Məhkəmə qərarları › İş №1(060)-652/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-652/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-652/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X6, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X5, X8, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,215 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 01 may 2024-cü il tarixdə, saat 16:10-da, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313A ünvanının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və bölmədə üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd kağız kəsiyinə bükülmüş vəziyyətdə 0,215 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, hadisə başverən günü yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313A ünvanının yaxınlığında yerləşən dükandan çörək almağa getmiş, həmin vaxt hər iki tərəfindən mülki geyimli şəxslər ona yaxınlaşaraq tutaraq onlarla PB-nə getməli olduğunu bildirərək, onu bölməyə aparmışlar. PB-də olan zaman polis əməkdaşları ona narkotik vasitəni üzərinə götürməyi ondan tələb etmiş, üzərinə götürməyəcəyi halda onu narkotik vasitənin satışı ilə rəsmiləşdərəcəklərini bildirdiklərini qeyd etmişdir. Buna baxmayaraq PB-də ona xəsarət yetirməmiş və döyməmişlər, yalnız sözlə hədə qorxu gəlmişlər. Bölmədə müdafiəçi ilə təmin olunmuş, müdafiəçi ilə konfidensial qaydada görüşmüş, lakin müdafiəçiyə etibar etməmişdir. Ona qarşı edilmiş qanunsuzluqlarla bağlı heç bir orqana şikayət etməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Evlidir, himayəsində ikisi azyaşlı olmaqla beş övladı var. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Mcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16:10 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman 2 (iki) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin istifadəsində, qəbulunda və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, polis əməkdaşları ilə birlikdə 5-ci PB-nə getməli olduğunu bildirmiş, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində hansı səbəbdən saxlanıldığı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuş, o, hüquqlarının X7 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Müdafiəçi Məhərrəm Səfızadə təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Rəhman Qurbanov özünü təqdim etdikdən sonra o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313A ünvanında yaşadığını bildirmişdir. Bundan sonra təhqiqatçı, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirildiyini bildirmiş və şəxsi axtarışda iştirak edən və onu saxlayıb PB-nə gətirən mülki geyimli polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra, təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişlə onu tanış etmiş və yazılı bildirişi ona vermişdir. Sonra təhqiqatçı, müdafiəçi Məhərrəm Səfızadəni təqdim etmişdir. O, müdafiəçiyə və üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı, ondan üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, o, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, sol arxa cibindən 1 ədəd cib dəsmalı və sol yan cibindən 1 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamin kütləsini çıxarıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin kütlənin nə olduğunu soruşduqda o, “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş büküm təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində ağ rəngli, psixotrop maddə metamfetamin kütləsi aşkar olunmuş, təhqiqatçının suallarını cavablandıraraq həmin maddəni xx.xx.2024-cü il tarixdə 20 Yanvar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 7 manata aldığını bildirmişdir. Təhqiqatçı onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin kütləsini, büküldüyü kağızla birlikdə elektron tərəzidə çəkisini ölçüldükdə çəkisinin 0,40 qram olması müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin kütləsi bükümü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq xüsusi qaydada qablaşdırmış, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Həmçinin, onun üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərimdən əlavə heç bir şey aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə 5-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qurupu yaradılmış və qurupun daxilinə o da, əlavə edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:10-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq 5-ci PB-nə aparılmış, xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil təyin edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya və ya pridmet vardırsa təqdim etməsini təklif etmiş, Balakişiyev əynindəki şalvarın cibindən 1 ədəd mobil telefon, cib dəsmalı və 1 ədəd kağıza bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Büküm açıldıqda içərisində ağ rəngli, kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xatırladığı qədərilə həmin maddəni 20 Yanvar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirdiyini qeyd etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, qablaşdırma təhqiqatçı, şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nın kiçik inspektoru, Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 13:15) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 01 may 2024-cü il tarixdə, saat 16:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); 03 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 58-59) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 66-68); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 03 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 72- 73); “şəxsi axtarışın keçirilməsi haqqında” 01 may 2024-cü il tarixli protokolundan görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Rəhman Qurbanov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxdən də özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313A ünvanında yaşadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi 81-ci məhəllə ərazisində saxlanılaraq PB-nə gətirildiyini bildirir və şəxsi axtarışda iştirak edən mülki geyimli polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və kiçik inspektor, polis serjantı Şahid2 özlərini təqdim etdikdən sonra, təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişlə Təqsirləndirilən şəxs tanış edir və yazılı bildirişi sonuncuya təqdim edir. Sonra təhqiqatçı şübhəli şəxsin müdafiəçisi X3 təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçiyə və üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra Balakişiyevdən üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilir. Videogörüntünün 03:28-ci anında Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, sol arxa cibindən 1 ədəd cib dəsmal və sol yan cibindən 1 ədəd ağ kağız kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoyur. Təhqiqatçı, həmin kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “şüşə” olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində ağ rəngli, kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş, pisixatrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2024-cü il tarixdə 20 Yanvar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 7 manata aldığını bildirir. Videogörüntünün 05:50-ci anında təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni, büküldüyü kağızla birlikdə elektron tərəzidə çəkisini ölçdükdə çəkisinin 0,40 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə bükümünü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür, qablaşdırma təhqiqatçı, şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam edir ancaq onun üzərindən əlavə heçnə aşkar olunmur. Müdafiəçi Təqsirləndirilən şəxs videoçəkilişdən öncə konfidensial görüş keçirdiyini bildirib, əlavə hər hansı bir sualı olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs heç bir sualı olmadığını bildirilir.(i.v 27-28). AR ƏN MEM-nin 6/2401 nömrəli 02 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 242” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindənaşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,215 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddzmetamfetamindir. Metamfetamin AR-nın 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 42-46). AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi- Narkoloji Tibbi yoxlama barədə 3601 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə halları olub. Lakin hal-hazırda, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 94-95) xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v.85) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.86-87); Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2000-ci il təvəllüdlü Vahid Balakişiyev, xx.xx.2004-cü il təvəllüdlü Əfsanə Balakişiyeva, xx.xx.2008-ci il təvəllüdlü Əbubəkir Balakişiyev, xx.xx.2012-ci il təvəllüdlü Əsma Antonova və xx.xx.2020-ci il təvəllüdlü Osman Balakişiyev adlı övladları var. “sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/2401 nömrəli 02 may 2024-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3601 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.165 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 103-108); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitədən istifadə etsə də, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, ona hədə qorxu gəlindiyi üçün ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini, bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin verdiyi bu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə məhz bu məzmunda ifadə vermişdir. Belə ki, ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsun ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm ilkin izahatında, şəxsi axtarış istintaq hərəkəti aparılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə müdafiə hüquqları təmin edilməklə dindirilərkən verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonski Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaqda müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs həm tutularkən, həm də ondan sonraki mərhələdə ehtimal edilən hədə qorxu gəlinməsi barədə yuxarı səlahiyyətli orqana şikayət etməmiş, ibtidai istintaq zamanı törətmiş olduğu əməli səmimi olaraq etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər edilməmişdir. Məhz bu səbəbdən heç bir şikayət və tələbinin olmadığını ilkin ifadəsində də qeyd etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın ilkin gedişində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, yəni faktiki olaraq azadlıqda olmuş, ehtimal olunan hədə qorxu ilə bağlı sərbəst maneəsiz müraciət etmək imkanı olduğu halda bu barədə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” AZərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlindən peşman olmasını, ikisi azyaşlı olmaqla, beş övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarını, cəzasını yüngülləşdirən halları-xüsusən himayəsində ikisi azyaşlı olmaqla, beş övladının olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.165 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2a çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərini, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 313A ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.165 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar