Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-67/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 19 may 1995-ci ildə Ucar rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olan və ünvan 1də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışları Şahid2, Şahid1 və Şahid3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək özgənin əmlakını, yəni dəmir yolu xəttlərinə aid mis naqilləri gizli olaraq talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda, 3180 manat dəyərində M-120 markalı aparıcı trosunu və 300 metr uzunluğunda, 7140 manat dəyərində MF-100 markalı ikiqat kontakt naqilini gizli olaraq kəsib talayaraq «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə axşam vaxtı Tovuz rayonundan Bakı şəhərinə gələrkən yolda onunla eyni rayonda yaşayan Ağasiflə rastlaşaraq Bakıya onunla birlikdə gələrkən yolboyu söhbət zamanı Ağasifə pulsuzluqdan və kasıbçılıqdan gileylənərkən Ağasifin ona Sumqayıta pul qazanmağa getdiyini deməsini, əgər razı olarsa onun da pul qazana biləcəyini, belə ki, Sumqayıtda Dəmir yolu xəttlərindən mis naqilləri oğurlayıb sataraq pul qazanmağı təklif etdiyini bildirmişdir. Pula ehtiyacı olduğu üçün Ağasifin təklifi ilə razılaşaraq xx xxxx 2020ci ildə axşam vaxtı Ağasiflə birlikdə Bakıya çatdıqdan sonra Sumqayıta getmələrini, orada “Az Petrol” yanacaq doldurma məntəqəsinin yanında onları adını sonradan bildiyi İlkin və Mövlan adlı Ağasifin tanışlarının qarşılamasını, bundan sonra, Ağasif, İlkin və Mövlanla birlikdə oğurluğa getməsini bildirmiş, oğurluğa Mövlanın idarə etdiyi Opel markalı maşınla getmələrini ifadəsində göstərmişdir. Belə ki, onlar Sumqayıtın girişindən H.Z.Tağıyev qəsəbəsinə Bakı-Rostov şosse yolunun keçdiyi körpünün üstünə sürərək, şosse yolunun kənarında avtomobili saxlamalarını, Ağasif, İlkin və özünün avtomobildəki kəlbətini və digər alətləri götürərək avtomobildən düşüb təxminən 50-60 metr aralıdakı dəmir yol xəttlərinə tərəf gedib Ağasifin orada kəlbətinlə dəmir yol xətlərindəki naqillərə gedən cərəyanı rubilnikdən ayırmasını, bu zaman yüngül partlayış kimi səs çıxdığını, bundan sonra avtomobilə qayıdaraq avtomobili biraz qabağa yəni dəmiryol xəttinə yaxın hissəyə sürüb orada saxlamalarını ifadəsində göstərərmişdir. O, həmçinin ifadəsində İlkin və Ağasiflə birlikdə avtomobildən düşüb dəmiryol xəttinə tərəf gedərək orada heç kimin olmadığını müəyyən etdikdən sonra özləri ilə gətirdikləri kəndiri hava ilə dəmir yolu xəttlərinin üzərindən keçən naqillərin üstünə ataraq naqilləri yerə tərəf dartıb məftillə birbirinə bağlamalarını, dəmir kəsən mişar ilə naqilləri kəsərək xırda hissələrə bölüb avtomobilə yükləmələrini, bundan sonra avtomobilə əyləşib Ceyranbatan qəsəbəsinə gələrək avtomobili orada saxlamalarını, Ağasifin mobil telefonla kiməsə zəng edib metal gətirdiyini bildirdikdən sonra Ağasiflə Mövlanın gedib oğurladıqları mis naqilləri metal qəbulu məntəqəsinə sataraq əldə olunmuş puldan ona 285 manat pul qaldığını bildirmiş, həmin 285 manat puldan əlavə olaraq hər biri Mövlana maşını sürdüyü üçün 20 manat pul verməsini, həmçinin təqsirini etiraf edərək əməlindən peşiman olduğunu da ifadəsində göstərmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Sumqayıt sərnişin stansiyasındakı elektrik qatarları səhər vaxtı yola çıxmağa hazırlaşarkən dispeçerin elektrik gərginliyinin olmamasını müəyyən etmişdir. Həmin əraziyə baxış keçirilmiş və Baş Sumqayıt stansiyasından Sumqayıt sərnişin stansıyasına gedən yolun 54-cü km piket-8 də kontakt şəbəkəsinin naqillərinin 150 metr məsafədə M-120 aparıcı trosu və ikiqat MF-100 kontakt naqilinin kəsildiyi müəyyən edilmişdir. Həmin 150 metr məsafədə M-120 aparıcı trosunun və ikiqat MF-100 kontakt naqilin kəsilməsi nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 10320 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi «Opel Astra» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, Şahid8 və Şahid3lə Ceyranbatan qəsəbəsində bir məhəllədə yaşadıqları üçün yaxın münasibətləri yaranaraq onların vasitəsi ilə Şahid2lə tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Şahid8 ona zəng edərək Şahid2 rayondan gələcəyini bildirərək onu öz maşını ilə qarşılayıb Şahid3lə birlikdə istədikləri yerə aparmasını tapşırdıqdan sonra, o onları qarşılamış, bundan sonra onlar əvvəlcədən aralarında olan razılığa görə birlikdə dəmir yolu xəttlərindən mis naqilləri oğurlamağa getmişlər. Belə ki, həmin gün saat 20 radələrində o, məhəllədən öz avtomaşını ilə Şahid3 götürmüş, saat 23 radələrində isə Sumqayıt şəhərinin girəcəyindəki «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısına gedərək Şahid2 və Ağasifin yanında onunla birlikdə gələn, sonradan adının Elgün olduğunu bildiyi şəxsi idarə etdiyi avtomobilə mindirərək H.Z.Tağıyev qəsəbəsinə, Bakı-Rostov şosse yolunun keçdiyi körpünün üstünə gəlib avtomobili yolun kənarında saxlamış, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 avtomobildəki kəlbətini və digər alətləri götürtüb avtomobildən düşərək təxminən 50-60 metr aralıdakı dəmir yol xətlərinə tərəf getmiş, 10- 15 dəqiqə keçdikdən sonra geri qayıdaraq avtomobilə minmişlər. Bundan sonra o avtomobili «Tuq Zavod» deyilən əraziyə sürərək avtomobili dəmiryol xəttinə yaxın yerdə saxlatdıqdan sonra Ağasif İlkin və Elgünlə birlikdə avtomobildən düşüb dəmiryol xəttinə tərəf getmiş, dəmiryol xəttinin mis naqillərini kəsib doğradıqdan sonra naqilləri gətirib avtomobilə yükləmiş, bundan sonra Ceyranbatan qəsəbəsinə gedərək Şahid3 evinin yaxınlığında avtomobili saxlamışlar. Orada Ağasif mobil telefonla kiməsə zəng edərək satmaq üçün mis naqillər olması barədə danışdığını və həmin naqilləri hava işıqlaşandan sonra aparıb metal qəbulu məntəqəsinə verəcəkləri barədə razılaşdığını bildirmişdir. Hava işıqlandıqdan sonra İlkin ilə Elgün məhəllədə qalaraq onları gözləmiş, Mövlan ilə Ağasif isə avtomaşınla Sumqayıt şəhəri, Kotec qəsəbəsindəki metal qəbulu məntəqəsinə gedərək oğurladıqları naqilləri həmin məntəqəyə satdıqdan sonra əldə etdikləri puldan hər birinə 285 manat olmaqla aralarında bölüşmüş, avtomobil sürdüyü üçün isə onların hər biri Mövlana əlavə olaraq 20 manat vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin 2 nömrəli H.Z.X2 sahəsinin elektrik montyoru vəzifəsində işləyir, vəzifəsi elektrik qatarlarınin hərəkətinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. xx xxxx 2020-ci il tarixdə Sumqayıt sərnişin stansiyasinda elektrik qatarları səhər tezdən yola çıxmağa hazırlaşarkən dispeçer tərəfindən kontakt şəbəkəsində elektrik gərginliyinin olmadığı müəyyən edilmiş, sahə rəisinin göstərişi ilə dərhal həmin əraziyə baxiş keçirilmiş, bu barədə polis əməkdaşlarına məlumat verilmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçirmiş, baxış zamanı Baş Sumqayıt stansiyasindan Sumqayit sərnişin stansiyasına gedən yolun 54-cü km piket-8 də kontakt şəbəkəsinin 150 metr məsafədə M-120 aparıcı trosun və ikiqat MF- 100 kontakt naqilinin kəsilərək oğurlandığı müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokolu imzalari ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1998-ci ildən hal-hazıra kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 2 nömrəli H.Z.X2 Sahəsinin elektrik montyoru vəzifəsində işləyirəm. Mənim vəzifəm elektrik qatarlarının qatarların hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirirəm ki, xx xxxx 2020-ci üdən xx xxxx 2020-ci ilə keçən gecə Sumqayıt sərnişin stansiyasında gecələyən elektrik qatarları səhər vaxtı yola çıxmağa hazırlaşarkən dispeçer tərəfindən kontakt şəbəkəsində elektrik gərginliyinin olmaması müəyyən edildi. Sahə rəisinin göstərişi ilə dərhal həmin əraziyə baxış keçirildi. Bundan sonra polis əməkdaşlarına məlumat verildi. Polis əməkdaşları hadisə yerinə gəldilər və hadisə yerinə baxış keçirildi. Həmin baxışda o da şahid kimi iştirak etmişdir. Baxış zamanı Baş Sumqayıt stansiyasından Sumqayıt sərnişin stansiyasına gedən yolun 54 KM Piket-8 də kontakt şəbəkəsinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlandığı müəyyən edildi. Belə ki, 150 metr məsafədə M-120 aparıcı trosun və ikiqat MF-100 kontakt naqilinin oğurlanması açıq aşkar görünürdü. Polis əməkdaşı hadisə yerinə baxış keçirdikdən sonra protokol tərtib etdi, o, və digər iştirakçılar həmin protokolu imzalarla təsdiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/1874 nömrəli rəydən görünür ki, «xxxx” QSC-yə 10320 manat məbləğində ziyan dəymişdir. İş üzrə maddi sübut olan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda M-120 aparıcı trosununun və 300 metr uzunluğunda MF-100 ikiqat kontakt naqilləri “xxxx” QSC-nə qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 01 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə dəymiş ziyanı tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 ay 11 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 12 ay 22 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə tapşırılmalıdır. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda M-120 aparıcı trosunun və 300 metr uzunluğunda MF-100 ikiqat kontakt naqilləri “xxxx” QSC-nə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 ay 11 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 12 ay 22 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Tovuz rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayon icra və probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Tovuz və Ağstafa rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Sumqayıt mənzilinin 54-cü kilometrinin 8-ci piketindən kontakt şəbəkəsinə aid 150 metr uzunluğunda M-120 aparıcı trosunun və 300 metr uzunluğunda MF-100 ikiqat kontakt naqilləri “xxxx” QSC-nə qaytarılması nəzərə alınsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-67/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-67/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver