Məhkəmə qərarları › İş №1(060)-658/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-658/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-658/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 ədəd ağ rəngli kağız bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,335 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki yaşıl rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 19 iyun 2025-ci il tarixdə, saat 20:02 radələrində Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Xarı bülbül” şadlıq sarayının arxa hissəsi ilə piyada hərəkətdə olarkən saxlanılmaqla orada üzərinə keçirilmiş, baxış zamanı həmin büküm əynindəki yaşıl rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, qeyd olunan hallar videoçəkilişdə olduğu kimi baş tutmamışdır. Polis əməkdaşları onu, yaşadığı ünvan 3 ünvanının həyətində yerləşən “İmran” marketin içərisində saxlamış, o, marketdən alışveriş edib kassada ödəniş edərkən Azər adlı polis əməkdaşı ondan Təqsirləndirilən şəxs olub-olmadığımı soruşmuş, daha sonra Güloğlan, Şahin və əməliyyat qrupuna rəhbərlik edən Mikayıl adlı polis əməkdaşları içəri daxil olaraq onu saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı yerdən təxminən 300 metr məsafədə yerləşən “Xarı Bülbül" şadlıq sarayının arxa hissəsinə gətirilərək, guya həmin ərazidə üzərində narkotik vasitə aşkar olunaraq şübhəli şəxs kimi tutulması barədə çəkiliş aparılmışdır. Bildirir ki, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları ona narkotikin ona məxsus olmasını boynuna almayacağı təqdirdə onu narkotik vasitələrin satışı ilə rəsmiləşdirəcəklərini bildirmiş, bu səbəbdən o, məcbur olub nakotikin ona məxsus olmasını qəbul etmiş, lakin bu barədə hər hansı orqana şikayət etməmiş, müdafiəçisinə bildirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 28 ildir ki, ünvan 3 ünvanında yaşayır. Onu tutan polis əməkdaşları ilə arasında əvvəlcədən heç bir ədavət, düşmənçilik olmamış, polis əməkdaşları onu “İmran” marketin içərisində saxlamış və çəkiliş aparılması üçün “Xarı Bülbül" şadlıq sarayının arxa hissəsinə aparmışlar. “İmran” marketdən “Xarı Bülbül" şadlıq sarayına qədər olan məsafə təxmini olaraq 300 metrdən azdır. Bildirir ki, MSY-dən azad edildikdən sonra həmin marketdən görüntüləri əldə etməmişdir. Belə ki, “İmran” market yaşadığı ünvan 3 ünvanının həyətində yerləşir. Hazırda narkotikdən istifadə etməsə də, saxlanıldığı gün, yəni 19 iyun 2025-ci il tarixdə psixotrop maddə olan metamfetamin istifadə etmiş və həmin narkotiki Bakı şəhərindən 5 manata almışdır. O, narkotiki əlaqə nömrəsini sosial şəbəkələrdən taparaq əlaqə saxladığı şəxslərdən almışdır. Onu da bildirir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməmiş, fiziki və psixi təsirlərə məruz qalmamışdır. Sonuncu dəfə narkotikdən anası dünyasını dəyişməmişdən 03 gün əvvəl istifadə etmişdir. Belə ki, anası 25 sentyabr 2025-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan hallarla bağlı heç bir orqana şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən tutulduqdan 02 gün sonra MSY-dən buraxılmışdır. Məhz polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə yüklənə bilməsindən ehtiyat edərək CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasını qəbul etmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, 03 aya yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar sonuncuya üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib hüquqlarını izah edərək üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. O, əynində olan yaşıl rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd ağ rəngli bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin büküm elektron tərəzidə çekilərək 0,50 qram olması müəyyən olunaraq daha onra onlarla birlikdə 1-ci PB-nə gəlmişdir. PB-də otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkilin iştirakı və onun razılığı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı həmin psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan maddəni bir daha onun iştirakı ilə elektron tərəzidə ölçülmüşdür. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təzyiqə məruz qalmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə PB-nə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20:02 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Xarı Bülbül" şadlıq sarayının arxa hissəsi ilə hərəkətdə olarkən videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmiş, Nəbiyevə nədə şübhəli olmasını bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. Vüsal şalvarının cibindən bir büküm çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sonra digər sənədləşmə işləri aparılması üçün şübhəli şəxsi 1-ci PB-nə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 iyun 2025-ci il tarixdə (saat 15:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 20:02 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 47-48); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 21 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 57-58); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin Müvəqqəti Saxlama 21 iyun 2025-ci il tarixdə saat 14:30-da azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 59-60); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə ola videogörüntülərdən müəyyən olunur ki, mülki geyimli polis əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 20:02 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Xarı Bülbül” şadlıq sarayının arxa hissəsində şübhəli şəxsə yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib 1-ci PB-nin əməkdaşları olduqlarını bildirərək, hər biri özünü təqdim edir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığını və üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa, təqdim etməsi təklif olunur. Nəbiyev əynində olan yaşıl rəngli cins şalvarının sağ cibindən ağ rəngli bükümü çıxararaq təqdim edir. Büküm açıldıqda içərisində kristal şəkilli, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddə olması aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0,50 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. (i.v.7-8); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/525 nömrəli, 20 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs un üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 37-39). Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2024-cü il tarixli, 4757 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİODİLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserin qeydiyyata alınması məsləhət görülür. (i.v. 99-100). Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl 01 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, o, Suraxanı Rayon Məhkəməsinin 1(010)-160/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 fevral 2025-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 70-71, 79-98) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Nəbiyevin üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/525/2025 nömrəli rəyinə uyğun olaraq 0,335 qram olması əsas götürülmüşdür. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,335 qram psixotrop maddə olan metamfetamin və 03 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 03 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,285 qram metamfetamin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş, iş üzrə xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokollar, məhkəməkimyəvi ekspertizasının xx.xx.2025- ci il tarixli 3-16-16/2-20/525/2025 saylı, məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4757 saylı rəyləri, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v. 102-108); Məhkəmə iclaslarından yayındıığı üçün Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 1(060)-658/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı “həbs” qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış məktubdan görünür ki, barəsində axtarış elan olunmaqla, həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən psixotrop maddə istifadə etsə də, üzərində heç bir psixotrop maddə olmadığını, polis əmədaşları tərəfindən heç bir fiziki təsirə mərzu qalmadığı, döyülmədiyini bildirərək, narkotikin ona məxsus olmasını məhz polis əməkdaşlarının onu hədələdiyi üçün ona məxsus olmasını boynuna alması barədə verdyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi bütün hallar və dəlillər araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə verməsi Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə belə olan halda həm ibtidai istintaq və həm də məhkəmə iclasında əldə edilmiş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Baxış keçirilməsi və götürülməsi”, o cümlədən “Şəxsi axtarış keçirilərkən” üzərində olan psixotrop maddəni könüllü olarq polis əməkdaşlarına təqdim etmiş, müdafiəçinin iştirakı ilə Sumqayıt ŞPİ-də təhqiqatçıya verdiyi 19 iyun 2025-ci il tarixli ilkin izahatında törətmiş olduğu cinayət əməlini etiraf etmiş, hadisənin baş vermə mexanizmini izah edərək öz imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra xx.xx.2025-ci il tarixdə müstəntiq tərəfindən dindirilmiş, müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində də törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs qismində cəlb edildikdən və CM-nin 234.1ci maddəsi ilə ittiham elan edildikdən sonra dindirilmiş Təqsirləndirilən şəxs bir daha özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək müdafiəçinin iştirakı ilə etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs ifadəsində onun yaşadığı ünvandan heç də uzaqda olmayan “İmran” marketin içərisində saxlanıldığını bildirsə də, həmin marketdən görüntülərin götürülməsi üçün MSY-dn azad edildikdən sonra heç bir təşəbbüs və cəhd göstərmədiyini, bundan başqa polis əməkdaşları tərəfindən təhdid edilməsi barədə hər hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Beləliklə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla Təqsirləndirilən şəxs təqsirli olması sübuta yetirilmiş və məhz həmin sübutlar hazırki cinayət işində ittihamın əsası kimi qəbul edilməlidir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə,saxlama, hazırlama,emal etmə,daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama-bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0,15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş,alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki,məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən,xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə,ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə -metamfetaminin növünü, bundan əvvəl qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin istifadə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını ağırlaşdıran halı, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 60 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,285 qram psixotrop maddə metamfetamin məhv edilməli, “əməliyyataxtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" əks etdirən 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 02 (iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 22 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 05 (altı) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsn. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,285 qram qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında" videogörüntüləri əks etdirən 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar