Məhkəmə qərarları › İş №1(060)-668/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-668/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-668/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaret qutusuna yerləşdirilmiş 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,729 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşları tərəfindən 10 may 2022-ci il tarixdə saat 16:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8 ünvanının yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içində aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə evdə olarkən Sumqayıt ŞPİ-nin əməkdaşı Qurban ona vatcap vasitəsilə zəng edərək Sumqayıt ŞPİ-nə gəlməyini demiş, o da İdarəyə getmişdir. Onun məhkəmənin icraatında oğurluq üzrə cinayət işinin olduğunu, həmin vaxt da Sirus deyilən şəxsin yanında olduğunu və həmin hadisədə də günahının olmadığını bildirdi. Qurban ona adam adı verməyini bildirmiş, adam adı vermədiyinə görə Qurban ona ya bu narkotik vasitənin onun olduğunu etiraf etməyini, yoxsa 4 kilo narkotik vasitəni üzərinə qoyub narkotik satıcısı kimi sənədləşdirəciyini demişdir. Sumqayıt ŞPİ-nə gedən zaman onun üzərində narkotik vasitə olmamış, axtarış zamanı üzərindən yanmış falqa çıxmış və polis əməkdaşları da narkotik vasitəni falqanın içərisinə yerləşdirmişlər. Ona polis əməkdaşları tərəfindən fiziki təsir göstərilmiş, o da məcbur olub narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, qeydiyyatda olduğu Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 69 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitələrdən təxminən 01 (bir) ildir istifadə edir. Narkotik vasitələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Son zamanlar istifadəsi üçün narkotik vasitə heroin tapıb ala bilmədiyindən tanışı olan və əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildiyi Kamran adı ilə tanıdığı şəxsdən ona narkotik vasitə tapmasını xahiş etmək qərarına gəlmişdir. Belə ki, təxminən 5-6 gün əvvəl həmin şəxslə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan və hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib əlaqə saxlayaraq ona öz istifadəsi üçün narkotik vasitə heroin verməsini istəmişdir. Həmin şəxs özünün artıq narkotik vasitələrdən istifadə etmədiyini, tapacağı təqdirdə ona xəbər verəcəyini demişdir. Həmin tarixdə Kamran adlı şəxs onunla əlaqə saxlayıb onun üçün 01 (bir) ədəd narkotik vasitə heroin tapdığını demiş, onunla yaşadığı ünvanda görüşüb həmin narkotik vasitə heroini ondan götürməyi barədə razılaşmış və həmin tarixdə Kamran adlı şəxsdən sonuncuya heç bir pul vermədən təmənnasız olaraq 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin götürmüşdür. O, ağrıları olduqda narkotik vasitədən istifadə etdiyindən və son zamanlar narkotik vasitə əldə etməkdə çətinlik kəçdiyindən Kamran adlı şəxsdən aldığı narkotik vasitə heroini ağrıları olduqda istifadə etməyindən ötrü yaşadığı ünvanda dolabda yerləşən paltarların arasında saxlamışdır. 10 may 2022-ci il tarixdə bədənində ağrılar başladığından əldə etdiyi narkotik vasitə heroindən istifadə etməkdən ötrü 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroini 01 (bir) ədəd “Argo” markalı ağ rəngli siqaret qutusunun içinə yerləşdirib əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq saat 16:00 radələrində çölə çıxmışdır. Ümumilikdə o, narkotik vasitə qəbul etdiyi günlər yaşadığı ünvana qayıtmayıb tanışlarının evində qaldığından həmin gün də evi tərk edərkən özü ilə içində dəri üçün krem, şüşə qabda ətir və şəxsiyyət vəsiqəsi olan bel çantası, həmçinin 01 (bir) ədəd “Samsung” markalı planşeti də götürmüşdür. 10 may 2022-ci il tarixdə saat 16:00 radələrində yaşadığı ünvanı tərk etdikdən sonra Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edib narkotik vasitə heroindən istifadə etmək üçün sakit bir yer axtararkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkçəmin sağ yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o, əynindəki gödəkçənin sağ yan cibindən “Argo” markalı ağ rəngli siqaret qutusunun içində 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü çıxardıb təqdim edərək, həmin bükümün içində “kola”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi bükümə baxılıb həmin kütlə aşkar edilmişdir. Həmçinin şəxsi axtarış zamanı əlində saxladığı 01 (bir) ədəd “Samsung” markalı planşet və 01 (bir) ədəd bel çantası tərəfindən təqdim edilmiş, araşdırma ilə bağlı əhəmiyyət kəsb etdiyindən planşet və bel çantasının içində olan ona aid şəxsiyyət vəsiqəsi götürülmüş, çanta isə içində dəri üçün krem və şüşə qabda ətirlə birlikdə ona qaytarılmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Aşkar olunaraq götürülmüş 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmiş və müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq pul vermədən təmənnasız olaraq əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. “Kamuxanın” əsl adı Kamrandır, üzərinə şəxsi axtarış keçirilərək şifahi sorğu zamanı narkotik vasitə heroini əldə etdiyi şəxs kimi Kamuxanı bildirdikdə Kamranı nəzərdə tutmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlaması, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 10 may 2022-ci il tarixdə, saat 16:40 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8 ünvanının yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşmış və özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirərərk Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içində 04 (dörd) ədəd siqaret dənələri ilə birlikdə 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş, həmin bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs daha sonra hər birinin özünə məxsus olduğunu bildirdiyi 01 (bir) ədəd "Samsung" markalı, "Galaxy Tab A (2017)” model planşet və içində özünə aid şəxsiyyət vəsiqəsi, şüşə qabda ətir və bədən üçün krem olan 01 (bir) ədəd bel çantası təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin kütləsi bükümü ilə birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsiyyət vəsiqəsi və qablaşdırılmış halda 01 (bir) ədəd planşet araşdırma üzrə əhəmiyyət kəsb edəcəyindən götürülmüş, 04 (dörd) ədəd siqaret dənələri ilə birlikdə 01 (bir) ədəd siqaret qutusu, həmçinin ətir və kremlə birlikdə 01 (bir) ədəd bel çantası isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin kütləsinin ona məxsus olduğunu, öz istifadəsi üçün “Kamuxa” adlı tanışından ağrılarının dayanmasından ötrü xahiş etdikdən sonra təxminən 5-6 gün əvvəl öz yaşadığı ünvanda pulsuz olaraq əldə etdiyini, ona qarşı heç bir təzyiq olunmadığını, əməlindən peşman olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və ya kimdən əldə etməsi, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxs kimi göstərdiyi “Kamuxa” və ya Kamran adlı şəxsin şəxsiyyəti, o cümlədən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kristal şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, 10 may 2022-ci il tarixdə saat 16:40 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru Zaur Cəfərov tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, həmçinin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkillərinin və həmçinin Sumqayıt ŞPİ-nin ƏRQ-nun operatorunun iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içində 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü, həmçinin əlində saxladığı 01 (bir) ədəd planşet və 01 (bir) ədəd bel çantası təqdim etdiyi, bükümün içinə təhqiqatçı tərəfindən əaxıldıqda narkotik vasitə heroinin olduğu aşkar olunaraq götürüldüyü, kütlənin bükümü ilə əirlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,79-0.82 qram aralığında olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalandığı, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün 5-6 gün əvvəl tanışından təmənnasız olaraq öz istifadəsi üçün əldə etdiyini, əməlindən peşman olmadığını, təqdim etdiyi çantanın və planşetin özünə məxsus uduğunu bildirdiyi, həmçinin təqdim etdiyi 01 (bir) ədəd “Samsung” markalı planşetin və Gülxanım Sırəliyevaya aid olan şəxsiyyət vəsiqəsinin götürüldüyü, çantanın içində olan krem və ətirlə birlikdə Təqsirləndirilən şəxs qaytarıldığı müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, təqdim etdiyi içində narkotik vasitə heroin olan 01 (bir) ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının 11 may 2022-ci il tarixli 6/2701 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılmış şəxs: (imza) G. Şirəliyeva"’ yazısı və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,729 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-0,729 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq- 0,679 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli 2602 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elanedilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-17835 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,729 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,679 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağı vardır (xx.xx.2014-cü il təvəllüdlü X3). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdə həbsdə 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,729 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,679 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 69 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,679 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar