Məhkəmə qərarları › İş №1(060)-669/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-669/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-669/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Adil qızının, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 21 avqust 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 41-ci məhəllə, Yataqxana 7-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər xəsarət yetirmişdir. Belə ki, o, 04 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində “B1,B kateqoriyalı BC019285 saylı sürücülük vəsiqəsi ilə etibarnaməsiz idarə etdiyi, X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Kia Pride” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Baxça Şəhər” yaşayış massivinin ərazisində 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq həmin vaxt yolu soldan sağa doğru keçməkdə olan piyada- 1993-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini. Zərərçəkmiş şəxs Adil qızını vurmaqla ehtiyatsızlıqdan sonuncuya sağ ayağın bayır topuğu nahiyyəsinin xətti sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, avtomobil təlimçisidir. Avtomobil idarə etmək hüququ verən Bİ, B kateqoriyası vardır. “KİA RİO” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 04 yanvar 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı binadan çıxıb binanın qarşısında olan “Bravo” marketin qarşısından təxminən 15-20 km/saat sürətlə hərəkət edirmiş. Avtomobilinin mühərriki təzə işə düşdüyündən tam qızmamış və salonun şüşəsi tərli imiş. O, sağ yan tərəfə əyilib əski götürmək istəmişdir ki, alın şüşəsini silsin. Bu vaxt avtomobilin nəyəsə çırpıldığını hiss etmiş və sağ yan güzgüdən baxanda bir nəfər şəxsin yerdə oturduğunu görmüşdür. Avtomobilin həmin şəxsə necə dəydiyini görməmişdir. Avtomobili dərhal saxlayıb düşmüşdür. Qıza yaxınlaşmış və xəsarət alıb-almadığını soruşmuşdur. Həkimə ehtiyacı olmadığını, xəsarətinin olmadığını bildirmişdir. Amma, ondan xahiş etmişdir ki, bir nəfər parfumeriya gətirəcək onları götürmək lazımdır. O, həmin aızı, yəni Zərərçəkmiş şəxs dediyi şəxsdən malları götürüb avtomobilə qoymuş və onu yaşadığı binanın yanına gətirmişdir. Ondan mobil nömrəsini istəmiş və götürmüşdür. Bir neçə dəfə ondan xəsarətinin olub-olmadığını soruşmuş, lakin yaxşı olduğunu demişdir. Həmin günü bir neçə dəfə Şəndəyə zəng edib səhhəti ilə maraqlanmışdır. Bir dəfə zəng edəndə dayısı ilə danışmış və həmin şəxs onunla kobud danışıb qızı vurub evdə atdığını demişdir və aralarında söz mübahisəsi olmuşdur. Səhəri gün o Şəndəni evlərindən götürüb Real Tibb Mərkəzinə aparmışdır. Məlum olmuşdur ki, sağ topuğunda çat var. O, şəndənin xəstəxana və müayinə xərclərini qarşılamışdır. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ondan yeni telefon almasını tələb etmiş. O da telefon ala bilmədiyi üçün ondan şikayət vermişdir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərər çəkmiş şəxsin ifadəsi, hadisə zamanı qeydə alınmış video görüntülər, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Adil qızı ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. 04 yanvar 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı binadan çıxmışdır. Binanın yanında yerləşən “Bravo" marketin qarşısında yolu soldan sağa adi yerişlə hərəkət edirmiş. Sağ tərəfindən Kia markalı 77FM761 dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onu vurmuş və o yerə yıxılmışdır. Bundan sonra, sürücü, Yeganə adlı şəxs avtomobili saxlayıb onun yerdən qalxmasına köməklik etmiş və onu binanın girişində düşürmüşdür, ondan əlaqə nömrəsini almışdır. Həmin günü hadisədən yarım saat sonra sürücü yenə onunla əlaqə saxlayıb onun səhhəti ilə maraqlanmışdır. 05 yanvar 2024-cü il tarixdə onu müayinə olunmağı üçün Sumqayıt şəhərində yerləşən “Real” klinikasına aparmışdır. Orada rentgen zamanı onun topuq nahiyəsində çat olması aşkar edilmişdir, onun üçün ayağının ağrısını azaltmaq üçün krem almışdır. Lakin, sonra onun səhhəti ilə maraqlanmamışdır. O, tam sağalmadığından 15 fevral 2024-cü il tarixdə Sumqayıt Təcili Tibbi Yardım Satansiyasına getmiş və orada rentgen müayinəsindən keçmiş və ona ambulator müalicə yazılmışdır. O. Yeganənin səhhətinə biganə yanaşdığını görüb polisə bu barədə bildirmişdir. Həmçinin bildirmişdir ki, hadisə zamanı əlində olan mobil telefonu da sınmışdır. Ona dəymiş maddi zərər ödənilmədiyi üçün hazırda şikayətçidir. Cinayət işinin 70-ci vərəqəsində olan 11 iyun 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan BC seriyalı, 042860 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1,B” dərəcəli sürücülük hüququ var, vəsiqənin xx.xx.2034-cü il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 49-cü vərəqəsində olan Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “B“ kateqoriyalı BCO19285 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. xx.xx.2024cü il tarixdə isə sürücülük vəsiqəsinin itməsi ilə bağlı müraciət edərək BC042860 nömrəli sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində məhrum edilənlər sırasında yoxdur. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BB seriyalı, 222492 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007-cu il, “Kia Pride minik” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5r. Cinayət işinin 21-ci vərəqəsində olan Sumqayıt şəhəri 4 saylı notariat ofisində verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X6 “Kia Pride minik” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir. Cinayət işinin 30-cu vərəqəsində olan 01 ədəd diskdə olan video görüntülərdən görünür ki, “Kia Pride” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Baxça Şəhər” yaşayış kompleksində “Bravo” marketin qarşısındakı küçə ilə düzünə hərəkətdə olan zaman yolu soldan sağa keçək istəyən piyada Zərərçəkmiş şəxs Adil qızını sağ ön hissəsi ilə vurur. Cinayət işinin 25-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X7 xx.xx.2024-cü il tarixli 248 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Adil qızının bədəni üzərində aşağıdakı xəsarət vardır. Sağ ayağın bayır topuğu nahiyyəsinin xətti sınığı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 may may 2024-cü il tarixli 8/962 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən. KİA RİO markalı 77FM761 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 13 iyun 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 73-75-ci vərəqələrində olan 13 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, baş vermniş hadisənin video görüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, verdikləri ifadələr, hadisə zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini və ilk dəfə məhkum edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin edilməli və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə yol nəqliyyat hadisəsinin qeydə alındığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, eksperiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar