Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-664/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, H.Zeynalabidin qəsəbəsi, Xətai küçəsində yerləşən “playstation” klubun arxasında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dodaq və sifət nahiyyəsinə qəsdlə əli ilə vuraraq sonuncuya – “üst dodağın sol yarısının qançırı və cərrahi tikişə ehtiyacı olan yarası, sol gözaltı nahiyyənin sıyrığı”-dan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində əvvəllər işlədiyi Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən “DOST” Telecoma girmiş, əvvəlki iş yoldaşı orada satıcı işləyən Günelin rəfiqəsi olan Aytac adlı qızın pis olduğunu, ağlamaq istədiyini görmüşdür. Aytac onun dostu Babacanın bacısıdır, o, onları uşaqlıqdan tanıyır. O, içəri daxil olanda bir nəfər tanımadığı şəxsin də orada olduğunu görmüşdür. O, içəri daxil olan kimi həmin oğlan çıxmışdır. Qızdan nə olduğunu soruşmuş, Aytac da həmin oğlanın onun adını “İnstagram” sosial şəbəkəsində etiraf səhifəsində paylaşdığını demişdir. O da telefon dükanından çıxmış və həmin oğlanı çağırmışdır. Adını soruşmuş, Azər olduğunu demişdir. Azərə təklikdə söhbət etməyi təklif etmişdir. Onunla birlikdə işlədiyi “playstation" klubun arxasına getmişdir. O, Azərdən “İnstagramda” etiraf paylaşıb Aytacın adını yazıb-yazmadığını soruşmuşdur. O da əvvəl etiraf etməmiş, o da əsəbləşib sifətindən dodağından iki dəfə əli ilə vurmuşdur. Sonra Azər də yazdığını, sonradan sildiyini etiraf etmişdir. Ondan sonra o sakitləşmiş, Azərin dişlərində breket olduğu üçün dodağı qanamışdır. Sonra o, Azəri aparmış, o, əl-üzünü yumuş, üzr istəmişi və yanlış etdiyini demişdir. O da Azəri yola salmış, hətta öpüşüb görüşmüş, onu vurduğu üçün ondan üzr istəmiş, əsəbi olduğunu demişdir. Sonra Azəri yola salmış, o getmişdir. Azərin şikayət edəcəyini bilməmişdir. Həmin vaxt orada ondan və Azərdən başqa heç kim olmamışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 1 aydır ki, Aytac adlı qızla tanış olmuşdur. Aytac Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsində yerləşən “Dost” Telecomda işləyən sinif yoldaşının rəfiqəsidir. Onu görüb bəyənmişdir. O, bir həftə əvvəl “İnstagram” sosial şəbəkəsində “nasosnu_etiraf” adlı səhifədə “Dost” Telecomda işləyən qızı rəfiqəsi olan Aytac adlı qızdan xoşum gəlir” kimi ifadə yazmışdır. Bundan sonra həmin qız instagram hesabını ona vermiş və onlar danışmağa başlamışlar. Biraz söhbət etdikdən sonra onu xx.xx.2023-cü il tarixdə işlədiyi yerə görüşə çağırmışdır. Bir az söhbət etmişlər, söhbət zamanı obyektin sahibi, yaxud işçisi kimi tanıdığı Rəsul adlı şəxs içəri girmişdir. O mane olmasın deyə çölə çıxmışdır. Evə tərəf gedərkən Rəsul onu çağırmışdır. O da ona yaxınlaşmışdır. Rəsul onu yeni açılmış “Playstation” klubun arxa tərəfinə çağırmış, birlikdə oraya getmiş və söhbət etməyə başlamışlar. Ondan instagramda yazılan etirafı onun yazıb yazmadığını soruşmuşdur. O da özü yazdığını, sonra da sildiyini bildirmişdir. Bunu eşidən kimi Rəsul onu yumruqla bir dəfə vurmuşdur. O, özünü qorumağa çalışmış, yenidən Rəsul onu dodağından, sifətindən bir neçə dəfə yumruqla vurmuşdur. O da özünü qorumağa çalışmışdır. Sonra o, özünü pis hiss etdikdə Rəsul dayanmış və onu su içməyə və əl üzünü yumağa aparmışdır. Sonra da heç nə olmamış kimi yola salmışdır. Hətta onunla görüşmüşdür ki, bu söhbət olmayıb. O da evə getmişdir. Hal-hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 18 iyun 2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 938 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “üst dodağın sol yarısının qançırı və cərrahi tikişə ehtiyacı olan yarası, sağ gözaltı nahiyyəsinin sıyrığı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi 1 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 108 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 107 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi anası-xx.xx.1973-cü il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xaraketrizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2308 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxana tərəfindən verilmiş 133 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli xəsatəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-664/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 883 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-664/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-664/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver