Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-666/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhər Yaşıllaşdırma idarəsində fəhlə işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs alın nahiyyəsi cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sağ əlin səthi kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə rəsmi olaraq 1991-ci ildə evlənmişlər. Birgə nikahlarından 3 övladı vardır. Qızları evlidir və ailələri ilə birgə başqa ünvanlarda yaşayırlar. Oğlu Cavanşir ilə onlarla birgə yaşayır. Rənanın səhhətində ağrılar olduğundan baldızı Kəmalə 10 gün olardı ki, onlarda qalıb Rənaya qulluq edirdi. xx.xx.2022-ci il tarixdə dostunun övladının toy mərasimində iştirak etdikdən sonra saat 23 radələrində evə getmişdir. O, evə girdikdə Rəna içkili olduğunu hiss edərək onunla kobud danışmağa başlamış, o, ilkin olaraq Rənaya fikir verməsə də, Rəna sakitləşməyib kobudluq etməyə davam etmişdir. Bundan sonra əsəbləşərək evin girişində olan ayaqqabıları və dabankeşi götürüb Rənanın üstünə atmışdır. Ayaqqabılar Rənaya dəyməsə də, dabankeş Rənanın alnına dəymişdir. Zərbənin təsirindən Rəna arxası üstə yerə yıxılmış, o da, Rənaya yaxınlaşıb əli ilə başından bir dəfə vurub bir daha kobudluq etməməsini demişdir. Kəmalə araya girib onu kənara çəkdikdə Rəna ayağa durub qaçaraq küçəyə çıxmış, o da Rənanın arxasınca qaçsa da, Rənanın uzaqlaşdığını görüb heç bir şey etməyib evə qayıtdıqda Kəmalənin qapını bağladığını görmüş, bu səbəbdən də hasardan aşaraq həyətə tullanmaq istədikdə sağ qolu darvazanın üzərində olan dəmirin arasında qaldığından qolu əzilmişdir. Daha sonra oğlu Cavanşir gəlib onu sakitləşdirmək istədikdə o oğlunu danlayıb müdaxilə etməməsini demişdir. Həmin zaman polis əməkdaşları gəlib onu 5-ci polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1991-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nigahlarından 3 övladı var. Özü şəkər xəstəsidir, eləcədə səhhətində ağrılar olduğundan bacısı Kəmalə 10 gün olardı ki, evlərinə gəlib ona qulluq edirdi. Əri Qəhrəman mütamadi olaraq spirtli içki içib sərxoş halda heç bir səbəb olmadan onun xəstəliyinə heç bir əhəmiyyət verməyib evdə münaqişə yaradaraq onu və ailə üzvlərini narahat edirdi. Qəhrəman ailəsinin saxlanılmasına qarşı laqeydlik göstərir. Belə ki, Qəhrəman Yaşıllaşdırma İdarəsində işləyib aylıq maaş alsa da, aldığı maaşı ailəsinin saxlanılmasına deyil, öx şəxsi maraqları üçün xərcləyirdi. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Qəhrəman toydan sərxoş halda evə gəlib heç bir səbəb olmadan evdə münaqişə yaradaraq evin girişində olan ayaqqabı və dəmir metaldan olan dabankeşi ona tərəf atmış, dabankeş alnına dəydinyindən yerə yıxılmış, buna baxmayaraq Qəhrəman ona yaxınlaşıb əl və təpik zərbələri ilə başından, sifətindən, belindən, qollarından vurmağa başlamışdır. X1 kənara çəkdikdə o ayağa durub qaçaraq küçəyə çıxmışdır. Qəhrəman da onun arxasınca qaçdıqda evin girişində olan pilləkənlərdən sərxoş olduğundan yıxılmışdır. Qəhrəmanın onun arxasınca çıxıb onu axtardığını görmüşdür. Qəhrəman əks tərəfə getdikdən sonra o evə qayıdıb oğlu Cavanşirə zəng edib olanları dedikdə Cavanşir evə gəlib küçənin qapısını bağlamışdır. Onlar evdə olduqları zaman Qəhrəman gəlib küçə qapısını döydükdə onların qapını açmadıqlarını görüb hasadan aşaraq həyətə girmək üçün hasarın üzərinə qalxdıqda müvazinətini saxlaya bilməyib hasarın üzərindən yıxılmışdır. Polis əməkdaşları 102 xidmətinə verdikləri məlumat əsasında onlara gəlmiş və Qəhrəmanı sakitləşdirib polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1066 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alın nahiyyəsinin cərrahi tikişə ehtuyacı olan əzilmiş-cırılmış yarası və sağ əlin səthi kəsilmiş yarası. Qeyd olunan xəsarətlərdən alın nahiyyəsinin cərrahi tikişə ehtiyacə olan əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən, sağ əlin səthi kəsilmiş yarası isə iti kənarlı əşyanın (alətin) təsirindən yaranmışlar, zərərçəkənin müayinəsindən 1 günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə , yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa yüngül zərərvurma aid edilirlər. Xəsarətlərin özüözünə yetirməsi az inandırıcıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2885 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 6 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 1(060)-666/2022) qərarını icra edərək, vəkil Müdafiəçinu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-666/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-666/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver