması üçün vermişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yoldan keçən “Qazel” markalı maşınla Elvinin ona verdiyi motosikleti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan yerə aparmışdır. Orada onunla danışan şəxslə görüşmüş, motosikleti ona 800 manata satmışdır. Onlar motosikleti “Tır”a yükləmişlər. Həmin şəxs motosikleti Naxçıvana göndərəcəyini bildirmişdir. Daha sonra o, evə qayıtmışdır. O, motosikleti satması barədə Elvinə heç bir söz bildirməmişdir. Motosikletdən əldə etdiyi 800 manat pulu da şəxsi ehtiyaclarına sərf etmişdir, həmin puldan heç kimə verməmişdir. O, sonradan başa düşəndə ki, səhv etmiş, həmin motosikleti qaytarmaq üçün motosikleti satdığı şəxsə xx.xx.2024-cü il tarixdə votsapda mesaj yazıb ondan söz almışdır ki, həqiqətən motosikleti ona satmış, o da bir daha etiraf etmişdir ki, motosikleti ondan alıbdır. O, həmin motosikleti ondan geri istədikdə, demişdir ki, motosikleti başqa adama satıbdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, motosikleti Elvindən sürmək üçün gündəlik 10-15 manat məbləğində pul ödənilməsi şərti ilə icarəyə götürmüşdür. Motosikleti götürərkən ilkin olaraq 95 manat depozit ödəmişdir. Bundan sonra, 7-8 gün Zərərçəkmiş şəxs gündəlik pul vermişdir. Daha sonra qardaşı Kərim ona motosikleti onun üçün Elvindən aldığını və motosikletin artıq onun olduğunu söyləmişdir. O, qardaşı Kərimin motosikleti onun üçün aldığını deməsi barədə Elvinlə danışmamış, ona bu barədə heçnə deməmişdir. Qardaşı Kərim ona Elvindən motosikletin razılığını aldığını bildirdiyi üçün, o da motosikleti sənədsiz satmışdır. O, istintaqda qardaşına problem yaranmasın deyə qardaşı Kərimin motosikleti Elvindən onun üçün alması barədə razılığa gəldiyini deməmişdir. O, motosikleti satdıqdan sonra qardaşı Kərim ona Elvinin onu axtardığını söyləmiş, o da Elvinin nə səbəbə onu axtardığını soruşduqda qardaşı motosikleti satdığı üçün axtardığını bildirmişdir. Qardaşı Kərim 2025-ci ilin yanvar ayından hərbi xidmətdədir. Bundan başqa, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə razılığa gəlmələrinə dair suala cavab olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı beş gün ərzində ödəyəcəyini bildirmiş, daha sonra növbəti məhkəmə iclasında ziyanı ödəyə bilmədiyini, Zərərçəkmiş şəxs özündə olan başqa bir mopedi verməyi, pulun qalan məbləğinə dair də borc müqaviləsinin bağlanması və ya 300 manat ödəməsinə, daha sonra isə 1500 manat ödəməsinə vaxt verilməsini, qalan məbləği də hissə-hissə ödəməyi təklif etmişdir. Son söz olaraq azadlıqda qaldığı təqdirdə dəymiş ziyanı ödəyəcəyini bildirmiş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3594924Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kərim İmanovu tanıyır, onunla “Volt”da kuryer işləmişdir. X6 hərbi xidmətdədir. Təqsirləndirilən şəxs isə Kərimin qardaşıdır. 2024-cü ilin dekabr ayının əvvəllərində Röyal ona zəng edərək bildirmişdir ki, sürmədiyi “Tufan” markalı Sİ50 modelli 99-G-534 dövlət qeydiyyat nişanlı motosikletini müvəqqəti istifadə üçün ona versin. O da ona demişdir ki, gərək ona kimsə zamin dursun ki, ona motosikleti verə bilsin. Röyal isə ona bildirmişdir ki, qardaşı Kərim ona zamin dura bilər. xx.xx.2024-cü il tarixdə Royalın təklifi ilə onun qardaşı Kərimin işlədiyi Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Kral Lahmacun”un yanına getmişdir. Ora gedən zaman həmin motosikleti də özü ilə aparmışdır. Orada Kərimlə görüşmüş, qardaşı Röyal da yanında olmuşdur. O, motosikleti müvəqqəti idarə etmək üçün, gündəlik 15 manat ödəmək şərti ilə Röyala verməsi, bunun üçün onun zamin durması barədə söhbət edərkən, Kərim ona demişdir ki, narahat olmasın, qardaşı Röyala zamin durur, nə isə olsa onluqdur. Bundan sonra motosikleti şifahi razılaşma ilə Kərimə vermiş, Kərim də açarı Röyala vermişdir. Röyal da açarı götürüb motosikletə minib sürüb getmişdir. xx.xx.2024-cü il tarixdə o, motosikleti geri almaq üçün Röyala zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Həmin gün Royalın qardaşı Kərim ona zəng edərək qardaşı Royalın motosikleti satdığını və polisə müraciət etməsini söyləmişdir. O, Röyalgilə getsə də, Royalı tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə isə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunaraq izahat vermişdir. Bir neçə gün sonra Röyal ona zəng edərək motosikleti pula ehtiyacı üçün satdığını, dövlət qeydiyyat nişanını isə saxlaması üçün dostu Samirə verdiyini demişdir. Cinayət nəticəsində ona 2500 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmənin sualına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, motosikleti 2024-cü ilin noyabr ayında almışdı. Daha əvvəl də Röyal ondan moped götürmüş, həmin mopedi də başqa tanımadığı şəxsə satmışdı. Bu barədə sonradan ona dəymiş ziyanı ödədiyi üçün barışmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsinə dair razılıq əldə edilməsinə münasibətdə bildirmişdir ki, Röyal ona dəfələrlə ziyanı ödəyəcəyinə söz versə də ödəməmiş, həmçinin Röyalın atası və anası ona hədə-qorxu gəlmişdir. Bundan başqa, o, Röyalın ona təklif etdiyi mopedi götürmək istəmir. Belə ki, həmin mopedin də sənədi yoxdur və o, köhnə, kimə məxsus olduğunu bilmədiyi mopedi almaq istəmir. O, ona dəymiş ziyan məbləğinin tam olaraq ödənilməsini tələb etdiyini bildirmiş və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Murad Bədəlovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz olduğundan ləğv edilərək, fakta görə CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ-nin İŞ-yə tapşırılmışdır. (i.v. 1-3) Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-yə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, təxminən xx.xx.2024-cü il tarixdə etibarnamə ilə ona məxsus olan “Tufan” markalı S150 model 99-G-534 dövlət qeydiyyat nişanlı motosikletini müvəqqəti istifadə üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs versə də, onda olan məlumata görə motosikletini kiməsə satmışdır. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (i.v 7) xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, X4 “Tufan S150” markalı, buraxılış ili 2023 olan, 99-G-534 dövlət qeydiyyat nişanlı motosikleti Zərərçəkmiş şəxs bağışlamaq, sərəncam və digər hərəkətlər etmək, ipoteka qoymaq, sürücülük hüququ olduqda idarə etmək və digər sələhiyyətləri etibar etmişdir. (i.v. 9) Şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə də zərərçəkmiş şəxs qismində ifadəsi alınmışdır.(i.v 24-30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(060)-3150 nömrəli icra vərəqəsinə əsasən axtarış qərarı vardır və məhkum olunmamışdır.(i.v 31-32) Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham ona xx.xx.2025-ci il tarixdə elan edilmişdir.(i.v 40,58) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırıılmasına dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 42) “Gold Qayalı” Ticarət Mərkəzinin sahibi X3 verdiyi xx.xx.2025-ci il tarixli arayışda 01 ədəd 2023-cü il buraxılışlı “Tufan” markalı, S150 modelli, 99-G-534 dövlət qeydiyyat nişanlı motosikletin 2024-cü ilin dekabr ayına pərakəndə satış qiyməti (dəyəri) 2500 (iki min beş yüz) manat müəyyən edilmişdir. (i.v. 46) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Dəyirman” restoranının qarşısında saxlanılaraq, həmin tarixdə saat 17:50 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. (i.v 47) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.64-65) Təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.66-67) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, “Gold Qayalı” Ticarət Mərkəzinin məktubu və Zərərçəkmiş şəxs ifadəsi əsas götürülməklə, sonuncuya vurulmuş maddi ziyanın məbləği 2500 (iki min beş yüz) manat olması nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 75-78) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, özünü təqsirli bilərək əməlini etiraf etməsini, vurulmuş ziyanın ödənilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq və baxış iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərcinin və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar