Məhkəmə qərarları › İş №1(060)-67/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-67/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-67/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X4, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi 27 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay (qəti olaraq 02 il 09 ay 27 gün) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda, ümumi təmiz çəkisi 0,324 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyun 2024-cü il tarixdə saat 18:15-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsində yerləşən “Zoo” mağazasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib orada həmin tarixdə xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitə olan “kokos” kimi tanınan heroindən 3-4 ildir ki, yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. Əvvələr məhkum olunmuş, hazırda Sumqayıt şəhər Məhkəməsinin müvafiq hökmü ilə azadlıqdan məhrum etmə cəzaya məhkum edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində piyada hərəkətdə olan zaman 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onu hansı səbəbə saxladıqlarını bildirmişlər. Polis əməkdaşları bundan sonra onu Sumqayıt ŞPİ-nə dəvət etmiş, o etiraz etməmiş onlarla birlikdə idarəyə getmişdir. Pİ-də xidməti otaqların birində ona hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra onun üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxladığı 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində “heroin” olduğunu, həmin narkotik vasitəni bir nəfər tanımadığı şəxsdən 10 manata alıb öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirılmiş, lakin üzərindən əlavə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zellabdin oğlu ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİnin CAŞ-na əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, həmin qrupa o və daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Belə ki, 03 iyun 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsində yerləşən “Zoo” mağazasının yaxınlığında ərazini müşahidə altına götürmüşdür. Bir qədər sonra Səxavətin yaxınlaşdığını görüb onu saat 18:15-də “Zoo” mağazasının yaxınlığında piyada hərəkətə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlanmasının səbəbini bildirib sonuncudan üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olubolmamasını soruduqda o, üzərində narkotik vasitə bükümü olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə ona Sumqayıt ŞPİ-nə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə Pİ-nə getmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Öncə ona üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsi təklif edilmiş, o, əynində olan ağ rəngli şalvarın cibindən 01 ədəd bükümdə kütləni çıxarıb təqdim etmişdir. Şəxsi axtarışı davam etdirmiş, lakin sonuncunun üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş kütlə qablaşdırmış və möhürlənmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 Sultanhəmid oğlu ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 17:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 03 iyun 2024-cü il tarixdə, saat 18:15-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19); Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 49-50); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı saat 11:00-da ifadəsi alınmışdır (i.v. 70-72); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 05 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 73- 74); “Şəxsi axtarış keçirilməsi haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsində yerləşən “Zoo” mağazasının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 18:15-də saxlanılaraq Sumqayıt ŞPİnə gətirilməsi, xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bidirş və hüquqlarının müdafiəsi üçün vəkil Ələsgər Məmmədov təqdim edilir, ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet vardırsa könüllü təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 ədəd bükümdə olan kütləni çıxardıb təqdim etmişdir. Təqdim olunmuş sellofan açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik maddənin olduğu müəyyən edilmiş, sorğu zamanı Həsənov həmin maddənin narkotik vasitə ”Heroin” olduğunu bildirmiş, xx.xx.2024cü il tarixdə səhər saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Araz” marketin yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş həmin büküm tərəzidə çəkilən zaman, çəkisini 0,39 qram olduğu müəyyən edilir. Həmin maddə ƏN-nin ME-nə göndərilməsi üçün qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3103 nömrəli 04 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,324 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan “Heroin” –dir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 43-47); AR Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 4188 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 101-102). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən Təqsirləndirilən şəxs bundan əvvəl bir neçə dəfə CM-nin müxtəlif maddələri cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-671/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə tutulduğu hər iki iş üzrə ümumilikdə 03 gün təyin edilən cəzadan çıxılmış, onun üzərində qəti olaraq 02 il 09 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/3103 nömrəli 04 iyun 2024-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2024-cü il tarixli 4188 saylı rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “diskə baxış keçirilməsi haqqqında” protokol sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Həsənovun üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0.324 qram narkotik narkotik vasitə “heroin” maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0,274 qram narkotik vasitə “heroin” Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus olmaqla aşkar edilərək götürülmüş narkotik vasitə olan “heroin”-in təmiz çəkisinin məhkəməkimyəvi ekspertizasının rəyinə uyğun müvafiq olaraq 0.324 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.123-131); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CMnin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CMnin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2024-cü il tarixdə törətmiş cinayət əməlinə görə xx.xx.2025-ci il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməlini isə 03 iyun 2024-cü il tarixdə törətmişdir. Bundan başqa həmin hökmlə cəzanın əvvələnin 10 sentyabr 2024-cü il tarixdən hesablanmaqla cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının xeyli miqdarın minimum həddinə yaxın olmasını, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vastələrdən və psixotrop maddələrdən qanunsuz istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edildiyini, lakin islah olunmayaraq yenidən eyni kateqoriya cinayət əməli törətməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Həsənovun məhkəməyədək icraat zamanı tutulduğu ümumlikdə 05 gün gün müddət təyin edilən cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzasının əvvəli əvvəlki hökm üzrə müəyyən edilmiş 10 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını əvvəlki hökmlə müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, ibtidai isintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.274 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 24 (iyirmi dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hər iki iş üzrə ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 05 (beş) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.274 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar