Məhkəmə qərarları › İş №1(060)-663/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-663/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-663/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı il tarixində Ermənistan Respublikasında doğulmuş, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-15/2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzaına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 7(012)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün cəzası 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Bəxtiyar Vahabzadə küçəsi, fərdi ev ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 250,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 iyun 2022-ci il tarixində, saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 5/55-in qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən qarın nahiyəsinin sağ tərəfində paltarın altında gizlətdiyi yaşıl rəngli, üzərində “Vida.az” yazısı olan və izobantla sarınmışbükülmüş sellofan bağlamanın içərisindən 250,0 qram çəkidə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. O, 2016-cı ildən narkotik vasitəsi istifadəçisidir və narkotik vasitəni tüstü ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə səhər saat 11:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi 7 saylı məktəbin yanındakı zibilxana tərəfədən gedərkən yerdə içərisi dolu görsənən sellofan bağlamanın nəzərini cəlb etdiyi üçün açıb içərisinə baxdıqda yaşıl rəngli qurudulmuş marixuana olduğunu görüb götürdüyünü bildirmişdir. Sonra həmin bağlamanı yaxın bir yerdə gizlətmişdir. Üzərindən bir neçə saat sonra həmin yerə gedib bağlamanı götürdüyünü və üzərində gizlədib Sumqayıt şəhəri ərazisində öz işlərinin arxasıyca getdiyi zaman Sumqayıt şəhəri, 5-ci mikrorayon əraizisndə bina 5/55-in qarşısında saat təxminən 16:00 radələrində 02 (iki) nəfər mülki geyimdə şəxslərin ona yaxınlaşdığını bildirmişdir. Həmin şəxslərin özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək saxlanıldığını demələrini qeyd etmişdir. Polis işçilərinin ona araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparacaqlarını dediyini, onun buna etiraz etməyərək polis əməkfaşları ilə birlikdə PB-yə gəldiyini bildirmişdir. 3-cü PB-də xidməti otaqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuş, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilmiş və ona vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə Müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, üzərində gizlətdiyi sellofan paketdə olan bağlamanı təqdim etdiyini bildirmiş və verilən şifahi suallara cavab olaraq həmin bağlamada narkotik vasitə “marixuana” olduğunu, həmin maddəni yuxarıda qeyd etdiyi tarixdə və yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş həmin bağlama elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuana bağlaması ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və DİNnin 127 saylı möhürü ilə möhürlənmişdir. Əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsində iştirak edərək yaralanmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, gəzdirilməsi, narkotik vasitə istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunun bildirmişdir. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Saat 15:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 5/55-in yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 5/55-in yaxınlığına gəlmişlər. Saat 16:00 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər, Onlar onu saxlamışlar və özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlama, üzərində gəzdirmə, istifadəsində şübhəli bilindiyini demişlər. Bundan sonra Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmişlər, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuş, o heç bir etirazının olmadığını bildirdikdən sonra ona hüquq və vəzifələri ilə bağlı bildiriş və hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsun saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş edilmiş, o qarın nahiyəsinin sağ tərəfində paltarın altında gizlətdiyi yaşıl rəngli, üzərinə “Vida.az” yazılmış və izobantla sarılmış sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisinə baxıldıqda yaşıl rəngli ot kütləsinin olduğu müəyyən edilmiş, həmin ot kütləsinin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saat 11:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı məktəbin yanındakı zibilxanda yerdən tapdığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuana aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X2 olduğunu bildirir. Sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və qarşısında duran şəxsdən özünü təqdim etməsini deyir və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3- cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 olduğunu bildirirlər. Sonra təhqiqatçı X5 Rəhimova saxlanılmasının səbəbini izah edərək, ona hüquqlarını müdaifə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək bununla bildiriş təqdim edir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub olmaması ilə bağlı sual verilir və əgər belə bir şey vardırsa təqdim etməyi xahiş edilir. Təqsirləndirilən şəxs qarın nahiyəsinin sağ tərəfində paltarın altında gizlətdiyi yaşıl rəngli, üzərinə “Vida.az” yazılmış və izobantla sarılmış sellofan bağlamanı təqdim etdi. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində qurudulmuş marixuana olduğunu, həmin bükülünü Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı məktəbin yanında zibilxanadan tapdığını və üzərində gəzdirdiyini, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək həmin büküm elektron tərəzidə çəkildi və çəkisinin 270 qram olması müəyyən olundu. Aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/688 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləşi’ yazılar və imzalar olan üzəri skoçla bağlanmış yaşıl rəngli polietilen bağlamadakı 01 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 250,0 qram bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 250,0 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq: 249,95 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3838 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorun birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt MTE və PA şöbəsinin 924 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs X1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 250,0 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 249,95 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-15/2021-ci il tarixli hökmünün, Abşeron Rayon Məhkəməsinin 7(012)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətlərindən və Sumqayıt şəhər Probasiya Şöbəsinin 78428/21 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-15/2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzaına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 7(012)- 95/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün cəzası 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin ona Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-15/2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan cinayətlərin residivi kimi qiymətləndirilmir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X3). İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və İİ Qarabağ müharibəsində iştirak etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 250,0 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 249,95 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 72.00 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Bəxtiyar Vahabzadə küçəsi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 249,95 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72.00 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar