Məhkəmə qərarları › İş №1(060)-661/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-661/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-661/2023 01.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 aprel 2023-cü il tarixdə, saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 3/5 ünvanının qarşısında saxlanılıb 4-cü polis bölməsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,633 qram psixotrop maddə olan metamfetamin əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 aprel 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu bölməyə dəvət etmiş, səbəbini soruşduqda göstəriş olduğunu ona bildirmişlər. Lakin o, evə girərək qapını bağlamış, polis əməkdaşları ilə getməmiş, ona rəsmi bildiriş göndərilməsini demişdir. 20 aprel 2023-cü il tarixdə polis əməkdaşları yenidən onun yaşadığı ünvana gəlmiş, təxminən saat 4-5 arası onu polis bölməsinə aparmışlar. O, həmin vaxt polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Polis bölməsində əməliyyatçı onun qarşısına büküm qoyaraq videoçəkiliş zamanı üzərindən çıxarıb təqdim etməsini bildirmişdir. Əgər həmin bükümü götürməzsə daha artıq miqdarla sənədləşdirəcəklərini bildirmişlər. O da təzyiq olduğundan narkotik vasitnin ona məxsus olduğunu etiraf etməyə məcbur olmuşdur. Lakin onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onu saxladıqdan 4-5 saat sonra videoçəkiliş etmişlər, çəkiliş zamanı müdafiəçi də orada olmuşdur. Onun saxlanılmasında Şahid2 olmuş, digər şahid qismində dindirilmiş şəxslər orada olmamışlar. Əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin bu narkotik vasitə ona məxsus deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Heç bir psixi xəstəlik keçirtməmiş, daimi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 20 aprel 2023-cü il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğu zaman üzdən tanıdığı, adını və harada yaşamasını bilmədiyi narkotik vasitə istifadəçisi olan bir nəfər şəxslə rastlaşmış, həmin şəxsə 19 manat pul verərək daha sonra istifadə etmək məqsədi ilə ondan bir ədəd siqaret kağız bükümündə metamfetamin almış, həmin metamfetamini əynində olan şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. 20 aprel 2023-cü il tarixdə, təxminən saat 20 radələrində yaşadığı ünvan 1 ünvanının yanında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada ona şübhəli şəxs qismində tutulacağını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin siyahısını təqdim etmişlər. Həmin siyahıdan vəkil Fərhad Əliyevin hüquqlarını müdafiə etməsini istəmiş, bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O da buna etiraz etməmiş, sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da həmin vaxt şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülüyə baxış keçirildikdən sonra metamfetamin elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sorğu zamanı da həmin bükümdəki maddənin metamfetamin olduğunu, özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokola və zərfin üzərinə imza etmişdir. Heç vaxt narotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamış, 4-cü polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitənin qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən bölməyə əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 20 aprel 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər, cinayət axtarış üzrə kiçik inspektor Şahid3 və əməliyyat müvəkkili Şahid2 də iştirak etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün axşam saatlarında onun yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Rüstəmə yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmiş və üzərində narkotik vasitə olduğu sübhəsi ilə onu Sumqayıt ŞPİ-nin 4-cü PB-ə avtomobillə gətirilmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı Şahəddin Vəlişov tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edildikdən vəkilin iştirakı ilə videokamera çəkilmişi aparılmaqla şəxsi axtarışa başlanmış, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü surətdə verməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən ağ kağız bükümü təqdim edib psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddə metamfetamini Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini etiraf etmişdir. Bundan sonra büküm açılmış və çəkisinin yarım qramda bir az cox olması müəyyən edilmişdir. Sonradan həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin CA üzrə inspektoru Şahid3 öz ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, iş üçün əhmiyyət kəsb edəcək yeni bir hal göstərməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixdə saat 20:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-162/2023 saylı, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Vət. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümünü təqdim etdi. Həmin büküm açılan zaman bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdə olan metamfetaminə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin kağızı ilə birlikdə 0.73 qram olduğu müəyyən edildi, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən istifadəsi qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və predmet aşkar olunmadı. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir müraciət və təklif daxil olmadı. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/2356 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi olan “ Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,633 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,583 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,633 qram (qalıq 0,583) qram olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, videogörüntüyə baxdıqda müəyyən edilir ki, 20 aprel 2023-cü il tarixdə Sumqayıt şəhərində Rüstəm adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 20:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-ə gətirilmiş və bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Şahəddin Vəlişov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Şahəddin Vəlişov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt 1 saylı Vəkil bürosunun vəkili Fərhad Əliyev təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağız bükümü təqdim edir. Bundan sonra həmin büküm açılmış, bükümdəki kütlənin psixotrop maddə metemfetamin olduğunu bildirmişdir. Həmin psixatrop maddəni şəxsi istifadəsi üçün Abşeron rayonu Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını və üstündə gəzdirdiyini bildirir. Həmin vaxt üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1671 saylı, xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Hüseynova Məryəm adlı qız övladı vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3182 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınaraq 01 ədəd DVD diskə köçürülmüş və cinayət işininin istintaq sənədlərinə əlavə edilmiş videogörüntü, həmçinin iş üzrə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, eləcə də digər istintaq hərəkəti protokolları iş üzrə sübut növü kimi qəbul edilib qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,633 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-661/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 870 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,633 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar