Məhkəmə qərarları › İş №1(060)-665/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-665/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-665/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 28 yanvar 2024-cü il tarixdə saat 19 radələrində keçmiş həyat yoldaşı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivi ev 5 mənzil 48-dəki evində sonuncunun evdə yemək hazırlamayıb, qonşudakı ad günü şənliyinə getdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub yerə yıxaraq onun boyun nahiyyəsinə təpiklə vurmaqla yanaşı, həmin evin mətbəxtindən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağı ilə sonuncunun bədən nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol kürək nahiyyəsinin yarasından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda keçmiş həyat yoldaşı Könülün yaşadığı ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 2017-ci il tarixdə Könüllə ailə həyatı qurmuş və 2023-cü il tarixdə rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra o bir müddət yaşamağa yer tapmadığı üçün evində bir müddət qalmağa icazə verməyi Könüldən xahiş etmiş və Könül də onununla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə axşam radələrində o, azyaşlı uşaqları ilə evdə olan zaman Könül yemək hazırlmadan qonşuda ad gününə getmişdir. Təxminən saat 19 radələrində Könül evə gələn zaman nə səbəbə uşaqlara və ona yemək gətirmədiyini söyləmiş, Könül nəticədə onun və ailəsinin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. O da bundan əsəbləşərək Könülün saçından tutub yerə yıxmış və daha sonra yerdə boyun nahiyyəsinə təpiklə zərbə vurmuşdur. Daha sonra Könül yenidən onun ailə üzvlərini təhqir etməyə davam etmiş, o da bundan əsəbləşib mətbəxə keçmiş və mətbəxtdə olan meyvə bıçağını götürüb Könülü qorxutmaq məqsədi ilə onun sol çiyin nahiyyəsinə bıçaqla bir neçə dəfə zərbə endirmişdir. Bu zaman Könül sakitləşmiş və o da bıçağı yerə atıb yataq otağına keçmişdir. Hadisə zamanı evdə azyaşlı uşaqlardan başqa heç kəs olmamışdır. Səhəri günü polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, sadəcə Könülü qorxutmaq istəmişdir. Hazırda əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxslə 2017-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən 2 övladları var. 2023-cü ilin oktyabr ayında o Təqsirləndirilən şəxslə aralarında mübahisələr olduğu üçün rəsmi qaydada boşanmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs öz övladlarını görmək istədiyi üçün ara-sıra onun yaşadığı evə gəlib-getməyinə icazə vermişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Vaqif ona zəng edərək uşaqlarını görmək istədiyi üçün onun yaşadığı evə gəlmək istədiyini söyləmiş və o da razılıq vermişdir. Həmin gün Vaqif gəlmiş, ona yaşamağa yerinin olmadığını demiş və o da onunla birgə qalmağa razılıq vermişdir. xx.xx.2024-cü il tarixdə axşam radələrində o qonşunun uşağının ad gününə getmiş, təxminən saat 19 radələrində evə gələn zaman Vaqif ona yeməyə nə gətirdiyini söyləmişdir. O da heç nə gətirmədiyini deyən zaman Vaqiflə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vaqif onun saçından tutub yerə yıxmış, yerdə boynunun arxasından təpiklə vurmuş və daha sonra mətbəxtə keçib oradan mətbəxt bıçağını götürərək ucu ilə onun sol çiyin nahiyyəsinə zərbə endirmiş və onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bir müddət sonra o özünə ilkin tibbi yardım etmişdir. Vaqif də sakitləşmişdir. Həmin gün Vaqif evdə qaldığı üçün o, polisə şikayət edə bilməmişdir. Səhəri günü bu barədə polisə məlumat vermişdir. Hadisə zamanı yaşadığı evdə azyaşlı övladı olmuşdur. O, hadisənin səhəri günü bu barədə anası Gülafətə məlumat vermişdir. Hadisə zamanı evdə başqa kənar şəxslər olmamışdır. Hadisə zamanı Vaqif mətbəxtdən götürdüyü bıçaqla onun sol çiyin nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. O, hadisə zamanı Vaqifi vurmamış və toxunmamışdır. Hadisə onun yaşadıqları evdə baş vermiş, 3-5 dəqiqə davam etmiş və ətrafda kənar şəxslər olmamışdır. Vaqif onu bıçaqla vurduqdan sonra həmin bıçağı evə qoyub getmiş və o, həmin bıçağı təhqiqata təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Vaqif isə onun keçmiş həyat yoldaşdır. Onlar məhkəmənin qərarı ilə rəsmi qaydada boşanmışdır. Buna baxmayaraq Vaqifin yaşamağa yeri olmadığı üçün son zamanlar onun qızı Könülün yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivində yerləşən evində yaşamışdır. Onların ilk əvvələr münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər radələrində qızı onun yaşadığı evə gəlmiş və Vaqifin bir gün əvvəl saç nahiyyəsindən tutub yerə yıxmaqla yanaşı, qızının boyun nahiyyəsinə təpiklə vurduğunu, daha sonra evdə olan mətbəx bıçağını götürüb qızının sol çiyin nahiyyəsinə bıçaqla vurduğunu bildirmişdir. O da qızının çiyin nahiyyəsinə baxan zaman həmin nahiyyədə bıçaq izlərinin olduğunu aşkar etmişdir. Hadisə zamanı o, evdə olmasa da sonradan qızı gəlib ona hadisə barədə məlumat vermişdir. O da qızına hadisə barədə polisə məlumat verməsini xahiş etmişdir. Cinayət işinin 75-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2024-ci il tarixli, 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol kürək nahiyyəsinin yarası Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsinki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərəvurmaya aiddir. Cinayət işinin 17-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı tələbi və şikayəti yoxdur, aralarında barışıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əvvəllər evli olmuşlar, hazırda rəsmi qaydada nikahları pozulsa da, bir evdə yaşayırlar, barışmışlar, ailə münasibətləri faktiki davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar