Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-67/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlqar oğlunun, Təqsirləndirilən şəxs Logman oğlunun, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Logman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Logman oğlu təqsirləndirilir ondan ötrü ki, 30 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, “Göyərçin” abidəsi yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,797 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 01 iyul 2021-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış aparılarkən, əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində gizlətdiyi 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə 0,797 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd 2mlli içərisində və üzərində narkotik vasitə heroinin izləri olan şpris aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Logman oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Logman oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəllər məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 09-10:00 radələrində 7-8-12-ci məhəllədə yerləşən “Fəxri” marketdən evə qayıdarkən polis əməkdaşlarının onun evində olduğunu görmüşdür. Həmin vaxt onun dostu da evdə olmuşdur. Polis əməkdaşları onları evdən tutaraq Sumqayıt ŞPİ-nə aparmışlar. O, narkotik vasitə istifadə etdiyini, evdə tapılan sprisin ona məxsus olduğunu, lakin tutulan zaman onun üzərində narkotik vasitə olmadığını bildirdi. Sumqayıt ŞPİ-də polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs Logman oğlunun məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Logman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən istifadə edirmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, “Göyərçin” abidəsinin yaxınlığında olan zaman tanımadığı şəxs ona 20 (iyirmi) manata narkotik vasitə kokos (heroin) təklif etmiş, o da narkotik vasitə istifadəçisi olduğu üçün həmin “heroin”i ondan 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 15:15də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirmiş və onu Pİ-nə dəvət etmişlər, o da etiraz etməmiş onlarla birlikdə Pİ-nə gəlmiş, Pİ-də olan zaman otaqların birində üzərində şəxsi axtarış aparılacağını bildirmişlər o, da buna etirazı olmadığını bildirmiş, bu zaman polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl, hərhansı qanunsuz əşyanın olub-olmadığını soruşulduğu zaman, təqdim etməyini təklif etmişlər. Bu zaman əynində olan açıq qəhvəyi rəngli şalvarımın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü və 01 (bir) ədəd şprisi polis əməkdaşlarına təqdim etmiş, bundan sonra həmin şəffaf bükülü yanında açılmış, sorğu zamanı aşkar olunan bükülüdə olan qəhvəyi rəngli maddənin “kokos" (heroin) olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri. “Göyərçin" abidəsinin yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində gəzdirdiyini, şprisin isə narkotik vasitə istifadəsində lazım olduğunu demiş, bundan sonra üzərindən aşkar olunmuş yanında elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra üzərindən aşkar olunmuş həmin maddə şprislə birlikdə qablaşdırılmış və möhürlənmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan həmin kakosu (heroini) xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, “Göyərçin" abidəsinin yaxınlığında olan zaman üzdən tanıdığı, lakin adını və harada yaşamasını bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almış, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamdığını və xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəmənin barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar baxılan prosesdə özünü müdafiə etmək üçün həmin narkotik vasitələrin özünə məxsus olmadığını demiş, çünki əvvəl narkotik istifadəçisi olan tanışlarıdan eşitmişdir ki, məhkəmə iclas zalında narkotik vasitə özünə məxsus olamdığını deyəndə məhkəmə “həbs” növündə qətimkan tədbirini seçməkdən imtina edir. Ona görə də, özünü müdafiə etmək üçün həmin narkotik vasitələr özünə məxsus olmadığını bildirmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 01.07.202l-ci il tarixdə saat 15:15-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllənin ərazisinə getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görmüşlər, onu saxlamışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə dəvət olunmuş və o heç bir etiraz etməmiş və onlarla birlikdə Pİ-nə getmişdir. Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nigar Hüseynova təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofanda bükümü və 01 (bir) ədəd şprisi təqdim etmiş, sorğu zamanı o həmin təqdim etdiyi maddənin heroin olduğunu, heroini Sumqayıt şəhərində "Göyərçin" adlanan ərazidə 20 (iyirmi) manata tanımadığı şəxdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş şpris və qəhvəyi rəngli maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Bundan başqa məhkəmə iclasına sədrlik edən hakimin məhkəmə qərarına əsasən "xxxx" MMC-dən onun istifadəsində olan 055 413-41-41 mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatda xx.xx.2021-ci il tarixdə saat 11:06 və 11:31 radələrində həmin mobil nömrənin anten dairəsi Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisi göstərilmişdir, bununla əlaqədar nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, göstərilən saatlarda əməliyyat qrupunun digər üzvü Şahid2 ilə əməliyyat şəraitini öyrənmək məqsədi ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olmuşlar, lakin Əbülfəti saat 15:15 radələrində tutduqlarını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Logman oğlunun üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 15:45-də Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü və 01 (bir) ədəd şprisi təqdim etdi. Aşkar olunmuş şəffaf rəngli sellofan büküm tərəfimdən açıldı bükümdə spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan qəhvəyi rəngli maddə "kakos”-dur. Aşkar olunmuş maddəni xx.xx.2021-ci il tarixdə “Göyərçin” abidəsi yaxınlığından 20 (iyirmi) manata tanımadığı şəxsdən almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş şpris ilə narkotik vasitəni istifadə etdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,84 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə və şpiris Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə kimyavi ekspertizasının xx.xx.2021-ci il tarixli. 6/2659 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində: «Vəl. Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0.797 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,797 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,747 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli. 2939 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs opiodlarınan birgə qəbulu və psixotrop maddə olan metamfetamin sui-istifadəsi edilməsi nəticəsində asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Logman oğlundan götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,747 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd şpris saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Logman oğlunun üzərində şəxsi axtarışın aparıldığı zaman çəkilmiş video görüntü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu xx.xx.2021-ci il tarixdə tutulmuş, xx.xx.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1(060)-67/2022 saylı, xx.xx.2022-ci il taixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-13693 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu xx.xx.2022-ci il tarixdə tutulmuş və məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-17337 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu xx.xx.2022-ci il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ əməkdaşları tərəfindən tutulmuş, xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nə daxil olarkən onun üzərində heç bir xəsarət aşkar edilməmiş və şikayəti olmamışdır. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Logman oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Logman oğlu Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmışdır. O, məhkumluğu olan şəxsdir, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan residiv kimi qiymətləndirilmir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Logman oğlunun cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Logman oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat sərf etmişdir. Ona görə də, 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Logman oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Logman oğlu özünü təqsirli bilməyərək xx.xx.2021-ci il tarixdə saat 09-10:00 radələrində 7-8-12-ci məhəllədə yerləşən “Fəxri” marketdən evə qayıdarkən polis əməkdaşlarının onun evində olduğunu gördüyünü, həmin vaxt onun dostu da evdə olduğunu və polis əməkdaşları onları evdən tutaraq Sumqayıt ŞPİ-nə aparmasını qeyd etsə də, bu faktlar aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, həm ibtidai istintaq zamanı verdiyi ifadəsində və videoçəkiliş aparılan zaman həmin narkotik vasitərərin ona məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilmədiyini qeyd etmişdir. Eyni zamanda polis əməkdaşı Şahid1 istifadəsində olan 055 413-41-41 mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatda xx.xx.2021-ci il tarixdə saat 11:06 və 11:31 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisi göstərilsə də, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi saatla üst-üstə düşmədiyini və polis əməkdaşının ifadəsində əməliyyat şəraitini öyrənmək məqsədi ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olduqlarını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin ittiham aktında və tutulma protokolunda 01 iyul 2021-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı tutulması qeyd edilmişdir. Polis əməkdaşlarının həmin saatda mobil telefonlarının anten dairəsi ilə təqsirləndirilən şəxsin tutulduğu zaman arasında ziddiyyət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Logman oğlunun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi düzgün tövsif edilmişdir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Logman oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Logman oğlunun Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 18 (on səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs Logman oğlunun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,747 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd şpris məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114.00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs Logman oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 18 (on səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından dərhal azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,747 qram narkotik vasitə heroin və 01 (bir) ədəd şpris məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qızı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-67/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-67/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver