Məhkəmə qərarları › İş №1(060)-655/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-655/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-655/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonu, Məlikkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-357/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Məlikkənd ərazi dairəsi, Məlikkənd kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu, 8-ci mikrorayon, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,429 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06 iyun 2025-ci il tarixdə, saat 00:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsində Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,429 qram olan xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir psixoloji problemləri olduğu üçün narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamışdır. O, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində olarkən təsadüfən qarşılaşdığı, tanımadığı şəxsə 30 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin almış və dostu ilə birlikdə istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsində piyada hərəkət edərkən mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya varsa təqdim etməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifindən sonra şalvarının cibində saxladığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində psixotrop maddə metamfetamin olan bükümün içərisinə baxış keçirmiş, elektron tərəzidə çəkmiş və zərfə qoymuşlar. Daha sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getmişlər. Polis bölməsində olan zaman isə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin müdafiəçi təqdim olunmuşdur. Orada onun təqdim etdiyi büküm olan zərf açılmış və içərisindəki bükümə baxış keçirilmişdir. Ona saxlanılarkən və polis bölməsində polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsir edilməmişdir. Son söz olaraq əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 4cü PB-yə Qərib adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 00:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkilləri Şahid1 və Şahid3la birlikdə yaxınlaşaraq onu saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli və ya psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcə də istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona video çəkliş aparmaqla üzərini yoxlaycaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, həmin psixotrop maddəni günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən təsadüfən tanış olduğu şəxsdən, şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin üzərini əlavə olaraq axtarmışlar. Təqsirləndirilən şəxs üzəri axtarılarkən onun üzərində bir ədəd mobil telefon, bir ədəd bank kartı və bir paçka saqqız aşkar edilmiş, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümə baxış keçirildikdə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra isə həmin büküm elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getmişlər. Sumqayıt ŞPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs hüququ və vəzifələrinə dair bildiriş və müdafiəçi təqdim edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlayarkən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış içərisində psixotrop maddəyə bənzər kütlə olan zərf təhqiqatçıya təqdim edilmiş, həmin zərfin içərisinə baxış keçirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, məhkəmə iclasında ifadə verən şahidlər Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadələrinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə, saat 00:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofanı təqdim etmişdir. Vizual baxış zamanı içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və sellofan ilə birlikdə çəkisi 0,50 qram olmuşdur. Sonra həmin maddə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “patışüşə” adlanan maddəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. (i.v. 10-11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) Şəxsi axtarış və götürülmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 29) “Şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin baxış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:20-dən 01:27-dək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etmək təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirmişdir. Onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçirilmiş və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılmış və içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə tərəziyə qoyularaq çəkilmişdir. Elektron tərəzidə şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,50 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütləni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal raynu ərazisində tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/433 nömrəli fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində DİN “Arayışlar üçün № 128” möhür əksi “Təqdim etdi: /imza/ Təqsirləndirilən şəxs: Tərtib etdi: /imza/ R.Rəcəbli; Tanış oldu: /imza/ Abbasov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,429 qram təqdim edildi, 0,05 qram nümunə götürüldü, 0,379 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v. 44-46) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 19:45-də həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 55-56) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v. 63-65) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmişdir. Qərar Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20-də təqdim edilmişdir. (i.v. 69-70) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd gövdəsi qara rəngli, arxa yuxarı sağ hissədə foto və video çəkilişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefona baxış keçirilərkən mobil telefonun yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı foto şəkil, audio, video material, sms yazışmaları aşkar edilməmişdir.(i.v 72) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,429 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, təmiz çəkisi 0,429 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,379 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. (i.v 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsinə əsasən 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu azad edilmişdir. (i.v. 81-82) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-357/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 85-93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin ambulator-məcburi X8nın xx.xx.2025-ci il tarixli, 4593 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.106-107) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 02 (iki) ədəd, birincisi “20250606-1” adlı, 70096 kb həcmində, 06 dəqiqə 41 saniyə davam edən, rəngli formatda, açıq hava və qaranlıq hava şəraitində çəkilmiş, ikincisi “20250606-2” adlı, 570237 kb həcmində, 06 dəqiqə 41 saniyə davam edən, rəngli formatda, elektrik işıqlandırılması və otaq şəraitində çəkilmiş video görüntülər olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,429 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,379 qram çəkidə qalıq qalmış psixotrop maddə metamfetaminin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v.109-117) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-357/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci və digər maddələri ilə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:05-dən xx.xx.2025-ci il tarixə saat 20:20-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4593 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4593 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra 0,379 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdə saat 00:05-dən xx.xx.2025-ci il tarixə saat 20:20-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,379 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 176 (bir yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar