Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-652/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, məhkum olunmamış, “Dağ Catering” şirkətində satış menceri vəzifəsində işləyən, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsindəki fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə evlənmişdir. Birgə nikahlarından 1 azyaşlı övladı vardır. Evləndikdən sonra əvvəllər münasibətləri yaxşı olsa da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyi üçün tez-tez aralarında narazılıqlar olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, işdə olan zaman Ləman ona mesaj yazaraq evə gələndə uşağa yemək almağını bildirmişdir. Təxminən saat 15 radələrində yaşadıqları evə gələndə pulu olmadığı üçün yemək ala bilməmişdir. Evdə olanda Ləman yemək almaq üçün ondan pul istəmiş, o da, pulunun olmadığını demiş, sabah alacağını bildirmişdir. Ləman isə ona “araq almağa pul tapırsan, uşağa yemək almağa pulun olmur” demişdir. O, Ləmnanın sözündən əsəbləşmiş, özündən asılı olmadan Ləmanın ünvanına nalayiq sözlər işlətmişdir. Ləman ona cavab qaytardığı üçün əsəbləşərək, əli ilə sifətinə, boynuna, qollarına vuraraq döymüşdür. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində anası ilə işdən gəldikdən sonra Ləmanın əşyalarını yığdığını görmüşdür. Səbəbini soruşduqda atası evinə gedəcəyini və ondan ayrılacağını demişdir. O, isə “hara gedirsən get, uşağı sənə verməyəcəm, məhkəməyə müraciət edib alarsan” demişdir. Sonra siqaret çəkmək üçün həyətə çıxmışdır. Həyətdə olan zaman Ləmanın anası ilə mübahisə etdiyini və ona əl-qol atdığını görmüşdür. Ləmana anasına əl-qol atmağına irad bildirmişdir. Ləman da bu barədə 102 xidmətinə şikayət etmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, lakin zərərçəkmiş şəxsin onunla barışmaq istəmədiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 1 azyaşlı uşaqları vardır. Ailə qurduqdan sonra əvvəllər Orxanla yaxşı münasibətləri olsa da sonradan Orxan spirtli içki aludəçisi olduğu üçün münasibətləri soyumuşdur. xx.xx.2022-ci il tarixdə uşağının yeməyi bitdiyi üçün o, Orxana sms yazaraq işdən gələndə uşağa yemək almasını bildirmişdir. Orxan təxminən saat 15 radələrində yaşadıqları evə gələndə uşağa yemək almadığı üçün ona demişdir ki, pul versin gedib uşağa yemək alsın. Orxan isə onun sözündən əsəbləşmiş və demişdir ki, ona qanun qoymasın və onun valideyinlərinin ünvanına nəlayiq sözlər dediyi üçün o, Orxana cavab qaytarmışdır. Bundan sonra Orxan onun sözündən əsəbləşərək əli ilə başına, boynuna, sifətinə vuraraq onu döymüşdür. Həmin vaxt Orxanın anası yanlarında olsa da heç bir müdaxilə etməmişdir. Daha sonra, narazılıq davam etdiyi üçün DİNnin 102 xidmətinə məlumat vermiş, əsas tələbi o, olmuşdur ki, əri Təqsirləndirilən şəxs onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb edilsin. Hazırda əri Orxan onunla barışmağa cəhd etsə də, o, ərini bağışlamır və sonuncuya qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Orxanın arvadıdır. Onlar 2021-ci il tarixdə ailə həyatı qurub, birgə nikahlarından 1 azyaşlı övladları vardır. 1 övladı olduğu üçün o, oğlunun yanında yaşayır. Lakin, gəlini Ləman onun oğlunun yanında yaşamağına narazılıq edirdi. Buna görə onların aralarında tez tez narazılıq olurdu. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Orxanla işdən gəldikdən sonra Ləman Orxandan uşaq üçün yemək alıb-almadığını soruşmuş, Orxan pulunun olmadığını bildirib bu günlük yola verməsini, sabah alacağını demişdir. Lakin, Ləman inad etmişdir ki, bu dəqiqə gedib uşağa yemək alsınlar. Ona görə aralarında mübahisə yaranmış, Ləman Orxana nalayiq sözlər dediyi üçün Orxan əsəbləşərək Ləmanı döymüşdür. O, səhəri gün təxminən saat 15 radələrində evə gələndə görmüşdür ki, Ləman əşyalarını yığır. Orxan ona nə üçün əşyalarını yığmasını soruşanda Ləman demişdir ki, atası evinə gedir və ayrılacaqdır. O da yorğun olduğu üçün otaqda uzanmış, Ləman isə işığı yandırıb əşyalarını yığmağa başlamış, işıq gözünə düşdüyü üçün o, işığı söndürmüş, ona görə Ləman onunla da mübahisə etmiş, sonra isə Ləman DİN-nin 102 xidmət mərkəzinə zəng edib şikayət etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 989 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun dərialtı hematoması, sol, çənə, sol said, sağ bazu, sağ said nahiyyələrinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətlərinə aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışığa cəhd etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-652/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1158/2022 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-652/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-652/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver