Məhkəmə qərarları › İş №1(060)-654/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-654/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-654/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 25 ədəd dama-dama dəftər kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,495 qram, 0,459 qram, 0,552 qram, 0,531 qram, 0,542 qram, 0,537 qram, 0,564 qram, 0,506 qram, 0,486 qram, 0,565 qram, 0,580 qram, 0,518 qram, 0,467 qram, 0,525 qram, 0,479 qram, 0,508 qram, 0,524 qram, 0,512 qram, 0,464 qram, 0,493 qram, 0,565 qram, 0,480 qram, 0,454 qram, 0,460 qram, 0,438 qram, ümumi təmiz çəkisi-12,704 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 2-ci mikrorayon, 4/26 saylı yaşayış binasının qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə qurudulmuş marixuana onun əynindəki göy rəngli cins şalvarın sol yan cibində üzərində “LD” yazısı olan iki ədəd siqaret qutularının içərisindən aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 22.06.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman üzdən tanıdığı, lakin adını və şəxsiyyəti haqqında digər məlumatları bilmədiyi bir nəfərlə rastlaşmışdır. O həmin şəxsin narkotik vasitə qurudulmuş marixuana satdığını bildiyi üçün ondan öz şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Həmin şəxs isə ona 40 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitələri satmaq istədiyini bildirmişdir. O həmin şəxsə dediyi miqdarda narkotik vasitə istəmədiyini, ona 1-2 büküm lazım olduğunu demişdir. Həmin şəxs isə ona həmin narkotik vasitələri dəyərindən ucuz qiymətə, hər bükümü 8 manata satdığını bildirmişdir. O ətrafında onun narkotik vasitədən istifadə etdiyini bilən az sayda insan olduğunu, buna görə də narkotik vasitə tapmaqda çətinlik çəkdiyini bildiyi üçün ucuz düşmüşkən mümkün qədər çox miqdarda narkotik vasitə almaq qərarına gəlmiş və cibində olan 200 manat pulu həmin şəxsə uzatmışdır. Verdiyi pulun müqabilində həmin şəxs ona 25 büküm narkotik vasitə qurudulmuş marixuana vermişdir. Bükümlər çox olduğu üçün o yaxınlıqdakı köşkdən 2 qutu “LD” markalı siqaret almışdır. Həmin siqaret qutularının içlərini boşaldıb, narkotik vasitəni həmin qutulara doldurmuşdur. Bundan sonra o yaşadığı Sumqayıt şəhərinə geri qayıtmışdır. Həmin gün saat təxminən 21 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və daşınmasında şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra polis əməkdaşları onu PB-nə dəvət etmişlər. O polis əməkdaşlarının dəvəti ilə 4-cü PB-nə gəlmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyduğu üzərində “LD” yazısı olan 3 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin qutuların içərisinə baxış keçirilən zaman birinci qutunun içərisində 10 ədəd, ikinci quturunun içərisində 15 ədəd ağ rəngli bükümlər, üçüncü qutunun içərisində isə siqaret olduğu müəyyən olunmuşdur. Həmin ağ rəngli bükümlərin içərisinə baxış keçirilən zaman orada yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. O həmin narkotik vasitələri 3-4 gün əvvəl Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan olunan şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. 22.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o rəhbərliyə raportla müraciət edərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Raportu əsasında o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Bağırlı, CAŞın kiçik inspektorları, polis serjantı Şahid2, polis kiçik serjantı Şahid3 və KTB-nin kriminalisti, polis mayoru Şahid4 ibarət əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə, saat 21 radələrində tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş və saat 21:45-də Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 4/26 saylı yaşayış binasının qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyib onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 4-cü PB-nə gəlmişdir. Orada təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi atxarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 03 ədəd üzərində “LD” yazısı olan tütün qutularını təqdim edərək həmin qutuların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 2- 3 gün əvvəl Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 200 manat müqabilində aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 25 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın inspektorları, polis serjantı Şahid2, polis kiçik serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 23.06.2021-ci il tarixli, 7/584 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütlələri” yazılar və imzalar olan zərfdə 2 ədəd üzərində “LD” yazısı olan siqaret qutularında : 1 № siqaret qutusunda 15 ədəd dama-dama dəgtər kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,495 qram, 0,459 qram, 0,552 qram, 0,531 qram, 0,542 qram, 0,537 qram, 0,564 qram, 0,506 qram, 0,486 qram, 0,565 qram, 0,580 qram, 0,518 qram, 0,467 qram, 0,525 qram, 0,479 qram, ümumi çəkisi -7,806 qram və 2№ siqaret qutusunda 10 ədəd dama-dama dəftər kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,508 qram, 0,524 qram, 0,512 qram, 0,464 qram, 0,493 qram, 0,565 qram, 0,480 qram, 0,454 qram, 0,460 qram, 0,438 qram, ümumi çəkisi-4,898 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqdim edilmiş 2 ədəd siqaret qutularında ümumi sayı 25 ədəd kağız bükümlərdə olan marixuanaların ümumi çəkisi-12,704 qramdır. Qeyd: marixuananın təmiz çəkisi-12,704 qram, təqdiqata sərf olundu-0,5 qram, qalıq-12,204 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17.08.2021-ci il tarixli, 2932 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,204 qram narkotik vasitə olan marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-295/2021 saylı, 24.06.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 22.06.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 12,204 qram çəkidə narkotik vasitə marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 12,204 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar