Məhkəmə qərarları › İş №1(060)-671/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-671/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-671/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.2025-ci ildə Sumqayıt şəhərində ölmüş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,662 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 17:57-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Corat qəbirstanlığının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd bükümdə təmiz çəkisi 0,662 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, narkotik vasitə almaq üçün Sumqayıt şəhəri, Corat qəsəbəsinə, yəni həmin vasitəni satan adamın evinə getmişdir. Yolda tanışı Şahid4la rastlaşmışdır. Oradan qayıdan zaman üzərində narkotik vasitə olmuş və polis əməkdaşları tərəfindən saxlanılaraq rəsmiləşdirmə aparılmışdır. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə təqdim edərək qardaşı Təqsirləndirilən şəxs öldüyü üçün onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəbirastanlığının yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan kütləni çıxarıb təqdim edərək psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,72 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 38-39-cu vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi maddə qablaşdırıldığı zərfdə təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin zərfin içərisində onun təqdim etdiyi psixotrop maddə metamfetamin olmasını və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin 50-51-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli, 20/724 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs /imza/; Şahid1 /imza/; Şahid2 /imza/; Şahid3 /imza/”əl yazılar və imzalar olan 01 (bir) ədəd üzərində AR DİN "arayışlar üçün №124” möhür əksi olan şəffaf rəngli sellofan kəsiyi bükümü təmiz çəkisi 0,662 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.Qeyd: Metamfetaminin təmiz çəkisi 0,526 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,476 qram qalıq qalmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,612 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, onun üzərinə baxış keçirilməsi, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd CD disk maddi maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 95-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 03 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan respublikası 2 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 409039 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs beyin ödəmi səbəbindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərindən ölmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı xx.xx.2025-ci ildə ölmüş, onun hüquqi varisi (qardaşı) X3 isə ərizə ilə məhkəməyə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs öldüyü üçün onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, təqsirləndirilən şəxsin ölməsini və onun hüquqi varisinin cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,612 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat dövlətə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,612 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar