Məhkəmə qərarları › İş №1(060)-665/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-665/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-665/2025 29.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il, Masallı rayonunda anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Çaxırlı ərazi dairəsi, Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda, psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 (bir) ədəd bükümdə, kustar üsulla hazırlanmış, 0,244 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 07 iyul 2025-ci il tarixdə, saat 19:10-da, Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4a-nın yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,244 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində axşam saat 5-6 radələrində polis əməkdaşları ona yaxınlaşmış və üzərinə baxış keçirilən vaxt psixotrop maddə aşkar olunmuşdur. Həmin psixotrop maddəni 20 yanvar ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin maddələrin satışı ilə məşğul olmayıb. Saxlanılan vaxt polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilməyib, eyni zamanda o, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Hal-hazırda əməlindən peşmandır. Psixotrop maddələrdən 2-3 aydır ki, tüstüsünü çəkmək üsulu ilə istifadə edir, lakin saxlanıldıqdan sonra istifadə etməyib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, təxminən saat 19:10 radələrində, Sumqayıt şəhər, məhəllə 41 A, ev 4A-nın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cib hissəsində içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan büküm aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilərək çəkisinin 0,35 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin büküm zərfə qoyulub xüsusi qaydada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 242 saylı möhürü ilə möhürlənmişdir. Əlavə olaraq, ona məxsus üzərində ***-***-**-** nömrəsi olan ‘’Honor X8C” markalı mobil telefonu da təqdim etmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər. O etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİnin 5-ci PB-nə getmişdir. Polis Bölməsində olan zaman ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə, videoçəkilişlə üzərindən aşkar olunaraq götürülmüş içərisində 01 ədəd şəffaf rəngli sellofan büküm olan zərf və içərisində ona məxsus “Honor X8C” markalı mobil telefon olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərflərə baxış keçirmişdir. Təhqiqatçının suallarına cavab olaraq, saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd psixotrop maddə bükümünü saxlanıldığı gün, səhər saatlarında, Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonda isə, müdafiəçinin suallarına cavab olaraq saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuşdur. Odur ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə, axşam saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4a-nm yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş və həmin ərazinin yaxınlığında onu saxlamışlar. Özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində onlar tərəfindən saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Büküm açılaraq içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmiş, həmin elektron tərəzi ilə çəkilmişdir. Daha sonra büküm zərfə qoyularaq AR DİN-nin 242 saylı möhürü ilə möhürlənmiş, üzəri onlar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bundan sonra şəxs zərflə birlikdə polis bölməsinə aparılması təmin edilmiş, polis bölməsində üzərinə vəkilin iştirakı ilə, videoçəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nın CA üzrə kiçik inspektoru Şahid2 və Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1lə ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ********* nömrə ilə qeydə alınmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 52-53-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 66-67-ci vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində olan 01 (bir) bükümdə, şəffaf sellafona bükülmüş narkotik vasitə olan metanfetaminə bənzər kütləni təqdim etdi. Sonra metanfetaminə bənzər kütlə tərəfimizdən elektron tərəzidə çəkildi və çəkisi 0.35 qram oldu. Sonra həmin kütlə qablaşdırıldı, Saxlanılan şəxs, təfəfimizdən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və ya predmet olub-olmadığı soruşaraq üzərində olan əşyaları bizə təqdim etməyini təklif etdik. Yoxlama zamanı sol yan cibində olan “Honor X8C” markalı mobil telefon, 1 manat pul və “West” siqareti təqdim etdi. Sonra həmin “Honor X8C” markalı mobil telefon tərəfimizdən qablaşdırıldı, saxlanılan şəxs, tərəfimizdən imzalandı və götürüldü. Həmin pul və “West” siqareti iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarıldı. Yoxlama zamanı sonuncunun üzərindən əlavə olaraq heçnə aşkar olunmadı. Üstünü yoxlama Sumqayıt şəhəri, məhəllə 41A, bina 4A yalınlığında keçirildi. Üstünü yoxlama zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 01 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 24-25-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan psixotrop maddənin polis əməkdaşları tərəfindən götürüldüyünü bildirdi. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili. polis leytenantı Şahid1 tərəfindən üzərində müvafiq qevdlər aparılmış və Azərbaycan Respublikası DİN-in 242 saylı möhürü ilə möhürlənmiş 02 ədəd zərfə baxış keçirildi. Həmin zərflərdən birinin içərisində qara rəngli üzərində ***-***-**-** nömrəsi olan, “Honor" markalı mobil telefon digərinin içərisində isə Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərindən aşkar edilmiş ümumi çəkisi 0,35 qram psixatrop maddə olan "metamfetamin" olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs Olibala oğlu həmin möhürlənmiş zərfin içərisindəki kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhər 20 yanvar ərazisində üzdən tanıdığı şəxsdən 10 manata aldığını, psixatrop maddələrin istifadəçisi olduğu üçün üzərində saxladığını, bundan sonra isə polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən qanunıısuz hərəkətlərə məruz qalmadığını bildirdi. Təqsirləndirilən şəxs Olibala oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olundu və videoçəkilişin müddəti saat 20:00-dan, 20:04-dək davam etdi. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmuş “Samsung" markalı mobil telefonda həkk olunmuş videoçəkiliş diskə köçürüldü və “HP” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edildi. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmadı. Protokol iştirakçılara ucadan oxundu, düzgünlüyü imzalarımızda təsdiq edirik. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs ..” əl yazıları olan zərfdəki, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,244 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,244 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,194 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli DVD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyi üçün polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi X1 təqdim edir. Təqsirləndirilən şəxs vəkilə heç bir etirazının olmadığını bildirir. Bundan sonra təhqiqatçı Ramin Əhmədov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir. Bu zaman şəxsin üzərindən 3 manat pul, qəpiklər və içərisində 7 ədəd siqaret olan “West” siqaret qutusu aşkar edilir. Daha sonra əməliyyat müvəkkili Şahid1 DİN-in 242 saylı möhürü ilə möhürlənmiş içərisində şəffaf rəngli sellofan büküm olan 01 (bir) ədəd zərfi və içərisində E. Bababəyliyə məxsus “Honor X8C” markalı mobil telefon olan 01 ədəd zərfi təhqiqatçıya təqdim edir. Təhqiqatçı zərflərə baxış keçirir. Sorğu zamanı Təqsirləndirilən şəxs zərfin içərisindəki bükümün içərisindəki maddənin özünə məxsus olduğunu, həmin bükümü saxlanıldığı gün səhər saatlarında, Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını və “Honor X8C” markalı mobil telefonun ona məxsus olduğunu bildirmişdir. Təhqiqatçı 3 manat pulu, qəpikləri və “West” siqaret qutusunu şəxsə geri qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 71-ci vərəqəsində olan DVD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki,xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4a-nm yaxınlığında olarkən Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və onun icazəsi ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməzdən əvvəl üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyaların olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bükümün ona məxsus olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,35 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin polis əməkdaşları tərəfindən AR DİN-in 242 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış, üzəri onlar tərəfindən imzalanaraq götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və ya predmet olub-olmadığı soruşuldu və onları təqdim etməsi təklif olundu. Bu zaman şəxs əynində olan şalvarın sol yan cibindən “Honor X8C” markalı mobil telefon, 3 manat pul və “West” siqaretini çıxarıb təqdim etdi. “Honor X8C” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən onlar tərəfindən qablaşdırılaraq möhürlənmişdir. 3 manat pul və “West” siqareti isə iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra sənədləşmə işlərinin aparılması üçün şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət olunmuşdur. Sonda polis əməkdaşı çəkilişin dayandırılacağını bildirir. Cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X8 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Masallı rayon Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 73-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,244 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,194 qram çəkidə psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilməsi barədə görüntüləri əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 93-98-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,244 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,194 qram çəkidə psixotrop maddəmetamfetamin və Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntüləri əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmağı nəzərə alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/593 saylı rəyi, məhkəmə-narkolji ekspertizasının xx.xx.2025-ci il tarixli 4229 saylı rəyi, şahid ifadələri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən və xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Masallı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 06.00-dək yaşadığı ünvan 2i ünvanını tərk etməmək, Masallı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4229 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və Masallı rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatda olmağı nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,194 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Masallı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2i ünvanını tərk etməmək Masallı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Masallı rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,194 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar