Məhkəmə qərarları › İş №1(060)-670/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-670/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-670/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızının, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhər Nizami küçəsi, 111, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvvəllüdlü X6 və xx.xx.2014-cü il təvvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızının xeyrinə tutulması dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2131/2024 saylı qərarı ilə 10 gün və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)-3054/2024 saylı qərarı ilə 15 gün olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 528.1-ci və 528.1-1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 aprel 2025-ci il tarixədək cəmi 9014,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş, nikahları isə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il təvvəllüdlü Gülay və xx.xx.2014-cü il təvvəllüdlü Polad Hadiyev adında uşaqları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduqları müddətdə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş, ayrıldıqdan sonra Rüfanə uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və 31 avqust 2020-ci il tarixdən başlayaraq ondan Gülay və Poladın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Rüfanəyə verilməsi qət edilmişdir. Qeyd edilən aliment borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. 2020-ci ildən bugünədək 8000 manatadək məbləğdə aliment borcundan ödəniş etmişdir. Qeyd edir ki, əgər ödəniş etmək niyyəti olmasa idi, 2020-ci ildən 2025-ci ilə qədər heç bir ödəniş etməzdi. Həbs olunsa, ay ərzində ödədiyi aliment məbləğini heç kəsin övladlarına verməyəcəyini bildirir. Qeyd edilən aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Lakin borcunu ödəyəcəyinə söz verir. 2020-2025-ci illər aralığında 10000 manata yaxın aliment borcu yığılmış, həmin məbləğdə borcu qəbul edir. Borcun ödənilməsi ilə bağlı icra məmuru ona xəbərdarlıq etmiş, lakin işləyə bilmədiyi üçün ödəniş edə bilməmişdir. Son 3 ayda tələbkara 940 manat ödəniş etmişdir. Məhkəmə iclasında ona ünvanlanmış suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, işsiz olduğuna görə aliment borcunu ödəyə bilməmişdir. Heç bir xəstəliyi yoxdur. Hazırda elektrik işləyir. Bildirir ki, adına heç bir əmlak yoxdur. Yaxın müddətdə aliment borcundan tələbkara çalışdığı qədər ödəniş edəcəyinə söz verir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2011-ci il ailə həyatı qurmuş, bu nikahlarından iki övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə yola getmədiklərinə görə 2020-ci ilin avqust ayında ayrılmaq qərarına gəlmişlər. Ayrılandan sonra uşaqlar onun himayəsində qalmışdır. Uşaqları tək başına saxlaya bilmədiyi üçün 2020-ci ildə Rövşənə qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında uşaqlar onun himayəsinə verilmişdir. Rövşən aliment borcunu ödəmədiyi üçün dəfələrlə inzibati qaydada həbs edilmiş, sonuncu hazırda aliment borcunu ödəmək istəmir. Bildirir ki, uşaqların haqqını tələb edir, hətta məhkəməyə aylıq aliment ödənişinin artırılması ilə bağlı müraciət də etmişdir. Qeyd edir ki, 2025-ci ilin sentyabr ayında uşaqlar məktəbə getməmişdən öncə Rövşənə uşaqların məktəb ləvazimatlarına, geyimlərinə köməklik etməsini bildirmiş, o isə nə vaxt imkanı olsa, o zaman ödəniş edəcəyini demişdir. Uşaqları məşğələyə, idmana gedirlər. O, tək ana olaraq hər şeyin öhdəsindən gələ bilmir. Son 03 ay ərzində Rövşən ona borcundan 940 manat ödəniş etmişdir. Bildirir ki, Rövşənin ona hissə-hissə ödəniş etməsinə razı deyil, borcunu tam olaraq tələb edir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsində icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5113/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 140,00 manat olmaqla, ümumilikdə 280,00 manat sabit pul məbləğində aliment tutularaq Rufanə Hadiyevaya ödənilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmış və borcluya dərhal bildiriş göndərilmiş, lakin tələb tam olaraq təmin olunmamışdır. Aparılmış araşdırmalar nəticəsində Təqsirləndirilən şəxs "xxxx" QSC ilə əmək müqaviləsinin olduğu müəyyən edilmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.1-ci maddəsinə əsasən tələb xx.xx.2021-ci il tarixdə borclunun əməkhaqqına yönəldilmiş, lakin borclu xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir. Sonradan icra məmurunun çağırışlarından üzrsüz səbəbdən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Hadiyevin məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra idarəsinə gətirilməsi haqqında qərar qəbul edilmiş və icra olunması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmişdir. Polis əməkdaşları tərəfindən idarəyə gətirilən Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, o, çağırışlara gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, barəsində müvafiq axtarış işi açılmışdır. Polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq idarəyə təhvil verilən Hadiyev icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, yenidən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu həbsdən çıxdıqdan sonra yenidən izahatları alınmış və qismən aliment ödənişləri etmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib, yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatdan Təqsirləndirilən şəxs "xxxx" MMC-də işlədiyi müəyyən edilmiş və tələb xx.xx.2023-cü il tarixli məktubla borclunun əməkhaqqının 70% hissəsinə yönəldilmiş və 326,2 manat məbləğində pul tutularaq tələbkarın xeyrinə ödənilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun əmək müqaviləsinə xitam verilmiş, o, yenidən çağırışlara gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Polis İdarəsinə göndərilmiş, barəsində müvafiq axtarış işi açılmışdır. Borclu Hadiyev xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən İcra idarəsinə təhvil verilmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, lakin borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu yenidən çağırışlara gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Polis İdarəsinə göndərilmiş, barəsində müvafiq axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən İcra idarəsinə təhvil verilmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin borclu yenidən aliment öhdəliyini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, yenidən 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonrakı dövr ərzində Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə izahatı alınmış, yaranmış aliment borcunun ödənilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, lakin o öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. İcraat dövründə borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tələbkarın xeyrinə ödənilməli olan 15680,00 manat aliment məbləğindən hissə-hissə olmaqla ümumilikdə 6666,00 manat ödəniş etmiş, hazırda 9014,00 manat borc mövcuddur. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Tələbkar borcu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə müraciət edilməsini xx.xx.2025-ci il tarixli ərizə ilə icra idarəsindən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1-2); Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. (i.v. 15-16); “İcraata başlamaq haqqında” 16 oktyabr 2020-ci il tarixli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. (i.v.21); Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs ödəniş etməsi barədə məlumatlandırılmış, qərarın könüllü icrası barədə xx.xx.2020-ci il tarixli bildiriş və qərar ona göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs qərarla tanış olmuş və bildirişi qəbul etmişdir. (i.v.22) "xxxx" QSC tərəfindən 11 fevral 2021-ci il tarixdə Sumqayıt şəhər İcra İdarəsinə ünvanlanmış məktubda Təqsirləndirilən şəxs xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində həmin müəssisədə elektrik köməkçisi işlədiyi, lakin artıq həmin zavodda xidmət göstərmədiyi bildirilmişdir.(i.v.33) Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1826/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. (i.v.38-40); İcra məmuru tərəfindən Təqsirləndirilən şəxsa xx.xx.2021-ci il tarixdə CM-in 306.1ci maddəsi ilə “Cinayət məsuliyyətinə cəlb olunması haqqında” bildiriş göndərilmiş və bildiriş borclu tərəfindən həmin tarixdə qəbul edilmişdir. (i.v. 42); Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1778/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. (i.v.54-56); Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. (i.v.69-73); Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. (i.v.81-85); Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2131/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. (i.v.90-93); Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3054/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. (i.v.101-105); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X2 Filialının 22 yanvar 2025-ci il tarixli, 3-17-2/2-2138/2025 saylı məktubundən görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı və aktiv əmək müqaviləsi aşkarlanmamışdır.(i.v.108) Azərbaycan Respubliksı Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər üzrə İcra İdarsinə ünvanlanmış 273 №li, 22 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır (i.v. 112); “Borclunun ünvanına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən həmin mənzildə tələbin yönəldiyə biləcəyi qiymətli əşyalar aşkar edilməmişdir. (i.v. 114- 115); X3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcu vardır və borcun ödənilməsi üçün tədbirlər görülməsini borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v.116) Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 6-cı mikrorayon, ev 19C ünvanında qeydiyyatda olduğu müddətdə onun haqqında qonşuları tərəfindən 1 saylı MSK-ya heç bir şikayət daxil olmamışdır.(i.v.118) xx.xx.2025-ci il tarixli elektron sistemdən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan müddət ərzində borclu Təqsirləndirilən şəxs tərəfindən cəmi 15680 manat aliment borcundan 6666 manat məbləğində vəsait ödənilmiş, 9014 manat məbləğində ödənilməmiş borcu qalmışdır (i.v. 122-124); “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızı zərərçəkmiş şəxs qismində tanınmış, sonuncuya hüquq və vəzifələri izah edilmişdir (i.v.127-128) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekalarında heç bir məlumat yoxdur. (i.v.152-153); Təqsirləndirilən şəxs 25 iyul 2025-ci il tarixdə CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 160-161); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 177- 180); 25 iyul 2025-ci il tarixində Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 186-187); “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qərəzli olaraq icra etməməsi tam sübuta yetirildiyindən ona CM-nin 306.1-ci maddəsində nəzərədə tutulan ittiham elan edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs, digər şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Qətnamə və digər sənədlərdə qeyd edilən X8 ilə Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızı eyni şəxs olduğundan Cəfərzadə (Hadiyeva) Rüfanə Üzeyir qızı kimi qəbul edilərək və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunan zaman adının Rufanə kimi qeyd olunmasına baxmayaraq, sonradan şəxsiyyət vəsiqəsini dəyişən zaman adının şəxsiyyət vəsiqəsində Rüfanə kimi qeyd olunmasını nəzərə alaraq Rüfanə kimi oxunsun. (i.v. 154-158); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün etirafedici ifadəsi ilə bərabər, zərərçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi və borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması hallarında müəyyən etmək olar. AR Konstitusiyasının 17.2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi həm Ali qanunvericilik aktında, o cümlədən “Ailə Məcəlləsi”-də uşaqları saxlamaq valideynlərin hüququ kimi yox məhz vəzifəsi kimi təsbit edilmiş və bir öhdəlik kimi bu vəzifənin icrası valideynlərin üzərinə qoyulmuşdur. Eyni zamanda həmin öhdəlikərin icrasından yayınma və icra etməmə kimi hallara dövlətin nəzarət etməli olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, 31 avqust 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğu 15680 manat aliment məbləğindən hissə-hissə olmaqla ümumilikdə 6666 manat ödəniş etmiş, hazırda isə tələbkara ödəməli olduğu 9014 manat aliment borcu mövcuddur. Bundan sonra ibtidai istintaq müddəti zamanı həmin borcdan 920 manat ödəniş etmişdir. Borclu qərəzli mövqe nümayiş etdirərək 5 il ərzində aliment öhdəliyini ödəməkdən yayınmış, barəsində məhkəmə tərəfindən barəsində dəfələrlə inzibati tənbeh tətbiq edilib borclu həbs edilsə də sonunc islah olmamış, qəsdən məhkəmə qətnaməsini icra etməkdən yayınmağa davam etmişdir. Qalıq məbləğ olan 8074 manatı ödəməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs aliment məbləğindən qismən ödəniş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs aliment məbləğindən qismən ödəniş etsə də, kifayət qədər böyük bəbləğdə borcunun qalmasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzasını yüngülləşdirən digər halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 manat məbləğində pul ödənilməlidir. CM-nn 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar