Məhkəmə qərarları › İş №1(060)-669/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-669/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-669/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləmiş, əvvəllər məhkum olunmuş, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, ev 39 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Betonzavod ərazisində, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaq məqsədilə 14 iyul 2025-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "xxxx" kuponlarının satışı məntəqəsində vitrinin üzərində Zərərçəkmiş şəxs məxsus 180 manat dəyərində 90 ədəd “Bombardir” lotereyasına aid poz qazan biletlərini Zərərçəkmiş şəxs gözü qarşısında aşkar vəziyyətdə götürüb həmin yerdən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində maddi zərər vuraraq özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2025-ci il saat 13:15 radələrində o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində piyada gəzən zaman yolun kənarında yerləşən köşkdə “Azərloteraya biletlərinin satıldığını və həmin köşkün içərisində təxminən 60 yaşlı saçları ağarmış kişinin biletlərin satışını həyata keçirdiyini görmüşdür. O, bir qədər kənardan müşahidə etmiş və həmin köşkün içərisində yerləşən vitrindən biletləri oğurlamaq qərarına gəlmişdir. O, artıq köşkün qarşısında heç bir alıcının olmadığını gördükdən sonra ilk öncə köşkün yan tərəfinə yaxınlaşmış, həmin vaxt köşkün qapısı açıq vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs başının qarışıq olduğunu görüb fürsətdən istifadə edərək vitrinin üzərindən düzülmüş çoxsaylı biletlərdən təxminən 70-80 ədəd, bəlkə də daha çox "xxxx" tərəfindən buraxılmış “Bombardir” lotereyasına aid poz-qazan bilətlərini götürüb qaçmağa başlamışdır. O, köşkdən bir az uzaqlaşmışdır ki, həmin şəxsin bayıra çıxdığını və onun arxası ilə səsləyərək dalınca qaçmağa başladığını görmüşdür. O, həmin vaxt Zərərçəkmiş şəxs onun biletləri oğurladığından məlumatlı olduğunu anlamışdır. Seymurun onun arxası ilə qaçıb gəlməsinə baxmayaraq, o, əhəmiyyət verməyərək dayanmadan oradan uzaqlaşmışdır. Artıq Seymurun onun dalınca gəlmədiyinə əmin olduqdan sonra o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Şamaxinka” deyilən əraziyə getmiş və oradan keçən yol maşınların biri ilə İsmayıllı rayonu, Təzəkəndə getmişdir. İsmayıllı rayonunda olduğu müddətdə biletləri pozmuş və təxminən 72 manat uduşu olmuşdur. Bundan sonra, 15 iyul 2025-ci il tarixdə Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən evinə gəlmişdir. O, biletləri vitrindən götürən zaman o, elə bilmişdir ki, onu heç kim görməmişdir. Lakin, Seymurun onun arxası ilə çıxıb onu səsləməsi və dalınca qaçmağa başlamasını görüb anlamışdır ki, Seymur onun biletləri götürməyini görmüşdür. Bu işdə ona heç kim kömək etməmişdir. Polis əməkdaşları tərəfindən tanışının evindən çıxan zaman tutulmuşdur. O, biletləri ehtiyacı olduğu üçün oğurladığını və dəymiş ziyanı tamamilə ödədiyini bildirmişdir. Son söz olaraq əməlindən peşman olduğunu bildirmiş, məhkəmədən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Sumqayıt şəhəri, 2ci mikrorayon ərazisində yerləşən taxta materiallardan quraşdırılmış köşkdə Azərloteraya biletlərinin satışı ilə məşğul olur. 14 iyul 2025-ci il tarixdə, saat 13:15 radələrində lotereya satışı ilə məşğul olduğu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən köşkdə başı qarışıq olan zaman naməlum şəxsin vitrindən 1 ədədinin qiyməti 2 manat olan 90 ədəd “Bombardir” Azərloteraya biletlərini götürdüyünü hiss etmişdir. Həmin vaxt o, biletləri qonşusu Adil tərəfindən zarafat olaraq götürüldüyünü düşünmüşdür. Çünki, Adil bir neçə dəfə onunla bu minvalda zarafatlar etmişdir. O, ayağa durub bayıra çıxmış, lakin bayırda Adili görməmişdir. Daha sonra o, köşkün arxa hissəsinə keçmiş və orada sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin köşkdən qaçaraq uzaqlaşdığını görmüşdür. Bundan sonra onun arxası ilə səslənmiş, Eminin dayanmadığını görüb onun dalınca qaçaraq onu tutmağa çalışmışdır. Lakin, həmin şəxs ondan sürətli olduğundan o, Eminə çata bilməmiş və köşkə qayıtmışdır. Hadisə nəticəsində ona 180 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı üçün icraata qəbul edilmişdir. (i.v. 1) Hadisə yerinə baxış və götürmə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisidir. Qeyd edilən ərazi lotereya bileti satışı edilən piştaxtadır. Naməlum şəxs həmin piştaxtadan 90 ədəd “Bombardir” markalı biletləri oğurlayaraq qaçıb getmişdir. Hadisə yerindən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 6-8) Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da Sumqayıt ŞPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 32) Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 41) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham ona elan edilmişdir. (i.v. 49-50) Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yolun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus piştaxtanın qarşısında yoxlanılmış, Təqsirləndirilən şəxs lotoreya biletlərini oğurladığı yerləri göstərmişdir. (i.v. 72- 80) “Tac” cehizlik mağazasında yerləşən müşahidə kameralarında mövcud olan videogörüntüyə baxış keçirilməsi və videogörüntünün 1 ədəd CD diskə yükləyərək götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X4 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Tac” cehizlik mağazasında mövcud olan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı “Tac” cehizlik mağazasında quraşdırılmış videomüşahidə kamerası Zərərçəkmiş şəxs məxsus "xxxx" kuponlarının satışı məntəqəsi ilə üzbəüz yerləşir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" kuponlarının satışı məntəqəsi istiqamətindən üzü Nəriman Nərimanov küçəsi istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşmağa çalışır. Həmin vaxt Zərərçəkmiş şəxs onun arxası ilə qaçaraq onu saxlamağa çalışır. (i.v 81-82) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-219/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 84-86) İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(037)- 43/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v 88-95) “Gold Qayalı” Ticarət Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən satışa buraxılan “Bombardir” lotereyasına aid poz qazan biletlərinin 90 ədədinin 2025-ci ilin iyul ayına orta bazar qiyməti- 90 ədəd "xxxx" ASC tərəfindən satışa buraxılan “Bombardir” lotereyasına aid poz qazan biletləri- 1 ədədi 2 manat olmaqla, 90 ədədi 180 manat təşkil edir. (i.v 97) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Səmədli X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 07 (yeddi) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilərək 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v 102-103) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, “Gold Qayalı” Ticarət Mərkəzinin məktubu və digər sənədlər iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmiş, iş materiallarına əlavə edilmiş yaddaşında 01 (bir) ədəd “Video” adlı, 1080 kb həcmdə və 6 saniyə davam edən videogörüntülər olan disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin dispoziyasında nəzərdə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməklə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsində böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, təqsirləndirilən şəxs Səmədli X3 Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilərək qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Lakin, qeyd edilən cinayət əməli törədilərkən Azərbaycan Respublikasının CMnin 177.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edildiyi üçün, hazırda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də, cəzanı yüngülləşdirən halların olmasını, yəni əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməklə barışıq əldə edilməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu və həbsdə olduğu 03 (üç) ay 23 (iyirmi üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, eləcə də elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu və həbsdə olduğu 03 (üç) ay 23 (iyirmi üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar