Məhkəmə qərarları › İş №1(060)-653/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-653/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-653/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Socar Polimer” zavodunda operator işləyən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 197A-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “BC” kateqoriyalı, AC243964 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 13 aprel 2025-ci il tarixdə, saat 12:45 radələrində Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ərazisində yerləşən “Səda Store” mağazasının qarşısında parklanma yerindən geriyə doğru hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkət təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə arxaya manevr etdirməməli, lazım gəldikdə isə nəqliyyat vasitəsini arxaya doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən isdifadə etməli olduğu halda bunları etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib hərəkətini davam etdirməklə idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyyatsızlıqdan sonuncuya mil sümüyünün distal ucunun sınığı, sol mil bilək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan tumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərini pozaraq zərərçəkəni vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən gedərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmiş, həmin məcəllənin 264-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Toyota Prius” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil şəhadətnamə əsasında ona məxsusdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 12:30 radələrində həmin avtomobillə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi ilə hərəkətdə olarkən avtomobilini yolun sağ kənarında yerləşən “Səda Store” mağazasının qarşısında yerləşən parklanma yerində saxlamış və mağazaya alış-veriş üçün getmişdir. Təxminən saat 12:55 radələrində yenidən mağazadan çıxaraq avtomobilinə əyləşmiş və avtomobili hərəkətə gətirmişdir. Daha sonra avtomobili geriyə doğru hərəkət etdirib parklama yerindən çıxan zaman ehtiyatsızlıqdan avtomobilin arxa hissəsində dayanmış bir nəfər kişi cinsli, ahıl yaşlı piyadanı vurmuşdur. Bu zaman həmin şəxs yerə yıxılmış, o, dərhal avtomobildən enərək həmin şəxsə yaxınlaşmış, onun vəziyyəti ilə maraqlanmış, heç bir problem olmadığını gördükdən sonra o, avtomobilinə əyləşərək hadisə yerini tərk etmişdir. Həmin vaxt avtomobilində 2 azyaşlı övladı olduğundan onları Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinə aparıb hadisə yerinə qayıtmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, piyada bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra hadisə yerinə yol polisi əməkdaşları və TTYS avtomobilinin yaxınlaşdığını və həmin piyadanı xəstəxanaya apardıqlarını görmüşdür. O, hadisə yerinə gələn təhqiqatçı ilə birlikdə izahat vermək üçün Sumqayıt ŞPİ-nə gəlmişdir. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə təsiri altında olmamışdır. Həmçinin ifadəsində göstərmişdir ki, o avtomobili təxminən 5 km/saat sürətlə idarə etmiş, avtomobilində olan 2 azyaşlı qızının hadisə barədə heç bir məlumatları olmamışdır. O, həmin şəxsi hadisə baş verməzdən əvvəl görmüş, lakin hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. O, həmin şəxsə özünü təqdim etməmiş və mobil nömrəsini verməmiş, həmin şəxsə yaxınlaşdıqda vəziyyətinin yaxşı olduğunu gördüyü üçün bu barədə TTYS-yə məlumat verməmişdir. O, həmçinin qeyd etmişdir ki, təxminən 10-15 dəqiqə sonra hadisə yerinə yenidən gəldikdə vurduğu piyadanın bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyi və TTYS çağırdığı ona məlum olmuşdur. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, hüquqlarını bilməmiş, bu səbəbdən hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verməmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxsə özünü təqdim etməmiş və mobil nömrəsini sonuncuya verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Səda Store” mağazasının qarşısında yerləşən parklanma yerində avtomobillərə nəzarət funksiyasını həyata keçirir. Belə ki, xx.xx.2025-ci il tarixdə qeyd olunan ünvanda avtomobillərə nəzarət edərkən mağazanın qarşısında dayanmış, təxminən saat 12:45 radələrində mağazanın qarşısında olan parklanma yerindən çıxmaqda olan “Toyota Prius” markalı avtomobilin sürücüsü diqqət etmədən avtomobili geriyə doğru hərəkət etdirdirdikdə arxa hissəsi onun sol tərəfindən dəymiş və zərbə nəticəsində o, yerə yıxlmışdır. Bu zaman sürücü avtomobildən enərək ona yaxınlaşmış, sürücü ona özünü təqdim etməmiş, əlaqə üçün mobil nömrəsini verməyərək avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Bu zaman avtomobil bir qədər irəlidə yerləşən işıqforda dayandığından o, həmin avtomobilə doğru yaxınlaşmış və dövlət qeydiyyat nişanının **-EV-*** olduğunu görmüşdür. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Müraciətindən təxminən 15-20 dəqiqə sonra isə sürücü yenidən hadisə yerinə qayıdaraq ona nə kömək lazımdırsa etməyi təklif etmiş, o isə ona artıq gec olduğunu bildirmişdir. Həmçinin hadisə yerinə polis əməkdaşları, o xəsarət aldığından TTYS avtomobili yaxınlaşmış və onu müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na çatdırmışlar. O həmçinin ifadəsində bildirmişdir ki, sürücü öz şəxsiyyəti barədə məlumatları ona çatdırmamış və ilkin tibbi yardım göstərilməsi üçün “Təcili tibbi yardım” maşını çağırmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); Təqsirləndirilən şəxs 23 avqust 2025-ci il tarixdə CM-nin 263.1 və 264-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 68-69) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 79-80); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 35) “Qətimkan tədbirinin seçilməsi barədə” 23 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.84-85); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, yol-nəqliyyat hadisəsi 13 aprel 2025-ci il tarixdə, təxminən saat 12:45 radələrində Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi “Səda store” mağazasının qarşısında baş vermişdir. Hadisə həmin küçədə “Səda Store” mağzasının qarşısında parklanma yerində qeydə alınmışdır. Hadisə baş vermiş avtomobil yolu asfalt-beton olmaqla düz, quru vəziyyətdədir, 3 hərəkət zolağı vardır, hərəkət istiqamətləri bir-birindən qırıq-qırıq nişanlanma xətləri ilə ayrılır. Yol örtüyünün ümumi eni 13,5 metr, yol-nəqliyyat hadisəsi baş verən hərəkət hissəsinin ümumi eni hər zolaq 3,5 metr olmaqla 10,5 metr, yolun sağında yerləşən parklanma yerinin eni 3 metrdir. Hadisə baş verən yolun hərəkət hissəsinin sol tərəfində səki vardır. Həmin səkinin eni 1 metrdir. Avtomobil yolunda sürət həddi 60 km/saatdır. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, “Toyota Prius” markalı 77- Ev-218 dövlət qeydiyyat nömrə nişanlı avtomobil parklanma verində işləyən piyadanı avtomobilin arxa tərəfi ilə vurub yerə tullamışdır. Avtomobil dayanmış piyadanı vurduğu yer yolun sağ parklanma yerindən yolun hərəkət hissəsinə doğru 6,5 metr məsafədə yerləşir. Sol səkidən yolun hərəkət hissəsinə doğru 8 metr məsafədə yerləşir. (i.v. 5-12); "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 2223 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 17); Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, həmin vəsiqə xx.xx.2027-ci ilədək qüvvədədir. (i.v.16) AR SN MTE və PA şöbəsi-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 474 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində mil sümüyünün distal ucunun sınığı, sol mil bilək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərəçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 13.04.25-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 25-28); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyil. (i.v. 24); “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd DVD diskdən görünür görünür ki, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, Səda Store mağazasının qarşısında yerləşən parklanma yerindən gümüşü rəngli “Toyota Prius” markalı avtomobilin geriyə doğru hərəkət etdiyi və arxada 1 nəfər əynində yaşıl rəngli xüsusi geyimi olan piyadanı avtomobilin sürücüsünün idarə etdiyi avtomobilin arxa hissəsi ilə piyadanı vuraraq bır neçə metr qarşıya atdığı müəyyən edilmişdir. (i.v. 44); Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1679 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Toyota Prius” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 51-54); “Cinayət əməlinin tövsif edilməsi haqqında” 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1 və 264-cü maddəsinə tövsif edilmişdir. (i.v. 57-58); “Şahidin qanuni nümayəndəsinin cinayət prosesinə buraxılması haqqında” 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, X5 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə azyaşlı qızı X6 və X4 qanuni nümayəndəsi qismində cinayət prosesinə buraxılmışdır. (i.v.89-90); Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16-8/25287/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. (i.v. 102); Vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2014-cü il təvəllüdlü Dəniz Qasımova və xx.xx.2015-ci il təvəllüdlü Zeynəb Qasımova adlı övladları var. (i.v.96 ;100) “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, TŞ tərəfindən təqdim olunmuş 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 103-107); Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirlən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirərək cinayət işi üzrə icraata barışıqla əlaqədar xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barışıqla əlaqədar cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi CM-nin 263.1-ci maddəyə münasibətdə tam etirafedici, həmin məcələninin 264-cü maddəsinə münasibətdə isə onun dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 264-cü maddəsinə əsasən Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın.Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. CM-nin 26.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş, nəticədə cinayətkarcasına etinasızlıq nəticəsində ehtiyatsızlıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən CM-nin 264-cü maddəsinin tələblərinin pozulması ilə bağlı verilmiş ittihamla özünün təqsirli bilməməsi ilə bağlı qeyd edir ki, o, bu məzmunda ifadə verməklə məsuliyyətdən yayınmağa cəhd etməyə çalışmışdır. Belə ki, CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli plenumunun qərarına əsasən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.” “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoymuşdur. Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında sərbəst ifadə verərkən, o cümlədən verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsdə hər hansı xəsarətin olmadığını zənn etmiş, bu səbəbdən sonuncuya öz şəxsiyyəti və əlaqə nömrəsi barədə məlumat vermədən, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermədən hadisə yerindən yayınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1 və 264cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-653/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qərarından görünür k, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsini, sonuncu ilə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması nəzərə alınaraq, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona verilmiş digər ittiham –yəni CM-nin 264-cü maddəsi ilə təqsirli bilinməli, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətmiş olduğu cinayət əməlinin ehtiyatsızlıqdan törədilmiş cinayət olmasını, himayəsində 02 azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla idarə etməsi nəticəsində 1 nəfər şəxs az ağır dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermiş, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Statistik məlumatlara əsəsən 2023-cü il ərzində 1636 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2229 nəfər, həlak olanlar 862 nəfər, yaralananlar 1367 nəfər olmuş, 2024-cü ilin yanvar-mart aylarında isə 325 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 446 nəfər, həlak olanlar 159 nəfər, yaralananlar 287 nəfər olmuşdur. Statiskaya görə 2024cü ilin müvafiq rübündə baş vermiş yol nəqliyyat hadisələrinin sayında cüzi azalma baş versə də, magistral avtomobil yollarında baş verən yol qəzalarının sayı artmış ki, bu da ölkə əhalisi arasında böyük rezonans yaratmaqda davam edir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Prezidenti yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda da yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən himayəsində 02 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışmasını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 45.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1vanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhəri, o cümlədən Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 24 sentyabr 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs maddi zərərə görə 2000, mənəvi zərərə görə 1000, tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu əvəzinə ümumilikdə 3050 manat pulun təqsirləndirilən şəxsdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs ilə barışdığını, ona qarşı maddi və mənəvi heç bir tələbinin olmadığını bildirirərək mülki iddiası üzrə icraata xitam verilməsini xahiş etmişdir. MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - hakim iş üzrə icraata xitam verilməsi barədə qərardad (qərar) çıxarır. Odur ki, hazırkı iş üzrə tərəflərin barışmasını nəzərə alaraq mülki iddia ərizəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərinin, o cümlədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X2 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi üzrə icraata MPM-nin 264.0.1-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs CM-nin 263-ci maddəsi ilə verilmiş ittiham üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xitam verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar